Menu
Geri İrəli

Əli Əhmədov: “Gələcəkdə harın məmurların sayı xeyli azalacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2013 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur

Əli Əhmədov: “Müxalifət dekorasiya rolunu oynamaq istəyirsə, ona elə dekorasiya rolu da veriləcək”

YAP icra katibi, Milli Məclisin üzvü Əli Əhmədov həm də hakim partiyanın prezidentliyə namizədi İlham Əliyevin seçki qərargahının rəhbəridir. Ə.Əhmədov virtualaz.org saytına eksklüziv müsahibəsində həm ölkəni gözləyən dəyişikliklər, həm seçki prosesi, həm də siyasi rəqibləri olan müxalifət düşərgəsi haqda fikirlərini paylaşıb. Həmin müsahibəni təqdim edirik.

- Əli müəllim, yerli və xarici müşahidəçilərin ilkin rəylərini diqqətlə müşahidə edirik. Onların gəldiyi nəticə odur ki, sanki ölkədə seçki ab-havası yoxdur. Sanki xalq seçkilərə biganədir. Sizcə, bunun səbəbi nədədir?

- Mən bu cür qiymətləndirmə ilə razılaşmaq istəməzdim ki, xalq seçkilərə biganə yanaşır. Təbii ki, 2013-cü ilin seçki kampaniyası, ab-havası 2008 və 2003-cü illərdən fərqlənir. Bəlkə də fərqlənməsəydi, qəribə görünərdi. Bu fərqin özü də Azərbaycandakı hansısa yeniliklərdən və inkişafdan xəbər verir. Ola bilsin ki, cəmiyyətimizdə ildən-ilə seçkilər, əsasən də prezident seçkiləri qeyri-adilik statusundan uzaqlaşır. Seçki ölkənin həyatında mütəmadi keçirilən siyasi prosesdir. Seçkilər, xüsusilə də prezident seçkiləri ölkənin gələcəyində önəmli rol oynayır. Ölkədə 5 ildən bir keçirilən seçkilərə fövqəladə hadisə kimi yanaşmağın özü qeyri-adi bir şeyə çevrilir. Azərbaycan cəmiyyətində həm siyasi mədəniyyətin, həm də siyasi sistemin inkişafı və oturuşması özünü onda göstərir ki, cəmiyyətimiz seçkilərə vacib, eyni zamanda siyasi prosesin normal bir hadisəsi kimi baxmağa öyrəşib. 2000-ci və ondan əvvəlki illərdə Azərbaycanda seçkilər sanki bir inqilab ab-havası yaradırdı. Bu da normal deyildi. Bu, cəmiyyətin həm siyasi sisteminin, həm də insanlarımızın siyasi mədəniyyətinin o qədər də yüksək olmamasının birbaşa göstəricisidir. İndi insanlarımızın siyasi mədəniyyəti müsbətə doğru xeyli dəyişib. İnsanlar indi seçkilərə əhəmiyyəli, amma qeyri-adi hal kimi yanaşmır. İnqilab əhval-ruhiyyəsi özünü göstərmir. Bu, yaxşı haldır. O ki qaldı müşahidəçilərin dəyərləndirməsinə, ölkədə seçki ab-havasının müşahidə olunmadığını deməsinə, bunu da tam şəkildə qəbul etmək çətin olar. YAP üçün normal seçki ab-havası var. Azərbaycanda təlatüm gözləyənlər üçün isə seçki ab-havası yoxdur. Buna sevinirəm.

- Sizcə, bu il Azərbaycanda təlatümlər niyə baş vermədi? Axı xarici mətbuatın və ekspertlərin 2013-cü ilin əvvəlindəki qiymətləndirmələri, Azərbaycanda baş verən müəyyən proseslər göstərirdi ki, seçkilər o qədər də asan keçməyəcək. Amma hakimiyyət üçün asan keçir. Bu, sizi təəccübləndirdimi?

- Şəxsən məni təəccübləndirmədi. Çünki bəzilərinin həyəcanlı proqnozlar verdiyi zamanda daxili əminliyim bu idi ki, 2013-cü il seçkiləri normal və tam sivil formada keçəcək. O ki qaldı kimlərinsə Azərbaycanda təlatümlər yaratmasına və gözləməsinə, bəli, belə insanlar var idi. O təlatümlər niyə baş tutmadı? Birincisi, cəmiyyət dəyişib. Cəmiyyət seçkiləri normal siyasi proses kimi qəbul edir. İkincisi, Azərbaycanda daxili sabitlik və vətəndaş inamı formalaşıb. Bu gün vətəndaş həyatından xeyli məmnundur. Bu sözlərimi tənqid edənlər olacaq. Opponentlərimiz və müəyyən səbəbdən həyatını yaxşı qura bilməyənlər bu fikirlərimə fərqli qiymət verəcək. Amma bu, normaldır. Bütövlükdə cəmiyyətə yanaşdıqda ölkədə normal həyat səviyyəsi formalaşıb. Orta Azərbaycan vətəndaşında belə bir rəy var ki, insanların həyatı ildən-ilə yaxşılaşır. Ümumi rəqəmləri səsləndirərkən bu rəqəmlərdən hər kəsə pay düşdüyünü də deyirik. Ümumdaxili məhsul 10 ildə 3,4 dəfə artıb. Bu həddən artıq böyük inkişafdır. Bu inkişaf bu və ya digər formada hər bir insanın həyatında öz əksini tapır. Birində az, birində çox tapır, amma hər kəsin həyatında müsbət formada dəyişiklik baş verir. Həyatında müsbət dəyişiklik olan vətəndaşlarsa çoxdur və bu insanlar ölkələrində təlatümlərin olmasını istəmir. Çünki o təlatümlər onların da normal həyatını pozacaq. Bu gün insanımız gələcəyə inamla aparılır. Əgər pensiyaçı dünən 100 manat pensiya alırdısa, cənab prezidentin məlum sərəncamından sonra 110 manat alır. Və operativ olaraq qərar verir ki, Allah ömür versin, bir il sonra yenə artım olacaq. Yəni bu psixologiyanı qazanan insanlar da çoxalıb ki, gələn il hər şey daha yaxşı olacaq. Maaşların çox artırılmasını istəyənlər 10 fazi artımı as saya bilər. Amma yenə də artım olubmu, yüksəliş olubmu? Olub. Buna görə də Azərbaycanda təlatüm yaratmaq istəyənlərin istəyi təlatümlərin olmasını istəməyən insanların psixologiyasına dirənib. Bu da o istəkləri vurub geriyə atır. Başlıca səbəbi bunda görürəm.

- Bu seçki bir gerçəkliyi də üzə çıxardı ki, iqtidarın təsir qüvvəsinə əks-təsir qüvvəsi rolunda çıxış edən müxalifətin siyasəti demək olar ki, yox səviyyəsindədir. Belə olan halda anormal bir vəziyyət yaranır. Güclü, nəhəng bir iqtidar və ona narazılığını bildirməyə cəhd edən, amma olmayan bir müxalifət. Rəqib yoxdur deyə bu anormal siyasi stiuasiya sizi qorxutmur ki?

- Siyasi prosesdə qələbə qazanmaq baxımından yanaşsaq, bu, bizi nəinki qorxutmur, hətta məmnun edir. Bu, o deməkdir ki, biz çox asanlıqla möhtəşəm qələbə qazanacağıq. Amma o da var ki, güclü iqtidar və zəif, demək olar tam dağılmış bir müxalifət var. Azərbaycanda müxalifət formal olaraq mövcuddur. Onlar mövcud olduqlarını göstərmək üçün normal siyasətə aidiyyəti olmayan işlərlə məşğul olmağa çalışır. Qüvvələr nisbətində niyə bu qədər böyük bir fərq yaranıb? Bir qədər dərinə gedək. Belə bir siyasi situasiyanın yaranmasının kökü Heydər Əliyevin Azərbaycanı inkişafa aparan çox düzgün strategiyasına əsaslanır. 20 il əvvəl Azərbaycanın dağılmaq təhlükəsində olması hər kəsin gözü önündəki reallıq idi. Heç kəs təsəvvür edə bilmirdi ki, Azərbaycanı bu vəziyyətdən çıxarmaq mümkündür. Heydər Əliyev təkbaşına, topsuz-tüfəngsiz Naxçıvanda təyyarəyə mindi və top-tüfəngi olan insanların qarşısına çıxaraq dağıdılan Azərbaycanı xilas elədi. İnsanlar Heydər Əliyevin bu möcüzəsini qəbul etdilər. Bu sözümə qəribə yanaşa bilərsiniz, amma bu, sözün əsl mənasında siyasi möcüzə idi. Tək bir insan dağılmaqda olan ölkədəki ayrı-ayrı silahlı qüvvələrlə mübarizə apardı və məqsədinə nail oldu. Kim təsəvvür edə bilərdi ki, o zaman dağılan, iqtisadiyyatı tamamilə iflas olan, bonkrot halına salınan bir ölkə 20 ildən sonra bugünkü Azərbaycan olacaq, bu qədər iqtisadi qüdrəti olacaq, Bakı bu qədər gözəlləşəcək? Söhbət insanlar üçün zövq mənbəyi olan Bakıdan getmir. Söhbət müasirləşən Bakıdan gedir. Bir neçə ildən sonra bura xeyli turist gələcək. Bu gün Bakının zövq oxşayan gözəlliyi sabah ölkə xəzinəsinə gəlir gətirən mənbəyə çevriləcək. Eynilə də bölgələrimiz. Bununla da Azərbaycan dəyişdi. Xalq bunu qəbul etdi. İnsanlar bu dəyişikliyi edənlərin gücünə inanır, onlara daha çox etibar edir. İnsanlar gələcək həyatlarını da bu iqtidarla bağlayır. Bu iqtidar dağılan bir ölkəni xilas edibsə, ölkəni bu qədər inkişaf etdirə bilirsə, deməli, bu inkişaf gələcək illərdə də davam edəcək. Ona görə də prezidentə və iqtidara həddən artıq inam və ehtiram var.

- Prezident ötən həftə vurğuladı ki, harınlamış məmurlar və onların övladları var və bunlar da haqlı olaraq xalqın narazılığına səbəb olur. Çində belə məmurlara qarşı hakim partiya özü mübarizə aparır. YAP da prezidentə əsas dayaq olaraq belə neqativ tendensiyalara qarşı mübarizə aparmağı düşünürmü?

- Təbii ki. İnsan psixologiyaları demək olar ki, bütün ölkələrdə oxşardır. Hakimiyyət, vəzifə insanları korlaya bilir. Amma görünür, vəzifə daha çox daxili mənəvi zənginliyi olmayan insanları korlayır. Prezidentimiz də elə bu məsələlərə diqqət çəkir. Prezident İlham Əliyev YAP-ın sədri olaraq bu məsələləri diqqət mərkəzinə çəkməklə partiyanı bu hallara qarşı mübarizəyə səsləyib. Güman edirəm ki, bu çağırışlar nəticəsiz qalmayacaq, bunların şahidi olacağıq. Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə, xüsusilə də ayrı-ayrı sahələrdə münasibətləri tənzimləyən mexanizmlər təkmilləşdikcə bu harınlama ehtimalları azalacaq. Mən buna inanıram. Bəlkə də gələcəkdə, irəliləyən illərdə harın məmurların sayı indikindən əhəmiyyətli dərəcədə azalacaq. Daha doğrusu, məmurun ona verilən səlahiyyətlərə görə harınlamaq şansı əlindən alınacaq. Prezident və onun partiyası bunu etməyə nail olacaq.

- Necə düşünürsünüz, bəlkə bu ictimai nəzarəti gücləndirmək lazımdır, bu, qarşıdakı 5 ilin əsas vəzifələrindən biridir?!

- YAP məsələyə belə yanaşır ki, biz kommunizm ideologiyası və psixologiyasından uzaqlaşmışıq. Düzdür, YAP-dakı insanların çoxu Kommunist Partiyasının üzvü olub və partiyanın çatışmayan cəhətlərini partiyanın üzvü olmayanlardan daha yaxşı bilirlər. Belə düşünürük ki, YAP özünü Kommunist Partiyası kimi göstərməməlidir. Başqa ölkələrin də təcrübəsi göstərib ki, sözlə, təzyiqlə, təqiblə cəzalandırılmaların nəticəsi ötəri və keçici olur. Buna mexanizmləri təkmilləşdirərək, harınlamaq istəyən məmurların qarşısını ala biləcək mexanizmləri inkişaf etdirərək nail olmaq istəyirik. Seçdiyimiz yol bundan ibarətdir. Güman edirəm ki, bu yol səmərəli yoldur. Elə ölkələr var ki, orada oğurluğa görə insanların əlini kəsirlər. amma orada oğurluq aradan qaldırılmayıb. Korrupsiyaya görə insanları edam edirlər, amma korrupsiya hələ də aradan qaldırılmayıb. Deməli, buna nail olmağın yolu insanların cəzalandırılmasından deyil, daha səmərəli mexanizmlərin yaradılmasından keçir. Bu istiqamətdə işlər görsək, hədəfimizə daha tez çatarıq.

- Siz dünən maraqlı bir bəyanatla çıxış edərək bildirdiniz ki, YAP müxalifətə və rəqiblərinə atalıq qayğısı göstərir. Cəmiyyətdə də belə fikir formalaşır ki, iqtidar özü son 10 ildə müxalifəti qoruyub saxladı ki, cəmiyyətdəki neqativ əhval-ruhiyyə bu elektorat vasitəsilə ifadə olunsun. Amma əslində indi bu dekorasiya da çökdü. Sizcə, bu cür dekorasiyasızlıq şəraitində hakimiyyət üçün problemlər olmayacaq ki? Düşünmürmüsünüz ki, bu cür sistemli müxalifət əvəzinə spontan proses meydana çıxa bilər?

- Müxalifət dekorasiya rolunu oynamaq istəyirsə, ona elə dekorasiya rolu da veriləcək. Mən düşünmürəm ki, YAP-ın vəzifəsi müxaliftəi qoruyub saxlamaq və ya məhv etməkdir. Normal hakimiyyət olaraq rolumuzu dərk edirik. Hökumətimiz, prezidentimiz oturuşmuş, səmərəli fəaliyyət göstərə bilən siyasi sistemin formalaşdırılmasını çox arzu edir. Bu istiqamətdə də hökumət öz üzərinə düşən işləri yerinə yetirir. Təəssüf ki, bizim rəqiblərimiz cəmiyyətin istəklərini ifadə etməkdən ibarət olan vəzifələrini yerinə yetirə bilmirlər. Narazıların arxasında duraraq, onlara arxayın olaraq siyasət qurmaq mümkün deyil. İnsanlar müxtəlif səbəblərə görə narazıdır. Məsələn, işi yoxdur – narazıdır. Bu da təbiidir. Sabah iş tapsa, artıq narazı deyil. Bu gün övladı universiteti bitirib iş tapa bilməyən və məişət problemləri olan insanlar narazı ola bilər. Bu problemlər həll olunandan sonra isə onlar narazı kütlə olmaqdan çıxır. Narazı kütlə sayəsində özünü siyasi qüvvə kimi təqdim etmək istəyən bütün siyasi partiyalar bu gün müxalifətin düçar olduğu vəziyyətə gəlib çıxacaq. Bunlar anlaya bilmədi ki, ölkə sürətlə inkişaf edir və bu inkişaf sayəsində insanların yaşayış səviyyəsi dəyişəcək, narazıların sayı azalacaq. 1998, 2003 və 2013-cü ilin mitinqlərini təsəvvür edin. O zaman obyektiv səbəblərdən narazılar indikindən çox idi və mitinqləri kütləvi hal alırdı. İndi bunlar narazı insanlara müraciət edirlər. Narazılar az olduğundan müxalifətin mitinqlərinə də az insan qoşulur. Beləliklə də onlar öz siyasətlərini bağlaya biləcəkləri sosial qrup tapa bilmədilər. Çünki onlar cəmiyyətin hansısa bir problemini ifadə etmirlər. Problemin həll yolunu göstərə bilmirlər. Bu gün müxalifət Qarabağ məsələsindən tutmuş digər məsələlərlə qədər prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən mahiyyətcə fərqlənə biləcək heç bir söz deyə bilmir. Bunların proqramı nədir? Amma İlham Əliyevin proqramı bütün parametrlərinə görə məlumdur. Müxalifətin siyasəti və konsepsiyası nədən ibarətdir, nə ilə fərqlənir?! Bizim siyasət və fəaliyyətimizdən fərqli nə deyiblər? Bizim siyasətimizi təkrarlayıb fəaliyyətimizi tənqid etmək əsasında siyasi qüvvəyə çevrilmək mümkün deyil. Buna görə də müxalifət bu günə düşüb. Bundan niyə narahat olmalıyıq? Cəmiyyətin normal inkişafı siyasi qüvvələrin balansından keçir. Bu gün bu balans bizim heç bir günahımız olmadan pozulub. Bu məsələdə bizi günahlandırmaq istəyənlər ədalətli deyil. Amma əminəm ki, zaman gələcək, Azərbaycanda ayrı-ayrı ideologiyalara xidmət edən normal siyasi partiyalar yaranacaq. Bu 5 il, 10 il sonra olacaq – deyə bilmərəm. Amma onu deyə bilərəm ki, onlar narazılara, marginallara istinad etməyəcək, cəmiyyətin normal təbəqəsinə, onun maraqlarına xidmət edəcək. O zaman da dediyiniz balansın həddən artıq pozulmasına son qoyulacaq. Yaxın 5 ildə bu balansın dəyişəcəyinə ciddi səbəblər görmürəm.

- İslamçıların müxalifət olaraq meydana çıxması ehtimalına necə baxırsınız?

- Əgər cəmiyyətdə hər hansı yer boşalırsa, onu kimsə tutacaq. Müxaliftəin zəbt edə bildiyi siyasi məkan o qədər də böyük deyil. Bu məkan artıq boşalır. Bu məkan böyük olsaydı, onu kimsə tutacaqdı. İndi bizim qayğımız ondan ibarət olmalıdır ki, boşalan o mühiti normal siyasi qüvvələr tutsun, ekstremistlər, radikallar ora girməyə nail olmasınlar. Təbii ki, Azərbaycan normal, müasir İslam cəmiyyətidir. İslam bizim qorumalı olduğumuz dəyərdir. Biz öz mövcudluğumuzu onun üzərindən ifadə edə bilərik. Amma dinimizə sitayiş etməklə yanaşı bundan ayrı-ayrı məqsədlərlə istifadə etməyə çalışanların da qarşısını kəsməliyik. İslamın siyasiləşməsi radikallıq və radikal qüvvələr üzərində yox, tam sivil demokratik dəyərlər zəminində baş verməlidir. Məsələn, Avropa ölkələrində xristian demokratiyası, İslam Şərqində müsəlman demokratiyası konsepsiya olaraq formalaşa bilər. Bunun üçün tarixi baxımdan da, müasirlik nöqteyi-nəzərindən də əsaslar var. Müsəlman cəmiyyəti demokratiyaya layiq olduğunu sübut edə bilər. İslam demokratiyası dinin dövlətə, siyasətə qarışması formasında olmamalıdır. Bu, bir siyasi dəyər formasında olmalıdır. Dinin dövlətə müdaxiləsi şəklində olsa, fundamentalizmə, radikalizmə və digər xoşagəlməz meyllərə gətirib çıxara bilər. Çalışmalıyıq ki, bu yolla gedək. Çalışmalıyıq ki, siyasi səhnənin boşalan yerini radikallar doldurmasın. Azərbaycan demokratik yolu seçib, başqa yol yoxdur. Başqa yol Azərbaycanı geriyə aparar. Bununla demək istəmirəm ki, YAP İslam demokratiyası konsepsiyasına istinad etmək fikrindədir. Sadəcə olaraq belə bir cəmiyyətdə İslam konsepsiyasının yaradılmasının normal ola biləcəyini diqqətə çatdırmaq istəyirəm.

- Siz dünən hakimiyyətdə hansısa kadr dəyişikliyinin olması ilə də bağlı bir anons verdiniz. Bu, olacaqmı? Cəmiyyət bunu intizarla gözləyir. Ola bilsin ki, hansısa nazir effektivdir. Cəmiyyətdə isə belə fikir formalaşıb ki, bəli, bu nazir yaxşı işləyir, amma insanlar eyni simalardan yorulub. Siz İlham Əliyevin seçki qərargahının rəhbərisiniz. Bu sualı sizə ona görə ünvanladıq…

- Dəyişiklik həmişə var və həmişə də olacaq. Normal həyatda dəyişməyən heç nə yoxdur. Mən istəyərdim ki, bir platformadan da çıxış edək. Əgər Azərbaycanda inkişaf gedirsə, bunun başında İlham Əliyev, onun siyasəti, müdrikliyi və qətiyyəti durur. Bu, birmənalı şəkildə belədir. Amma eyni zamanda İlham Əliyev bir prezident kimi bir komanda ilə işləyib, təkbaşına işləməyib. İlham Əliyevin rəhbərlik elədiyi komandanın bu illər ərzində böyük uğurları olubsa, hamını bir sıraya düzüb tənqid etmək insafsızlıq olardı. Əgər belə yanaşsaq, onda sual olunar: bu inkişaf nəyin sayəsində olub? Məsələyə bu kriteriya ilə yanaşma ədalətli ola bilməz. 2013-cü ildə Azərbaycanın qarşısında duran vəzifələr 2003 və 2008-ci illərdəki vəzifələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Çünki Azərbaycan artıq yeni inkişaf mərhələsinə gəlib. Dəyişiklik və yeniliklər istər-istəməz olacaq. Amma prezidentin bu dəyişiklikləri etməkdən ibarət olan müstəsna səlahiyyətinə hörmətlə yanaşmalıyıq.

- İlham Əliyevin seçki kampaniyası ilə bağlı hazırlanan plakatlarda köhnə şüarlar var. Seçkiyə niyə həmin şüarlarla qatıldınız?

- Mən onları köhnə şüar saymıram. Çünki bu şüar 5 il ərzində Azərbaycana uğur gətirib. Bu şüarla ölkədə böyük nailiyyətlər əldə olunub. Uğur gətirən strategiyanı, özünü doğruldan konsepsiyanı dəyişməyə ehtiyac varmı? Biz 10 il ərzində həyat keçirdiyimiz və düzgün olan hər bir işi davam etdirmək istəyirik. Bu, təkrarçılıq və ya köhnəlik deyil. Bu, özünü doğruldan konsepsiyanın varisliyidir. Bu gün onun dəyişdirilməsinə hər hansı ciddi ehtiyac duymuruq. Vətəndaşlar əmin olsun ki, İlham Əliyev 10 il ərzində Azərbaycanı necə inkişaf etdiribsə, növbəti 5 ildə də həmin templə və ondan artıq inkişaf etdirəcək. Bunları nəzərə alıb düşündük ki, bunu daha aydın şəkildə ifadə edə biləcək şüar “İlhamla irəli!”dir.

Söhbəti qələmə aldı: İlkin Muradov

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın