Menu
Geri İrəli

Seçimi kim etməli?

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2012 • Baxış sayı: 372 dəfə • Şərh yoxdur

Valideynlərin övladlarına peşə seçimi ilə bağlı təsirləri nə qədər əhəmiyyətlidir?

 

İnsanların taleyini heç də həmişə uğura aparıb çıxarmayan, əksinə, bəzən gələcək bədbəxtliyin əsasını təşkil edən peşə seçimində valideyn təsiri, problemi şərq xalqları üçün daha xarakterikdir. Min ildir ki, bu məsələdə övlad-valideyn qarşıdurması, ata-oğul mübahisələri bitib tükənmək bilmir. Valideynlər həyat təcrübəsinə, övladlar şəxsi istəklərinə əsaslanıb gələcək həyat uğrunda çarpışırlar. Hətta bu məsələdə xeyli atalar sözü, ibrətamiz hekayətlər də düzüb-qoşub xalqımız. Məsələn, “qızı özbaşına buraxsan, ya zurnaçıya gedər, ya halvaçıya”.
Yəni, bu, o deməkdir ki, xalqımız zurnaçalanları, halvaçalanları kürəkən gözündə görməyib heç vaxt və heç bir valideyn razı olmayıb ki, oğlu gələcəkdə heç kimin qız verməyəcəyi zurnaçalan, halvaçalan olsun.

Düzgün peşə seçimi etmək bu gün cəmiyyətin əsas problemlərindəndir. Hansı ki, bu problemi yalnız hər kəs özlüyündə ilk növbədə sevdiyi və öhdəsindən gələ biləcəyi peşəyə yiyələnməklə yox edə bilər. Dünyanı dərk etmək iqtidarında olan hər bir kəs müəyyən yaş dövründə öz gələcəyi barədə düşünür, tez bir zamanda böyüyüb peşə sahibi olmaq, ailəsinə və cəmiyyətə fayda vermək arzusu ilə yaşayır. ,,Böyüyəndə kim olmaq istərdim?” sualı hər birimizə yaxşı tanışdır. Və hər birimiz də bu suala müxtəlif cür cavab verərdik. Amma  etiraf edək ki, istəklərimiz imkanlarımızla çox nadir hallarda üst-üstə düşüb…

Düzgün peşə seçimi edərkən məsləhət almaq olar, lakin çalışmalıyıq ki, kimsə bizim yerimizə bu seçimləri etməsin, ancaq günümüzə nəzər salsaq görərik ki, peşə seçimini ya valideynlər, ya ailəmizə yaxınlar,… ya da dövlət imtahanında toplanılan ballar edir. Razılaşaq ki, bir çox hallarda orta təhsilli gənclər valideynləri tərəfindən  ali məktəbdə oxumağa məcbur edilirlər və onların azacıq da olsa istedadlarına uyğun gələn peşələrə və sənət sahələrinə marağı arxa plana keçir. Bəlkə də bu səbəbdən gənclər arasında bacarıqlı dərzi, peşəkar sürücü, mahir aşpaz, yüksək zövqlü rəngkar olmaq arzusunda olanların sayı yox dərəcəsindədir… Əsasən, valideynlərin istəyi ilə zorla təhsilini bitirmiş gənclər sonradan gizli qalmış arzularını gərçəkləşdirmək üçün  ya hər şeyə sıfırdan başlayırlar (hansı ki, bu, vaxt itkisi deməkdir), ya da  öz ixtisasları üzrə iş tapdıqda, uşaqlıqda həvəs göstərdikləri peşəyə marağı tamamilə itirmiş olurlar.

Çox vaxt da da peşə seçimində məvacib böyük rol oynayır.  Gənclər maaşı çox olan peşələri qəlbən istədikləri peşələrdən üstün tuturlar. Beləliklə, bu seçimi etmiş gənclər, demək olar ki, peşə üçün yox pul üçün işləyirlər. Hər kəsin bildiyi kimi, yalnız pul güdülərək görülən işin keyfiyyəti aşağı, faydası az, ziyanı isə çox  olur.

Peşə seçimi insanın həm məşğuliyyəti, həm də həyat rifahı üçün vacibdir. O qədər vacibdir ki, peşə seçimi zamanı hər bir kəs nə istədiyi  və özünü bu həyatın hansı sahəsində görmək istədiyi haqda çox yaxşı düşünməlidir. Sevindiricidir ki, uzun illər planlı təsərrüfat və məhdudlaşdırılmış azadlıq məngənəsində sıxılan, sərbəst seçim imkanlarından uzaq düşən, lakin dövlət müstəqilliyinin bərpası ilə boz rəngli həyatdan qurtulan cəmiyyətimizdə gənclərin peşə seçimi və sənətə bağlılığı istiqamətində müsbət dəyişikliklər baş verməkdədir. Bu gün dövlətimiz gənc vətəndaşların peşə seçiminə xüsusi diqqət və qayğı ilə yanaşır, onların gələcək həyatının dolğun və məzmunlu olmasına çalışır, bu və ya digər sənət sahəsinə meyilli olan istedadlı gənclərə öz bacarıq və qabiliyyətlərini sərbəst şəkildə nümayiş etdirmək üçün lazımi şərait yaradır…

Maraqlı olacağını nəzərə alıb bu mövzuda kiçik bir sorğu aparmışıq. Respondentlərimizə “Peşənizdən razısınızmı?” və “Valideynlərin peşə seçimindəki təsiri nə qədər əhəmiyyətlidir” sualları ilə müraciət etmişik. Buyurun, bu da cavablar:

 

 

 İradə İsaq, jurnalist, teleaparıcı:

-         Peşə seçimi indiki gənclərimizin ən ağrılı yeridir. Onlar bəzən diplom almaq üçün ali təhsil alır və bu dogru tendensiya deyil. Mən bu mövzunu televiziya proqramında araşdırıb maraqlı veriliş etmişdim. Mən özümsə, hətta deyərdim, jurnalist doğulmuşam. Artıq demək olar ki, bu sənətin hər bir hərfi mənim qanımda axır. Valideynlərimin də dəstəyi bu işdə böyükdür. Mən özüm də bir valideyn kimi çalışacam oğlumun peşə seçiminə qarışmayım. Baleron olmaq istəsə belə etiraz etmərəm. Bu onun həyatı və bu həyatda onun yanında mən olmayanda sənəti olacaq. Buna görə də insan öz sənətini sevərək seçməlidir. Çünki bu dünyada ona qalan yeganə və ən uzunömürlü nəsnə onun sənətidir.

 

İradə Tuncay, jurnalist “Ədalət” qəzetinin baş redaktoru:

- Seçdiyim peşədən çox razıyam, çünki mənə özümü ifadə etmək şansı verib. Tanınmaq şansı verib, cəmiyyətə xitab etmək şansı verib. İndi özümü ayrı bir yerdə təsəvvür edə bilmirəm. Amma yeniyetməlik çağlarımda aktrisa olmaq istəyirdim.

Bu seçimdə valideynlərin təsiri, əlbəttə, önəmlidir. Amma bu, basqı şəklində yox, məsləhət şəkilində almalıdır. İstər-istəməz böyüdüyün mühit öz təsirin göstərir. Deyək ki, mən gözümü açıb kitab görmüşəm, söz adamlarını dinləmişəm, yazı prosesini izləmişəm. Bu mənim həyat yolumu müəyyən edib. Amma mənə basqı olmayıb. Çünki nə istədiyimi bilirdim. Bunu uşaqlarda tərbiyə eləmək lazımdı. Ən əsası isə onların istəklərini bilmək  lazımdı.

 

Günel Xəzəl, yazıçı:

-         Mən peşəmdən razıyam, yazıçılıq uşaqlıq arzumdur. İndi isə daha çox rejissor olmaq istəyirəm və ümid edirəm yaxın  onillikdə bu da mümkün olacaq. Mənim iki qız övladım  var.  Qızlarım gələcəkdə peşə seçiminlərində sərbəstdirlər. Lakin maraqlı olduğu üçün bunu onlardan  hər il soruşuram və cavbları ildən-ilə dəyişir. Mən valideyn kimi onların həvəslərini kənardan müşahidə edir, bacardıqlarını inkişaf elətdirməyə çalışıram. Məncə, ən doğru yol budur.

 

Ülviyyə Zamanlı, müəllimə:

- Mən təəssüf ki, peşəmdən razı deyiləm, tarixçi ya da hərbçi olmaq istərdim. Mən valideynlərimin istədiyi ixtisas üzrə təhsil alıram və heç də məmnun deyiləm. Ona görə valideynlər ixtisas seçimin uşağın özünə həvalə etsə, daha yaxşı olar.

 

İlhamə Əsədova, memar, dizayner:

- Mən, AzMİU-ni (Azərbaycan Memarlıq və İnşaat Universiteti)  bitirmişəm. Memarlıq fakultəsinin Dizayn ixtisası üzrə  həm bakalavr, həm də magistr təhsili almışam. Məni bu istiqamətə öz istəyim aparıb. Bu peşəni seçməmişdən əvvəl (yəni uşaqkən) müəllimə olmaq idi arzum. Həm də ibtidai sinif müəlliməsi (bu istək uşaqları çox sevdiyimdən irəli gəlirdi)
Amma məktəbi bitirdikdən sonra, özümü bu istiqamətdə gördüm, arzuladım və Allahıma şükürlər olsun ki, bu gün bu arzuma çatmış hesab edirəm özümü)
Ümumiyyətlə, peşəmi çox sevirəm. Hər hansı  bir işi  işləyəndə ətrafımdan uzaqlaşıram. Başqa bir aləmdə oluram… Mənim peşəm ruhuma yaxındı. Mən işimi ruhumla sevirəm. Mən ruhumu sevirəm…

 

***

 

Fikirlərdən də göründüyü kimi, əksəriyyət peşə seçimində bir qədər sərbəstlik və mütəqilliyin tərəfdarıdırlar. Peşələrindən razı olanlar qədər narazılıq edənlərin də mövcudluğu təəssüfləndirici haldır. Amma, düşünürəm ki, gənclərimizin peşə seçimi və sənətə bağlılığı ilə əlaqədar, xüsusilə də məcburən qazanılan ali təhsil diplomu tələb olunmayan adi peşələrin, sənətin, ələlxüsus, milli sənətlərimizin təbliği ilə bağlı görüləsi işlər çoxdur… Bu gün gənclər “sənətçi” dedikdə yalnız çığırtı və ya pıçıltıları ilə gündəmə düşən və zövqümüzü korlamaqdan həzz alan “şou ulduzlarını” göz önünə gətirilməməli, ümumiyyətlə isə, “sənətçi” sözünü  “sənətkar” sözü ilə əvəz etməli, bu sözün arxasında duran məhfumu düzgün dərk etməlidirlər. Gəncləri informasiya ilə “qidalandıran” televizya, elektron məlumat vasitələri, mətbuat orqanları bu sahədə təbliğat işini gücləndirməlidirlər.

Unutmayaq ki, yalnız düzgün peşə seçimi etmiş vətəndaş vətən təəssübkeşliyinin  əsl daşıyıcısı ola bilər. Əks halda, istədiklərimizi və istedadımızı özümüz də bilməyərəkdən daş altında gizlətmiş olarıq.

Səbinə DƏNİZ

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın