Menu
Geri İrəli

Sumqayıt bələdiyyəsinin sədri Strasburqda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2014 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur

Əbülfəz Babayev Strasburqda AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında iştirak etmişdir

93705 Üzvləri sırasında Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin də olduğu Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 27-ci sessiyasında MDB ölkələrində baş qaldıran separatizm halları ilə bağlı bəyanat layihəsi ətrafında aparılan geniş müzakirələrdə iştirak etmişdir. Konqresin plenar iclasında ölkəmizin nümayəndə heyətinin üzvləri Gürcüstan, Ukrayna və Moldovadan da öncə artıq 25 ildən də çoxdur ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda yaşayan ermənilərin separatizminə məruz qaldığını, lakin buna baxmayaraq bir çox beynəlxalq qurumlar tərəfindən Azərbaycanın haqq səsinin bugünə qədər eşidilmədiyini diqqətə çatdırmışlar.

Konqresdə çıxış edən Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizin ərazilərinin  20 faizə qədərinin erməni faşistləri tərəfindən işğal olunduğu, bir milyon nəfərə yaxın həmvətənimizin Ermənistanda və Dağlıq Qarabağda faciələrlə üzləşərək, öz doğma yurdlarından didərgin salındıqları, erməni əsirliyində saxlanılan azərbaycanlılara olmazın işgəncələr verilməsi səbəbindən xalqımızın uzun illərdir ki davam edən narahatlıq və sarsıntıları barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindən ölkəmizə qarşı erməni separatizminə son qoyulmasını, Ermənistan və digər ölkələr tərəfindən ilk günlərdən başlayaraq ardıcıl olaraq silahlandırılan Dağlıq Qarabağ ermənilərinin  separatist tələblərini öz müqəddəratını təyin etmə istəyi kimi yox, separatizm kimi qiymətləndirməyi tələb etmişdir. Konqresin belçikalı üzvü Mark Kulsun hazırladığı sənədin müzakirələrində Azərbaycanın Konqresdəki nümayəndə heyətinin üzvləri digər xarici həmkarları ilə birgə sənədin 6-cı paraqrafına Azərbaycanın da separizmdən əziyyət çəkən ölkələr sırasına salınması ilə bağlı əlavə təklif vermiş və həmin əlavə lehinə 68, əleyhinə 35 səs olmaqla qəbul edilmişdir.

 Azərbaycan nümayəndə heyətinin üzvü kimi Konqresin işində iştirak edərək, buğünlərdə Strasburqdan qayıdan Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev 27-ci sessiyanın respublikamız üçün tarixi bir qərar qəbul etdiyini diqqətə çatdıraraq, qürur hissi ilə bildirmişdir:

- Hər zaman öz hiylə və fitnəkarlıqlarının bir çox ermənipərəst ölkələr tərəfindən “öz müqəddəratını həlletmə”, “azadlıq mübarizəsi” kimi və maneəsiz qəbul olunmasına alışmış ermənilər bu dəfə Azərbaycan diplomatiyası qarşısında tab gətirə bilmədilər. Onu da qeyd edim ki, bu uğurun əsası Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin hələ bu ilin iyulunda Moldovanın paytaxtı Kişinyovda keçirilən növbəti iclasında qoyulmuşdu.  Regionun bəzi ölkələrinin separatizmdən əziyyətlər çəkdiyinin və bunun bütün Avropada narahatlıq doğurduğunun qeyd edildiyi Monitorinq Komitəsinin iclasında Konqresin 27-ci sessiyasında qəbul ediləcək Deklarasiyasında regional muxtariyyətin dövlətlərin suverenliyinə, ərazilərinin bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmət daxilində təmin edilməsi Konqresın Bürosu qarşısında mühüm məsələ kimi qaldırılmışdı. Bizim nümayəndə heyətimiz tərəfindən isə Ukrayna, Gürcüstan, Moldova ilə yanaşı Azərbaycanın da separatizmdən əziyyət çəkən ölkələr sırasına daxil edilməsi təklif edilmişdi.

Bələdiyyə sədri bildirmişdir ki, Konqresin 27-ci sessiyasında deklarasiyanın qəbulu ilə bağlı səsvermədən öncə Azərbaycanın Konqresdəki nümayəndə heyətinin rəhbəri Anar İbrahimov təklif olunan əlavəyə ölkəmiz üçün mühüm olan bir dəyişikliyin də edilməsini zəruri hesab etdiyini bildirmiş və sənədin son variantında “dövlətlərin” sözü əvəzinə konkret olaraq Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın adlarının salınmasını təklif etmişdi. Ermənistan nümayəndə heyəti üzvlərinin narazılıq və kəskin etirazlarına baxmayaraq, sonda həmin təklifin də daxil edildiyi Bəyanat layihəsi səs çoxluğu ilə, bütövlüklə qəbul edildi. Nəticədə Konqresin Bəyanatında separatçılığın böyük zərbə vurduğu, bundan əziyyət çəkən ölkələr kimi Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı ilk dəfə olaraq Azərbaycanın da adı əlavə olundu.

- Bu, Azərbaycan diplomatiyasının, xaqımızın haqq işi uğrunda mübarizəsinin növbəti, həm də böyük bir uğurudur, – deyə Ə.Babayev nümayəndə heyətinin üzvü kimi məmnunluğunu ifadə etmişdir. – Bu uğurun təmin olunmasında isə, təbii ki, Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olan, beynəlxalq əhəmiyyətli transmilli layihələrin reallaşmasını təmin etmiş Azərbaycanın və onun müdrik Prezidenti  İlham Əliev cənablarının bütün dünyada artan nüfuzu, eyni  zamanda YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Avropanın bir çox ölkələrində tarixi və maddi-mədəniyyət abidələrinin qorubub-saxlanmasına, mədəniyyətlərin qarşılıqlı inkişafına xidmət edən layihələrin reallaşmasına verdiyi  töhfələr müstəsna rola malik olmaqla başlıca əhəmiyyət kəsb etmişdir.

 Bələdiyyə sədri eyni zamanda qeyd etmişdir ki, Konqresin 27-ci sessiyasında Avropada gənclər siyasətinə də diqqət yetirilmiş, bu mövzuda geniş müzakirələr aparılmışdır. Ə.Babayev sessiyanın plenar iclasında çıxış edərək, Azərbaycanda gənclərə göstərilən  qayğı və etimad, onların öz potensial imkanlarından tam və səmərəli istifadə edə bilmələri üçün yaradılan əlverişli şərait barədə məlumat  vermiş, gənclərin bütün sahələrdə, o cümlədən idarəetmədə fəal iştirak etdiklərini diqqətə çatdırmışdır. Buna misal olaraq Sumqayıt Bələdiyyəsinin sədri özünün müavininin istedadlı gənc şahmatçı, qadınlar arasında Dünya çempionu, Beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarovanın olduğunu bildirmişdir.

Azərbaycan gənclərinin  fəallığını  və vətənpərvərliyini təsdiq edən faktlardan biri kimi qədim Gəncə şəhərinin 2016-cı il üçün Avropanın “Gənclər paytaxtı” elan edilməsi sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır və sonda Avropa ölkələrinin nümayəndə heyətləri bu münasibətlə Azərbaycan tərəfindən təşkil olunmuş prezentasiyada iştirak etməyə dəvət  olunmuşlar.

 Rəhman  ORXAN.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın