Menu
Geri İrəli

Hər yerdə, hamı üçün ilk yardım – həkim məsləhəti

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2017 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

3fe7988c7bdafb6c1c797d24eb495d5eDəniz mövsümü açılandan bəri boğulma xəbərləri ard-arda gəlməyə davam edir. Vətəndaşlarımızın suda boğulma səbəbi çoxdur; qadağan olunmuş ərazidə çimmək, çimməyi bilməmək, içkili vəziyyətdə suya girmək, havanın küləkli olması və s. Səbəb nə olursa olsun, ölkəmizdə boğulanlar arasında ölüm göstəricisinin yüksək olması diqqəti cəlb edir.

Boğulmalarda ölüm göstəricisinin yüksək olmasının səbəblərindən biri və mənə görə ən önəmlisi cəmiyyətimizdə “ilk tibbi yardım” bilik və bacarığının qıt olmasıdır. Boğulmalarda ətrafdakı şahidlərin ilk tibbi yardım bilməsi və doğru tətbiq etməsi boğulanın həyatını kritik dərəcədə müsbətə doğru dəyişdirir. 2010-cu ildə “Resuscitation” jurnalında çap olunmuş bir məqaldə deyilir ki, Niderlandda şahidlər tərəfindən suda boğulanlara ilk tibbi yardım göstərilmiş və 91% nailiyyət əldə edilmişdir. Yəni boğulanların 91%-i həyatda qalmışdır. İlk tibbi yardım boğulma anından sonrakı 3-5 dəqiqə ərzində göstəriləcəyi tədqirdə effektli olur.

Təcili yardım ambulansının qəza yerinə gəlib çatma müddətinə görə ölkəmiz standartların gerisindədir. Ambulans məsələn, 7-ci dəqiqədə gəlsə, hətta zərərçəkəni xilas eləsə belə, yenə də beyinlə əlaqəli fəsadlar qalır. Çünki 3-cü dəqiqədən etibarən beyin hüceyrələri ölməyə başlayır. Suda boğulanın həyatda qalmasının tək yolu dərhal qapalı ürək masajı və ağızdan-ağıza tənəffüs verilməsi ilə mümkündür. Hətta sudan çıxardarkən elə suyun içindəcə ağızdan-ağıza ilk tənəffüsü vermək lazımdır. İlk tibbi yardım ambulans gələnə qədər davam edilməlidir. İlk tibbi yardım zərərçəkənə dərman vermək, yaxud əməliyyat eləmək deyildir. Çox bəsit görünsə də həyat qurtarıcıdır. Belə bir həyat qurtarıcı vəzifə şahidlər, yaxınlıqda olan insanlar arasında “ilk tibbi yardım” kursu keçmiş şəxsin üzərinə düşür.

Ölkəmizdə ilk tibbi yardım bilik və bacarığı aşağı səviyyələrdədir. Bunu suda boğulma, yaxud digər qəza hallarında müşahidə etmək mümkündür. Bayılanın üzünə sillə ilişdirmək, əlini ağzına soxub dilini çıxarmaq, su vermək, kürəyinə vurmaq, suda boğulanı başı aşağı sallamaq və s- toplumumuzda ilk tibbi yardım anlayışına nümunələrdir. Niyyət yardım göstərmək olsa da bu davranışların tibbə aidiyyəti yoxdur və sağalma ehtimalı olan zərərçəkəni tam tərsinə, öldürə, şikəst qoya bilər. Həkimlər bilir, tibb fakültəsində öyrədilən ilk cümlələrdən biri Latın dilindəki bu ifadədir: Primum non nocere (əvvəlcə ziyan vurma). Yəni heç bir şey bilmirsənsə heç olmasa ziyan vurma.
Hər ailədə bir nəfər həkiməqədər ilk tibbi yardımı bilməlidir. İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmaya bilər və bu zaman digər şəxslərin zədələnənlərə ilk yardım göstərməsi insanlıq borcudur. Hətta bəzi dövlətlərdə insanlıq borcu kimi yox, qanunla tənzimlənmişdir. Ölkəmizdə ilk tibbi yardım kursları verən qurumlar var. Kursların müddəti 1-2 gündür. Kursu bitirənlərə sertifikat verilir. Fövqəladə Hallar Nazirliyinin veb səhifəsində qəza hallarında göstəriləcək yardımlar haqqında dolğun məlumatlar yerləşdirilmişdir.

Vüsal Vəliyev, kardioloq
vveliyev@hotmail.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın