Menu
Geri İrəli

Vətənin qəhrəman oğlu…

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2017 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur
Share Button

shehid Shamil İlyasov  “Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır”. Heydər Əliyev, Azərbaycan xalqının Milli Lideri

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yolu qəhrəmanlıq nümunələri ilə zəngindir. Mənfur erməni daşnaklarına qarşı hərb meydanında canlarını qurban verərək, şəhidlik zirvəsinə yüksələn igid hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıq nümunələri məhz bu qəbildəndir. Şəhid silahdaşlarımızın həyat və döyüş yolunu öyrənmək, eləcə də gələcəyimiz olan yeniyetmə və gənclərimiz arasında təbliğ etmək hər birimizin vətənpərvərlik borcudur.

Qəhrəmanlığı ilə müasir gənclərimizə nümunə olan şəhid döyüşçülərimizdən biri də əsgər Şamil İlyasovdur.

Şəhid Şamil Kamil oğlu İlyasov 1971-ci il noyabr ayının 21-də respublikamızda qəhrəmanlar yurdu kimi şöhrət qazanmış Qaçaq Nəbi elində – Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. Kamil kişinin (2015-ci ildə vəfat edib) və Kəklik ananın böyüdüb boya-başa çatdırdığı dörd övladdan (Süleyman, Şamo, Şamil və Şahin) biri, eyni zamanda uşaqların üçüncüsü idi Şamil.

1978-1986-cı illərdə doğma Eyvazlı kənd səkkizillik məktəbi bitirdikdən sonra, 1988-ci ildə Sumqayıt şəhərindəki N.Tusi adına 12 saylı riyaziyyat təmayüllü orta məktəbdə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Şamil yaxşı oxumaqla yanaşı, həmçinin bir gənc kimi idmana da böyük maraq göstərirdi. Xüsusilə də idmanın əlbəyaxa döyüş, karate və cü-do növləri ilə ciddi məşğul olurdu.

Şamil orta məktəbi bitirdikdən sonra N.A.Voznesensk adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının (sonralar Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna çevrilən bu ali təhsil ocağı, hazırda Azərbaycan Dövlət İqtisad Universiteti adlanır) plan-iqtisad fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. Sevdiyi peşə üzrə ali təhsili alan Şamilin ən böyük arzularından biri də məhz gələcəkdə əsl mütəxəssis kimi respublikamızın iqtisadi inkişafına öz töhfəsini vermək idi. Lakin onun gənclik çağları ölkəmizin ən təlatümlü dövrünə təsadüf etdiyindən arzusu yarımçıq qalır…

Bu barədə Qubadlının görkəmli ziyalılarından olan Əli Həsənovun 2017-ci ildə Bakıda nəşr olunmuş və doğma el-obasına həsr etdiyi “Eyvazlı: Tarixə dönən izlər, həsrətlə bizi gözlər” adlı kitabında yer alan və şəhid Ş.İlyasovdan bəhs edən məqaləsində maraqlı məlumatlar dərc edilmişdir. Müəllif məqaləsində Şamilin qiyabi təhsil aldığı üçün, daimi yaşayış yeri olan Eyvazlı kəndində qaldığını və bu yaşayış məntəqəsi erməni daşnakları tərəfindən təcavüzə məruz qaldığı dönəmdə cəsur silahdaşımızın göstərdiyi fədakarlığı iftixar hissi ilə qeyd edir:

“… Eyvazlı kəndindən Ermənistan Respublikasının əsas nəqliyyat yollarından biri olan Gorus-Qafan yolu keçirdi. Odur ki, kəndin coğrafi mövqeyi mühüm strateji və iqtisadi əhəmiyyətə malik idi. Bu kənd XX əsrin əvvəllərində iki dəfə – 1905-ci və 1918-ci illərdə erməni təcavüzünə məruz qalmışdı.

24 noyabr 1988-ci il tarixdə Eyvazlı kəndi növbəti dəfə erməni təcavüzünə məruz qalanda kəndin müdafiəsində və əhalinin itki vermədən kənddən çıxmasında Şamilin də öz payı var idi. Həmin gün kənddə olan Şamil ermənilərin qəfil hücumunu kəndin digər sakinləri kimi mərdliklə qarşıladı. Azğın düşmənlər silah və say cəhətdən üstün olsalar da, Ş.İlyasov cəsur həmkəndliləri ilə birgə bundan qorxmamış, əllərində olan bir neçə ov tüfəngi ilə düşmənlərə qarşı ciddi müqavimət göstərmişdilər.

Təcavüzə məruz qalan Eyvazlı kəndində olan yaşlı, xəstə adamların belə məqamda köməyə ciddi ehtiyacı var idi. Onları ermənilərin əlində qoymaq olmazdı. Odur ki, fiziki cəhətdən sağlam olan Şamil onlara böyük köməklik göstərdi. Sonda isə, demək olar ki, hərəkət edə bilməyən nənəsi Əsli xalanı çiyninə alaraq, çayın üzərində olan körpüdən çayın digər sahilinə, daha təhlükəsiz yerə aparmağa imkan tapmışdı”.

Müəllif həmçinin həmin gün ermənilərin Eyvazlı kəndini işğal edərək, yandırdığını ürək ağrısı ilə qələmə alib, bu hadisənin ən yeni tariximizdə daşnakların Qubadlı rayonu və bütövlükdə Azərbaycan üzrə işğal etdikləri ilk kənd olduğunu qeyd edib.

1989-1991-ci illərdə Ş.İlyasov keçmiş Sovet ordusunun Amur vilayətindəki hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmət keçib. 1991-ci ildə hərbi xidmətini başa vuraraq doğma Vətəninə qayıdan Şamil, bir müddət sonra Sumqayıt trikotaj fabrikində işə düzəlmiş və istehsalatdan ayrılmadan ali təhsilini davam etdirmişdir.

shehid Shamil İlyasov-2

Qədim yurd yerimiz olan Şuşanın erməni daşnakları tərəfindən işğal edilməsindən sonra ordu sıralarına qoşulmaq qərarını verən Ş.İlyasov, könüllü olaraq Sumqayıt şəhər Hərbi Komissarlığına müraciət edir. Beləliklə, Şamil Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Bir aylıq təlim keçdikdən sonra, xidmətini davam etdirmək üçün Ağdərə rayonuna-döyüş bölgəsinə ezam olunur. Şamil burada Daxili Qoşunların ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş cəsur döyüşçüsü, kapitan Ənvər Arazovun komandiri olduğu hissənin tərkibində, Daxili Qoşunların zabiti, mərhum Fahin Məmmədovla birgə Ağdərə rayonu ərazisindəki Sırxavənd, Ortakənd, Çıldıran və Kaçaqot kəndlərinin, eləcə də bir sıra yüksəkliklərin müdafiəsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı fəallıq nümayiş etdirmiş, igidlik və şücaət göstərərək qarşıya qoyulmuş döyüş tapşırıqlarını yüksək keyfiyyətlə yerinə yetirmişdir.

04 oktyabr 1992-ci il. Ağdərə rayonunun Kaçaqot kəndinin azad edilməsi uğrunda şiddətli döyüşlər gedirdi. Aparılan hərbi əməliyyatlar zamanı kənd ətrafındakı fermanın ərazisində mühasirəyə düşməsinə baxmayaraq, Şamil cəsur əsgər kimi özünü itirmir və üzbəüz döyüşdə düşmən tərəfindən vuruşan qaradərili muzdlunu məhv edir, bir-neçə erməni yaraqlısını isə yaralayır. Lakin döyüşün gedişində düşmən gülləsinə tuş gələn cəsur silahdaşımız əbədi ölümsüzlüyə – şəhidlik zirvəsinə yüksəlir…

Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant Səfxan Bayramov (hazırda Qoşunların Ali Hərbi Məktəbində müəllim – A.Ə.) Şamili cəsur döyüşçü kimi xatırladığını qeyd edərək, şəhid olmuş Vətən oğullarının əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirdi: “… Şamil olduqca intizamlı, eyni zamanda cəsur və qorxubilməz döyüşçü kimi bu gün də xatirimdədir. Peşəkar hərbçiyə xas olan keyfiyyətləri, xüsusilə də əzmkarlığı, güclü iradəsi, yüksək döyüş qabiliyyəti ilə həmişə seçilərək, əsgər yoldaşlarına nümunə olardı…

Şamil kimi igid oğullarımızın şərəfli həyat və döyüş yolu bu gün də gələcəyimiz olan gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir”.

Müqəddəs torpaqlarımızın azadlığı uğrunda canını qurban verən əsgər Şamil İlyasov Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi…

Azərbaycan Respublikası Prezidentinin 10 mart 2017-ci il tarixli Sərəncamı ilə əsgər Şamil İlyasov dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir. (Medal 17.03.2017-ci il tarixdə Daxili Qoşunların Baş İdarəsində təşkil olunmuş təntənəli mərasim zamanı Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov tərəfindən şəhidin qardaşı Süleyman İlyasova təqdim olunmuşdur).

Əsgər Ş.İlyasovun həyat və döyüş yolu barədə məlumatlara həmçinin görkəmli ziyalılarımız Tofiq Əliyevin 2003-cü ildə Bakıda nəşr olunmuş və Sumqayıt şəhidlərindən bəhs edən “Sumqayıtın qan yaddaşı” adlı kitabında, Eldəniz İmranoğlunun “Səhər” qəzetinin 20.11.1992-ci il tarixli sayında dərc edilmiş “Yurdun şəhidləri: Sənin yoxluğundan danışmaq çətin” başlıqlı məqaləsində, Fəxrəddin Behbudovun “Sumqayıt” qəzetinin 07.11.1992-ci il tarixli 102-ci sayında dərc edilmiş “Əbədiyyətə qovuşanlar: Şamilin də payını saxlayın” başlıqlı məqaləsində, Səadət Sahibqızının “Haray” qəzetinin   04-17.11.1992-ci il tarixli 27-ci sayında dərc edilmiş “Vətən şəhidləri” rubrikasındakı məqaləsində və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/8765.html) rast gəlmək olar.

Bundan əlavə, əsgər Ş.İlyasovun adı Daxili Qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 108-ci sıra nömrəsi ilə qeydə alınmışdır.

Şəhid S.İbrahimovun qəhrəmanlıqlarla zəngin ömür yolu bugünkü gənclərimiz üçün əsl örnəkdir. O, yurdumuza göz dikən neçə-neçə düşmən yaraqlısını məhf etməklə mənfur niyyətlərini onların gözlərində qoymuşdur.

 Allah şəhidlərimizə rəhmət eləsin!

 kapitan Anar Əhmədov,

Daxili  İşlər  Nazirliyinin

Daxili Qoşunlarının zabiti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın