Menu
Geri İrəli

Sahibkarların müraciətləri cavablandırılmazsa, lisenziya avtomatik olaraq verilmiş hesab ediləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2016 • Baxış sayı: 370 dəfə • Şərh yoxdur

tahir mirkisili“APA-Economics” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Tahir Mirkişili qanun layihəsinə edilmiş əlavələr barədə məlumat verib. Onun sözlərinə görə, qanun layihəsində müəyyən olunmuş müddətdə icazə verən orqan sahibkarların müraciətlərini cavablandırmırsa, lisenziya avtomatik olaraq verilmiş hesab edilir. T. Mirkişili əlavə edib ki, bununla əlaqədar qanun layihəsinə yeni müddəa əlavə edilib: “Biz yeni müddəada “lisenziya verilmiş hesab olunduqdan sonra” “avtomatik olaraq reyestrə daxil edilsin” yazdıq. Bunu ona görə etdik ki, hər hansı yoxlayıcı orqan sahibkarı yoxlayanda lisenziyanın olub-olmadığını avtomatik olaraq elektron portaldan yoxlaya bilsin”.

 Millət vəkilinin sözlərinə görə, daha bir mühüm dəyişiklik icazə verən orqanın metodiki yardım istəyən sahibkarın müraciətinin cavablandırması müddəti azaldılması ilə bağlıdır: “Hər bir sahibkar lisenziya almamışdan öncə, metodiki kömək üçün icazə verən orqana müraciət edə bilər. Bunun əsas mahiyyəti ondan ibarət idi ki, sahibkarın özünün hazır olub-olmadığını bilməsi üçün əlavə xərc çəkmədən, lisenziyanı alıb-almayacağına əmin olması üçün dövlət orqanı metodiki yardım etməlidir. Biz o yardım müddətini məhdudlaşdırdıq. Biz bunu 5 gün müəyyən etdik. Yəni, icazə verən orqan və ya dövlət orqanı  5 gün müddətində  sahibkara cavab vermək məcburiyyətindədir”.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, nazirlik tərəfindən icazələrin sayının optimallaşdırılması istiqamətində təkliflər hazırlanıb və Prezident Administrasiyasına təqdim olunub: “Qanun layihəsi ilə birlikdə həm lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı, həm də icazələrin  siyahısı da təsdiq olunmalıdır. Bu qanun layihəsi təsdiq olunduqdan sonra bu siyahılar da təsdiq olunacaq və ümumilikdə bu proseslərin tənzimlənməsi beynəlxalq təcrübədə qəbul edilmiş standartlara uyğun olacaq ki, nəticədə bu biznes mühitinin təkmilləşdirilməsi istiqamətində böyük addımlardan ibarət olacaq”.

Qanuna layihəsi müzakirə olunduqdan sonra Milli Məclisin Plenar iclasına tövsiyə olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın