Menu
Geri İrəli

Şad xəbərə görə gecə saat 5-də yola çıxan nazir kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2013 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Təhsil naziri Mikayıl Cabbarovun Lənkəran sakinləri ilə oktyabrın 19-na təyin olunmuş görüşünün baş tutmaması haqda xəbər vermişdik. Qeyd etmişdik ki, M.Cabbarovun Lənkərana gedəcəyi və yerli sakinlərlə görüş keçirəcəyi bir neçə gün əvvəldən nəzərdə tutulmuş, tədbirin Heydər Əliyev Mərkəzində keçirilməsi də planlaşdırılmışdı.

Lakin nazir bu görüşdə iştirak edə bilmədi. Görüşün baş tutmaması isə lənkəranlıları narazı saldı. Nazir yerli sakinləri sakitləşdirmək üçün müavini Ceyhun Bayramovu Lənkərana göndərdi.

Nazirin görüşünün baş tutmamasının səbəbinin təfərrüatları virtualaz.org-a məlum olub. Əldə etdiyimiz məlumata görə, M.Cabbarov Lənkərana səfərini bir neçə gün əvvəldən planlaşdırıbmış. O, bir gün əvvəl, yəni oktyabrın 18-də axşam saatlarında Lənkərana gedib. Oktyabrın 19-da səhər saatlarında isə yerli sakinlərlə görüş olmalı imiş. Amma nazir oktyabrın 18-də gecədən xeyli keçmiş yuxarılardan gələn bir zənglə təcili olaraq Bakıya qayıtmalı olub. Həmin gün səhər saatlarında isə MSK-nın prezident seçkilərinin nəticələri ilə bağlı yekun qərarının Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsindən sonra elə həmin gün prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Prezidentin andiçmə mərasiminin keçirilməsi mətbuata son anda məlum olduğu kimi, nazir M.Cabbarova da bir neçə saat qalmış xəbər edilib. Buna görə də nazir lənkəranlılarla görüşü bu səbəbdən ertələyib.

Virtualaz.org-un məlumatına görə, baş tutmayan Lənkəran görüşü haqda sosial şəbəkədə məlumat paylaşan nazir görüşün baş tutmama səbəbini prezidentin inauqurasiya mərasimi ilə əlaqələndirməsə də üstüörtülü şəkildə bunun aldığı bir xoş xəbərlə bağlı olduğunu yazıb.

Təhsil nazirinin facebookda paylaşdığı statusda deyilir: “Lənkərana gəlişim və bu bölgədə insanlarla görüşüm artıq üçüncü dəfədir ki, məndən asılı olmayan səbəblərə görə təxirə düşüb. Bu görüşlə əlaqədar oktyabrın 18-i axşam saat 23:00 radələrində Lənkərana gəldim. Qəbula yazılanlarla görüşməyi, qayğıları ilə tanış olmağı, onları narahat edən məsələlərə köməklik göstərməyi səbirsizliklə gözləyirdim. Lakin bu görüş xoş bir xəbərə görə baş tutmadı və Lənkərandan oktyabrın 19-u səhər saat 5-də Bakıya qayıtmalı oldum”.

Lənkərandakı qəbula 151 nəfər yazılmışdı və onların müraciətləri hələ Bakıda olarkən Təhsil Nazirliyinin işçi qrupu arasında müzakirə olunmuşdu. Lənkəran səfərim artıq bir neçə dəfə baş tutmadığından bu dəfəki görüşün təxirə düşməməsi uçün müavinim Ceyhun Bayramovdan həmin missiyanı üzərinə götürməyi xahiş etdim. Təhsil Nazirliyinin bölgəyə ezam olunmuş nümayəndələri qəbul prosesində vətəndaşların müraciətlərini dinləmiş və əksər məsələlər yerindəcə həllini tapmışdır.

Təhsil Nazirliyi əməkdaşlarının sizinlə görüşməsinə və müraciətlərinizi dinləməsinə baxmayaraq, çoxsaylı təhsil müəssisələrinin fəaliyyət göstərdiyi Lənkəran və bu bölgə üzrə vətəndaşlarla görüşəcəyimə ümid edirəm. Mən sizlərlə görüşmək və qayğılarınızla tanış olmaq istəyirəm. Yaxın gələcəkdə bunun reallaşmasına ümid edirəm.

Lənkəranda tezliklə görüşənədək…

P.S.”Xəzər-Lənkəran”a isə futbol meydanında qələbələr!

İlkin Muradov

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın