Menu
Geri İrəli

Sumqayıt əhalinin ümumi dispanserləşdirilməsi aksiyasında fəal iştirak edir

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2014 • Baxış sayı: 387 dəfə • Şərh yoxdur

tibbPrezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın digər şəhər və rayonlarında olduğu kimi, Sumqayıtda da əhalinin dispanserləşdirilməsi uğurla davam edir. Şəhər sakinləri dövlət başçısının bu humanist təşəbbüsünü böyük minnətdarlıqla qarşılayır, onu hər bir vətəndaşın sağlamlığına diqqət və qayğıkeş münasibət kimi qiymətləndirir.

AzərTAc xəbər verir ki, Sumqayıt sakinlərinin profilaktik müayinəsinin təşkil edildiyi tibb müəssisələri arasında 1 nömrəli şəhər xəstəxanası da vardır. Bu tibb müəssisəsində həkim briqadaları hər gün saat 9.00-dan 17.00-dək şəhərin idarə, müəssisə və təşkilatlarının işçilərini qrafikə uyğun qaydada qəbul edirlər.
Baş həkim Nazim Hüseynquliyevin sözlərinə görə, xəstəxanada artıq 8659 nəfər dispanserləşdirmədən keçmişdir. Profilaktik müayinə zamanı 338 nəfərdə müxtəlif xəstəliklər aşkar edilmiş, 87 nəfər xəstəxanaya yerləşdirilmiş, 950 nəfər isə ambulator müalicəyə göndərilmişdir.
Sumqayıt Şəhər Təmizlik Departamentinin mühəndisi Ceyhun Məmmədov müəssisə əməkdaşlarının ümumi rəyini ifadə edərək demişdir: “Biz bu humanist kampaniyanın keçirilməsi səviyyəsindən çox razıyıq. Həkimlərin öz vəzifələrinə məsuliyyətlə yanaşması, tibb işçilərinin qayğıkeşliyi, diaqnostika kabinetlərinin dəqiq işləməsi, profilaktik müayinə prosesinin sakit və rahat şəraitdə aparılması hamımıza xoş gəlir. Biz insanların sağlamlığının qorunmasına xidmət edən bu aksiyaya görə dövlət başçısına minnətdarıq”.
Şəhər səhiyyə şöbəsinin müdiri, tibb elmləri namizədi Ələkbər Tağıyev qeyd etmişdir ki, fevralın 17-dən bu günədək 59670 sumqayıtlı profilaktik müayinədən keçmişdir. 96607 xüsusi diaqnostik müayinə aparılmışdır. Müayinə zamanı 334 nəfər stasionar müalicəyə cəlb edilmiş, 8191 sumqayıtlı isə ambulator müalicəyə göndərilmişdir.
Ə.Tağıyev həmçinin bildirmişdir ki, qabaqcadan hazırlıq tədbirlərinin görülməsi şəhərdə dispanserləşdirmənin səmərəli təşkilinə kömək göstərmişdir. Bu məqsədlə Sumqayıt Şəhər İcra Hakimiyyətində iclas keçirilmiş, aksiya ilə əlaqədar aktual məsələlər müzakirə olunmuş, həkimlərin iş cədvəli təsdiq edilmiş, məsul şəxslər müəyyənləşdirilmiş, tibb işçiləri qarşısında konkret vəzifələr qoyulmuşdur. Əhalinin profilaktik müayinəsi üçün şəhərdə xüsusi olaraq ayrılmış tibb müəssisələrində lazımi şərait yaradılmışdır.
7 nömrəli orta məktəbin direktoru Təranə Haqverdiyeva demişdir: “Xalqımızın gələcəyi onun sağlamlığından və təhsilindən asılıdır. Bu iki sahəyə böyük diqqət yetirdiyinə görə Prezidentə səmimi təşəkkürümü bildirirəm. Bu gün ölkədə elə bir region yoxdur ki, orada müasir tibb müəssisələri olmasın”. O qeyd etmişdir ki, son illər Sumqayıtın ucqar yaşayış massivlərində və ona bitişik qəsəbələrdə tez-tez səyyar ambulatoriya günləri keçirilir, Bakıda fəaliyyət göstərən tanınmış tibb müəssisələrinin kollektivləri də Sumqayıta gələrək əhaliyə tibbi xidmət göstərirlər. T.Haqverdiyeva demişdir: “Bütün bunlar dövlətin öz vətəndaşlarının sağlamlığına göstərdiyi diqqətin parlaq təzahürüdür”.

AzərTAc, Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın