Menu
Geri İrəli

“Azərenerji” gethagetdə işçilərini necə aldatdı?

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2015 • Baxış sayı: 668 dəfə • Şərh yoxdur

“Sumqayıtelektrikşəbəkə” “Azərişıq”ın tövsiyəsinə əhəmiyyət vermədi; işdən çıxarılmış işçilər məhkəməyə müraciət etməyə hazırlaşır

Məlum olduğu ki, bu ilin fevral ayında ölkə başçısının sərəncamı ilə “Azərişıq” ASC yaradıldı. Sərəncama əsasən, respublika ərazisində bu vaxta qədər “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi nəzərdə tutulurdu.

Artıq proses sona çatıb və təhvil-təslim mərhələsi yekunlaşıb. Bu, faktiki olaraq “Azərenerji”nin səlahiyyətlərinin yeni quruma ötürülməsidir.

Sumqayıtda işıq satışı və təchizatını “Azernerji”yə tabe olan Sumqayıt Regional Elektrikşəbəkə həyata keçirirdi. Son dəyişiklikdən sonra isə tabeçilik “Azərişıq”a keçib.

Ancaq təhvil-təslim prosesi itkisiz yekunlaşmayıb. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, bir neçə ay öncə, proses başlayarkən Sumqayıt REŞ-in rəhbərliyi bütün işçilərindən işdən azad olunma barədə ərizə alıb. Tələb onunla əsaslandırılıb ki, bu ərizələr əsasında onlar Sumqayıt REŞ-dən işdən azad olunaraq, “Azərişıq”a işə qəbul ediləcəklər. Ancaq sonradan məlum olub ki, bu, Sumqayıt REŞ-in yükünü azaltmaq və ixtisar aparmaq oyunu imiş.

Belə ki, yeni ştat cədvəlinə onlarla işçinin adı daxil edilməyib və onlar faktiki olaraq “Azərişıq”a ötürülən işçi heyətinin tərkibində olmayıb. Hər halda, “Azərişıq”da belə deyirlər.

“168 saat” müxbiri ilə söhbətində qurumun yüksək vəzifəli əməkdaşı bunları deyib: “Təhvil-təslim başlamamış biz eşitdik ki, Sumqayıtda işçilərdən işdən çıxmaları barədə ərizələr alınır. O vaxt biz “Azərenerji”nin Kadrlar Şöbəsi ilə əlaqə saxladıq və bunun səbəbini soruşduq, bildirdik ki, bu, doğru deyil, cənab prezidentin sərəncamına əsasən siz bütün tərkibi bizə təhvil verməlisiniz. Bizə bildirdilər ki, bunun sizə aidiyyatı yoxdur. Bizə göstəriş verməyin”.

Məsələ ilə bağlı hüquqları pozulmuş işçilər Həmkarlar İttifaqı Konfederassiyasına müraciət ediblər. Təşkilatdan bildirilib ki, bu barədə “Azərişıq”a müraciət göndərilib və ştat yarandıqda işsiz qalmış vətəndaşlara iş təklif olunacaq.

Dövlət Əmək Müfəttişliyindən isə şikayətçilərə cavabda deyilib ki, bu hal fərdi əmək mübahisəsi yaratdığından Əmək Məcəlləsinin 294-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqlarınızın bərpası üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir.

Görünən odur ki, vətəndaşlar iki qurumun təhvil-təslim zamanı biganəliyinin nəticəsində işsiz qalıblar  və belə vəziyyətdə Məhkəməyə üz tutmaqdan başqa yol qalmır.

Hüquqşünas Cahangir Əlibəyli deyir ki, belə halda hüquqları pozulmuş işçiləri Məhkəmə nəinki işə bərpa etməli, iddia edən tərəfin tələbinə uyğun olaraq bu aylar ərzində almadıqları əməkhaqqıların ödənilməsi tələbi də təmin olunmalıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın