Menu
Geri İrəli

“Qatil” tamaşası Sumqayıtda da bəyənildi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyul 2011 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur

XALQ YAZIÇISI ELÇİNİN MƏŞHUR SƏHNƏ ƏSƏRİ BU DƏFƏ SUMQAYIT TEATRININ TƏQDİMATINDA NÜMAYİŞ OLUNDU

Bu günlərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində xalq yazıçısı, görkəmli dramaturq Elçinin “Qatil” pyesinin tamaşası oldu. İş sonunun yorğunluğunu yaşayan sumqayıtlılar üçün əsl istirahətə çevrilən tamaşa hərarətli alqışlarla qarşılandı. Keçid dövrünün insanlara yaşatdığı gərgin psixoloji anların, onun gətirdiyi ağrıların və faciəvi sonluğun əsərdə öz əksini tapması tamaşaçılara həmin illərin ağırlığını bir daha xatırladır. Əsərdə işini və şagirdlərini sevən tənha kimya müəlliməsinin dörd divar arasında uzun illər yalqız qalmasının onun psixoloji durumuna necə mənfi təsir göstərməsindən və çox illər öncə şagirdi olmuş birinin qəfil həyatında peyda olması ilə bütün yaşamının dəyişməsindən bəhs edilir. Kimya müəlliməsini oynayan aktrisa Xatirə Süleymanova keçmiş şagirdinin müəllimənin həyatında peyda olmasının sevincini yaşamasına imkan tapmamış onun dəhşətli yalanlarla üz-üzə qalmasının gətirdiyi sarsıntıları məharətlə oynadı. Keçmiş şagird rolunda olan Oqtay Mehdiyevin mükəmməl ifası isə tamaşaya baxdıqca öz iyrənc niyyətinə görə min cildə girən, məqsədinə çatmaq üçün yalanlara əl atan bir insanın qaranlıq simasını açıb göstərmiş oldu. Bu obrazın vasitəsilə yalanın gətirdiyi bəlaların nə qədər qorxunc olduğunu və buna görə hər bir insanın gözlənilmədən qatilə çevrilmə təhlükəsinin reallığını göz önündə bir daha canlandı. Xatırladaq ki, Türkiyənin, Rusiyanın və respublikamızın müxtəlif səhnələrində uğurla oynanılmış əsərin bu tamaşasının quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, digər rolların ifaçıları isə əməkdar artist Növrəstə Həşimova və İlqar İbrahimovdur. Tamaşadan sonra pərdəarxasında yaradıcı heyətlə görüşən müəllif – xalq yazıçısı Elçin gözəl ifaya görə onları təbrik edərək, əsərin səhnə yozumu haqda fikirlərini bildirdi.
FEYZİYYƏ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın