Menu
Geri İrəli

Prezidentlərin görüşü sual altında – Bakıdan İrəvana tutarlı cavab

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2016 • Baxış sayı: 493 dəfə • Şərh yoxdur

Novruz Məmmədov: “Sərkisyan o torpaqları qulağının dibi kimi görməyəcək”; Rusiyaya arxalanan İrəvan sülh danışıqlarını pozur; Uorlik: “Prezidentlərin iyun görüşünü səbirsizliklə gözləyirik”; Elxan Şahinoğlu: “Həmsədrlərin Azərbaycan və Ermənistandan yeganə tələbləri odur ki…”

ilham-aliyev sarksiyan

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 31-də Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əvvəlcədən planlaşdırılmış görüşü keçirilib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin məlumatına görə, görüşdə münaqişənin həllinin mümkün olan ən tez bir zamanda irəlilədilməsi məqsədilə iyun zirvə toplantısına hazırlıq üçün Vyana görüşünün nəticələri müzakirə edilib. 
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyun ayında keçirilməsi planlaşdırılan görüşünün ləğv edilməsi barədə xəbərə münasibət bildirən H.Hacıyev belə bir görüşün keçirilməsinin təklif olunmadığını və nəticə etibarilə planlaşdırılmadığını vurğulayıb. Bundan öncə Məmmədyarovla erməni həmkarı Edvard Nalbandyanın iyunda gözlənilən görüşünün ləğv olunduğu barədə xəbər yayılmışdı.
Adətən prezidentlərin görüşü öncəsi xarici siyasət idarələrinin rəhbərliyi səviyyəsində təmaslar baş tuturdu ki, bunlar da birinci şəxslərin görüşünə hazırlıq xarakteri daşıyırdı. Ancaq bu dəfə fərqli situasiyanın yaranması prezidentlərin iyun görüşünün keçirilməsini də şübhə altına alır. Qeyd edək ki, budəfəki görüşə Rusiyanın ev sahibliyi edəcəyi barədə ehtimallar irəli sürülüb. Lakin nədənsə Moskva apreldəki atəşkəs razılaşmasından sonra təşəbbüsü ələ almaq və konkret təklifləri masa üzərinə qoyub danışıqlara start vermək niyyətində israrlı görünmür. Üstəlik, Rusiyanın Ermənistanda hərbi təlimləri intensivləşdirməsi, işğalçı ölkədəki müharibə ritorikasına seyrçi mövqeyi də suallar doğurur. Belə görünür ki, Moskva Dmitri Medvedevin aprel ayında bəyan etdiyi kimi, Qarabağ münaqişəsinin dondurulmuş saxlanmasına daha çox önəm verir, nəinki onun həllinə səy göstərir.
Ancaq qarşıdan bütün mənalarda isti yay gəlir və Qarabağ münaqişəsinin “donu”nun açılması hər an böyük fəlakətlərə yol aça bilər. Ermənistanda Azərbaycanın işğaldan azad etdiyi yüksəkliklərin “azad edilməsi” kimi absurd tələblər qoyulur, Bakı isə torpaqların son qarışına qədər geri qaytarılmasında israrlıdır. Müşahidələr göstərir ki, iyunda prezidentlərin görüşü baş tutarsa, çox şey onun nəticəsindən asılı olacaq. Belə ki, Azərbaycan tərəfi də bəyan edib ki, prezidentlərin görüşünün ardınca Bakı ortaya qəti mövqe qoyacaq. Görünən budur ki, rəsmi Bakı danışıqlar xatirinə danışıq aparmaq niyyətində deyil və ictimai rəy, ordunun yüksək hazırlığı da bunu diktə edir.
Ermənistanın isə iyun görüşünü pozmaqda daha çox maraqlı olması cəbhə xəttindəki hərbi hazırlıqlardan və ultimativ bəyanatlardan da aydın görünür. Bu, günlərdə düşmən ölkədən sərsəm açıqlama yayıldı. Ermənistanın hakim Respublika Partiyasından deputat Lernik Aleksanyan iddia etdi ki, apreldə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən 800 hektar ərazi “münasib vaxtda hərbi və ya diplomatik yolla” qaytarılacaq. 
Cəbhədə arzuolunmaz vəziyyətin yaranmasının an məsələsi olduğunu isə hər kəs bilir. “Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və hərtərəfli sülh sazişi üzrə danışıqlar barədə vacib müzakirələr apardıq”. APA-nın məlumatına görə, bunu Minsk Qrupunun həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində yazıb. “Biz prezidentlərin iyunda görüşünü səbirsizliklə gözləyirik”,- deyə o qeyd edib. Lakin diplomat görüşün yeri və günü barədə detallı heç nə yazmayıb.
Özünün və ölkəsinin xilasını Kremlin dəstəyində görən Ermənistan prezidenti isə Avrasiya İttifaqının Astana iclasında Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolundan danışıb (ANS) Sərkisyan iddia edib ki, rəsmi İrəvan münaqişənin sülh yolu ilə həlli üçün variantlar axtarışındadır. Diqqətçəkən odur ki, Sərkisyan son aylarda KTMT və Rusiya barədə tənqidi fikirlər səsləndirsə də, bu dəfə çəkingən mövqedən çıxış edib.
Erməni prezidentin ittihamlarına rəsmi Bakıdan reaksiya verilib. “Serj Sarkisyan düşünür ki, nə desə, hamı inanacaq. Abır-həya etmədən yalan danışmağa vərdiş etdiyindən Astanada Avrasiya İttifaqı ölkələrinin sammiti ətrafında müzakirələr aparmaq əvəzinə, bəyanat verir ki, Azərbaycan döyüş əməliyyatını dayandırmaq üçün Moskvaya müraciət edib. Bu qədər mənasız və yalan danışmaqla, o, heç xalqı qarşısında da məsuliyyət daşımadığını, riyakarlığa alışdığını göstərir”. 
 
Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sərkisyanın Astanada verdiyi bəyanata münasibət bildirərkən deyib.
 
N. Məmmədov deyib ki, aprel hadisələri zamanı S. Sərkisyan özü Moskvaya müraciət edərək yalvarıb, Rusiya müdafiə naziri və Baş Qərargah rəisi ilə əlaqə saxlayıb: “Serj Sərkisyan bütün bunları unudub, belə bir bəyanat verir”.
N. Məmmədov S. Sərkisyanın bundan əvvəl “Bloomberg” dərgisinə müsahibəsində isə hər an müharibəyə başlayacağını söylədiyini xatırladıb: “O, işğal faktını, törətdiyi cinayətlərin məsuliyyətini öz üzərinə götürdüyü üçün düşünür ki, hər an müharibə ola bilər. Amma prezident gərək xalqının, ölkəsinin taleyini düşünsün, hər şeyi öz maraqlarına qurban verməsin. Serj Sərkisyan isə bunun əksini edir, öz mənafeyi naminə status-kvonu saxlamağa çalışır. Yalan, böhtan uydurmaqdan sanki həzz alır. Eyni zamanda ”Bloomberg”ə müsahibəsində dediyi kimi, hərdən müharibənin başlana biləcəyini də düşünür. O bilməlidir ki, Azərbaycanın işğal altındakı əraziləri azad olunmalıdır. Biz istəyirik ki, o torpaqlar danışıqlar yolu ilə azad olunsun. Əks halda, Serj Sərkisyanın dediyi yolla da olsa, torpaqlarımızı azad edəcəyik”. PA rəsmisi Sərkisyanın Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan danışıqların başlayacağı barədə bəyanatına da münasibət bildirib:”Serj Sərkisyan yalan, böhtan danışmağa öyrənib, onun bəyanatlarına fikir vermək lazım deyil. Boş-boş danışır. Serj Sərkisyan o torpaqları qulağının dibini görsə, görəcək”. N.Məmmədov apreldə 800 hektar deyil, 2500-3000 hektar ərazinin işğaldan azad edildiyini də qeyd edib:
“Serj Sərkisyan bu məsələdə də yalan danışır. Biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik”.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında XİN başçılarının görüşünün baş tutmamasına diqqət çəkdi: “Nazirlərin görüşünü bir neçə gün sonra da təşkil edə bilərlər. Ona görə də prezidentlərin görüşməyəcəyini qəti surətdə söyləmək çətindir. Hələ imkan var. Həmsədrlər (ABŞ, Fransa və Rusiya) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırsalar da, bu görüş baş tutmadı. Faktiki, həmsədrlər yeni heç nə təklif edə bilmirlər. 2-6 aprel döyüşlərindən sonra münaqişənin danışıqlar yolu ilə həllinə ümid yaranmışdı. Ermənistanın ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu azad edəcəyini bildirənlər var idi. Bunu deyənlər həmsədr ölkələrin Ermənistan hakimiyyətinə təzyiq edəcəyini düşünürdülər. Ancaq döyüşlərdən iki ay keçib və nəticə yenə yoxdur. Bu gedişlə Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayındakı görüşü sual altındadır. Çünki müzakirə predmeti yoxdur, 22 ildə nə mümkündürsə müzakirə olunub. Ermənistan hakimiyyəti əvvəlki tək münaqişənin ”mərhələli plan” əsasında həllini qəbul etmir. Rusiya, Fransa və ABŞ faktiki gözləmə mövqeyindədirlər. O dövlətlərin Azərbaycan və Ermənistandan yeganə tələbləri odur ki, müharibə başlamasın və atəşkəsə riayət edilsin. Bu yanaşma bütünlüklə Ermənistanın maraqlarına uyğundur. Çünki işğalın davamına şərait yaradır. Buna baxmayaraq, Ermənistanda onu da başa düşürlər ki, işğalı uzun müddət davam etdirmək çətin olacaq. İşğal davam etdikcə Azərbaycan hərbi hissələri cəbhə bölgəsində təzyiqi artıracaq”.
E.Şahinoğlu qeyd etdi ki, İrəvanın yeganə ümidi Moskvayadır: “Ermənistan prezidenti hesab edir ki, Rusiya prezidenti Cənubi Qafqazda iki dövlət arasında yeni müharibəyə imkan verməyəcək, Azərbaycana təzyiq edəcək. Sərkisyan ona görə belə düşünür ki, aprel ayındakı atəşkəsin əldə olunmasında Putinin rolu böyük idi. Rəsmi Bakı da bunu etiraf edir. Təsadüfi deyil ki, Prezident Administrasiyasının rəsmisi Əli Həsənov son açıqlamalarının birində dedi ki, müharibə 4 gündən çox çəksə idi, Azərbaycan işğal altındakı bütün ərazilərini azad edəcəkdi. Başqa sözlə, bu, o deməkdir ki, Rusiya prezidentinin atəşkəs təşəbbüsü olmasaydı, Azərbaycan ordusu daha çox irəriləyərək 22 il əvvəl itirdiyi mövqeləri geri qaytaracaqdı. Bununla rəsmi Bakı da Rusiyanın münaqişəyə böyük təsirini etiraf etmiş oldu. Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan son açıqlamalarının birində deyib ki, Dağlıq Qarabağın ”təmsilçilərinin” iştirakı olmadan heç bir sənədə imza atmayacaqlar. Bu, ermənilərin çoxdankı təxribatıdır. Sanki torpaqları işğal altında saxlayan Ermənistan yox, Dağlıq Qarabağın azsaylı “təmsilçiləridir”. Beynəlxalq aləmə sırımağa çalışırlar ki, guya münaqişə Azərbaycanla Dağlıq Qarabağda yaşayan ermənilər arasındadır. Halbuki bütün dünya, hətta müttəfiqləri Rusiya yaxşı bilir ki, Dağlıq Qarabağda Ermənistan qoşunu yerləşir. Ona görə də məntiqi olaraq biz Dağlıq Qarabağ separatçıları ilə deyil, onlara hərbi dəstək verən, işğal altındakı torpaqlarımızda qoşunlarını yerləşdirən Ermənistanla müzakirə aparmaq məcburiyyətindəyik”.
Buna rəğmən, politoloq hesab edir ki, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbərliyi indiki həssas – dünyanın gözünün Dağlıq Qarabağ dikildiyi məqamda belə bir təkliflə çıxış etməlidir ki, Dağlıq Qarabağın erməni icması ilə dialoqa başlamağa hazırdır: “Bu bizə iki baxımdan vacibdir. Birincisi, bütün dünya görər ki, biz ərazimizdə yaşayan ermənilərlə dialoqdan çəkinmirik, ancaq onlarla dialoqu dövlət institutları yox, indiki mərhələdə Dağlıq Qarabağdan qovulan azərbaycanlılar aparmalıdırlar. Axı münaqişə nizamlanarsa Dağlıq Qarabağdakı ermənilərlə azərbaycanlılar birgə yaşamalıdırlar. Qoy elə indidən aktiv dialoqa başlasınlar ki, birgə həyatın konturlarını müəyyənləşdirsinlər. İkincisi, Dağlıq Qarabağın azərbaycanlı təmsilçiləri dialoq təklifi göstərər ki, biz bu bölgədə yaşayan erməniləri öz vətəndaşımız sayırıq. Fikrimcə, dialoq təklifinin gündəmə gətirməyin zamanıdır. Yox, əgər separatçıların rəhbərləri icma nümayəndələrinə dialoqa qadağa qoysalar, müzakirələrdən çəkinən tərəfin kim olacağı bir daha aşkarlanacaq. Beynəlxalq aləmin gözü qarşısında dialoqdan yayınma həm də onu göstərəcək ki, erməni separatçıları azərbaycanlıların geri qayıdışına mənfi yanaşırlar.
Ona görə də düşünürəm ki, bu təklifi Minsk Qrupunun gündəminə gətirmək lazımdır. Dialoq olarsa, mesajlarımızı birbaşa Dağlıq Qarabağ ermənilərinə çatdıra bilərik. Aydındır ki, hər iki tərəf öz mövqeyindən geri çəkilməyəcək. Ancaq növbəti hərbi toqquşmadan öncə Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, bizim mülki insanlarla problemimiz yoxdur və onların həyatlarını rahat davam etdirmələri üçün konkret təkliflərimiz var. Yeri gəlmişkən, həmin konkret təkliflərin üzərində də müəyyən çalışmalar aparıla bilər. Bu təkliflərdə Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin iqtisadi və sosial problemlərinin həllindən tutmuş torpaqların becərilməsinə qədər qeyri-siyasi məsələlər müzakirə oluna bilər”.
Ancaq bu da faktdır ki, Azərbaycanlı icmanın rəhbərliyi dəfələrlə görüş üçün Qarabağ ermənilərinə müraciət etsə də, Xankəndindəki separatçı və terrorçu qrupların əlində girova çevrilən yerli erməni əhalidən müsbət reaksiya  gəlməyib. Hazırda Qarabağ erməniləri özləri də çıxılmaz vəziyyətdədir və növbəti böyük savaşın başlayacağından dolayı təşviş içindədirlər. Buna görə də evlərini tərk edən ermənilərin geri qaytarılması istiqamətində cəhdlər fayda vermir. Hətta Laçın rayonunda salınan kəndin də tikintisi yarımçıq dayandırılıb və tikinti materialları ön cəbhəyə daşınır.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın