Menu
Geri İrəli

Mərkəzi Klinikadan Nərmin Hüseynli məsələsinə MÜNASİBƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2014 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur

a2164086275a6807ea3030bc0d5be3f9

Mərkəzi Klinika xərçəng xəstəliyindən əziyyət çəkərək dünyasını dəyişmiş Nərmin Hüseynlinin Türkiyəyə aparılması üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gətirilməsinə görə 780 manatlıq xidmət haqqı alması ilə bağlı ittihamlara cavab verib.

Qeyd edək ki, bir müddət öncə xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynli Bakıda müalicə olunub. Onun müalicəsinin xaricdə mümkün olması iddiası ilə sosial şəbəkələrdə kampaniya başladılıb. Daha sonra müalicə üçün toplanmış vəsaitin bir xeyli hissəsi toplandığı üçün N. Hüseynli Bakıdan Türkiyəyə aparılıb. Onun Heydər Əliyev Beynəlxalq Hava Limanına gətirilməsinə görə Mərkəzi Klinika tərəfindən təcili yardım maşını ayrılıb və bunun üçün 780 manatlıq çek yazılıb.

Bu məsələ də sosial şəbəkələrdə və bəzi media orqanlarında geniş müzakirə olunub və tənqid edilib.

Mərkəzi Klinikanın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, fevralın 26-da Nərmin Hüseynlinin vəziyyətinin tibbi nöqteyi-nəzərdən qiymətləndirilməsi məqsədilə Bakıdakı başqa özəl tibb müəssisəsindən Mərkəzi Klinikanın “Təcili Tibbi Yardım Heyəti” çağırılıb. Xəstə yerində müayinə edildikdən sonra təxliyəyə əlverişli olduğu müəyyənləşdirilib: “Daha sonra xəstənin bizim tərəfimizdən təxliyə olunması tələb olunub. Xəstə yaxınlarının da təkidi ilə Mərkəzi Klinikanın “Təcili Tibbi Yardım Reanimobili” vasitəsilə Nərmin Hüseynli Hava Limanına təyyarənin göyərtəsinədək tibbi heyətin nəzarətində aparılıb və xüsusi uçuşla gələn həkimlərə təhvil verilib. Göstərilən bu xidmətlərin müqabilində xəstə yaxınları tərəfindən Mərkəzi Klinikanın hesabına 780 AZN məbləğində vəsait ödənilib. Bunun 155 manatı xəstənin yerləşdiyi özəl tibb müəssisəsi tərəfindən edilən “Təcili Tibbi Yardım” xidməti çağırışı üçündür. Qalan 625 manat isə xəstənin həmin özəl tibb müəssisəsindən Hava Limanına təxliyəsi üçün hesablanıb. Xəstənin Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarə göyərtəsinə qədər Təcili Tibbi Yardım heyəti müşayiəti ilə çatdırması üçün Mərkəzi Klinika tərəfindən hava limanının nəzarət strukturlarına keçid vəsiqələri üçün təsdiq olunmuş tarifə əsasən maliyyə vəsaiti ödənilir. Bu da həmin “təxliyə xidməti” qiymətinin tərkibinə daxildir. Onu da qeyd edək ki, bu xidmətin qiyməti digər özəl tibb müəssisələrində bizim təqdim etdiyimiz qiymətdən daha da yüksəkdir”.

Mərkəzi Klinika qeyd edib ki, bu müəssisə dövlət büdcəsindən maliyyələşmir, tam təsərrüfat hesablıdır, göstərilən tibbi xidmətlər ancaq xəstəxana kassasına ödənilən vəsaitlər hesabına həyata keçirilir: “Tibbi xidmətin hesablanan və qiymət cədvəlinə əsasən təqdim olunan dəyəri görülən işin qarşılığı olan məbləğdir, çünki xəstəyə göstərilən tibbi xidmət zamanı tibbi personalın əməyindən, dərman və tibbi sərflərdən, tibbi texnologiyalardan, eləcə də, podratçı şirkətlərin xidmətindən istifadə olunur. Həmçinin, Mərkəzi Klinika MMC vergi ödəyicisidir və ödənilən hər bir xidmətin qarşılığı olan məbləğdən dövlət büdcəsinə ƏDV, mənfəət vergisi və sosial sığorta ayırmaları ödəyir. Xidmət qiymətləri formalaşarkən bu amillərin böyük təsiri olur”.

Mərkəzi Klinika bildirib ki, ölkənin hər bir vətəndaşı şəxsi istəyini və maddi vəziyyətini nəzərə alaraq, ödənişli və ya ödənişsiz səhiyyə xidmətindən yararlanmaq hüququna malikdir: “Bizə müraciət edən vətəndaşlar xidmətlərin ödənişli əsaslarla və hansı qiymətlərlə göstərildiyini əvvəlcədən bilir və öz istəkləri ilə xidmətdən istifadə edirlər. Belə olan halda Mərkəzi Klinika ilə bağlı araşdırma belə aparmadan, haqsız böhtan və etik olmayan ifadələrlə ittiham etmək doğru deyil”.

Məlumatda bu məsələ ilə bağlı reportaj yayan ANS şirkəti araşdırma aparmamaqda, klinikanın reputasiyasına zərər vuran ifadələr işlətməkdə günahlandırılıb və məlumatların təkzib olunması üçün kanala artıq müraciət edildiyi bildirilib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın