Menu
Geri İrəli

Sumqayıt qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2015 • Baxış sayı: 525 dəfə • Şərh yoxdur

Şəhərin sənaye müəssisələrində məhsul istehsalı 18 faiz artıb

 sumqayit (30)Azərbaycan regionlarının inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanıb və həyata keçirilməyə başlanılıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayayır.  Bu sahədə Sumqayıtın böyük rolu var. Bu şəhər Bakıdan sonra  ən iri sənaye mərkəzidir. Ölkəmizin yüksək inkişaf mərhələsinə qədəm qoyması – ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında yüksək artım tempinə imkan yaradıb. 2014-cü ildə şəhər üzrə ümumi daxili məhsul istehsalı 780 milyon manat olub, əvvəlki illə müqayisədə artım 9 faiz təşkil edib. Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi cənab Prezidentin sosial-inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun Sumqayıtda qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Prezidentin təşəbbüsü ilə Sumqayıtda Cənubi Qafqazın ən iri Texnologiyalar Parklarının yaradılması məhz bu diqqətin nəticəsidir. Şəhərin sənaye müəssisələrində məhsul istehsalı 18 faiz artaraq 460 milyon manat təşkil edib. Sənayenin ayrı-ayrı sahələri üzrə də uğurlar əldə olunub. Kimya sahəsində artım 31,6 faiz, yüngül sənayedə 25,0 faiz, yeyinti sənayesində 73,4 faiz təşkil edib. Eyni zamanda, işçilərin orta aylıq əməkhaqqı 480 manat səviyyəsinə çatdırılıb, bu da ötən illə müqayisədə 6,7 faiz çox deməkdir. Məhsulun 95 faizi istehlakçılara göndərilib. Sənaye kompeksində işləyənlərin sayı 3,0 mindən çox artaraq 18,0 min nəfərə çatıb. Sumqayıt şəhərində məşğulluq strategiyasının reallaşdırılması, sakinlərin işlə təmin olunması da xüsusi diqqətdə saxlanılıb. İl ərzində yeni müəssisələrin yaradılması, mövcud müəsisəlrin genişləndirilməsi və bərpası nəticəsində 7343 yeni iş yeri açılıb. Bu da ötən illə müqayisədə 37,7 faiz çoxdur. Son 10 ildə şəhərdə 58509 yeni iş yeri açılıb.

Şəhərin sürətli inkişafını təmin edən başlıca şərtlərdən biri də investisiya qoyuluşudur. Təqdirəlayiqdir ki, son illər Sumqayıtda bu sahədə ciddi addım müşahidə olunur. İl ərzində bütün mənbələr hesabına əsas kapitala 150,0 milyon manat vəsait qoyulub. 2013-cü ilə nisbətən 8,0 milyon manat çox olub. Artım tempi 6,0 faiz təşkid edib. Bu, 2003-cü illə müqayisədə 4 dəfə çoxdur. On ildə bir milyard 245 milyon manat olub.

Son illər şəhərin tikinti kompleksində olan canlanma ilin yekununa da öz təsirini göstərmişdir. Hesabat dövründə 100,0 milyon manatdan artıq tikinti-quraşdırma işləri aparılıb və 11 faiz artım olub. Əhalinin real həyat səviyyəsini əks etdirən əsas göstəricilərdən biri olan pərakəndə ticarət dövrüyyəsi üzrə 609,0 milyon manatdan çox xidmət göstərilib və bu sahədə 14,4 faiz artım qeydə alınıb.

Şəhərin dinamik inkişafı əhalinin sayının da artmasına müsbət təsir edib. İl ərzində əhalinin sayı 7,0 min nəfərdən çox artaraq 333,0 min nəfərə çatıb.

Sahibkarlığa Kömək Milli Fondun vəsaitləri hesabına şəhərdə 44 layihə üzrə işlərə başlanılıb və ilkin olaraq 30,5 milyon vəsait ayrılıb. Bu layihələrin icrasından 560 yeni iş yeri yaradılıb. 2014-cü ildə 1719 hüquqi, 8769 fiziki şəxs fəaliyyət göstərib. İl ərzində 1312 fiziki şəxs qeydiyyata alınıb və 366 yeni müəssisə açılıb.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2014-cu il ölkədə “Sənaye ili” elan edilib. Sənaye ili çərçivəsində istifadəyə verilmiş kağız və karton istehsalı kombinatında 150 nəfərlik, Yağ və qida sənayesi fabrikində 250 nəfərlik və Mis emalı zavodunda 100 nəfərlik daimi iş yeri yaradılıb. Sumqayıt Texnologiyalar Parkında Kabel qülləsi, Sendviç panelləri istehsalı zavodu, Silindr istehsalı zavodu, Vaqon istehsalı zavodu və kanalizasiya boruları istehsalı zavodunda inşaat işləri davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılıb, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalının təşkili məqsədilə potensial investorlar ilə danışıqlar, həmçinin parkın infrastrukturunun tam formalaşdırılması işləri davam etdirilir. 2014-cü il ərzində şəhər ərazisində yeni tikiş fabriki – “Alyans Tekstil” MMC və müasir beton məmulatları istehsalı zavodu inşa edilib. Ümumi sahəsi 4600 kvadratmetr olan tikiş fabrikinin 2 əsas istehsal və 4 köməkçi sexi vardır. Fabrik illik 100 min dəst müxtəlif işçi geyimləri (gödəkçələr, kombinezonlar, kostyum və dəstlər) istehsal etmək gücünə malikdir. Fabrikin əsas xammalı olan parça “Gilan Tekstil Parkı”ndan alınır. Layihələrin icrası nəticəsində fabrikdə 185 nəfərlik yeni iş yeri yaradılıb.

Hesabat dövründə İntertekstil MMC-də yeni istehsal sahələri: xalça, tikiş və yataq dəsti istehsalı sahələri işə salınıb. Burada hamısı sumqayıtlı olmaqla 300-dən yuxarı qadın işlə təmin olunub. Orta əməkhaqqı 250-350 manatdır. Qeyd olunan müəssisələrlə bərabər bir çox yeni obyektlərin tikintisi davam etdirilib. Bunlardan Gilan-Texstil Parkında 5 yeni istehsal sahəsini, AzGünTex MMC-də istehsal gücü 2,8 meqavat olan Günəş Elektrik Stansiyasının tikintisini, AzərSun Sənaye Parkında-tara istehsalını, Sumqayıt Texnologiyalar Parkında iri qabaritli yüklərin qəbulu və daşınması üçün “Liman” körpüsünü və 12-ci mikrorayonda müasir Azərtürk Medikal tibb klinikasının tikintisini və s. müəssisələri göstərmək olar.

Heydər Əliyev parkı ərazisində aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri, Nəsimi adına İstirahət və Mədəniyyət parkında yeni fəvvarənin və 350 yerlik “Yaşıl teatr”ın tikintisi, Görüş körpüsünün yenidən qurulması, N.Nərimanov küçəsinin xiyaban hissəsində, Bakı, 20 Yanvar, C.Məmmədquluzadə, C.Cabbarlı, S.Vurğun küçələrində abadlıq və yenidənqurma, qazon salınması işləri və Heydər Əliyev prospekti, 4-cü mikrorayon 4/64 və 5/64 nömrəli yaşayış binalarının fasad və dam örtüklərinin müasir tələblərə uyğun şəkildə yenidənqurulması, 5-ci mikrorayon və N.Nərimanov küçəsində bir sıra yaşayış binalarının fasad və dam örtüklərinin təmiri başa çatmışdır. Şəhərin 4-cü mikrorayon ərazisində 30/80 və 30a/80 nömrəli, 3-cü mikrorayon ərazisində 2/58 və 3/58 nömrəli, 36-cı məhəllə Sülh küçəsi boyunca yerləşən yaşayış binalarının fasad və dam örtüklərində əsaslı təmir işləri davam etməkdədir. Şəhərin 34-cü və 36-cı məhəllələri abadlaşdırılaraq nümunəvi məhəllə yaradılıb. 36-cı məhəllədə 6 bina müasir formada metal keramikadan istifadə etməklə üzlənir. Cari ildə H.Əliyev prospekti boyu 2-ci mikrorayon və 45-ci məhəllədəki yaşayış binalarının fasadı əsaslı təmir olunacaqdır.

(ardı var)

 ucnoqta.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın