Menu
Geri İrəli

Sumqayıtda ən çox bəyənilən şadlıq sarayları hansılardır?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2014 • Baxış sayı: 4,278 dəfə • Şərh yoxdur
Share Button

restoranSumqayıtda son illər ərzində tikilən obyektlər arasında şadlıq sarayları say etibarilə birinci yerdədir. Hətta bu sarayların sayı o qədər çoxdur ki, şəhərin bir mikrorayonunu – 17-ci mikrorayonu şadlıq sarayları mikrorayonu adlandırırlar. Onlar da bir-birilərindən öz xüsusiyyətlərinə: xidməti, görünüşü və qiymətinə görə fərqlənirlər.

Maraqlıdır, görəsən, sumqayıtlılar hansı şadlıq sarayına daha çox üstünlük verir və hansı xüsusiyyətlərinə görə…
Onlara bu sualla müraciət etdik:

- Sumqayıtda ən nümunəvi xidmət göstərən şadlıq sarayları hansılardır?
Respondentlərimiz şəhərin ictimai həyatında aktiv olan, çoxlarınızın tanıdığı simalardır. Ümid edək ki, cavablar şadlıq saraylarına öz işlərinə əl gəzdirməyə kömək edəcək. Buyurun, bu da rəylər:

İsmayıl Kərimov (Azərbaycan Hüquqşünaslar Konfederasiyasının qrant meneceri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi):
- Açığını deyim ki, heç birindən məmnun deyiləm. Məsələ gözəl binalar tikməkdə deyil.
Birincisi, səsin zala yayılması çox bərbaddır. Bu cür binaların tikintisində səs üzrə mütəxəssislər də cəlb olunmalıdır.
İkincisi, ofisiantların yanaşmaları çox bərbaddır. Bəzən görürsən ki, tort təklif edirlər, sonra da deyirlər ki, şirinlik ver. Bu. ümumiyyətlə, həyasızlıqdır və bu məqamda istehlakçı hüquqları pozulur. Bəxşiş məsələsinə qarşı deyiləm. Amma bəxşiş bu formada tələb olunmur. Adamda ikrah hissi yaradır. Mənə qalsa, bütün şadlıq saraylarını buldozerlə silib-süpürmək lazımdır.
Ümumiyyətlə, toylarımızda heç bir milli ənənə qalmayıb. Elə komponentlər qatıblar ki, bilmirsən partiyə gəlmisən, yoxsa diskoya? Hər şeyin öz yeri olmalıdır.
Əslində, toy elə bir ritualdır ki, o, sosial dayanışmanı təşviq etməlidir. Əvvəllər toyda hamı bir-birinə kömək edərdi. Yemək hazırlanmasından tutmuş hər şeyə qədər. İndiki toy mərasimlərini o qədər qəlizləşdirmişik ki, qazanan yalnız şadlıq saraylarının sahibləri olur.

Rəşad İldırımzadə (Sumayıt İnzibati-İqtisadi məhkəməsinin iclas katibi):
- Zənnimcə, Sumqayıtda ən gözəl şadlıq sarayı “Green House”dır. Bütün komponentlərinə görə digərlərindən seçilir.

Kamal Almuradlı (“Lider” televiziyasının rejissoru):
- “Green House”. Həm yeməklər dadlıdır, həm qulluq ürəkaçandır. Ofisiantların geyimləri yaxşıdır. Ələ baxan deyillər. Yəni ki, ofisiantlar qarşılıq güdmədən xidmət göstərir. Restoranda monitorda Azərbaycan bayrağının olması və dalğalanması insana xüsusi zövq verir.

Mətanət Məhərrəmova (Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri):
- Fikrimcə, “Qubadlı”ya şadlıq evi demək olmaz. Toya dəvət olunduğum şadlıq evlərindən ən çox bəyəndiyim “Green House”dır.

Rəşad Mehdili, AZTV-nin aparıcısı:

- Şadlıq saraylarında xidmət mərasim sahibinə görə dəyişir, yəni o sifarişçidən və masa ətrafında əyləşən insanlardan asılıdır. Konkret olaraq bu şadlıq sarayı yaxşıdır yanaşmasını qəbul etmirəm. Çunki dəfələrlə eyni məkanda olmuşam,fərqli xidmət görmüşəm.

Rəhman Rəsulov (101 Antenn FM-in DJi, Lider televizyasının aparıcısı):
- Vallah, son vaxtlar “Green House”, bir də “Həyat Palace”da toyda olmuşam. Digərlərinə baxanda mənə “Heyat Palace”da personal daha diqqətli kimi göründü. Ofisiantların yüksək səviyyəli qulluğu və ümumi abu-hava bunu deməyə əsas verir. Yəqin təzədir, ona görə…

Mətləb Səfərli (Aktyor):
- İnandırım heç biri… 20 ildir ki, toy aparıram, Sumqayıtdakı şadlıq saraylarından biri mənim ürəyimi açmır.

Feyruz Şivəxanov (Hüquqşünas):
- Sumqayıtda çox sayda şadlıq sarayları var. Bunların içində ən çox bəyəndiyim “Bakı”, “Ülvi”, “Okean” və “Green House”dır.

Ramil Zeynallı (“Xeberle.com” xəbər portalının baş redaktoru):
- Bu gün Sumqayıtda kifayət qədər şadlıq evi və restoranlar fəaliyyət göstərir. Lakin bu obyektlərin gündən-günə artması o qədər də sevindirici hal deyil. Çünki həmin restoran və şadlıq evlərinin fəaliyyətində kifayət qədər problemlər özünü göstərməkdədir. Əksər ziyafət yerləri demək olar ki, standartlara uyğun fəaliyyət göstərmir. Şadlıq saraylarında musiqi səsi həddən artıq yüksəkdir. Əslində, səsucaldan elə köklənməlidir ki, metallik və aydın olmayan səslər salondakılara mane olmasın. Yüksək səs insanların sağlamlığına mənfi təsir edir. Səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa da səbəb ola bilər. Bundan başqa sözügedən obyektlərdə sanitariya qaydalarına kifayət qədər əməl olunmur. Mətbəxdə çalışan şəxslər peşəkar olmalıdır. İl ərzində 2 dəfə tibbi müayinədən keçməli və sağlamlıq, yoluxucu xəstəliklərin olmadığı haqqında arayış təqdim etməlidirlər. Sarayda çalışan administrator, süfrəçi, barmen, somelye, aşbazlar işlədikləri sahə üzrə təhsilli olmalıdır. Belə ki, bəzi restoranların, xüsusilə də şadlıq evlərinin mətbəxlərinə daxil olarkən xoşagəlməz mənzərə ilə qarşılaşmaq mümkündür. Elə şadlıq evləri var ki, üfunətli iydən oranın mətbəxinə daxil olmaq olmur. Bu iy sözsüz ki, oradakı vaxtı keçmiş, mənşəyi bəlli olmayan ərzaqlar nəticəsində meydana gəlir. Çox təəssüf ki, bəzi toy sahibləri toy üçün şadlıq evi kirayələyərkən mətbəxdəki vəziyyətlə maraqlanmırlar. Onları ancaq restoranın dekorasiyası, toyda kimlər oxuyacaq – bu kimi məsələlər düşündürür. Bu da özü-özlüyündə restoran sahiblərini məsuliyyətli olmaqdan uzaqlaşdırır. Toy sahibinin tələbi olmadığına görə restoran sahibləri də necə gəldi fəaliyyət göstərirlər. Sualınıza gəldikdə isə Sumqayıtda ən nümunəvi şadlıq sarayının adını çəkməkdə çətinlik çəkirəm. Bütün bunlara baxmayaraq məslislərdə iştirak etdiyim bir neçə şadlıq sarayını bəzi komponentlərinə görə qeyd edə bilərəm. Bu sıraya “Green House”, “Golden Palace”, “Okean” və “Nur” şadlıq saraylarını aid etmək olar.

Sevinc Rəşidova (Mədəniyyətşünas):
- Açığı, çox az şadlıq sarayında olmuşam. Bunların içində “Gold Palace” xoşuma gəlib. Hiss olunurdu ki, köhnə yemək verilmir. Standart Sumqayıt restoranlarından menyusuna və xidmətinə görə fərqlənir. Amma musiqiçi və aparıcısını bəyənmədim. Müğənninin səsi isə biabırçı idi.

Sahib Fərzəliyev (“Potensial” Mütəxəsislər İctimai Birliyinin sədri):
- Şadlıq sarayları ilə bağlı sualınızı düşünəndə nədənsə yaxşı hiss keçirmədim. Ümumiyyətlə, ölkəmizdə xidmət mədəniyyəti çox yüksək səviyyədə deyil. Fikir vermisinizsə, İstanbulun səmasında təyyarələr qarışqa sırası kimi gəlib, gedir. Bunun başlıca səbəbi xidmət mədəniyyətinin yüksək olmasıdır. Nədənsə biz bunları hələ çox öyrənə bilməmişik. Şadlıq evlərinə gəldikdə isə mənim bir özəl fikrim var. İnsanlar toy adı altında şadlıq evlərinin girovuna çevriliblər. Xidmət olsa da, olmasa da, yol ordan keçir. Toylarımızda şənlikdən başqa hər şey görmək olar. Bu tipik bir forma alıb. Mən şadlıq evlərində ilk öncə şənlik görmək istəyirəm, xidmət ikinci məsələdir. Əlbəttə, xidmətin yüksək olması hər birimizin arzusudur. Sumqayıtda belə bir şadlıq evi hələ mən tanımıram. Hər birində toyda olsam belə… çətinlik çəkərəm ad çəkməyə. Hansı şadlıq evində səs-küydən oturmaq olur ki?!
Hamısı da eynidir. Toy üçün də lazım olan əsas xidmətdir.

Səbinə Məmmədova (“Gencaile.az” saytının baş redaktoru):
- Şadlıq saraylarımızın xidmət səviyyəsi, məncə, yüksək deyil. Ən əsas çatışmazlıq onunla bağlıdır ki, şadlıq sarayları hamısı bir-birinə oxşayır, bir-birini təkrar edir. Heç olmasa, Bakı səviyyəsinə çatmaq üçün qeyri-adi, kreativ ideyalar tətbiq etmək lazımdır.

Anar Qasımlı (Vəkil):
- Şəhərimizdə xidmətini bəyəndiyim yeganə şadlıq sarayı “Okean”dır.

Rüstəm Sadıqzadə (Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri):
- Sumqayıtdakı şadlıq saraylarının içində ən yaxşısı “Aylı Gecə”dir.

Anar Xanlarov (Rekord.az idman portalının redaktoru):
- Ümumiyyətlə, bizdə hələ tam olaraq, 100% demək olmaz ki, toylarda xidmətin səviyyəsi ən yüksək səviyyədədir. Məncə, bunun da səbəbi el arasında məşhur olan “çayvoy” ilə bağlıdır. Təəssüf ki, bəzən xidmət edən personalın xidmət keyfiyyəti bundan da çox asılı olur. Məsələn, ofisiant toyun əvvəlində başına pərvanə kimi fırlanırsa, toyun sonuna kimi əlavə nəmər almasa boşqabı gətirib qabağına atır. Təbii ki, bütün şadlıq saraylarına və xidmət personalına bunu aid etmək olmaz. Konkret suala gəlincə, “Bəyaz Saray”ın bu mənada seçildiyini deyirlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın