Menu
Geri İrəli

Xəstə ölümündə günahlandırılan uroloq-həkim məsələyə aydınlıq gətirib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 1,826 dəfə • Şərh yoxdur

VASIF-ISMAYIL-FACE_1387738740“58 yaşlı Bakı şəhər sakini Səriyyə Ələkbərova həkim savadsızlığının qurbanı olub. O, “Azad Azərbaycan” (ATV) televiziyasında yayınlanan “Çox yaşa” verilişinin aparıcısı, uroloq Vasif İsmayıl tərəfindən bu il fevralın 5-də “City Hospital”da əməliyyat olunub və sidik kisəsi çıxarılıb. Səhv həyata keçirilən əməliyyat Səriyyə Ələkbərovanın həyatını itirməsinə gətirib çıxarıb”.

APA-nın xəbərinə görə, bu fikirlər redaksiyaya S.Ələkbərovanın həyat yoldaşı Zakir Ələkbərov tərəfindən daxil olan müraciətdə əks olunub.

Bildirilib ki, S.Ələkbərovanın sidik kisəsində xoşxəssəli şiş olub və o, əvvəllər bir neçə dəfə əməliyyat edilib. Şişin təkrar-təkrar kəsilməsi xəstəyə əziyyət verdiyindən, o, V.İsmayıla müraciət edib. V.İsmayıl isə sidik kisəsinin, ümumiyyətlə, götürülməsini məsləhət görüb və bunun heç bir qorxulu hal olmadığını, xəstənin bir həftə sonra sağlam evə qayıdacağını deyib. Amma xəstənin vəziyyəti əməliyyatdan dərhal sonra kəskin pisləşib.

S.Ələkbərovanın həyat yoldaşı Zakir Ələkbərovun dediyinə görə, əməliyyat zamanı və əməliyyatdan sonra iki dəfə xəstənin ürəyi dayanıb, böyrəkləri və bağırsaqları öz funksiyasını itirib. Bağırsağın fəaliyyətini artırmaq üçün xəstəyə prozerin və ona məlum olmayan başqa iynələr vurulub. İynənin dozası artıq olduğundan, əzələ zəifliyi, sinir keçiriciliyinin pozulması kimi fəsadlar ortaya çıxıb. Həm də xəstənin ağ ciyərlərində durğunluq yaranıb, tənəffüs çatışmazlığı baş verib. Xəstə mart ayının 8-nə qədər “City Hospital”da reanimasiyada qalıb. Bu bir ay ərzində Vasif həkim xəstənin yaxşılaşacağı barədə yalan vədlər verib. Məlum olub ki, əslində S.Ələkbərovanın ölümünə səbəb onun xəstəliyi yox, məhz düzgün əməliyyat edilməməsidir. Belə ki, əməliyyat zamanı onun bağırsağı düz tikilməyib. Zondla qidalandırılan xəstənin möhtəviyyatı düz bağırsaqdan çıxmaq əvəzinə cinsiyyət orqanından çıxıb. Qarının ön divarında aparılan təxminən 15 sm-lik kəsik tikilməyib, tamamilə açıq qalıb və irinləyib.

Bir aydan sonra Vasif İsmayıl Səriyyə xanımın sinir sistemini müalicə etmək üçün nevropatoloqa müraciət edib. 1,5 ay “City Hospital”da nəticəsiz müalicədən sonra ağrılara tab gətirməyən S.Ələkbərovanı ailəsi nevropatoloqun məsləhəti ilə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına köçürüb. Amma burada xəstənin vəziyyətinin ağırlaşdığını görən klinika ondan imtina edib. Ailə məcburiyyət qarşısında xəstəni nevroloji müalicə üçün “Medistyle” özəl hospitalına aparıb. Burada həkimlər onun əzələlərini bərpa etməyə, əsəb sistemini müalicə etməyə çalışsalar da, bir nəticə hasil olmayıb. O, ağır vəziyyətdə evə gətirilib və martın 26-da dünyasını dəyişib.

Z.Ələkbərov deyib ki, həkim V.İsmayılın bundan sonra başqa insanların canına qəsd etməsinin qarşısını almaq üçün onunla hüquq müstəvisində danışmaq məcburiyyətindədir: “O, ölümünə bais olduğu xəstənin həyatına görə qanun qarşısında cavab verməlidir. Üstəlik, xəstənin müalicəsi üçün sözügedən klinikaya ödənilən vəsait də geri qaytarılmalıdır. Bizə dəyən həm maddi, həm də mənəvi ziyana görə təzminat tələb edəcəyik”.

Məsələyə aydınlıq gətirən uroloq həkim Vasif İsmayıl APA-ya açıqlamasında deyib ki, bu fikirlər qarşı tərəfin subyektiv fikridir: “Obyektiv olaraq onu söyləyə bilərəm ki, bu xəstədə həqiqətən də sidik kisəsinin çıxarılmasına ehtiyac var idi. Sidik kisəsi çıxarılandan sonra sidik hardansa çıxmalı idi və bunun üçün bağırsağından istifadə olundu. Bu, işin normal qaydasıdır. Bu əməliyyat urologiyanın ən böyük, fəsadlı və ölümlü əməliyyatıdır. Bu sözü mən onlara demişəm. Xəstəyə bu söz söylənilib və əməliyyata girmədən öncə razılığı barədə kağız da alınıb. İndi sadəcə qarşı tərəfin etirazları var. Bu məsələdə xəstənin yaxınını başa düşürəm. Onlara hər hansı irad bildirmək düzgün olmazdı. Amma bu, xəstə yaxının subyektiv fikridir”.

V.İsmayıl qeyd edib ki, xəstənin ailəsinin məsələ ilə bağlı məhkəməyə müraciət edərək, ekspertiza rəyi tələb etməyə tamamilə haqqı var. Onun sözlərinə görə, bunun xaricində deyiləcək bütün fikirlər subyektiv sözlər və tamamilə dedi-qodudan ibarətdir: “Mən rəsmən xəstə yaxınının məsələyə baxış tərzi ilə razı deyiləm. Burada hər hansı həkim səhlənkarlığından söz getmir. Sadəcə, xəstənin vəziyyətinin pisləşməsi, hətta yara sağalmasının gecikməsinə və yaraların da açıqlamasına səbəb bu xəstədə baş verən auto-immun reaksiya (əzələ zəifliyi) olub. Xəstə yaxını niyə demir ki, normal gəzən xəstənin əməliyyatdan 3 gün sonra gözündən başqa heç bir orqanı hərəkət etmirdi? Çünki onu söyləyəndə hamı başa düşəcək ki, xəstənin nəsə daxili problemi olub və nəticədə bu hal baş verib. Xəstənin həyatını qurtarmaq olardı. Bu xəstənin müalicəsini davam etdirmək lazım idi. Sadəcə, xəstə yaxınları bizimlə əməkdaşlıq yerinə, tamamilə dava yolunu seçdilər. Bu xəstənin üzərində işləmək lazım idi. Lakin xəstənin yaxınları bizə imkan vermədilər. İnsanların məsələyə bu cür yanaşmaları ilk növbədə onların özünə ziyandır. Bunların hamısının nə üçün aparıldığı məlumdur. Azərbaycanda ola bilsin ki, bu işlər bir qədər işləyir. Həkimin üstünə gedib pul almaq, onun həyatını qaraltmaq mümkündür. Amma bunlar mənimlə işləməyəcək. Mən işimi hər zaman qaydasında görmüşəm. İşin içində olanlar bilir ki, kim kimdir, kim nə iş görür. Onda belə çıxır ki, ağır xəstələri əməliyyat etməyək. Bu, sadəcə olaraq Azərbaycanda səhiyyə sistemini baltalamaqdır. Mən başa düşürəm ki, səhiyyə sistemində çox qüsurlar var. Amma həqiqətən də hökumət, dövlət bunu düzəltmək üçün çox işlər görür. Bizim də əlimizdən gələni etməliyik ki, bu tendensiya düzəlsin. Qanuni çərçivələr daxilində hər şeyə hazıram və geri də addım atan deyiləm. Bunun çox sadə yolu var. Məhkəməyə baş vurular, ekspertiza keçirilib, qərar verilər. Mən işimi düzgün görürəm və bunun üçün də çalışıram ki, başıma belə oyunlar gəlməsin”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın