Menu
Geri İrəli

Sumqayıtda saxlanılmış köçkünlər sərbəst buraxılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2009 • Baxış sayı: 415 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində saxlanılaraq polis idarəsinə aparılmış Qubadlı rayonundan olan məcburi köçkünlər sərbəst buraxılıb. Bu barədə Lent.az-a məcburi köçkün Osman Qəhrəmanov məlumat verib. O, saxlanılmış 7 nəfərin hamısının elə hadisə baş verən gün – sentyabrın 3-də sərbəst buraxıldığını bildirib. Bu gün isə həmin şəxslər yenidən polis idarəsində olub və onlardan izahat alınıb. Yaxın günlərdə isə Sumqayıt Şəhər məhkəməsində həmin 7 nəfərlə bağlı qaldırılmış iddiaya baxılacaq, məhkəmə müvafiq qərar çıxaracaq. O.Qəhrəmanov saxlanılan 7 nəfərin hamısının qadın olduğunu da deyib. Xatırladaq ki, sentyabrın 3-də Sumqayıt şəhərində Qubadlı rayonundan olan bir qrup məcburi köçkünlə polis arasında qarşıdurma yaranıb. Məcburi köçkünlər Sumqayıt şəhəri, 9-cu mikrorayondakı 29, 30 və 31-ci binaların sakinlərinə yaşamaq üçün yer verilmədən mənzillərdən çıxarılmasının tələb olunduğunu bildirir. 3 binada yaşayan sakinlərin təxminən 90%-in məcburi köçkünlər təşkil edir. Son 3 ayda Sumqayıt Şəhər Məhkəməsi binalardakı mənzillərdən 21-nin boşaldılması ilə bağlı analoji qərarlar çıxarıb. Bu gün məhkəmə icraçıları bəzi qərarların yerinə yetirilməsi (29-cu və 31-ci binanın hərəsindən 2 mənzilin boşaldılması ilə bağlı) üçün əraziyə gəliblər. Əraziyə nəzarət üçün Sumqayıt Şəhər Polis İdarəsinin təxminən 35-ə yaxın əməkdaşı da cəlb olunub. Sakinlər məhkəmə qərarının yerinə yetirilməsinə, yəni evlərindən çıxmasına razı olmadıqlarına görə onlarla məhkəmə icraçıları, daha sonra isə polis əməkdaşları arasında mübahisə yaranıb və bu, qarşıdurmaya çevrilib. Bundan sonra isə məcburi köçkünlərdən 7 nəfəri Polis İdarəsinə aparılıb. Qubadlı sakinləri 29, 30 və 31 saylı binalarda 1993-cü ilin avqust ayında dövlət tərəfindən müvəqqəti məskunlaşdırılıb. Həmin vaxt binalar təmirli olmayıb. Məcburi köçkünlər binaları yaşayış üçün yararlı vəziyyətə özlərinin gətirdiyini deyir. Məcburi köçkünlər onlara yaşamaq üçün yer verilmədən yaşadıqları binanı tərk etmək istəmədiklərini bildirib. Sözügedən binaların rəsmi sahibləri var. Sumqayıt Şəhər Məhkəməsinə də məhz onların müraciəti əsasında müvafiq qərar çıxarıb. Pərvin ABBASOV LENT.AZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın