Menu
Geri İrəli

“Küçəyə çıxanda hamı məni göstərirdi” – Sumqayıtdakı partlayışda yanan qadınla söhbət

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2014 • Baxış sayı: 1,232 dəfə • Şərh yoxdur

 Xocalı faciəsindən bir gün əvvəl baş verən partlayışda bir erməni də həlak olmuşdu

IMG_2976Xocalı faciəsindən bir gün öncə Sumqayıtda zavod partlamışdı. Açığı, bu hadisələr arasında hansısa rabitənin olduğunu iddia etmək fikrində deyilik, ancaq təəssüf ki, Sumqayıtın ermənilərin elə həmin vaxta qədər də “genosid” şəhəri kimi populyarlaşdırması və bu bədbəxt hadisənin Xocalı faciəsi ilə təxminən eyni gündə baş verməsi müəyyən şübhələrə əsas verməyə bilmir. Gəlin, dərhal onu da xatırladaq ki, hadisə zamanı zavodda çalışan bir erməni də həlak olmuşdu. Hər halda, biz bu yazıda bu iki hadisə arasında əlaqə axtarmaq üzərində işləməyəcəyik, sadəcə hadisənin detallarına və indiyə kimi ictiamiləşdirilməyən təfərrüatlarına faciənin qurbanlarından biri ilə birlikdə nəzər salacağıq.

Müsahibimiz Səhər Orucova 1992-ci ilin 25 fevralında Sumqayıt şəhərində zavodda partlayış zamanı yanaraq əlil olanlardandır. O bu gün də yanğın hadisəsi eşidəndə, kiminsə özünü yandırması hallarını gördükdə, xüsusilə son zamanlar bir neçə əlilin özünü yandırması faktlarını eşidəndə çox pis olur, yanğının həyatında buraxdığı acılı anları xatırlayır və kövrəlir…

1992-ci ildə, fevral ayının 25-də Sumqayıt şəhərində, “EP-300” də dəhşətli partlayış olanda Səhər Orucovanın 26 yaşı, övladlarından birinin 4, digərinin isə 6 yaşı var idi.

Hər şey bir anda baş verir…

O 1987-ci ildə malyar kimi əmək fəaliyyətinə başlayıb.

Partlayış anını belə xatırlayır:

IMG_2979Nahar fasiləsi idi. Həmişəki kimi “butka”da əyləşmişdik. Fasilədən sonra iş yerinə getmək istəyəndə dedilər ki, maaşlar verilir. Bir qədər yubanıb maaşlarımızı alandan sonra getməyə qərar verdik. Bir neçə dəqiqə keçmişdi ki, dəhşətli partlayış səsi eşitdik, butka başımıza töküldü. Dərhal bayıra atıldıq ki, qaçıb canımızı qurtaraq. Gördüm ki, hər tərəf yanır, yalnız bir yol var qaçmağa. Alov olmayan həmin yolla qaçmağa başlayandan bir an sonra ikinci, daha dəhşətli bir partlayış baş verdi. İkinci partlayış baş verəndə özümü itirdim. Ancaq bir müddət sonra özümə gəldim və yenə də yanğın olmayan tərəfə qaçdım. Qaçanda bəxtimdən su çəninə yıxıldım və su üzümdəki yanğını söndürdü. Sonra ordan da qaçaraq partlayış baş verən ərazidən uzaqlaşdım.

Xəsarət alanları təcili yardım maşınları ilə dərhal xəstəxanaya gətirdilər. Ümumilikdə, on bir nəfər yanıq xəsarəti almışdı. Hadisə nəticəsində bir cavan gəlin, bir oğlan dünyasını dəyişdi. Oğlan 5 ay idi ki, ailə qurmuşdu. Mənim əllərim yanmışdı, o qədər dəhşətli yanmışdı ki, həkimlər barmaqlarımı kəsməyə məcbur oldular. Sifətim də dəhşətli dərəcədə yanmışdı.

Müalicəm uzun çəkirdi, ona görə yoldaşım mənə təklif etdi ki, səni Bakıya aparıb müalicəni orada davam etdirək. Mən ağladım, elə bildim ki, ölürəm. Ancaq bir müddət sonra razılaşdım, məni Bakıya apardılar.

Həmin il böyük oğlum birinci sinifə gedirdi. Yoldaşım xəstəxanada məni yatmış bilib yanımdakı xəstələrə danışırdı ki, evə gedəndə gördüm uşaq qapının ağzında başını çantaya qoyub yatıb. Mən bunu eşitdim. Həmin vaxt çox pis vaxtlarım idi. 46 faiz qanım qalmışdı. Ağlayıb həkimə yalvardım ki, məni evə buraxın (kövrəlir)…

Uzun müddət müalicədən sonra evə buraxdılar. Hər bir çətinliyə dözdüm, çox əziyyətlər çəkmişəm. Yanğın mənim həyatımı alt-üst etdi. Gənc yaşımda ciddi xəsarətlər aldım, əlil oldum. Üzümün yanması məni daha da üzürdü.

Şəhərə çıxanda insanların bir-birinə məni göstərməsi mənim üçün ölümə bərabər idi. Gecə-gündüz ağlayırdım. Gedirdim həkimin yanına, Allah rəhmət eləsin, indi o həkim rəhmətə gedib. Başımı qucaqlayırdı, mənə təsəlli verirdi. Əvvəllər sifətim daha pis idi. Avtobusa minəndə də insanların baxışları mənə çox pis təsir edirdi. Zaman-zaman bu həyata alışdım, özümdə güc tapdım, insanların reaksiyalarına fikir verməməyə başladım.

Ətrafımdakı insanların, qohumların mənə olan münasibətləri, xüsusilə də həyat yoldaşımın dəstəyi nəticəsində özümü toparladım, mübarizə apardım… Elə düşünrəm ki, mən güclü çıxdım, yoxsa bacarmazdım.

Yoldaşım da hazırda “Azərikimya” İstehsalat Birliyinin tabeliyində olan zavodlarından birində çalışır. Mən özüm də orda çalışmışam, orda yanıq xəsarətləri almışam. Ancaq deyim ki, “Azərikimya” kollektivinin mənə olan münasibəti də məni  ruhlandırdı. Məni həyata bağladı. Son illərdə “Azərikimya”nın dəstəyi ilə iki dəfə üzümdə plastik əməliyyat aparılıb. Bu əməliyyatlardan sonra üzümdə xeyli irəliləyiş oldu. Üzümdə bir dəfə də əməliyyat aparılması gözlənilir. Ümid edirəm ki, bir az da irəliləyiş olar.

Və nəhayət, son günlər özlərini yandırmağa cəhd edənlərə üz tutur:

IMG_2984Bu gün mətbuatda özünü yandırma hallarına baxanda mən dəhşətə gəlirəm. İnsan özünə necə qəsd edə bilər axı! İnsan mübarizə aparmalıdır. Probelemlər ola bilər, amma bunu başqa yolla həll etmək lazımdır. Düşünsünlər ki, özünü yandırmaqla probelemlər həll olunmur, daha böyük problemlər yaratmış olurlar. Onlar sonrakı vəziyyəti düşünsünlər, yanığın insanın həyatında yaratdığı dəhşətli izləri. Onlar həm də öz yaxınları üçün problem yaratmış olurlar. Ona görə onlara üzümü tutub deyirəm ki, özünüzə qəsd etməyin, özünüzü yandırmayın!

Mən yanığın nə olduğunu bilirəm, bundan ən çox əziyyət çəkənlərdənəm. Heç vaxt heç kimə, hətta düşmənimə də bunu arzulamıram, nəinki öz vətəndaşlarımıza. Mən çox çətin günlər, illər yaşamışam yandıqdan sonra da, ancaq heç bir zaman belə şeylər düşünməmişəm. Qadınlığımla mübarizə aparmışam həyatla. Bu günkü günümə də şükür edirəm…

Söhbətləşdi: Vüsal Məmmədov, Eyvaz Qocayev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın