Menu
Geri İrəli

Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri: “…O halda həmin həkimi cəzalandıracağıq.”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2013 • Baxış sayı: 858 dəfə • 1 şərh

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri, tibb elmləri namizədi Ələkbər Tağıyev 168saat qəzetinə müsahibə verb.

  “Vətəndaşlar daha çox dövlət tibb müəssisələrin xidmətlərindən istifadə edirlər”

-          Ələkbər müəllim, artıq iki ilə yaxındır ki, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsini tutursunuz. Bu dövr ərzində şəhərin səhiyyə müəssisələrində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətində nə kimi irəliləyişlər əldə olunub, hansı problemlər həllini tapıb?

-          İlk tanışlıqdan sonra hiss etdim ki, şəhərin tibb müəssisələrinin maddi-texniki təchizatı o qədər də qənaətbəxş deyil. Son illər ərzində əsasən Təcili Tibbi Yardım Xəstəxanası və Uşaq Xəstəxanası səviyyədə təmir olunmuş, avadanlıqlarla təchiz olunmuşdu. Ancaq digər müəssisələrin vəziyyəti ürəkaçan deyildi. Bizim qarşımızda duran ilk vəzifə bu problemin həlli idi. İlk öncə şəhər xəstəxanalarından birində – 2 saylı poliklinikada yüksək standartlara cavab verən, mərkəzləşmiş laborotoriya yaratdıq.

Bununla biz digər poliklinikaların zəif təchiz olunmuş laborotoriyalarını sığortalamış olduq. Təbii ki, gələcəkdə bütün poliklinikalarımızda müasir laborotoriyalar açılmasını istəyirik.

Bu dövr ərzində tibbi xidmətin səviyyəsini də yüksəltməyə çalışdıq. Xüsusilə əhali ilə, pasiyentlərlə davranış məsələsinə diqqət yetirdik. Sumqayıtda kifayət qədər təcrübəli kadrlar var, artıq səhiyyə xidməti sahəsində müəyyən ənənə formalaşıb, ancaq biz çalışdıq ki, göstərilən xidmətin səviyyəsini bir qədər də yüksəldək.

Bildiyiniz kimi, cənab prezidentin 19 aprel, 2012-ci il sərəncamı ilə 1 saylı şəhər xəstəxanasının təmir və yenidənqurulmasına başlanıldı. Eyni zamanda, yaxınlıqdakı daha bir neçə müəssisə də yenidən quruldu – 2 nömrəli Doğum Evi, 3 nömrəli Şəhər Poliklinikası və 3 nömrəli Qadın Məsləhətxanası tamamilə təmir edildi. Sumqayıtlılar üçün 1 il ərzində cənab prezident tərəfindən göstərilən bu diqqət və qayğı çox sevindirici oldu.

Şəhərin bir problemi də var idi – hemodializ üçün xəstələr başqa şəhərlərə getməyə məcbur idilər. 1 nömrəli şəhər xəstəxanasında hemodializ şöbəsinin açılması da şəhərimiz üçün böyük töhfə oldu. Yenə həmin xəstəxanada nüvə-maqnit rezonans aparatı qoyulub, hazırda həmin aparatın sazlama işləri aparılır. Bu, ölkəmizdə olan ən müasir şüa-diaqnostika aparatıdır.

1 nömrəli Xəstəxananın açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı bizim üçün tarixi hadisə idi. Dövlət başçısı vəziyyətlə, görülmüş işlərlə, problemlərimizlə yerindəcə maraqlandı, tövsiyələrini verdi.

Çalışırıq ki, şəhərimizin ayrı-ayrı yerlərində səyyar xidmətlər aparaq. Ötən il və bu il Zərifə Əliyeva adına oftomoloji mərkəzin klinikası Sumqayıtda əhaliyə xidmət göstərib. Hər dəfə şəhərimizin 300-dən artıq sakini müayinədən keçib, 30-dan artıq əməliyyat aparılıb. Eyni zamanda ötən il Onkoloji Mərkəzin  klinikasını da şəhərimizə dəvət etmişdik, onlar da sumqayıtlıları müayinədən keçirmişdilər.

-          Şəhərin hansı səhiyyə müəssisələrinin fəaliyyətindən xüsusilə razısınız?

-          Heç kimi qabartmaq, tərifləmək və ya tənqid etmək istəməzdim. Demək olar ki, şəhərin bütün tibb müəssisələri şəraitlərinə uyğun, qənaətbəxş xidmət göstərirlər. Ancaq çatışmazlıqların olduğunu etiraf edirik. Həm maddi-texniki baza, həm diqqət və davranış baxımdan problemlərimiz var. Müasir tibb avadanlıqlardan çox asılıdır. Latın misalında deyildiyi kimi: Düzgün diaqnoz qoyuram, düzgün müalicə edirəm. Düzgün diaqnoz isə həm də aparatlardan asılıdır. Yaxşı işləyən müəssisələrimiz çoxdur, ancaq hələ bizi qane etmir. Ancaq biz istəyirik ki, vətəndaşlarımız da həkimlik sənətinin çətinliyini, mürəkkəbliyini qiymətləndirsinlər, buna əsasən münasibət göstərsinlər, həkimə bizdə həmişə hörmət olub, istəyirik ki, bütün hallarda belə olsun.

-          Şəhərin tibb müəssisələrinin fəaliyyətinə şəhərin səhiyyə şöbəsinin müdiri olaraq 10 ballıq şkala ilə hesablasaq, neçə bal verərsiniz?

-          Bilirsiniz, hesab edirəm ki, bu qiyməti mənim verməyim doğru olmaz. Çünki mən də Sumqayıtın səhiyyə işçisiyəm və belə çıxır ki, mən öz işimə qiymət verirəm. Yaxşı olar ki, əhali bizim işimizi qiymətləndirsin. Ancaq deməliyəm ki, fəsadların sayı, ana və uşaq ölümləri azalıb. Amma bu, həyatdır –fəsadlar həmişə olur. Əgər hamını sağaltmaq mümkün olsaydı, Yer kürəsində əhali 7 milyard yox, 77 milyard olmalıydı.

Hər halda, öz fəaliyyətimizə kritik yanaşırıq.

-          Sovetlər dövründə Sumqayıtda uşaq qəbiristanlığı olub. İndi uşaq ölümləri ilə bağlı vəziyyət necədir?

-          Ümumiyyətlə, uşaq ölümü həm respublika, həm də şəhər üzrə azalıb. İlk növbədə ona görə ki, ciddi şəkildə profilaktik iş aparılır. Həm hamilə qadınların hamiləlik dövrü, həm doğuşdan sonrakı dövrlə bağlı maarifləndirmə və praktik işlər aparılır, profilaktik peyvəndləmələr ardıcıl xarakter daşıyır. Ancaq vətəndaşlar da tibb müəssisələri ilə əməkdaşlığa can atmalıdırlar. Bəzən görürük ki, valideynlər peyvəndləmədən uşaqlarını yayındırmağa çalışırlar. Doğrudur, Sumqayıtda uşaqların 95-98 faizini peyvənddən keçirmişik, ancaq yayınma halları da olur.

-          Biz müsahibəyə hazırlaşarkən “Facebook” sosial şəbəkəsində bu müsahibə barədə məlumat yerləşdirdik, vətəndaşlardan onları maraqlandıran məsələləri bizə yazmalarını istədik. İndi biz Sumqayıt sakinlərindən bir neçəsinin ünvanladığı sualları sizə çatdıracağıq.

-          Buyurun.

-          Suallardan biri bu cür idi: Nəyə görə əhali özəl tibb müəssisələrinə daha çox üstünlük verir? Bu fakt nə ilə bağlıdır?

-          Özəl müəssisələrin həm sayı, həm də çarpayı bazası o qədər də çox deyil ki, əhali o müəssisələrə üstünlük versin. Axı özəl klinikalar bu qədər əhalini qəbul etməyi də çatdırmazlar. Dövlət müəssisələrinin çarpayı sayı 1200-1300-dürsə, özəl müəssisələrdə bu rəqəm 300-dən artıq deyil. Bu fakt bir daha göstərir ki, əhalinin çox hissəsi dövlət müəssisələrinin xidmətlərindən istifadə edir. Özəl klinikaların çoxunda işləyən həkimlərin çoxu elə dövlət tibb müəssisələrində işləyənlərdir. Bu da göstərir ki, xidmətin ciddi fərqindən danışmaq olmaz.

Ancaq o da faktdır ki, özəl müəssisələrin şəraiti bizim bəzi dövlət tibb müəssisələrindən üstündür. Amma 1 saylı şəhər xəstəxanasını artıq heç bir müəssisə ilə müqayisə etmək olmaz. Bu müəssisə çox böyük, hərtərəfli, çoxdiapozonlu müəssisədir, çox yüksək səviyyədə təchiz olunub.

-          Eyni sözləri diaqnostika mərkəzləri barədə də demək olar? Yəni siz hesab edirsiniz ki, müayinə üçün də vətəndaşlar daha çox dövlət tibb müəssisələrinə üz tuturlar?

-          Statistika göstərir ki, Sumqayıtda dövlət müəssisələrinin çarpayı sayı özəl müəssisələrdən 4 dəfə artıqdır. Seçim vətəndaşın ixtiyarındadır. Ancaq dövlət müəssisələri əhaliyə lazımi xidmət göstərə bilir.

-          Səhiyyə Nazirliyi tərəfindən dərmanların alınması üçün Sumqayıt xəstəxanalarına nə qədər vəsait ayrılır?

-          Bizə Səhiyyə Nazirliyi tərəfindən vəsait ayrılmır. Sumqayıtın müəssisələri yerli büdcədən maliyyələşir.

Bəzi xəstələr var ki, biz onları pulsuz olaraq dərmanlarla təchiz edirik. Bu dərman çeşidi ildən-ilə artır. Hazırda 166 adda dərmanla biz əhalini təchiz edirik. Bu dərmanlar əsasən şəkərli diabet, onkoloji, vərəm xəstəlikləri və s. kateqoriyalardan olan xəstələrə çatır.

-          Vətəndaş xəstəxanaya müraciət edərkən necə müəyyən edə bilər ki, həkimin ona təyin etdiyi preparat həmin 166 dərmandan biridir?

-          Bütün xəstəxanalarda həmin dərmanların siyahısı var. Xəstə onları xəstəxanadan tələb edə bilər.

-          Xəstəxanalarda bu dərmanların xəstələrə verilmədiyi ilə bağlı deyilənlər barədə nə demək olar? Bu vaxta kimi belə bir fakt aşkarlamısınızmı?

-          Ola bilər ki, xəstəxanada hansısa dərmanlar çatışmasın. Əgər hansısa bu cür fakt varsa, Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müraciət etsinlər və biz operativ şəkildə məsələni aydınlaşdıra, həll edə bilərik.

-          Vətəndaşlar hansı telefon nömrəsinə məlumat verə bilərlər?

-          (018) 65 5 76 41;

(018) 65 5 56 79;

(018) 65 5 59 41

Bunlar müalicə inspektorlarının nömrələridir. Bütün problemlər barədə bu nömrlərə məlumat vermək, kömək istəmək olar. Eyni zamanda, bütün xəstəxanalarda şöbə müdirləri, baş həkim və müavinləri var – problemi onların da diqqətinə çatdırıb, yerindəcə həll etmək olar. Bir məsələ də var ki, xəstəxana yalnız stasionar müalicə alan xəstələri dərmanla təmin etməlidir, ambulator yox. Ancaq imtiyazlı xəstələr də pulsuz olaraq dərmanlarla təmin olunur.

-          Həkimlərin pasiyentlərə yazdığı reseptlərdən faiz qazandığı faktı barədə də tez-tez fikirlər səsləndirilir. Bu cür faktlar tərəfinizdən aşkarlanıbmı bu vaxta qədər? Və bir də pasiyent yazılan reseptdəki dərmanların həkimlə firmanın koorparativ münasibətinin nəticəsi olduğunu necə müəyyənləşdirə bilər?

-          Xəstələrin bunu müəyyən etməsi bir az çətindir. Ancaq hər hansı bir şübhə olduqda mütləq yerlərdə baş həkimlərə, Səhiyyə şöbəsinə müraciət etsinlər. Biz bu cür faktlarla mübarizə aparırıq. Bizə hər hansı o cür resept təqdim olunsa və həmin reseptdə xəstənin diaqnozuna uyğun olmayan təyinatlar – dərmanlar görsək, bu halda həmin həkim barədə tədbir görəcəyik.

-          Vətəndaşlardan biri soruşur ki, həkimlər pasiyenti müayinələr üçün özəl klinikalara yönləndirirlər. Məgər dövlət xəstəxanalarında bu aparatlar mövcud deyil? Və hansı hallarda, hansı müayinələrdə pasiyentlərin özəl klinikalara üz tutmasını tövsiyə edirsiniz?

-          1 saylı xəstəxana tam gücü ilə yaxın günlərdə işə başladıqdan sonra deyə bilərəm ki, bütün müayinələr bizdə var. Həkim pasiyenti harasa yönəldirsə, bu, hansısa münasibətin nəticəsidir. Bu kimi hallara qarşı da biz ardıcıl olaraq mübarizə aparırıq.

-          Bu vaxta kimi belə bir fakt aşkarlanıbmı? Hansısa həkim barədə cəza tədbiri olubmu?

-          Bizə heç kim bu məsələ ilə bağlı müraciət etməyib. Gərək müraciət edilsin ki, biz faktlarla işləyək.

-          Bu yaxınlarda Sumqayıtda baş verən bir hadisə mətbuatda geniş rezonans doğurdu. Söhbət Pərvinə Hüseynova adlı ananın faciəsindən gedir. Bu hadisə ilə bağlı nə deyə bilərsiniz?

-          Mən bu barədə nəsə demək istəməzdim. Ona görə ki, nazirliyin xüsusi komissiyası var, onlar bu məsələni araşdırır və yekun nəticə barədə məlumatları həmin komissiya açıqlayacaq.

-          Sumqayıtın səhiyyə sistemində hansı dəyişikliklər, ialahatlar gözlənilir?

-          Tibb işçisinin şəraiti, avadanlığı, maddi-texniki bazası müasir olmalıdır. Regionların inkişafı ilə bağlı 2014-2018-ci illəri əhatə edən yeni dövlət proqramı hazırlanır. Gözlənilir ki, bütün tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilsin. Cənab prezident də bunu çıxışında qeyd etdi ki, çalışacağıq ki, əvvəlcə böyük şəhərlərdə, sonra bütün şəhər və hətta kəndlərdə də tibb müəssisələri ən yüksək standartlara cavab versin. Şəhərimizin də bütün tibb müəssisələri yenidən qurulacaq. Eyni zamanda, şəhərimizdə hər il təkmilləşdirmə kurslar təşkil olunur, tibb işçilərinin sertifikatsiyası aparılır. Bu ildən başlayaraq həkimlər işə imtahanla qəbul olunurlar.

Həkimlərimiz təkmilləşmə kursları keçmək üçün xarici ölkələrə də göndərilir. Bu yaxınlarda bir neçə həkimimiz Almaniyaya və Türkiyəyə yola düşəcək. Yəni maddi-texniki bazanın möhkəmləndirilməsi ilə yanaşı, kadr hazırlığı da aparılır.

-          Və nəhayət, son olaraq, həkimlərə və xəstələrə hansı tövsiyələriniz var?

-          Mən ilk növbədə həkimdə insani keyfiyyətlərin olmasını istəyirm. Əgər həkim gözəl insandırsa, deməli, yaxşı həkim olacaq. Qaldı vətəndaşlara, vətəndaşlarımız bilsinlər ki, biz həmişə onların xidmətindəyik. Bütün tibb işçilərinin məqsədi eynidir: Xalqımız sağlam olsun!

 168saat.com

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri: “…O halda həmin həkimi cəzalandıracağıq.”” yazısına bir cavab

  1. DAdaşova Məhsəti deyir:

    Mən həmişə həkimlərdən uzaq qaçmişam nifrət eləmişəm, çünki yanliş diaqnozlarinin ucbatindan aylarla xəstə qalmişdim, .oqədər inamim itmişdi ki xəstə olsam da heç vaxt onlara müraciət etməməyi düşünürdüm .Lakin anam Dadaşova Qətibə Mirsaqulu qizinin həm astma , həm əsəb xəstəsi ,həm ürəyində infarkt oldugu üçün özəl xəstəxanalarin bir neçəsinə müraciət edilsə də əməliyyatina narkozsuz raziliq verilmədi ,yalnız Sumqayit Şəhər 1 saylı xəstəxananın həkimləri Əzimov Babək Və Sucayev Vaqif tərəfindən çox ugurlu əməliyyat keçdi ,Cərrahiyə Şöbəsində olan işçilərin hər birinə minnətdarligimi bildirirəm .dövlət xəstəxanasi özəldən heç bir xidmətiylə geri qalmir demək olar ki.. hətta deyərdim daha üstün..hər gün anamin daha da yaxşilaşmasini gördükcə ürəyimdən bunda xidmətləri olan hər kəsə təşəkkür etmək hissi gəlir, çünki təkcə anam saglmadi həm də həkimlərə olan itmiş inamım sagaldı.

Şərhinizi yazın