Menu
Geri İrəli

100 minlərlə insanın tale şəhərinə çevriliən SUMQAYIT

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2016 • Baxış sayı: 455 dəfə • 1 şərh
siaphoto_534271Sumqayıtda aparılan abadlıq-quruculuq işləri
Orta məktəbi bitirəndən taleyimi Sumqayıtla bağlamışam. Bu da təxminən 40 illik bir dövrü əhatə edir. 67 yaşına qədəm qoymuş Sumqayıt ötən dövr ərzində 100 minlərlə insanın tale şəhərinə çevrilib. Azərbaycanın müxtəlif guşələrindən bura işləməyə, oxumağa gələn insanlar buranı özləri üçün yaşayış məskəni seçib, ailə həyatı quraraq öz xoşbəxtliklərini bu şəhərdə tapıblar. Sumqayıt həmişə yüksək potensiallı kadrları ilə seçilib. Buradan pərvaz edən gənc ali təhsilli kadrlar bu gün də istər Prezident Adminstrasiyasında, istər müxtəlif nazirliklərdə, istərsə də digər dövlət qurumlarında uğurla fəaliyyət göstərir, müxtəlif ali təhsil ocaqlarında gənclərimizin sabahın mütəxəssisləri kimi hazırlanmasında əllərindən gələni əsirgəmirlər. Sumqayıt görkəmli elm sahibləri, ədəbiyyat və mədəniyyət nümayəndələri, şair və yazıçıları ilə də həmişə digər bölgələrə örnək olub. Bu insanlar 67 il ərzində Sumqayıtın şöhrətinə bir az da şöhrət qatıb, özləri də bu şəhərlə birgə şöhrət zirvəsinə ucalıblar.
Bu illər ərzində Sumqayıt şəhərinə istər birinci katib kimi, istərsə də icra başçısı kimi çox insanlar rəhbərlik edib. Onların əksəriyyəti bu gün də sumqayıtlılar tərəfindən xoş duyğularla xatırlanır, həyatda olanlara uzun ömür arzulanır, dünyasını dəyişənlərə isə Allahdan rəhmət dilənir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə hörmətli Zakir Fərəcovun Sumqayıta İcra Hakimiyyəti başçısı təyin olunması, bütün şəhər sakinlərinin ürəyindən xəbər verdi və onların sevincinin üstünə bir sevinc də əlavə olundu. Çünki Zakir Fərəcov sumqayıtlıdır, eyni zamanda sumqayıtlılar üçün doğma adamdır. Onlar Zakir Fərəcovu yaxşı tanıyır və ona böyük ümidlər bəsləyirlər. Həmçinin Sumqayıtın problemləri də Zakir Fərəcov üçün məlum və doğma problemlərdir. O, yaxşı bilir ki, sumqayıtlılar çalışqandırlar, zəhmtkeşdirlər, istəsələr dağı dağ üstə qoyarlar. Bunun müqabilində isə umacaqları çox cüzidir.
Sumqayıtlılar nə istəyir? Sumqayıtlılar istəyir ki, onların övladları məktəbə, bağçaya palçığın içində yox, asfalt yolla gedib gəlsinlər. Gecələr həyətləri zülmətə qərq olmasın, binalarının zirzəmiləri təmiz olsun ki, ətrafı üfunət bürüməsin, başlarının üstündə örtük olsun ki, yağan qar-yağış evlərinin içinə dolmasın, gənclərin asudə vaxtları normal təşkil olunsun, çalışa bilmələrü üçün yeni iş yerləri yaradılsın, təqaüdçülərin asudə vaxtlarında oturub söhbət etmələri üçün həyətlərində bir guşələri olsun. Şəhərin bütün məhəllə və mikrorayanları istilik sistemi ilə təchiz olunsun. Qışda evin içində yorğana bürünüb oturmasınlar və s. və i.a. Gördüyünüz kimi, ilk baxışdan, bunlar elə də külli miqdarda vəsait tələb edən problemlər deyil…
Ona görə də Zakir Fərəcovun bu şəhərə rəhbərlik etdiyi gündən Sumqayıtda infrastruktur layihələrin icrasına başlanılıb. Müasir sosial obyektlərin, qabaqcıl texnologiyalar əsasında istehsal sahələrinin yaradılmasına böyük diqqət göstərilir. Şəhərdə sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi imkanları xeyli genişləndirilib. Dövlət başçısının dəstəyi ilə indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinə ümumi dəyəri 320 milyon manat olan investisiya layihəsini maliyyələşdirmək üçün dövlət tərəfindən 120 milyon manat güzəştli kredit verilib ki, bu layihələrin icrası ilə 6 mindən çox yeni iş yeri açılıb. Digər bir diqqət və qayğının bariz nümunəsi son günlər Sumqayıt şəhərində istismar müddətini ötmüş, qəzalı vəzziyətdə olan 140 ədəd liftin, çoxmənzilli 100 ədəd yaşayış binasının dam örtüyünün dəyişdirilməsi, eyni zamanda şəhərdə abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılması üçün müəyyən vəsaitin ayrılmasıdır.
Son bir neçə ayda aparılan abadlıq, quruculuq işləri yeni mərhələyə qədəm qoyub, sakinlərin əhval-ruhiyyəsində böyük canlanma yaranıb. Şəhərimizdə quruculuq işlərini hər sahədə, hər addımda görmək olar. Aparılan abadlıq-quruculuq işləri daxilində Heydər Əliyev, Azərbaycan prospektlərində və 20 Yanvar küçəsində 15 yaşayış binasının fasadları “aqlay” üzlük daşlarla üzlənir, üç binada artıq işlər yekunlaşıb. Eyni zamanda, 4-cü mikrorayonda bir sıra yaşayış binalarının fasadlarının üzlənməsi və dam örtüyünün təmiri, Nizami meydanının, Lüdviqshafen parkının, 6, 9, 18-ci mikrorayonlarda və 36-cı məhəllədə məhəllə daxili ərazilərin işıqlandırılması işləri həyata keçirilib.
Sumqayıt sakinlərinin böyük sevincinə səbəb olan dənizkənarı ərazidə yenidənqurma işlərinin: “Park Bulvar” və Çimərliyin tikintisi, Heydər Əliyev parkında “Heydər Əliyev Mərkəzi”nin yeni binasının, Şahmat və Musiqi məktəblərinin inşası işləri aparılır. Bulvarda 186 hektar sahədə işlər gedir. Burada müasir tipli otellər, ticarət mərkəzi, uşaqlar üçün əyləncə yerləri, idman kortları, kafe, restoran, istirahət güşələri, çoxmərtəbəli yaşayış binaları tikiləcək.
Zakir Fərəcov bütün sumqayıtlıların və respublika əhalisinin bu yaxın günlərdə şahidi olacaq çox maraqlı bir təklifi də irəli sürüb. Belə ki, İcra Hakimiyyəti başçısının göstərişi ilə yaxın günlərdə şəhərin ən mərkəzi küçələrimdən birinə Milli Qəhrəman, xalqımızın igid oğlu Mübariz İbrahimovun adı veriləcək. Bax, Zakir müəllimin bu maraqlı ideyası da onun böyük vətənpərvərliyindən, dövlətə, dövlətçiliyə böyük sədaqətindən xəbər verir. Bu təkifin reallaşması hamının ürəyincə olacaq və insanlarımızda Vətənə inamı və sədaqəti bir az da artıracaq. Bizi Qarabağ döyüşünə bir qədər də səfərbər edəcək.
İcra hakimiyyəti başçısı şəhərin ekoloji durumu ilə əlaqədar təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsini şəxsən nəzarətə götürüb, mərkəzi və yerli icra orqanları ilə birgə müəssisə və təşkilatları cəlb etməklə ekoloji tarazlığın pozulmasının qarşısını almaq üçün ardıcıl tədbirlər həyata keçirir.
Bu gün əminliklə deyə bilərəm ki, sumqayıtlıların dərdini bizdən də yaxşı bilən hörmətli Zakir Fərəcov qısa zaman kəsiyində Sumqayıtdakı mövcud problemlərin aradan qaldırılması üçün əlaqədar qurumları işə cəlb etməklə, sosial rifah halının yaxşılaşdırılması istiqamətindəki maraqlı tədbirləri ilə hər an sumqayıtlıların yanında və onlarla birgə olduğunu artıq sübut edir. Mən bir Sumqayıt sakini, ziyalı olaraq, qələm əhli kimi bundan qürur duyuram. Zakir Fərəcova bu çətin, məsuliyyətli işində yeni-yeni müvəffəqiyyətlər, uğurlar arzulayıram. Çünki onun uğurları bütün sumqayıtlıların uğurudur.
Əli Rafiq,
AYB və AJB-nin üzvü
Facebook Şərhləndirmə:

“100 minlərlə insanın tale şəhərinə çevriliən SUMQAYIT” yazısına bir cavab

  1. Adil m. deyir:

    Dərin təhlilli və geniş analizli yazıdır.
    İnanırıq ki, Sumqayıt Cənab Z.Fərəcovun rəhbərliyi altında inkişaf edəcək və XXİ əsrdə görülən işlərlə tarix yazacaq!
    Bu çətin və məsuliyyətli,həm də şərəfli işlərində uca tanrıdan uğurlar diləyirik!

Şərhinizi yazın