Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinə 62 regiondan 1037 tələbə qəbul olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2013 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt Dövlət Universitetində Bilik günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, universitetin rektoru, professor Nadir Qəhrəmanov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edərək, dərs ilini açıq elan edib.

Rektor qeyd edib ki, bu il Sumqayıt Dövlət Universitetinə 1037 tələbə qəbul olunub. Qəbul olan tələbələr 62 regiondandır. Universitetin rektoru bildirib ki, SDU artıq ölkənin aparıcı ali məktəblərindən birinə çevrilib, son illər ərzində universitet geniş beynəlxalq əlaqələr qurub, dünyanın bir çox ali məktəbləri ilə əməkdaşlıq edir: “Elə bu yaxınlarda universitetimizin tələbələri Türkiyənin “Petkim” şirkətindən təcrübə keçərək vətənə qayıdıblar”.

Universitetin maddi-texniki bazasının da ildən–ilə gücləndiyini diqqətə çatdıran rektor qeyd edib ki, bu təhsil ili üçün 50-dən artıq auditoriya və kitabxana əsaslı təmir olunub.

Prefessor N.Qəhrəmanov diqqətə çatdırıb ki, hər il olduğu kimi, bu il də universitetimizə daxil olmuş tələbələr arasında yüksək bal yığanlar var. Daha sonra həmin tələbələrdən bir qrupu mükafatlandırılıb.

Tələbələr adından çıxış edən Gülşən Hüseynzadə isə onlara göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Daha sonra Fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqovun, universitetin məzunu, Riyaziyyat fakültəsinin əməkdaşı kimi fəaliyyətə başlamış İranə Abdullayevanın, magistratura şöbəsinə yüksək balla qəbul olunan Ülviyyə Məmmədovanın, universitetin Fizika və riyaziyyatın tədrisi metodikası kafedrasının dosenti Səməndər Məmmədovun çıxışları və təbrikləri dinlənilib.

Sonda tövsiyələrini tələbələrin diqqətinə çatdıran rektor vurğulayıb ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərində universitetimizin bütün professor-müəllim, eləcə də tələbə heyəti də öz mövqeyini ifadə edəcək: “Bu gün ölkəmiz dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasındadır. Azərbaycan regionun lider dövləti kimi çıxış edir, beynəlxalq uğurlarımız və layihələrimiz bir-birini əvəz edir. Bütün bu nailiyyətlər məhz Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Biz də bu siyasətə sadiqik, hər birimiz öz işimizlə dövlət başçısına, onun siyasi kursuna dəstək verməliyik. Prezident seçkilərində də hər birimiz sabitliyə, sürətli inkişafa  – İlham Əliyevə səs verəcəyik”.

Ceyhun Rasimoğlu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın