Menu
Geri İrəli

Sumqayıtın gənc ekoloqları kimyaçıların aksiyasında fəal iştirak ediblər

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2011 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

Sumqayıtda “Planeti tullantlardan təmizləyək! Sumqayıtı ekoloji cəhətdən təmiz şəhərə çevirək!” aksiyası keçirilmişdir. Ümumdünya dəniz gününə həsr olunmuş tədbir respublika dövlət neft şirkətinin “Azərikimya” İstehsalat Birliyinin himayəçiliyi ilə təşkil edilmişdir. ADRNŞ-in Ekologiya departamentinin və şəhərin təhsil şöbəsinin nümayəndələri qonaqlar arasında olmuşlar.
Sumqayıt Dövlət Rəsm Qalereyasının salonunda toplaşmış aksiya iştirakçıları – şəhərin gənc ekoloqları və qonaqlar əvvəlcə tematik rəsm sərgisi ilə tanış olmuşlar. Tədbirin təşkilatçıları artıq 30 ildən çox müddət ərzində dünya ölkələrinin əksəriyyətində hər il qeyd edilən bayramın məqsəd və vəzifələrindən danışmışlar.
Ümumdünya dəniz günü Hökumətlərarası dəniz məsləhət təşkilatı Assambleyasının 10-cu sessiyasının qərarı ilə Birləşmiş Millətlər Təşkilatı sistemində təsis edilmiş beynəlxalq günlərdən biridir. 1978-ci ildən başlayaraq bu bayram hər il sentyabr ayının son günlərindən birində keçirilir.
“Azərikimya” İstehsalat Birliyinin müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev aksiya iştirakçılarını salamlayaraq demişdir ki, dəniz sahilində yaşayanlar onu qorumağın necə vacib olduğunu bilirlər. Planetin təqribən 70 faizini su təşkil edir. Tale bizə sahil zonasında, Xəzər dənizinin sahilində yaşamaq sevincini nəsib etmişdir. Bayram çərçivəsində keçirilən tədbirlər tələbələrin idrakını gücləndirir, onların dənizin və onun bioresurslarının qorunması məsələsinin əhəmiyyətini hiss etməsinə, problemin bütün kəskinliyini dərk etməsinə kömək göstərir. M.Babayev qeyd etmişdir ki, Dəniz günü Xəzərə minnətdarlıq və dəniz ölkəsi olan Azərbaycanın tərəqqisinə ümid günüdür.
Sonra şəhərin gənc ekoloqları ətraf mühitin mühafizəsi məsələləri ilə bağlı layihələrini təqdim etmişlər. Monitorda slaydlar, videomateriallar nümayiş etdirilmişdir. Uşaqların əllərində olan çoxsaylı şüarlar, plakatlar təsdiq edirdi ki, gənc ekoloqlar bayrama ciddi hazırlaşmışlar. Aksiya iştirakçıları arasında 5 yaşından 10 yaşınadək olan uşaqlardan ibarət bir il bundan əvvəl təşkil olunmuş balaca ekoloqlar dəstəsi də var idi. Təşkilatçılar onlara hədiyyələr təqdim etmişlər.
Şəhərin gənc ekoloqlarının Sumqayıt sakinlərinə müraciəti oxunduqdan sonra aksiya iştirakçıları Xəzərin sahilinə yollanmışlar. Beş komanda təmizlik işləri üçün lazımi ləvazimat alaraq iki saat ərzində dəniz sahilindəki zibilləri yığmışdır. Aksiya iştirakçılarının işi polietilen paketlərə doldurulmuş məişət tullantıları ilə yüklənmiş maşının tullantıları Xəzərdən uzaqlaşdırması ilə başa çatmışdır. Gənc ekoloq komandaları diplomlarla mükafatlandırılmışlar. Aksiyanın bütün iştirakçılarına kiçik xatirə suvenirləri, habelə üzərində “Azərikimya” İB-nin loqotipi olan ağ mayka və beysbol papaqları təqdim edilmişdir. AzərTac, Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın