Menu
Geri İrəli

Sumqayıtda mənzil bazarında vəziyyət necədir? – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2013 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

sumqayit-30

İlin əvvəlindən başlayaraq ölkənin daşınmaz əmlak bazarında baş verən qiymət artımı Sumqayıt şəhərindən də yan keçməyib. Paytaxtla müqayisədə Sumqayıt əhalisinin həyat səviyyəsinin aşağı olmasını nəzərə alsaq, mənzil ehtiyacı olan insanların vəziyyətinin bir az da çətinləşdiyini deyə bilərik. Əhalinin gəlirlərində nisbi artım baş versə də, bunu mənzil bazarındakı artımla müqayisə etmək olmaz.

Bunu Sumqayıtda – mənzil bazarındakı passivlikdən də hiss etmək mümkündür. Bütövlükdə Sumqayıtın mənzil bazarı həmişə xarici ölkələrdə, əsasən də Rusiyada işləyən həmyerlilərimizin aktivliyi, mənzil almaq istəyi ilə canlı qalırdı. Son zamanlar isə Rusiyada yaşayan azərbaycanlıların sıxışdırılması Sumqayıtın mənzil bazarına da təsirsiz qalmayıb. Bu vəziyyətdə əmlak bazarındakı bu süni artımı başa düşmək olduqca çətindir. Ümumiyyətlə, 2008-ci ilin sentyabr ayına təsadüf edən böhran dövrü ilə müqayisədə qiymətlərdə azalma olsa da, 2013-cü ilin əvvəlindən başlayaraq Sumqayıtın əmlak bazarında yenidən qiymət artımı müşahidə olunub. Son rübü də daxil etsək, daşınmaz əmlak bazarında illik artım 30%-ə yaxındır. Kifayət qədər ciddi qiymət artımı müşahidə olunan Sumqayıtda ekspertler bunun səbəbini müxtəlif cür izah edirlər.

Maklerlər bizimlə söhbət zamanı əmlak bazarındakı passivlikdən şikayətlənərək bildirdilər ki, “stalin”ka layihəsində tikilmış evlərin qiymətləri 2011-2012-ci ildə 3 otaqlı mənzillərin qiyməti 90-110 min manat arası dəyişirdisə, bu il 130-150 min manat arası olub. Digər layihəli mənzillərdə də bu cür artım müşahidə olunur. Yeni tikilən binalarda mənzillərin qiymətində də çüzi artım var. Digər ölkələrdən fərqli olaraq təmirsiz vəziyyətdə satılan bu mənzillərin 1 kvadratmetrinin qiyməti 500-600 manat arası dəyişir. Ötən illə müqayisədə burada da 15-20% artım müşahidə olunur. Ən böyük qiymət aktivliyi əsasən ucuz mənzillərin payına düşür. Builki artımdan sonra bazarda demək olar ki, ucuz mənzil qalmayıb. Digər maraqlı fakt yol kənarlarında yerləşən binaların 1-ci mərtəbəsindəki mənzillərin qiymətindəki artımdır. Belə ki, normal qiymətdən iki dəfə baha olan bu mənzillər əsasən ticarət obyekti və ya ofis kimi satılır.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin eksperti Ramin Osmanlının sözlərinə görə, Bakıdan fərqli olaraq Sumqayıtda qiymətlərin bahalaşması prosesi yekunlaşmayıb. Onun sözlərinə görə, hazırda Sumqayıtda tələb təklifi ödəmədiyi üçün obyekt üçün nəzərdə tutulmuş mənzillərin qiyməti kəskin sürətdə artıb. Araşdırmalarımız zamanı məlum oldu ki, bu artıma təsir edən amillərdən biri də ticarət mərkəzlərində kirayə qiymətlərinin bahalaşmasıdır. Müqayisə üçün deyək ki, şəhərin əsas küçələrindən sayılan “Sülh” küçəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş 50-60 kvadratmetrlik sahəyə malik obyektin kirayə qiyməti 2 min manat, 100-150 kvadratmetr sahəsi olan obyektlərin kirayə qiyməti isə 4-5 min manat arası dəyişir. Bu cür artımlar istər-istəməz mənzil bazarından da yan keçmir.

150-200 manat arası kirayə verilən mənzillərin qiymətlərində ciddi artım müşahidə olunmasa da, nisbətən təmirli mənzillərin kirayə qiyməti 300-350 manat arasında dəyişir. Son olaraq onu deyə bilərik ki, Sumqayıtda uzun illərdir şəraitsiz yataqxanalarda yaşayan, evləndikdən sonra belə ata evindən çıxa bilməyən minlərlə gənc ailə səbirsizliklə bir gün öz evlərinin olacağı günü gözləyir…

“Zaman Azərbaycan”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın