Menu
Geri İrəli

Eyvaz Qocayev: “İnsanların gözləntiləri dəyişdikcə biz də öz hədəfimizdə dəyişikliklər edirik”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2016 • Baxış sayı: 583 dəfə • Şərh yoxdur

Musahibe.az-ın bu dəfəki müsahibi jurnalist, təlimçi, yazar, “sumqayıtxeber.com” xəbər portalının təsisçisi və baş redaktoru – Eyvaz Qocayevdir.

 -Eyvaz bəy, aydındır ki, 2005 -ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin bakalavr pilləsini bitirmisiniz. Sonradan jurnalistika sahəsinə meyil etdiniz. Maraq qaynağınız nə oldu?

 -Universitet illərində təhsillə yanaşı ictimai işlərdə də fəal iştirak edirdim.  O zaman müxtəlif universitetlərdə təhsil alan gənclər bir araya gələrək təşkilat yaratmışdıq. Həmin təşkilatın qəzetini də bir müddət dərc etdik. Əslində birinci kursdan anlamışdım ki, mən gələcəkdə  riyaziyyatçı kimi yox, başqa sektorda çalışmalıyam. Media sektoruna daxil olmağımda riyaziyyat ixtisası üzrə təhsil almağımın da az-çox rolu olub. Tələbəlik illərində informasiya texnologiyaları sahəsinə də məndə maraq yaranmışdı. Media və İKT sektoruna olan marağım məni internet media sahəsinə çəkirdi. Lakin həmin dövrdə ölkəmizdə internet media o qədər də inkişaf etməmişdi. Ancaq medianın gələcəyinin bu istiqamətdə getdiyini o zamandan görürdük. Universitet təhsilimi başa vurduqdan sonra bir müddət QHT sektorunda çalışdım, daha sonra isə kompüter proqramlarını tədris edən mərkəz açdım. Sözsüz ki, bu illər ərzində internet media açmaq hədəfimdən yayınmamışdım.
Nəhayət, 2009-cu ildə qərar verdim ki, artıq həmin xəbər portalını yaratmalıyam. Həmin dövrdə ölkə miqyasında çox az sayda xəbər portalı var idi. Regional xəbər saytları isə yox idi. Yeddi il öncə ilk regional xəbər portalı olan “sumqayitxeber.com”u yaratdım. 2009-cu ildə Sumqayıt şəhərinin 60 illiyi qeyd olunurdu. Düşündüm ki, bu addım  həm də şəhərimiz üçün hədiyyə olar. Həmin dövrdən etibarən “sumqayitxeber.com”un təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərirəm.

eyvaz-qojayev

  -Özünüzün də qeyd etdiyi kimi, hazırda, təsis etdiyiniz Azərbaycanın ilk regional xəbər portalı olan “sumqayıtxeber.com” da baş redaktor kimi fəaliyyətinizi davam etdirirsiniz. Daha 7 il öncə, qarşıya qoyduğunuz hədəfə çata bilmisinizmi?

 -Bilirsiniz, hədəf zamana görə dəyişir. Bəli, o zaman düşündüyüm hədəfə çatmışam. Ancaq zaman keçdikcə insan qarşısına yeni hədəflər qoyur, daha böyük işlər görmək istəyir, düşündüyü işləri, layihələri daha da təkmilləşdirmək, müasir dövrün tələblərinə uyğunlaşdırmaq istəyir. Hesab edirəm ki, yeni hədəflər insanı daha çox öyrənməyə, inkişaf etməyə və çalışmağa motivasiya edir. Bu baxımdan çalışırıq ki, hər il qarşımıza yeni hədəflər qoyaq və bu istiqamətdə çalışaq. Həmin dövrdə hədəfimiz bu idi ki, şəhər sakinləri, eləcə də Sumqayıtla maraqlanan şəxslər şəhərdə baş verən hadisələrlə, yeniliklərlə bağlı məlumatları bir mənbədən əldə edə bilsinlər. Bu baxımdan qarşıya qoyulmuş hədəfə çatmışıq. Bu gün nəinki şəhər sakinləri, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan şəxslər Sumqayıtla bağlı yenilikləri məhz sumqayitxeber.com vasitəsilə əldə edə bilirlər. Ancaq texnologiyalar, insanların gözləntiləri dəyişdikcə biz də öz hədəfimizdə dəyişikliklər edirik və çalışırıq ki, müasir dövrün tələblərinə, insanların istəklərinə cavab verək.

  - Ötən il 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə namizədliyinizi irəli sürmüşdünüz. Bəs nəticə Sizə gələcək üçün nə dedi?

 -Pozitiv bir seçki kompaniyası həyata keçirməyə çalışdıq. Seçki kompaniyasında, əsasən virtual PR alətlərindən istifadə etdik. Məhdud resurslarla qoşulduğumuz seçki prosesində hesab edirəm ki, pis nəticə göstərmədik. Seçkilərdən sonra bütün prosesi dəyərləndirdik. Gələcək fəaliyyətimizə təsir edə biləcək bir çox nəticələr çıxartdıq. Hər şeydən öncə güclü, zəif tərəflərimizi, potensialımızı müəyyənləşdirdik. Düşünürəm ki, bu gələcək fəaliyyətin planlaşdırılması üçün çox önəmlidir. Bundan sonrakı fəaliyyətimizdə çalışacağıq ki, zəif tərəflərimizi inkişaf etdirək, güclü tərəflərimizi, mövcud potensialımızı daha da gücləndirək.

  - Bildiyimə görə, Sumqayıt şəhərində yüzlərlə gəncə həm İKT, həm də karyera planlaşdırması sahəsində təlimlər həyata  keçirmisiniz. Bəs digər bölgələrdə də necə, belə bir məqsədiniz varmı?

 -Bakıda və Sumqayıtda davamlı olaraq “düzgün peşə seçimi və uğurlu iş axtarışı” mövzusunda seminarlarımız olur. Regionlarda da az da olsa seminarlarımız olub. Paytaxtda və böyük şəhərlərdə bu cür seminarlar, təlimlər daha çox həyata keçirilir. Region gəncləri isə müəyyən mənada diqqətdən kənarda qalıb. Əgər gənclər və yaxud da aidiyyatı qurumlar, gənclər təşkilatları belə bir təşəbbüslə çıxış edərlərsə bu sahədə olan təcrübəmizi gənclərlə məmnuniyyətlə bölüşərik.

 -Az öncə, təlimlərdən danışdıq. Karyera planlaşdırması sahəsində keçirdiyiniz təlimlərlə yanaşı, “Karyera bələdçisi” kitabını nəşr etdirdiniz. Çox keçmədi ki, ölkədə ən çox satılan kitablar sırasına daxil oldu. Planlarınızda eyni səpkili növbəti kitab varmı?
-”Karyera bələdçisi”nin ilk nəşri 2011-ci ildə olub. Daha sonra kitabı daha da təkmilləşdirərək yenidən nəşr etdirdik. Kitabda düzgün peşə seçimi və uğurlu iş axtarışı ilə bağlı məlumatlar, iş axtarışı və peşə seçimi zamanı nəzərə alınmalı olan fiziki, psixoloji amillər və onları müəyyənləşdirmək üçün testlər  yer alıb. Həmçinin iş axtarışı prosesinin mərhələləri, iş görüşməsi və bu zaman rast gəlinən hallar da “Karyera bələdçisi” kitabında öz əksini tapıb. Kitabın oxucu kütləsi yeni məzunlar, iş axtaranlar və peşə seçimi etmək istəyənlərdir. Sözsüz ki, bu istiqamətdə yeni nəşrlərə ehtiyac duyulur. Yəqin ki, yaxın gələcəkdə  ehtiyac duyulan mövzuda yeni nəşrimiz olacaq.

 -Eyvaz bəy, mədəniyyət sahəsində də müəyyən tədbirlər həyata keçirmisiniz. Belə tədbirlər sırasına təşkil etdiyiniz teatr günlərini, rok və muğam festivallarını aid edə bilərik. Sözügedən layihələr davamlı ola bilərmi?
-Qeyd etdiyiniz layihələr son beş  il ərzində Sumqayıt şəhərində həyata keçirdiyimiz mədəniyyət layihələridir. Bu layihələr digər gənclərə də stimul verdi ki, bu tipli layihələr həyata keçirilsin. Bu baxımdan biz müəyyən dövrlərdə bu istiqamətdəki fəaliyyətimizə fasilələr versək də digər gənclər az da olsa bu cür layihələr həyata keçirirlər. Artıq Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə danışıqlar aparmışıq ki, bir neçə ay sonra şəhərdə gənclərin iştirakı ilə yeni mədəniyyət layihələrinə  start verək.

Söhbətləşdi: Azadə Bayramova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın