Menu
Geri İrəli

Manatın ucuclaşması niyə baş verdi və nəticələri nə ola bilər?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2015 • Baxış sayı: 1,729 dəfə • Şərh yoxdur

manat2Manatın Mərkəzi Bank İdarə Heyətinin qərarı ilə dollara nisbətdə təqribən 34% ucuzlaşdırılması ciddi sosial ajiotaja səbəb oldu. Bu ucuzlaşma qərarının hansı zərurətdən doğması və bunun mümkün nəticələrinin nə ola biləcəyini təhlil etməyə cəhd edək. İlk öncə mütləq onu qeyd etmək lazımdır ki, istənilən halda milli valyutanın xarici valyutaya qarşı mərkəzi bank və ya hökumət tərəfindən ucuzlaşdırılması bütün digər iqtisadi siyasət alternativlərinin tükəndiyi anda qəbul edilən və daha çox qısa müddətli xarakter daşıyan bir fenomendir. İlk obyektiv səbəb kimi neftin dünya bazarlarında qiymətinin azalmasını və dolların bütün aparıcı valyutalara qarşı bahalaşmasını göstərmək olar. Azərbaycanda real idxalın rəsmi statistikada göstəriləndən daha çox olması və ölkədən davamlı kapitalın çıxması da dollar qıtlığını şərtləndirən faktorlar oldu. Rəsmi devalvasiya, yəni milli valyutanın ucuzlaşması qərarı güclü ixrac potensialı olan ölkələr üçün ixracatı təşviq etmək üçün də istifadə olunur. Ancaq ixracının 90%-dən artığını neft və neft məhsulları təşkil edən ölkə üçün bu qərarın tədiyə balansında ciddi dəyişikliyə yol açacağı ehtimalı azdır.

Ölkəyə daha az dollar daxil olmasının təsiri ilə 2014-cü ilin dekabrında Mərkəzi Bank valyuta bazarına cəmi bir ayda 1.238 milyard dollarlıq satışyönlü müdaxilə edib (bu 2009-cu ildən bəri ilk dəfə baş verib). Yəni məzənnəni qorumaq üçün öz valyuta ehtiyatlarından istifadə edərək açıq banklararası valyuta bazarında dollarlarını satıb. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin noyabrın sonundakı 15 milyard dollar səviyyəsindən dekabrın sonunda 13.8 milyard dollar səviyyəsinə qədər azalıb. Bu azalma 2015-ci ildə də davam edib və yanvar ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları daha 1.1 milyard dollar azalaraq 12.7 milyard dollara enib. Manatdan “qaçış” və neftin qiymətindəki azalma davam edib Mərkəzi Bankı valyuta bazarına yenidən ötən ayların tempiylə müdaxilə etməyə məcbur etsə indiki rəsmi valyuta ehtiyatları buna cəmi 10-11 ay dözə bilər. Əgər bunlar baş verməzsə yay aylarından başlayaraq payıza doğru manatın məzənnəsində möhkəmlən-mənin şahidi ola bilərik.

 qrafika

(Qeyd: qrafik tərtib edilərkən Mərkəzi Bankın məlumatlarından istifadə edilib)

2010-cu ilin sonlarından 2015-ci ilin əvvəlinə qədər manatın məzənnəsini valyuta bazarına müdaxilə yolu ilə təqribən eyni səviyyədə saxlamaq (1 dollar üçün 0.78 – 0.79 qəpik) əvəzinə tədricən ucuzlaşmaya gedilsə idi, bəlkə də bugünkü sosial çaxnaşma yaşanmaya bilərdi. Manatın ucuzlaşmasının bundan sonrakı nəticələrinə gəldikdə isə ilk öncə dollar istifadə edilməklə ölkəyə idxal olunan mallarda bahalaşma qaçılmaz olacaq. Azərbaycan reallığında cüzi bir bahalaşma xəbərlərinin bazarlarda necə sürətlə yayılması və bahalaşma dalğalarının necə sürətlə böyüməsi keçmiş təcrübələrdən hamıya bəllidir. Yəni inflyasiya yalnız idxal malları ilə sınırlı qalmayıb yerli istehsal mallarının da qiymətlərinin spekulyativ artımı ilə nəticələnə bilər. İdxal mallarının bahalaşması özəl sektorun və dövlətin investisiya layihələrinin dəyərinin artmasına gətirib çıxaracaq.

Manatın ucuzlaşması dollarla ifadə olunan xarici dövlət borcunu ölkə üçün daha da bahalılaşdıracaq. 2015-ci ilin əvvəlinə olan rəsmi məlumata görə Azərbaycanın xarici borc kimi aldığı kreditlərin 65%-ə yaxını dollarla alınıb ki, burada ümumilikdə dörd milyard dollardan artıq bir məbləğdən söhbət gedir. Eyni zamanda, ölkə daxilində kommersiya banklarından dollarla istehlak və biznes kreditləri götürən şəxslərin və şirkətlərin ödəmə qabiliyyətində azalma, real borc yükündə isə artım olacaq. Bununla yanaşı real əmək haqqının alıcılıq gücünün azalması insanların yaşam standartlarına təsir edəcək, əhali gələcək yığımlarını manatla saxlamaqdan imtina edəcək.

Kənan Aslanlı

Nitsa, Fransa, 21 fevral 2015-ci il, xüsusi olaraq sumqayitxeber.com üçün

Facebook Şərhləndirmə:

Şərhinizi yazın