Menu
Geri İrəli

Peyğəmbər deyirdi ki, qız övladını diri-diri basdırsan…

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2017 • Baxış sayı: 633 dəfə • Şərh yoxdur

gunel1Kult.az şair-yazar Günel Eyvazlının müsahibəsini təqdim edir:

- Günel xanım, bu yaxınlarda maraqlı bir yazınızı oxudum: “Şərqin mədəni irsini xilas edən Avropa, ya da hamımız xilas yolu axtarırıq”. Sizin dediyiniz anlamda xilasımız mümkündürmü, axtarışlarımız bəhrə verəcəkmi?

- Bu yazı elə-belə yaranmayıb. Məni dünyamızda, çevrəmizdə, cəmiyyətimizdə mövcud olan bir çox neqativ hallar narahat edirdi. İndi də narahat edir. Qəribədir, ibtidai şüur, ibtidai düşüncə beynimizi tərk etmir. Bax, bu, məni çox incidir. Hər şeylə özümüzü çəpərləyirik. Haralısan, kimlərdənsən, nə bilim, nə… nə… Hər şeylə özümüzü o qədər kiçildirik ki, sonra öz aramızda da, dünyada da görünməz oluruq.

- Nədir axı ibtidai düşüncə?

- Yəni hadisələr sənin evinin içinə daxil olmayana qədər heç nə hiss etmirsən. Hamıya, hər şeyə biganə qalırsan. Filənkəs sənin qohumundursa, onun üçün yerliliyin naminə qolunu çirməyirsən. Filənkəs filənkəsin tanışıdır, istedadı oldu-olmadı əlindən tutub irəliyə atırsan. Buna vətən sevgisi deyilmir, cənablar. Vətəni sevən əbədiyyatını, millətini, vətəndaşını sevməlidir. Həmişə deyirəm, vətən sevgisi məmur masası üzərinə qoyulmuş bayraq, portretlər deyil. Sən əgər məmur olub vətəndaşını qapında süründürürsənsə, həkim olub pasientin pul vermir deyə səhhətinə barmaqarası baxırsansa, müəllim olub gələcəyin axsaq, şəxsiyyəti olmayan vətəndaşını yetişdirirsənsə, o zaman yalançı vətən sevgisindən danışma, lütfən. Kəs səsini!

- Yəni elə yerlər var ki, orda oturanların yeri deyil ora…

- Elədir. Güclü, bəşəri ədəbiyyat naminə alaq otunu xatırladan istedadsızları ədəbiyyatdan təmizləməliyik. Qapını istedadlılar üçün aralamalıyıq.

Biz bu çətin dünyada bu bəsit ağılla hara qədər gedəcəyik? Nə zaman kəmər genəlməsindən, kabab heyranlığımızdan əl çəkəcəyik? Nə zaman? Nə vaxt başqasının çətinliyi, başqasının acısı sənin də acın olacaq?

Bir şeyi dərk etməliyik ki, dünyanın bu çətin gününün küləyi, nə bilim, hələ bu müharibələrin fonunda yaranan dəhşətli xəstəliklər bir gün bizim sərhədləri də aşacaq. Biz bir-birimizə sığınsaq, daha güclü olacayıq. Biz bir-birimizi sevəndə qüdrətli olacayıq.

- Qeyd etmisiniz ki, Azərbaycana məxsus olan ədəbi mədəni irslərimizi Avropadan tapıb gətiririk. Sizcə, bugünümüzün elə bir mənəvi dəyəri varmı ki, əsrlərdən sonra yenə də Qərbdən, Avropadan sorağı gəlsin?

- Bəli, bu nüansları yazımda qeyd etmişəm. Niyə “Kitabi-Dədə Qorqud” Drezdendən, Vatikandan tapılmalıydı? Maraqlıdır, elə deyilmi? Tarixi bilənlər bilir ki, Azərbaycanda feodal dövlətlər mövcud olub, sonra xanlıqlar dövrü başlayıb. Həmçinin bilirik ki, saray ədəbi mühiti mövcud olub. Ən azından hökmdarı öyən, mədh mövzulu cild-cild kitablar yazılıb. Yəqin ki, bu kitabların bir toplanış məkanı olub. Kitabxanalar mövcud olub. Müharibələr zamanı yalnız insanlar öldürülməyib, hökmdar xəzinəsilə birgə kitablar da daşınıb. Bəlkə də od vurulub yandırılıb. Nə bilək, bəlkə də satılıb. Nadir nüsxələr heç kim tərəfindən mühafizə olunmayıb. Niyə Misir kitabxanalarını mühafizə edən kahinlər kimi bizim uzunsaqqal mollalarımız bu kitabları mühafizə etməyiblər? Axı xalqın bilik, beyin xəzinəsinə qarşı belə laqeyd yanaşmaq olmaz. Ancaq plov yeyib, bığ yağlamışıq?

Ömründə yaşadığı diyarı tərk etməyən Nizami Gəncəvini Nizami edən, bu dühanı yetişdirən savadlı mühit, kitablar olmuşdu. Demək ki, böyük kitabxanalarımız mövcud olmuşdu. Hanı onlar? Ancaq parçalanmağı bacarmışıq. Satmağı bacarmışıq, talamağı bacarmışıq. Qorumaq anlayışı, mühafizə anlayışı beynimizə yad olsa da, nəhayətində 21-ci əsrdə beyin bütövlüyünə, birlik anlayışına, “bizim” demək qabiliyyətinə yiyələnməliyik. Elə indi də bilirsiniz nə qədər zəkalı, işıqlı insanlarımız laqeydlik ucbatından məhv olurlar. Axı bu işıq xalqı nura boyaya bilər. Şərait yaradılır, inanın, indi daha əla şərait var, sadəcə bəzi bəyzadələr özləri dayaz düşüncəli olduğundan savadlıları yaxına buraxmırlar. Ədəbiyyat aləmində belə yazdıqları bir qəpiyə dəyməyənlər tirajlanır. Hələ pafoslu, mədhiyyə təfəkkürlü ziyalılarımız belə islah olmayıb. Onlar meydanda at oynadırlar, təqdim olunurlar, onlar təbliğ olunurlar. Nə zamansa buna “dayan” deyən olacaqmı? Bir araşdırsınlar, maraqlı yazarlarımız var, onları tərcümə etsinlər, dünyaya çıxarsınlar. Dünyaya çıxmağı bacaranlar öz əlaqələrinin hesabına bunu gerçəkləşdirə bilirlər. Yəni əlaqəsi olmayan lokal şəraitdə boğulmaqla məşğuldur. Əgər dünya ədəbiyyatının əsər sıralanmasında adımız yoxdursa, o zaman kimik biz? Hələ də Babəklərlə, Nizamilərlə, Füzulilərlə öyünək? Bəs indi? Yəni indi heç nə yaranmır?

Biganəlik dəyərli qələm sahiblərini məhv edir. Bu işıqlı beyinlər özləri könüllü şəkildə öz beyin məhsullarını Qərbə satacaqlar. Biz isə əsrlər sonra “filənkəs Azərbaycan əsillidir”, – deyib fəxr edərik. Öz yanımızda olub qiymətini bilmədiklərimizi Avropa məşhurluğundan sonra kəşf edərik.

- Götürək elə “Əli və Nino” əsərini, çox uzaq tarix deyil, amma hələ də müəllifinin kimliyi haqda mübahisələr səngimir. Biz axı deyəsən, hələ də itirdikdən sonra qədrini bilmək istəyirik çox şeyin.

- Biz dövlət, millət olaraq mövcudluğumuzda tək-tük, barmaqla sayılacaq sayda olan ziyalılarımıza, vətənsevərlərimizə, maarifçilərimizə borcluyuq. Onlar da olmasaydı, dünya tarixindən silinib gedərdik. Onları da cəmiyyətdə baş verənlər incidirdi. İndinin düşünən adamları qədər onları da bu çatışmazlıqlar partladıb öldürürdü. Bütün qüvvəmizi, potensialımızı təfəkkür yetişdirilməsinə o qədər sərf edirik ki, özümüzü bu konularla o qədər məşğul edirik ki, ədəbiyyat kimi ciddi bir iş qalır kənarda. Çünki biz hamının yerinə düşünürük. Hər kəs öz işi ilə vicdanla məşğul olmadığına görə biz ancaq beynimizi sosial çatışmazlıqlarla yükləyirik. Eləcə də sosial mövzular bəzi yazarların əsərilərinin içindən keçir. Lokal, dar çərçivəli, belə deyək, yerli mövzular isə dünya oxucusu üçün elə də maraqlı deyil. Əlbəttə, lokal təsvirdə bəşəri nə isə olarsa, maraqlı ola bilər.

“Əli və Nino” bu baxımdan ətrafına yetəri sayda oxucu toplaya bilən əsərdir. Amma siz paradoksa baxın ki, əsas məsələ qalıb bir kənarda, biz əsərin müəllifinin kimliyi ilə başımızı məşğul edirik. Gülməlidir.

- Günel xanım, ürək ağrısı ilə Şərqin mədəni irsinin yağmalanmasının, kitabxanaların, qədim əlyazmaların yox olmasını, İŞİD-in Mosulu bombalaması zamanı Mosul Araşdırma Kitabxanasının məhv edilməsini qeyd edirsiniz. Ağrılı mövzudur. Axı müharibələr zamanı yox olanlar Avropadan göyərə bilir. Şərqin mədəni irsini məhv edən Avropa xilaskar kimi görünür həm də.

- Kitablar onlardan sonra gələn növbəti kitab üçün pillədir, ötürücüdür. Bilirsinizmi, dinə aid olan kitablar daxilindəki mövzularda niyə bu qədər oxşarlıq var? Hələ bu oxşarlıqların izinə düşüb Qədim Yunanıstana, Misirə, hətta Şumerlərə qədər də gedib çıxmaq olar. Dini yaradan peyğəmbər adına tanıdıqlarımız mağaralara Allahı tapmaq üçün getməmişdilər. Oxuyublar, araşdırıblar, tədqiq edib yenidən yaratmışdılar. Peyğəmbər adına tanıdığımız müqəddəslər dövrünün alimləri olub. Məhəmməd peyğəmbər bütpərəst ərəbə nəyin doğru, nəyin yanlış olduğunu necə başa sala bilərdi. Təfəkkürü büt olan onun dediklərini anlaya bilərdimi? Axı ona inanmayacaqdılar. Günah, vicdan hissini formalaşdırmağa çalışıb. Bax, “qız övladını diri-diri basdırsan cəhənnəm odunda yanacaqsan”, – deyib. Və yaxud İsa necə deyərdi ki, nəfsinin qurbanı olma, az ye, heç kimə şəhvət dolu gözlərlə baxma. Və yaxud Musa, ömrünü fironun əlinin altında keçirən qul təfəkkürlü yəhudilərə necə izah edə bilərdi ki, bezmədinmi qul həyatından, “bəsdir”, “oyan”. Onlar da cəmiyyəti, insanları kamilləşdirmək, beyinsiz heyvandan düşünən insan yaratmaq üçün öz manevrlərini ediblər bəşəriyyətdə. Günah, qorxu, cənnət sevdası ilə mənəviyyat konsepsiyaları yaradıblar. Onlar havadan, vəhydən, Cəbrayılın vasitəsilə gələn mifik nağıllarla bunu gerçəkləşdirməyiblər, oxuyublar. Misir, yəhudi, Elam, Het, Hindistan, buddist fəlsəfi traktatlarını oxuyublar. Elmi əllərində bayraq kimi tutublar. Nə etsinlər ki, bütpərəst düşüncəli insan əlində alovla gələn Prometeyi belə bütləşdirəcək. Toxunmağa qoymayacaq. Zahirən tətbiq olunan din qadağaları İslamın mənəvi kontekstindən çox uzaqlaşdırıb. Buna görə Məhəmməd, İslam adına neyləsin ki? Kütlə oxumur, maariflənmir. “Hurrey” deyib, birinci kitabxanaları yandırırlar. Ömür boyu partlayana qədər yeyirlər. Var-dövlət hərisliyindən məhv olurlar. Sonra beyinsizliklərindən istifadə edib özlərini özlərinə qırdırırlar. İndi isə bahalı avtomobillər, imarətlər, telefonlar, planşetlər, səyahətlər, restoranlar, bahalı otellərlə beynimiz piylənir. Hamımız gördüklərimiz kimi zəngin olmaq istəyirik. Buna nail olmaq üçün hər şeyimizi – mənəviyyatımızı, qadınlığımızı, kişiliyimizi satarıq. Oxumadıqca “heç nə”yə çevrilirik. Manqurtuq sadəcə. Hərəkətdə olan, düşüncəsiz manqurt. Dünya ağaları isə düşünür ki, boş-boşuna qida difisiti yaradan bir toplum nəyə lazımdır axı? Madam ki, yalnız yeyib doğmaqla məşğuluq, o zaman qoyun-quzu saxlayıb, təsərrüfat qurub yalnız beyni olanları qorumaq daha məqsədəuyğun olardı. Dünyanın böyük dövlətləri belə düşünür axı. Bu səbəbdən də bir-bir biçirlər bizləri.

- Oxunaqlı yazılarla “Ədəbiyyat qəzeti”ndə görünürsünüz. Məşhur rəssam Rəfael haqda da yazınız dərc olundu. Redaksiyanın tapşırığı idi, yoxsa…

- “Ədəbiyyat qəzeti” ilə 2 ildən çoxdur ki, əməkdaşlıq edirəm. Qəzetin baş redaktoru Azər Turan işinə qarşı olduqca məsuliyyətli, ədəbiyyat təəssübkeşli bir insandır. Müəllifi işlətməyi, müəllifi dəyərləndirməyi bacarır. Mətnə önəm, qiymət verir. Qələminin dəyəri varsa, düşündürməyi bacarırsansa, dərc olunacaqsan.

Şadam ki, qəzetdə çıxan yazılarım sevilir. Eşitdiyimə görə, yazılarımdan sonra redaksiyaya zənglər olur. Yazım olmayanda, “niyə Günel görünmür”, – deyə sual edilir. Elə mənim özümə də dəfələrlə zənglər gəlir. Yazdığım mətnlər yazı zövqü olan insanlar tərəfindən bəyənilir, dəstəklənir. Tanımadığım insanlar mənə yaxınlaşıb xoş sözlər söylədikdə (həm yazılarım, həm də qəzet haqqında) özümü dünyanın ən xoşbəxti hesab edirəm.

Keçən il qəzetimiz tərəfindən kultroloji yazılarıma görə çox dəyərli bir mükafata – “Əli bəy Hüseynzadə” mükafatına layiq görüldüm. Bu, mənim üçün olduqca dəyərli bir mükafat idi.

O ki, qaldı tapşırıq məsələsinə… Azad yazıçıyam, heç vaxt, mən bunu dönə-dönə qeyd edirəm, heç vaxt tapşırıqla yazı yazmamışam. Qələmə aldığım hər şey dərkimdən, zövqümdən, məni titrədən mövzulardan yazılır. Təkcə bu deyil Şarl Node, Arfa Ben, Vaqner, Pikasso, Luis Kerrol, Rable və s. haqda araşdırma yazılarının müəllifiyəm. Bu, içimdən gələn, təsirləndiyim müəlliflər, bəstəkarlar və rəssamlardır ki, araşdırıb haqqında yazılar yazmışam.

- Oljas Süleymenovun “Gil kitabı” haqda dəyərli yazınızı oxudum. Sizcə, ədəbiyyatımızda da belə bir əsər varmı, yoxdursa, niyə yoxdur? Yazarlarımızın tarixə, keçmişə bağlılığı yoxdur?

- Oljas Süleymenovun “Gil kitab”ı türk, bəşəriyyət, insanlıq tarixinin yaddaş kartıdır. Yazıçı bu dəyərli əsəri hamımızın adından yazıb. Unutduğumuz, biganə qaldığımız, hərəmxanalarda özümüzü xərclədiyimiz, hər şeyi eyş-işrətə qurban verdiyimiz, sonra özümüzlə bərabər tikə-tikə satıb puç etdiyimiz qədim tariximiz haqqında yazıb. İtirdiklərimizdən, biganə qaldıqlarımızdan, bizdən yazıb. Yalançı qüdrət romantikasını yerə endirib, “haradadır sənin qüdrətli tarixin” deyə yaxamızdan yapışıb divara çırpıb bizləri.

Sualınıza gəlincə, Azərbaycanda ədəbiyyat bumu yaşanır. Bunu hiss etməmək, növbəti intibahın işartılarını sezməmək mümkün deyil. Cəmiyyəti, ədəbiyyatı təklər çiyinlərində aparır. Sadəcə qorxduğum odur ki, bu təklər çoxların içində itib-batmasın, əriməsin.

Bunu isə mütləq deməliyəm: Kamal Abdullanın əsərləri bizim ədəbiyyatın yaddaş saxlancıdır. Belə deyək, çəkisidir, sanbalıdır. Ədəbiyyatımızda onun yazılarından, hekayə və romanlarından aldığım zövqü, doyumu heç kimdən ala bilmirəm. Ustadım Kamal Abdulla sevimli Nəsimi, Bulqakov, Höte, Borxes cərgəsində dayanır. Ədəbiyyatımızın dəyəridir.

- Ümumiyyətlə, bir tədqiqatçı kimi, yazar kimi, bu günün çox-çox illərdə ədəbiyyatımızda tədqiq ediləcək, oxunacaq, haqqında bəhs edilərək nümunə göstəriləcək əsərini görürsünüzmü?

- Əlbəttə, görürəm. Poeziyada çox dəyərli qələm adamları var. Nəsrdə isə azdır, amma var. Təvazökarlıqdan uzaq olsa da, bu sırada özüm də varam. Müasir gənclik fırtına kimi gəldi ədəbiyyata. Məncə, istedadsızlar devriləcək, istedadlılar 21-ci əsrin ədəbiyyat tarixinə qızıl hərflərlə yazılacaq.

- Son olaraq, sizcə, tənqidçilərimiz öz əsərlərimizi görə bilirmi, yoxsa elə səlahiyyət və ad sahibi olanların əsərləri, kitabları haqda yazmaqla mədəniyyəti deyil, gödəniyyəti fikirləşirlər?

- Mərasimlərin birində, adını çəkməyəcəyim bir tənqidçi yaxınlaşdı mənə. İlk və maraqlı, gözlənilməz bir etiraf etdi. Dedi, “Günel, sən çox fərqli yazırsan. Dərin fəlsəfi yük var yazılarında, sənin haqqında yazacam. Amma istəyirəm biləsən ki, sənin yazı ağırlığını çözəcək qədər baş yoxdu məndə. Sən yazmaqda davam elə”.

Bir də çox sevimli yazıçım Kamran Nəzirli fərqli fikir söyləmişdi yazılarım haqqında. Təkcə mənim yox, dəyərli bildiyi bütün gənc yazarlar haqqında fikirlərini sərgiləyir. Belə şeylər olmalıdır

Bir neçə hekayə, şeirlərim haqqında yazan, söz deyən tənqidçilər olub. Amma ötən il “Cadugər” adlı kitabım işıq üzü gördü, sükutla keçdilər üzərindən. Mən istəyirəm ki, doğrularımı, yalnışlarımı desinlər.Görəndə söyləyirlər, şifahi. Yazmağa gəldikdə isə yəqin, daha mötəbər adamlar haqqında yazmağa önəm verirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın