Menu
Geri İrəli

Muxtar Babayev: “Sumqayıt böyük bir inkişaf dövrünü yaşayır”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2016 • Baxış sayı: 586 dəfə • Şərh yoxdur

Müsahibimiz “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevdir.

12650819_1050879351601997_2060128916402989708_n- Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev nitqində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini bildirdi. Ümumilikdə ötən ilin sənaye sahəsindəki yekununu necə dəyərləndirirsiniz?

- Müşavirədə də qeyd olunduğu kimi, Azərbaycan 2015-ci ildə də bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını qoruyub saxlaya bilmiş, ölkəmizin beynəlxalq nüfuzu bir qədər də artmışdır. 2015-ci il ölkə iqtisadiyyatı üçün bir sıra uğurlarla yadda qalıb. Yola saldığımız ildə respublikamızda bir sıra yeni müəssisələrin, qurğuların təməli qoyuldu. Uzağa getmək lazım deyil. Bildiyiniz kimi, 2015-ci il oktyabrın 25-də ölkə başçısının Sumqayıta səfəri zamanı Sumqayıt Kimya Sənaye Parkında böyük bir zavodun – “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun istismara verilməsi, o cümlədən “SOCAR Polymer” layihəsi çərçivəsində polipropilen və yüksək sıxlıqlı polietilen qurğularının təməlinin qoyulmasını qeyd etmək olar. Bu işlərin 2018-ci ildə tamamlanması nəzərdə tutulub. Bundan başqa, “Azərikimya” İB-də iki qurğunun işə salınması ötən ilin uğurları sırasına daxildir. Təqdirəlayiq haldır ki, Etilen-Polietilen zavodunda həyata keçirilən bu layihələr “Azərikimya” İB-nin Xüsusi konstruktor bürosu tərəfindən hazırlanmış, tikintisi də Birliyin tikinti-quraşdırma qüvvələri tərəfindən həyata keçirilmişdir. Baxmayaraq ki, 2015-ci ildə bəzi planlarımızı korrektə etməyə ehtiyac yaranmışdır, ancaq sənayenin və qeyri-neft sektorunun inkişafı nöqteyi-nəzərindən olduqca önəmli il olub. İnanıram ki, təməli qoyulan müəssisələr nəzərdə tutulduğu vaxtda istismara verilməklə, ölkə sənayesinin inkişafına təkan verəcək. Bundan başqa, Karbamid zavodunun tikintisi davam edir ki, bu müəssisənin də 2017-ci ilin sonunda istismara verilməsi planlaşdırılır. Burada ildə 700 min tona yaxın gübrə istehsal olunacaq. Bu da respublikamızda həm kənd təsərrüfatı çox giymətli qubrə, həm də digər sahələr üçün yeni xammal deməkdir. İstehsal olunan məhsulun ixraca göndərilməsi də nəzərdə tutulub.
Biz bu nailiyyətlərdən danışarkən qeyri-neft sektorunun inkişafından da bəhs etməyimiz çox vacibdir. Təkcə ötən il Sumqayıt şəhərində bir neçə qida məhsulları, həm də yüngül sənayesi müəsissələrin fəaliyyətə başlamasının şahidi olduq. Onları uğurlu layihələr hesab etmək olar. Bu da ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə xüsusi önəm verməsinin təzahürüdür. Güman edirəm ki, rayonlarımızda sənaye zonalarının yaradılması ilə qeyri-neft sənayesinin inkişafına nail olmaq, bununla da neftdən asılılığı minimuma endirmək mümkün olacaqdır. Bildiyiniz ki, artıq Neftçala rayonunda belə bir pilot layihə icra edilir, Mingəçevir Sənaye Parkının yaradılmasına başlanılıb, cari ildə bir sıra rayonlarda da bu layihələrə start veriləcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində də qeyd etdiyi kimi, “Azərbaycanın regionları sürətlə inkişaf etməlidir. Regionlarda infrastruktur layihələri, iş yerləri yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun”.
2015-ci il enerji sektorunda yaddaqalan il olmuşdur. “Cənub” qaz dəhlizinin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. “Cənub” qaz dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir. Bizim üçün isə bu dəhlizin reallaşması əlavə siyasi, maliyyə, iqtisadi imkanları yaradacaqdır. Bu il “Cənub” qaz dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək. Bildiyiniz kimi, “Cənub” qaz dəhlizi dörd layihədən ibarətdir – “Şahdəniz”, Cənubi Qafqaz kəməri, TANAP, TAP. Hər bir layihə üzrə işlər uğurla icra edilir.

- Sumqayıtda yaradılmış və yaradılacaq yeni sənaye müəssisələri ölkə iqtisadiyyatına hansı töhfələr verəcək?

- Son illərdə Sumqayıtda 3 yeni tekstil fabriki istismara verilib. Sovet ittifaqı dövründə də Sumqayıtda tekstil fabrikləri mövcud idi, müvəffəqiyyətlə də çalışırdılar. Bu sahənin Sumqayıtda inkişaf etdirilməsi burada sənayenin bərpa olunmasına, əvvəllər tikiş fabriklərində çalışmış insanların yenidən işə cəlb edilməsinə, gələcək nəsildə tekstil sahəsinə marağın yaradılmasına imkan verir. Tekstil fabriklərində çalışanların 90 faizi qadınlardır. Xüsusən də qadınların bu prosesə cəlb edilməsi çox vacib addımdır. Bu sahənin inkişafı işsizliyin aradan qaldırılmasına da böyük təkandır.
Sumqayıtda son beş il ərzində yeyinti sənayesi üzrə böyük müəssisələr işə salınıb. Yağ və karton istehsalı müəssisələri də daxil olmaqla, burada qida sənayesinə aid bir sıra müəssisələr fəaliyyət göstərir. Bazarda, idxal olunan məhsullar arasında rəqabət böyükdür. Bu müəssisələr maya dəyərini aşağı salmaq və keyfiyyəti artırmaqla rəqabətədavamlı olmağa çalışırlar.
Son zamanlar böyük uğurlara imza atmış Sumqayıt Texnologiyalar Parkından da bəhs etmək yerinə düşər. Burada yaradılan müəssisələr dünyanın ən son texnologiyalarına əsaslanan, elektrotexnika və digər sahələr üzrə regionda yeganə müəssisələrdir. İnanıram ki, bu müəssisələrin bazasında hələ bir neçə istiqamət üzrə yeni istehsal sahələri inkişaf etdiriləcəkdir. Son 5-6 ildə Azərbaycana gələn rəsmi qonaqlar Sumqayıt Texnologiyalar Parkına baş çəkir, orada müasir standartlara uyğun yaradılmış istehsal prosesləri ilə tanış olurlar. Bununla yalnız fəxr etmək olar. Həmçinin alternativ enerji üçün istifadə olunan günəş panellərinin istehsalı ilə məşğul olan “Azgüntex” MMC fəaliyyət göstərir. Bu sahə Azərbycanda yeni olduğundan çox böyük önəm verilir. Bu da, ölkə başçısının həm alternativ enerji mənbələrinə, həm də yeni sənaye sahələrinin inkişafına verdiyi dəstəyin nəticəsidir.
Sumqayıt Kimya Sənaye Parkında «Azertexnolayn» MMC də fəaliyyət göstərir. Bu müəssisənin məhsulları həm ölkə daxilində istifadə olunur, həm də ixrac olunur. Türkmənistanda müxtəlif layihələrdə, eyni zamanda Azərbaycanın iştirakı ilə həyata keçirilən neft-qaz layihələrində bu müəssisənin istehsal etdiyi metal borulardan istifadə olunur. Cəmi 2 ildir yaradılmasına baxmayaraq, aparılan uğurlu marketinq siyasəti nəticəsində müəssisə böyük rəqabət olan bazara məhsul ixrac edə bilir. Sumqayıt Kimya Sənaye Parkında maraqlı biznes layihələrinin icrası üçün əlverişli şərait yaradılıb. Buraya dövlətin dəstəyini və neft-qaz bazasında yaranan xammalı da əlavə etsək, yeni istehsal prosesi üçün böyük imkanların mövcud olduğunu görə bilərik.

12657328_1050879381601994_360389467453814384_oNeftdən asılılığı azaltmaq məqsədilə daha hansı ixracyönümlü sənaye sahələrini inkişaf etdirmək olar?

- İlk növbədə çalışmaq lazımdır ki, istehsal edilən məhsul yerli xammala əsaslansın. Məsələn, bu gün Karbamid zavodu tikilir ki, bunun da əsas xammalı təbii qazdır. Bu, həm də Azərbaycanda qaz-kimya sənayesinin təməlinin qoyulması deməkdir. Son məhsulun respublika daxilində təxminən 40-50 faiz bazarı olacaq, qalan miqdarı isə xaricə ixrac ediləcək. İxracyönümlü sənaye sahələri o vaxt daha effektiv ola bilər ki, istehsal yerli xammala əsaslansın. Çünki idxal olunan xammal bazasında istehsal olunan məhsullar onun qiymətinin dünya bazarlarında artıb-enməsindən, qıtlığından, logistik məsələlərindən asılıdır. Ancaq yerli xammala əsaslanan məhsulun istehsalının planlanması, daha sonra yerli bazarı nəzərə alaraq ixrac həcmlərinin təhlil edilməsi daha əlverişlidir. Respublikamızda bu proses gedir. Burada hansısa müəssisələrin yaranmasında biznes planın, texniki-iqtisadi əsaslandırmanın hazırlanması zamanı mütləq ixrac nəzərə alınmalıdır. Baxılmalıdır ki, ixrac bazarları hansılardır, loqistik-nəqliyyat məsələləri həll olunmalıdır və sözsüz ki, dünya bazarındakı qiymət tendensiyalarını izləmək lazımdır. Bu gün Sumqayıt Kimya Sənaye Parkının yaradılması kimya sənaye sahəsində özəl müəssisələrin formalaşması üçün əlverişli imkandır. Bu imkan yalnız infrastrukturun təmin edilməsi ilə bitmir, həm də onun Azərbaycanda xammalla təmin olunması məsələsi qarşıda durur. Məsələn, polipropilen qurğusu ildə 180-200 min ton istehsal gücü olan zavod olacaq. Burada əsas xammal propilendir ki, bud a SOCAR-ın öz müəssisələrində istehsal edilir. Bu xammal polipropilen qurğusuna veriləcək. Polipropilen isə çox geniş məhsulların istehsalında istifadə edilir. Ona görə də hesab edirəm ki, polipropilen və daha sonra istifadəyə veriləcək yüksək sıxlıqlı polietilen qurğuları həm bizim yerli xammal əsasında fəaliyyət göstərəcək, həm də Azərbaycanda yeni ixracyönümlü müəssisələrin yaranmasına təkan verəcək.

- Siz Karbamid zavodundan, eyni zamanda, onun ixrac potensialından bəhs etdiniz. İxrac üçün hansı bazarlar daha sərfəlidir?

- Bizim hesablamalarımıza görə, karbamid gübrəsi üçün əsas ixrac bazarı Türkiyə olacaq. Bu, həm yaxın bazardır, eyni zamanda Türkiyə hər il 1,5 milyon ton karbamid idxal edir. Ona görə də hesab edirəm ki, bazarın böyük bir hissəsi Türkiyə, qalan hissəsi isə digər istehlakçı ölkələr olacaq.

- Sənayenin ən gəlirli sahəslərindən biri olan maşınqayırma kompleksini ölkəmizdə yenidən inkişaf etdirmək mümkündürmü?

- Vaxtilə Azərbaycanda irihəcmli, müxtəlif istiqamətli maşınqayırma müəssisələri mövcud idi. Ölkədə istehsal olunan neft-kimya avadanlıqlarının bazarı keçmiş İttifaq ölkələri olduğundan, ötən əsrin 90-cı illərinin əvvələrində əlaqələrin kəsilməsi səbəbindən o bazarların əksəriyyəti itirildi. Daha sonra isə istər Rusiya, istərsə də digər İttifaq ölkələri bu avadanlıqları ya özləri istehsal etməyə başladı, ya da ABŞ və digər Qərb ölkələri öz avadanlıqları ilə bu bazarları doldurdu. Sözsüz ki, maşınqayırma kompleksini yeni mərhələyə çatdırmaq üçün təkcə yerli tələbatı nəzərə almaq kifayət etmir, çalışmaq lazımdır ki, ixrac bazarına çıxış da əldə olunsun. Bir neçə həftə bundan öncə transformator zavodunun açılışı oldu. Çox müasir və perspektivi olan müəssisədir. Həm yerli bazara, həm ixraca hesablanıb. Hesab edirəm ki, maşınqayırma kompleksinin özəl şirkətlər tərəfindən yaradılması daha effektiv olardı. Sözsüz ki, dövlət dəstəyi ilə. Burada həm çevik menecment, həm pula qənaət, həm də bazarın tələbatına tez reaksiya vermək qabiliyyəti olmalıdır.

- Bu sahəyə xarici şirkətlərin də cəlb olunması məqsədəuyğundurmu?

- Xarici şirkətlərin bəzilərinin Azərbaycanda maşınqayırma sahəsində bir sıra müəssisələrin yaradılması ilə bağlı təklifləri var idi. Araşdırma yolu ilə daha səmərəli təklifləri seçib onların üzərində işləmək olar. Belə bir addım olarsa, təbii ki, dövlət onu mütləq dəstəkləyəcək.

- Mövcud potensialımızı nəzərə almaqla, başqa hansı sahələri inkişaf etdirmək olar?

- Azərbaycanın sənaye gücləri əsasən Abşeron yarımadasında yerləşir. Yerdə qalan 75-80 faizi isə kənd təsərrüfatı ilə məşğul olan regionlardır. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı Azərbaycan üçün prioritet olacaq. Əlverişli iqlim şəraiti ildə bir neçə dəfə məhsul əldə etməyə imkan verir. Həm də kənd təsərrüfatı məhsullarının emalı üçün şərait var ki, bu sahələr Azərbaycanın yaxın illərdə iqtisadiyyatının inkişafında başlıca yer tutacaq. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, bu çərçivədə fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə subsidiyaların artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin inkişafına mühüm töhfəsini verir. Kənd təsərrüfatında mütərəqqi texnologiyaların, gübrələrin tətbiqi və sudan səmərəli istifadə etməklə böyük məhsuldarlığa nail olmaq mümkündür. İxraca gəlincə isə keçmiş Sovet İttifaqı ölkələri bizim üçün böyük bazardır. Bu bazarı genişləndirmək lazımdır. Məhsullarımızın keyfiyyətini, qablaşdırılmasını, reklam olunmasını yüksək səviyyəyə çatdırmaq lazımdır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə onlar üçün əlverişli əsasda münasibətlər qurulmalıdır.

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda SOCAR prezidenti dünyada yaranmış mövcud iqtisadi durumla əlaqədar şikətin dayanıqlığının qorunması və saxlanılması üçün prioritet istiqamətləri qeyd etmişdir. Bəs, “Azərikimya” İB bu istiqamətdə hansı tədbirlərin görülməsini planlaşdırır?

- Bildiyiniz kimi, son bir ildə neft və neft məhsullarının qiymətlərinin kəskin azalması müşahidə olunur. Bu vəziyyətdə həyata keçirdiyimiz layihələrdə maksimal qənaət, xərclərin azaldılması başlıca vəzifədir. Eyni zamanda, o layihələr həyata keçirilir ki, onun effektivliyi maksimaldır və sərmayəsi tez qayıdacaq. Bizi qarşıda böyük modernizasiya işləri gözləyir və bu işlərə artıq başlanılıb. SOCAR-da neft emalı və neft-kimya istehsalatlarının yenidən qurulması üzrə yaxşı komanda yaranıb. Bizim bugünkü əsas istiqamətimiz ondan ibarətdir ki, qənaətlə bərabər bu işləri plan üzrə və keyfiyyətlə yerinə yetirək. Bununla yanaşı ekoloji layihələrin icrasını bir az da sürətləndirəcəyik. Buraya sutəmizləmə qurğusunun tikintisini aid etmək olar ki, artıq onun layihəsi hazırdır. Bildiyiniz kimi, Sumqayıt sovet dönəmindən neft-kimya sənayesi şəhəri olub. Burada müxtəlif texnologiyaların tətbiqi nəticəsində ekoloji mühit həddən artıq çirklənmişdi. Ölkə başçısının bu sahədə verdiyi tapşırıqlar və həyata keçirilən proqramlar nəticəsində Sumqayıtda ekoloji gərginliyə səbəb olan amillər tamamilə aradan qaldırılıb. Demək olar ki, bütün zərərli istehsalat sahələrinin fəaliyyəti dayandırılıb. Torpaqların təmizlənməsi prosesi gedir. Bütün tullantılar xüsusi toksiki tullantılar poliqonuna daşınıb. Bu işlər bu gün də davam etdirilir. Hesab edirəm ki, həm suya, həm havaya, həm də torpağa atılamalar sıfra endirilməklə yaxın vaxtlarda Sumqayıtın ekoloji durumu ən müasir tələblərə cavab verəcək.

- Yaxın illər ərzində “Azərikimya” İB-də daha hansı işlərin görülməsi planlaşdırılır?

- Təkcə Etilen-polietilen zavodunda bir neçə yeni qurğunun tikintisi, infrastruktrun tam yenilənməsi nəzərdə tutulub. Qurğuların layihələndirilməsi, avadanlıqların alınması üçün tenderlərin keçirilməsi, şirkətlərin seçilməsi, tikinti prosesinin tamamlanması – bütün bunlar “Azərikimya” İB tərəfindən 5 il ərzində üç mərhələdə həyata keçiriləcəkdir. Biz 2016-2020-ci illər ərzində bu işlərin görülməsini planlaşdırmışıq.

- “Azərikimya” İstehsalat Birliyinin istehsal etdiyi məhsullar daha çox daxili bazara yönəlir, yoxsa ixrac olunur?

- 2015-ci ilin yekunlarına görə, istehsal olunmuş məhsulun 92 faizi ixrac olunub. Bizim üçün əsas bazarlar – Çin, Türkiyə, MDB, Avropa ölkələri və s.-dir. Bu bazarlarda istehsal etdiyimiz məhsullara tələbat olduqca böyükdür. Son illəri təhlil etsək, görərik ki, 2015-cil ildə rekord həcmdə polietilen istehsal olunub. Qarşıdakı ildə isə bu göstəricini daha da artırmağı düşünürük.

- Necə hesab edirsiniz, istehsal etdiyiniz məhsula bazarlarda tələbat çoxalıb, yoxsa keyfiyyətin yüksəldilməsi rəqabət qabiliyyətini artırıb?

- Bizim həm istehsalımız artıb, həm də xammal bazamız genişlənib. Müqayisə üçün deyim ki, 2009-cu ildə ancaq bir məhsul xammal formasında “Azərikimya”ya daxil olurdu. 2010-cu ildən başlayaraq müxtəlif xammallardan istifadə edirik. Üstünlük maye və quru qazlara verilr. Heydər Əliyev adına Bakı Neft Emalı zavodundan Sumqayıta borular çəkilib ki, bununla da yeni xammal növləri “Azərikimya”ya daxil olmağa başlayıb. Yeni xammal istehsalın artmasına, maya dəyərin aşağı salınmasına imkan verib. Neft-kimya sahəsi, polimerlər bazarı inkişaf edir, böyüyür. İstehlakçılar şüşə, dəmir, taxtadan olan məhsulların əvəzinə polimerlərə üstünlük verirlər. Ona görə də hesab edirəm ki, Azərbaycanın bu bazarda rolu artacaq, biz də bu istiqamətdə işlərimizi davam etdirəcək və yerli istehsalçılar üçün xammal məhsullarının istehsalını artıracağıq.

- Siz, eyni zamanda, Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtın seçicilərini Milli Məclisdə təmsil edirsiniz. Seçicilər növbəti dəfə Sizə etimad göstərdilər. Bu etimad nəyin nəticəsidir və onların Sizdən gözləntiləri özünü doğruldurmu?

- Sumqayıt olduqca maraqlı və perspektivli bir şəhərdir. Bu, şəhərdə yaşayanlar çox zəhmətkeş, çox fədakar insanlardırlar. Bu insanları Milli Məclisdə ikinci dəfə təmsil etmək mənim üçün həm şərəf, həm böyük məsuliyyət, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının reallaşdırılması işində yaxından iştirak üçün verilmiş növbəti şansdır. Çalışacağam ki, qarşıdakı 5 ildə də bir millət vəkili kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. Sumqayıtın çox böyük və parlaq sənaye tarixi var. SSRİ dağılandan sonra bu şəhərdə sənayenin zəifləməsi bu sahədə bir qədər ümidsizlik yaratmışdı. Müstəqilliyimizin ilk illərində istər kimya kompleksinin, istərsə də digər komplekslərin zəif inkişaf etdirilməsi burada yaşayan və işləyən insanlara müəyyən mənfi təsir göstərmişdi. Hazırda isə Sumqayıt böyük bir inkişaf dövrünü yaşayır. Möhtərəm Prezidentimizin tapşırıq və tövsiyələri əsasında bu şəhərdə çoxşaxəli islahatların reallaşdırılması, sənaye potensialının daha da inkişaf etdirilməsi, Sumqayıtın Azərbaycanın sənaye mərkəzinə çevrilməsi üçün biz çox işləməliyik. Bu işdə istər kimyaçıların, istərsə də Sumqayıtda yaşayan və işləyən digər insanların bu islahatlara hazır olmaları və bu islahatları dəstəkləmələri çox vacibdir.
Sumqayıtda sovetlər dönəmindən bizə miras qalmış çoxsaylı ekoloji problemlərin aradan qaldırılması istiqamətində ötən 5 il ərzində xeyli iş görülüb. Ətraf mühitə ziyan vuran, çirkləndirən, insan sağlamlığına neqativ təsir göstərən istehsalatlar işini dayandırıb, torpaqlar təmizlənir, orada yeni, təbiətə dost olan texnologiyalar əsasında işləyən yeni istehsalatlar yaranır. Şəhər ictimaiyyəti və seçicilərlə yaxından əməkdaşlıq nəticəsində Sumqayıtın sənaye zonasında və şəhərin müxtəlif məhəllə və mikrorayonlarında ötən dövr ərzində 100 minlərlə ağac əkilmiş, yaşıllıq zolaqları salınmışdır.
Ötən illər ərzində şəhərin ictimai, mədəni, idman və sosial həyatında yaxından iştirak etməyə çalışmışam və bu sahədə nailiyyətlərimiz az deyil. Xüsusən də müxtəlif sosial yardım proqramlarında, yaşlı nəsil, tənha, xəstə, ehtiyacı olan insanlara yardım işlərində aktiv iştirak edirik. Şəhər İcra Hakimiyyəti ilə qarşılıqlı iş birliyimiz bir çox məsələlərin həllində köməyimizə çatır və bu addımlar şəhər ictimaiyyəti tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Hesab edirəm ki, dövlətimizin dəstəyi sayəsində həyatımızın bu mürəkkəb mərhələsini uğurla keçəcəyik. Sumqayıt sakinləri daim dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti dəstəkləyir. İnanırıq ki, bütün dünyada baş verən böhran və müharibələrin fonunda Azərbaycanda stabillik olacaq, ölkəmiz daha da inkişaf edəcək, dövlətimizin başçısı bizi daha da irəli aparacaq, dövlətimiz daha güclü olacaq.

- Geniş və maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı:
Orxan Vahidoğlu, Ceyhun Piriyev, 
«İki sahil»

Facebook Şərhləndirmə:

Şərhinizi yazın