Menu
Geri İrəli

Azərbaycanda daha çox hansı qruplar üzrə qan ehtiyatı var?

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2016 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

Azərbaycanda bütün qan qrupları üzrə qan ehtiyatı var, lakin daha çox ehtiyat 1 və 2-ci qruplar üzrədir, 3 və 4-cü qruplar üzrə qan ehtiyatı isə daha azdır. Bunu Trend-ə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Z.Əlimirzəyeva bunu dünyada da insanlar arasında ən çox rast gəlinən qan qrupunun 1 və 2-ci qrup olması ilə izah edib.

İnstitut direktorunun sözlərinə görə, rezus mənfiyə nisbətən rezus müsbət qan ehtiyatı daha çoxdur. Bu göstəricinin bütün dünyada belə olduğunu deyən Z.Əlimirzəyeva bunu da insanların 85 faizində qanın rezus müsbət, 15 faizində isə rezus mənfi olması ilə əlaqələndirib: “Qanda rezusun mənfi-müsbətliyi müəyyən antigenlərin olub-olmaması ilə bağlıdır. İnsanın sağlamlığı üçün qan qrupunun mənfi və ya müsbət olmasının heç bir əhəmiyyəti yoxdur, amma qan köçürmədə onun əhəmiyyəti var. Ona görə də rezus mənfi qan ehtiyatı az olur, çünki əhali arasında da ona az rast gəlinir”.

Onun sözlərinə görə, fövqəladə hallara görə qan ehtiyatı hər zaman olmalıdır. Buna görə də Mərkəzi Qan Bankında daim tükənməyən qan ehtiyatı saxlanılır və bu qan ehtiyatı daim yenilənir: “Qanın eritrosit kütləsinin saxlanma müddəti 42 günədək, plazmanın saxlanma müddəti isə daha çoxdur. Buna baxmayaraq, qan ehtiyatı daim yenilənir. Bu məqsədlə də mütəmadi olaraq qanvermə aksiyaları keçirilir”.

İnstitut direktoru əlavə edib ki, son 4 ildə Azərbaycanda donorların sayı 20 min nəfər artıb. 2015-ci ildə 75 184 nəfər donorluq edərək qan verib: “Əgər insan təmənnalı qan verirsə, o özünün hansısa xəstəliyini açıb deməyə bilər. Ancaq təhlükəsiz qan üçün könüllü donorluq vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının proqramına əsasən, 2020-ci ilədək bütün ölkələr təmənnasız, mütəmadi donorluğa nail olmalıdırlar. Çünki könüllü donorluq təhlükəsiz qan deməkdir”.

Z.Əlimirzəyeva bildirib ki, təhlükəsiz qan əldə etməkdən ötrü Azərbaycanda da donor olmaq üçün müraciət edənlərə xüsusi sorğu vərəqi təqdim edilir. Həmin vərəqdə müraciət edən şəxsə onun uşaqlıqda hansı xəstəlik, əməliyyat keçirməsi, hansısa ölkədə olması və s. barədə suallar verilir: “Əgər donor yaxın vaxtlarda xaricdə olubsa, ondan qan götürülmür. Çünki həmin şəxs tanımadığımız infeksiyaya yoluxa, o da müayinə zamanı özünü göstərməyə bilər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın