Menu
Geri İrəli

«Büdcənin həm gəlirləri, həm də xərcləri azalacaq»

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2015 • Baxış sayı: 559 dəfə • Şərh yoxdur
kenan aslanli 2
Dünyada dövlət büdcələrinin şəffaflığını qiymətləndirən “Açıq Büdcə İndeksi”nin 2015-ci ilin nəticələri açıqlanıb. Azərbaycan indeksdə 100 mümkün baldan 51 bal toplayaraq indeksin 2012-ci il raundunun nəticəsi (100 mümkün baldan 42 bal) ilə müqayisədə mövqeyini daha da yaxşılaşdırıb. Azərbaycanın indeksdə topladığı bal (51) qlobal ortalamadan (45) bir qədər yüksəkdir.
Qeyd edək ki, “Açıq Büdcə İndeksi” 140 sualdan ibarət olan “Açıq Büdcə Sorğusu”nun 109 sualı əsasında tərtib edilir. İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökumət və ali audit qurumu tərəfindən vaxtında, əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür.
“Açıq Büdcə İndeksi”nin Azərbaycan üzrə tədqiqatçısı, iqtisadçı-ekspert Kənan Aslanlı “Bizim Yol”a ölkəmizin mövqeyinin yaxşılaşma səbəblərindən, büdcə məlumatlarının nə dərəcədə şəffaf olmasından danışıb.
- Kənan bəy, Azərbaycanın “Açıq Büdcə İndeksi”ndə mövqeyinin möhkəmlənməsini nə ilə əlaqələndirə bilərsiniz?
 
- “Açıq Büdcə İndeksi”ndə Azərbaycanın mövqeyinin yaxşılaşmasının əsas səbəbi 8 vacib sənəddən biri olan “vətəndaş büdcəsi”nin Maliyyə Nazirliyi tərəfindən hazırlanması və vaxtaşırı olaraq internet səhifəsi vasitəsilə ictimaiyyətə təqdim etməsidir. Bununla yanaşı, bir sıra sənədlərin, məsələn, dövlət büdcə layihəsinin tərtibatı adlanan sənədin informasiya baxımından bir qədər zənginləşdirilməsi, büdcənin icrası ilə bağlı rüblük hesabatların məzmununun müəyyən mənada təkmilləşdirilməsidir.
- Sizcə, bu gün dövlət büdcəsinin ictimaiyyətə açıq olmasında hansı problemlər var?
 
- Azərbaycan üzrə indeksin hazırlanmasında əsas məsul şəxs mənəm. Bu çərçivədə çatışmazlıqların harda olub-olmadığını, eyni zamanda əldə olunan uğurları kifayət qədər qiymətləndiririk. Hesabatda da bütün məqamlar öz əksini tapıb. Bu gün üçün əsas problem bir neçə büdcə sənədinin açıqlanması, habelə iştirakçılıq imkanlarının artırılmasıdır. “Açıq Büdcə İndeksi”nin açıqladığı “Açıq Büdcə Sorğusu”nda belə hesab olunur ki, 8 əsas sənədin vaxtında və məzmunlu şəkildə ictimaiyyətə açıqlanması olduqca vacibdir, amma bunlar kifayət deyil. Dövlət maliyyəsinin effektiv idarə olunması üçün ictimai iştirakçılıq imkanları olmalıdır. Büdcə müzakirələrində açıq ictimai dinləmələr keçirilməlidir. Eyni zamanda parlamentin və Hesablama Palatasının büdcə üzərində nəzarət imkanları genişlənməlidir. Azərbaycanda bu sahədə görüləcək işlər hələ çoxdur. Doğrusu, büdcə sənədlərinin açıqlığı ilə bağlı da vəziyyət ideal deyil. Məsələn, iki sənəd var ki, bunları hökumət hazırlayıb, vaxtında ictimaiyyətə təqdim etməlidir. Birincisi, büdcə öncəsi bəyanatdır. Yəni sənəd parlamentə təqdim edilməmişdən bir ay öncə hökumət növbəti ilin büdcə prioritetlərini, parametrlərini təqdim etməlidir ki, ictimaiyyət debatlara hazır olsun. Azərbaycanda belə bir sənəd hazırlanır. Ancaq bu, beynəlxalq standartlarda tələb olunan vaxtda, yəni büdcə zərfinin parlamentə təqdim edilməmişdən bir ay öncəsində ictimaiyyətə açıqlanmır.
İkincisi, birinci yarımilliyin yekunlarında büdcə icmalı açıqlanmalıdır. Bu icmal təkcə ötən 6 ayın icrası ilə bağlı rəqəmlərdən ibarət olmamalıdır. O cümlədən, növbəti 6 ayın büdcəsinin proqnoz göstəricilərini özündə əks etdirməlidir. Onun icrası zamanı qarşıya çıxan fiskal və makroiqtisadi çətinliklərlə bağlı fərziyyələr, habelə onun təsiri ilə bağlı yeni proqnozlar öz əksini tapmalıdır. Yəni həmin sənəddə yenilənmiş proqnoz göstəriciləri göstərilməlidir.  Hər iki sənəd bu gün üçün Azərbaycan ictimaiyyətinə açıqlanmamış hesab olunur. Bənzər sənədlər açıqlansa da, onları beynəlxalq standartlara uyğunlaşdırmaq lazımdır.
Qeyd edək ki, qlobal indeks və sorğu 3 aspektdə büdcələri qiymətləndirir: şəffaflıq, iştirakçılıq və büdcə üzərində effektiv nəzarət. Azərbaycanda hər üç istiqamətdə müəyyən işlər görülsə də, qarşıda görüləcək tədbirlər də çoxdur. Xüsusilə, ən böyük boşluq ictimai iştirakçılıq sahəsindədir.
-  Maraqlıdır ki, indeksdə yüksəlmə göstərilsə də, 2014-2015-ci illərdə Azərbaycanda ictimai nəzarət olduqca zəifləyib. Vətəndaş cəmiyyətinə qarşı təzyiqlər belə bir nəzarəti həyata keçirməyə imkan vermir. Bu məsələ qiymətləndirmədə nəzərə alınmayıbmı?
 
- İndeks 8 əsas büdcə sənədinin ictimaiyyətə açıqlanıb-açıqlamadığını qiymətləndirir. Burada şəffaflığa diqqət yetirilir, iştirakçılığa deyil. Amma indeksin əsaslandığı “Açıq Büdcə Sorğusu” iştirakçılığı da, parlamentin və Hesablama Palatasının nəzarət imkanlarını da qiymətləndirir. QHT mühitinin pisləşməsi “Açıq Büdcə İndeksi”nə təsir etmir. Lakin “Açıq Büdcə İndeksi” ilə eyni hesabatda açıqlanan “büdcə prosesində ictimai iştirakçılıq” alt-indeksində bu məsələ öz əksini tapıb. “Büdcə prosesində ictimai iştirakçılıq” alt-indeksində Azərbaycan 100 mümkün baldan 19-nu toplaya bilib. Orada qeyd edilir ki, Azərbaycanda ictimai nəzarət imkanları zəif və məhduddur.
- Yeri gəlmişkən, 2016-cı ilin büdcəsinin parametrləri açıqlanmır. Halbuki, böhranlı bir dövrdə hökumət ictimai müzakirələrə daha çox ehtiyac duymalıdır. Büdcənin yalnız  hökumət daxilində müzakirə edilməsinə necə baxırsınız?
-  Əslində, geniş müzakirələr büdcə layihəsi parlamentə təqdim olunduqdan sonra edilir. Büdcə təqviminə əsasən, həmin sənədlər cəmiyyət üçün oktyabrın 15-nə kimi açıqlanır. Layihə Maliyyə Nazirliyinin saytında yerləşdirilir, rəsmi qəzetlərdə çap olunur. Bu baxımdan deyə bilmərik ki, ictimai müzakirələri nə üçün gecikdirirlər. Amma məsələnin digər tərəfi var ki, layihə təqdim edildikdə belə, açıq ictimai müzakirələr keçirilmir.
Nəzərə almaq lazımdır ki, önümüzdəki ilin dövlət büdcəsinin gəlirlərində əvvəlki illərlə müqayisədə fiskal gərginliyin olacağı aydındır. Hökumətin müşavirəsində də qeyd edildi ki, artıq yeni dövrdə azalan neft gəlirləri rejimində işləyəcək. Yəni hökumət bunu özünə adaptasiya etməlidir.
- Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsinin xərclər və gəlirlərini 2015-ci ilin səviyyəsində saxlaya biləcəkmi?
 
- Eyni səviyyədə saxlamaq bir qədər çətin olacaq. Çox güman ki, həm gəlirlərdə, həm də xərclərdə azalmanı müşahidə edəcəyik.
- İndi narahatlıq doğuran məsələ hökumətin hansı xərclərdə ixtisara gedəcəyidir. Bu haqda sizin proqnozunu öyrənmək maraqlıdır…
 
- Geniş mənada baxsaq, sosial xərclərin azaldılmasından söhbət gedə bilməz. Yəni əmək haqları, pensiyalar, müavinətlərin azaldılması “Büdcə sistemi haqqında” Qanuna ziddir. Təməl xərclərə toxunulmayacaq. Yəqin ki, dövlətin infrastruktur xərclərində, əsaslı vəsait qoyuluşunda, habelə digər xərclərdə ixtisarlar aparıla bilər. Bura müəyyən tədbirlərin keçirilməsinə yönələn xərcləri də əlavə etmək olar.
- İnvestisiya xərclərinin azaldılması real sektorda gərginlik yaratmayacaqmı?
 
- Hökumətin büdcə xərcləmələri ümumi daxili məhsulun bir komponentidir. Əgər ÜDM-in digər komponentlərində- istehlakda, idxal-ixrac balansında, özəl sektora sərmayə qoyuluşunda artım olmazsa, büdcə xərcləmələrinin azaldılması iqtisadiyyatı kiçildən, iqtisadi artımı geri aparan bir amil olacaq. Amma təsirlər xərclərin azaldılmasının miqyasından asılı olacaq.
- 2016-cı ilin büdcəsində neftin qiymətinin hansı həddə götürülməsi normal hesab oluna bilər?
 
- Yəqin ki, 50-60 dollar arasında götürüləcək. Bəzi ekspertlər bunun özünü də yüksək hesab edir. Amma düşünürəm ki, büdcədə neftin qiyməti 60 dollar ətrafında hesablana bilər.
Vüsalə RÜSTƏMOVA
Facebook Şərhləndirmə:

Şərhinizi yazın