Menu
Geri İrəli

“Sumqayıt-Şəhər”in prezidenti: “Mən bu barədə düşünmək belə istəmirəm” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2011 • Baxış sayı: 140 dəfə • Şərh yoxdur

Premyer Liqanın debütantı “Sumqayıt-Şəhər” klubunun prezidenti Kamran Quliyevin Qol.Az saytına müsahibəsi

- “Sumqayıt-Şəhər”in yaranmasının başlıca məqsədi və qarşıya qoyduğu əsas hədəflər nədir?

- “Sumqayıt-Şəhər” 3 prinsip əsasında yaradılıb. Birincisi, Sumqayıt futbolunu yenidən inkişaf etdirmək və yerli azarkeşləri futbola cəlb etmək, ikincisi, Azərbaycanda yetişən gənc futbolçulara Premyer Liqa təcrübəsi aşılamaq, nəhayət, üçüncüsü, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalara futbolçu vermək.

- Əvvəlki açıqlmalarınızda bildirmişdiniz ki, komanda ancaq Azərbaycan futboluna oyunçu verəcək. “Sumqayıt-Şəhər” nə vaxtsa iddialı yerlər uğrunda mübarizə aparacaq?

- Bunu zaman göstərəcək. Komanda yeni yaranıb. Onun iddialı yerlər uğrunda mübarizə aparması bir neçə amildən asılıdır. Əsas məqsədimiz gənc və perspektivli futbolçulara güvənməkdir. Hazırkı strategiyamız uğurlu alınsa, əlbəttə, iddialı yerlər uğrunda mübarizə aparacağıq.

- “Xəzər Lənkəran”la səfər oyunundan razı qaldınız?

- “Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının ən güclü klublarından biridir. “Sumqayıt-Şəhər” isə qısa vaxt kəsiyində yeni yaranmış komandadır. Bu bir reallıqdır ki, yeni yaranmış komandadan “Xəzər Lənkəran” kimi bir komanda ilə oyunda sərfəli nəticə gözləmək düzgün deyil. Amma komandanın fiziki hazırlığı, meydanda sərgilədiyi oyun məni qane elədi. Fürsətdən istifadə edib, azarkeşlərə səslənmək istəyirəm. Növbəti turda “Qəbələ” ilə keçirəcəyimiz oyunda komandaya dəstək olmaq üçün bütün azarkeşləri stadiona dəvət edirəm.

- Hiss olunur ki, komandada təcrübə çatışmır. Bu problemi həll etmək üçün hər hansı addım atılacaq?

- Bizim komandamız əsasən aşağı yaş qruplarında çıxış edən futbolçulardan təşkil olunub. Ona görə də bu oyunçulara maksimum oynamaq və təcrübə qazanmaq imkanı verəcəyik. Bundan başqa Aslan Kərimov – oynayan məşqçi, Samir Abbasov və Mahmud Qurbanov kimi təcrübəli futbolçular var ki, onlar da gənclərin təcrübə qazanmasında böyük pay sahibi olacaqlar.

- “Sumqayıt-Şəhər”in AFFA tərəfindən himayə olunduğu ilə bağlı müxtəlif məlumatlar dolaşır. Bunlar nə dərəcədə reallığı əks etdirir? Çünki klubun prezidenti AFFA rəsmisi, baş məşqçisi alman, kömək məşqçiləri isə milli komandanın aşağı yaş qruplarında işləmiş çalışdırıcılardır.

- Azərbaycanda ilk dəfə deyil ki, futbol qurumunda işləyən bir şəxs klub prezidenti olur. Mənə də təklif gəldi. Bir az düşündüm. Şərtlər uyğun gəldiyi üçün qəbul etdim. O ki qaldı alman baş məşqçinin gətirilməsinə, biz bu klubu yaradanda digər Avropa ölkələrindən namizədlər var idi. Ancaq Bernard Raabın işi bizi daha çox qane etdiyindən, onunla anlaşdıq.

Bu mütəxəssis gənclərlə işləyib, kifayət qədər təcrübəsi var. Həm də onun gənc futbolçularla çalışmaq istəyi daha çox idi. Təbriz Həsənovun son illər U-17-dəki uğurlarından sonra ona bir neçə klublarımızdan təkliflər gəldi. Ancaq biz daha cəld tərpənib, onu komandaya dəvət etdik. Digər tərəfdən, U-17-nin 5-6 üzvü hazırda “Sumqayıt-Şəhər”də çıxış edir. Onları tanımaq baxımından da Təbriz Həsənovun məşqçiliyə gətirilməsi daha məqsəduyğun idi. Bununla da komandanı komplektləşdirmək daha asan olacaq. Aslan Kərimov da AFFA ilə əməkdaşlıq edir. Kərimov AFFA-da təşkil olunan məşqçilik kurslarında özünü yaxşı tərəfdən göstərdiyi üçün onu komandaya dəvət etdik. Aslan oynayan məşqçidir. Təcrübə baxımından komandaya çox kömək edəcək.

- Necə düşünürsünüz, bu komanda cari mövsümdə elitadakı yerini qoruya biləcək?

- Bizim böyük ümidimiz var ki, komanda elitadakı yerini qoruyacaq.

- Əgər bu, baş verməsə, komanda aşağı dəstədə də mübarizəni davam etdirəcəkmi?

- O barədə düşünmək belə istəmirəm.

- Digər klublarımız legionerlərə üstünlük verdiyi halda, “Sumqayıt-Şəhər”də ancaq yerli futbolçular çıxış edirlər. Bu proses nə qədər davam edəcək?

- Hər bir klub yarananda onun strategiyası olur. Bizim də strategiyamız ondan ibarətdir ki, bu komanda gələcəkdə də yerli gənclərdən təşkil olunsun. Başlıca məqsədimiz budur. Ona görə də komandaya legioner almaq barəsində düşünmürük.

Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın