Menu
Geri İrəli

SOS: Azərbaycan bazarında xərçəng yaradan kosmetikalar var

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2014 • Baxış sayı: 558 dəfə • Şərh yoxdur

“Hazırda Azərbaycan bazarı zəhərli kosmetik vasitələrlə doldurulub. Bu məhsullardan isə xərçəng xəstəliyi yaranır”.

Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyub Hüseynov deyib.

AİB sədrinin sözlərinə görə, ticarət mərkəzlərində, bazarlarda, hətta tanınmış mağazalarda da saxta kosmetik vasitələr aşkarlanır: “Təşkilatımıza “Sabina” ticarət şəbəkəsinin Ə.Əliyev küçəsi, 11-də yerləşən mağazasında satılan mallardan şikayət daxil olub. İstehlakçı tərəfindən təqdim edilən ətirin üzərində istehsal və son istifadə tarixi göstərilməyib. Kosmetikaların da son yararlılıq tarixi var”.

Hüquq müdafiəçisi dedi ki, Azərbaycana Çin, Tailand, İran, Dubay, Pakistan, Hindistan və Tükiyədən kosmetik vasitələr gətirilir: “Monitorinq göstərir ki, bazarda satılan kosmetik məhsulların 70 faizi saxta və orqanizm üçün zərərlidir. Məhsulun bahalı və tanınmış mağazada satılması onun saxta olma ehtimalını azaltmır. Çünki bahalı brend mağazalarda belə saxta mallara rast gəlinir. Tərkibinə müxtəlif kimyəvi qatqılar qatılan kosmetik məhsullardan əsasən dəri xərçəngi, allergik xəstəliklər əmələ gəlir. Bu bazar tamamilə nəzarətsiz qalıb”.

İqtisadiyyat və Sənaye Nazirliyi də əhalini kosmetik vasitələr alarkən diqqətli olmağa səsləyir. Nazirlikdən virtualaz.org saytına bildiriblər ki, istehlakçılar məhsulların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqət göstərməlidirlər. Kosmetik vasitələrin etiketi üzərindəki mətn başqa dillərlə yanaşı mütləq dövlət dilində olmalıdır. Etiketdə məhsulun adı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun xalis çəkisi, həcmi, miqdarı, effektiv, zərərsiz istifadəsi qaydaları, istehsal tarixi, yararlılıq müddəti və digər məlumatlar əksini tapmalıdır.

Kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları diqqətlə oxumaq lazımdır. Əgər etiketdə bu haqda heç bir məlumat yoxdursa və ya məhsulun tərkibi tam göstərilməyibsə, onda belə məhsulu almaq məsləhət deyil.

Bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilir. İstehlakçılar tərkibinə xüsusilə alüminium, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən diqqətli olmalıdır. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir.

Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama müddəti və saxlama şəraitidir. Xüsusilə allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən istifadə etməmələri tövsiyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər çoxdur.

Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu müddət ərzində malların keyfiyyətinə təminat verilir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə malikdirlər.

İstehsalçının müəyyən etdiyi saxlama şəraitinə riayət olunmaması, kosmetik vasitənin göstərilən saxlama müddəti bitmədən korlanmasına səbəb olan mühüm amillərdəndir. Kosmetik vasitələr 0-25 dərəcə temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70 faizi aşmadığı yerlərdə saxlanmalıdır. Tərkibində səthi aktiv maddələr və spirt olan kosmetik vasitələr isə 20 dərəcəyədək temperaturda saxlanmalıdır.

Saxlama müddəti ötmüş və ya saxlama şəraitinə əməl olunmadığından korlanmış kosmetik vasitələri rəngi, qoxusu, qatılığı və homogenliyi kimi bir sıra zahiri əlamətlərinə görə müəyyən etmək mümkündür.

Jalə Ağazadə

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın