Menu
Geri İrəli

Sumqayıtın keçmiş millət vəkili yazır: “Suriyada irticaçı rejimin sonu yaxınlaşır”

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2013 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

Suriyada törədilən qanlı hadisələrin miqyasının genişlənməsi artıq proseslərin idarəolunmaz vəziyyətə gəldiyi göstərir. Özünü xalqın «lideri sayan» Bəşər Əsədin xalqdan aralı düşməsi və arada yaranan, dərinləşməkdə olan uçurum isə mənfi fəsadlarını çox gözlətmədi. Vəziyyəti günü-gündən ağırlaşan, sərvətləri talanan xalq, nəhayət, mövcud rejimlə birdəfəlik vidalaşmaq üçün mətinliklə ayağa qalxdı. Suriyada üsyanlar başlayandan Bəşər Əsəd rejiminin qətlə yetirdiyi dinc insanların sayı, əldə edilən məlumatlara görə, 100 minə yaxındır. Suriyada hakimiyyətin xalqa qarşı törətdiyi cinayətlər – üsyançı xalq kütlələrinin küt¬ləvi şəkildə məhv edilməsi, artilleriya, raket atəşinə tutulması bütövlükdə bəşə¬riyyətə və insanlığa qarşı cinayət kimi dəyərləndirilir. Üsyan dalğası bütün Suriyanı əhatə etsə də, Əsəd zor gücünə hələ ki, duruş gətirir. Əslində, buna hakimiyyəti əldə saxlayır da demək olmaz – Suriya faktiki 2 yerə parçalanıb. Diktatura rejimi böyük bir əraziyə nəzarəti itirib. Lakin Əsəd hələ də asanlıqla getmək istəmir və «son damla qanınacan» üsyançılarla mübarizə apa¬racağını bildirib. Suriyada Əsəd rejiminin 21 avqust 2013-cü il tarixində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsi nəhayət ki, fövqəlgücləri ətalət vəziyyətindən çıxardı. Beynəlxalq ictimaiyyət uzun gözləmələrdən sonra, Suriyada 2 ildən artıqdır axan qanın durdurulması, on minlərlə günahsız insanın qətlə yetirilməsinin qarşısının alınması, cinayətkar Əsəd rejiminin cilovlanması üçün real hərəkətə keçmək əzmindədir.
Müasir dünyada görünməmiş hərbi cinayət baş verib. Yüzlərlə dinc insan kimyəvi silahdan istifadənin qurbanı olub. Bu isə dünya birliyinin, xüsusən, ABŞ, İngiltərə və Fransa kimi böyük dövlətlərin Əsəd rejiminə layiq olduğu cəza verməsi üçün ciddi əsaslar yaradıb. Məlumdur ki, Türkiyə dövləti Əsəd rejiminin cinayətlərinin dünya birliyi tərəfindən qarşısının alınması üçün 2 ildir fasiləsiz və gərgin diplomatik çabalar göstərib. Həmçinin, Türkiyə öz ərazisində Suriya qaçqınları üçün böyük düşərgələr yaradaraq ötən müddətdə qaçqınların bütün yaşam vasitələrini təmin edib.
Bu gün gəlinən nöqtə göstərdi ki, Türkiyə dövləti hadisələrin başlanğıcından Suriya məsələsində tutduğu mövqeyində haqlı olub. Türkiyənin 2 ildir sərgilədiyi mövqeyə böyük dövlətlər hələ indi gəlib çıxırlar. Halbuki, zamanında rəsmi Ankaranın Əsəd rejiminin durdurulması ilə bağlı çağırışları eşidilsəydi, bu qədər insanın qanı axıdılmaz, bölgə barıt çəlləyinə dönməzdi.miras ictimai birliyiMüsəlmanların yaşadığı ölkələrdə baş verən qırğınlara dünya birliyinin – böyük dövlətlərin, BMT-nin, NATO-nun reaksiyalarının uzun müddət gecikməsi çağdaş tariximizdə dəfələrlə olub. Eynilə Bosniyada müsəlmanlara qarşı həyata keçirilən soyqırımına geçikmiş reaksiya da buna bir örnəkdir. Bununla belə, dünya güclərinin Suriyada axan qanın durdurulması və Əsəd rejiminin cilovlanması üçün nəhayət ki, hərəkətə keçməsi alqışlanmalıdır. Artıq insanlığa qarşı cinayətin sərhədləri elə səviyyədə aşılıb ki, indiyədək Əsəd rejiminin dəstəkçisi kimi çıxış edən İran və Rusiya kimi dövlətlər də əvvəlki mövqelərini müdafiə edə bilmirlər. Suriyaya qarşı gözlənilən hərbi müdaxiləyə gözardı baxırlar. Aşkar görünür ki, yaranmış vəziyyətdə artıq Rusiya da Bəşər Əsəd rejimini açıq müdafiə etməyin mümkünsüzlüyünü dərk edib. Rusiya Liviyadan sonra daha bir hərbi-siyasi dayağının faktiki olaraq çökdürülməsi ilə barışmaq istəmir. Lakin proseslərin gedişi göstərir ki, artıq ox yayından çıxıb – Bəşər Əsəd rejimini qorumaq üçün Rusiyanın malik olduğu imkanlar getdikcə daralır. Bütün bunlar isə Əsədi ciddi seçim qarşısında qoyur: o ya hakimiyyətdən könüllü getməli, ya da Liviya diktatoru Müəmmər Qəzzafinin taleyini yaşamalıdır.
Rusiya və İran hökumətləri də anlayırlar ki, kimyəvi silah vasitəsilə kütləvi insan qırğınına səbəb olmuş Əsəd rejimini dəstəkləməklə, bu bəşəri cinayətə şərik olmuş sayıla bilərlər. Ona görə də artıq əvvəlki, prinsipial mövqelərindən çəkiliblər. Hətta Rusiya artıq öz vətəndaşlarını Suriyadan çıxarır.
İndi çoxlarını düşündürən məqamlardan biri də budur ki, Qərb dövlətləri niyə məhz indi Əsəd rejiminə dərs verməyi qərara aldılar? Bunun səbəblərində biri də kimyəvi silahların sabah terroru qrupların əlinə keçə biləcəyi qorxusudur. Bəs, Suriyaya gözlənilən hərbi müdaxilədə Türkiyənin iştirakı nələr vəd edə bilər? Məncə, Türkiyə Əsəd rejiminin zərərsizləşdirilməsi üçün təşkil olunacaq koalisiyada yer almaqla, ilk növbədə bölgədə aparıcı dövlət olduğunu ortaya qoyacaq. Həmçinin, Suriyanın yenidən qurulmasında iştirakını təsdiqləmiş olacaq. Bundan əlavə, Türkiyənin prosesdə iştirakı Suriyada toplu halda yaşayan türkmənlərin müdafiə edilməsi üçün çox əhəmiyyətlidir. Ona görə də hesab edirəm ki, Türkiyə Suriya ilə bağlı indiyədək davam etdirdiyi dinamik diplomatik çalışmalarını hərbi formada davam etdirməlidir. BMT qərargahında Təhlükəsizlik Şurasının qapalı toplantısında Böyük Britaniya tərəfindən hazırlanan qətnamə layihəsi müzakirə edilib. Qətnamə Suriyada mülki əhalinin müdafiəsi məqsədilə hərbi müdaxiləyə icazə verilməsini təklif edir. Lakin Rusiya həmin sənədi dəstəkləməkdən imtina edib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Suriyaya hərbi müdaxilə Bəşər Əsədi vəzifəsindən uzaqlaşdırmalıdır. Onun sözlərinə görə, istənilən beynəlxalq koalisiyanın hədəfi bu olmalıdır: “Suriyada axan qanın qarşısını almaq lazımdır. Əsəd rejimini isə gedənədək zəiflətmək lazımdır” – deyə Ərdoğan bildirib.
Amerika Birləşmiş Ştatları hökuməti Suriyanın Dəməşq şəhəri ətrafında 21 avqust 2013-cü il tarixində kimyəvi silahların istifadəsi ilə bağlı artıq kəşfiyyat dəyərləndirməsi yayıb. Bu təfərrüatlı, qeyri-məxfi kəşfiyyat dəyərləndirməsi 21 avqust tarixində Dəməşq ətrafında kimyəvi silahlardan istifadə üçün Suriya hökumətinin məsuliyyət daşıdığını göstərir. ABŞ prezidenti Barak Obama da bu günlərdə verdiyi açıqlamada BMT Təhlükəsizlik Şurasının qərarı olmadan belə Suriyada hərbi əməliyyatlara başlayacağını açıq bəyan edib. B.Obama həmçinin bildirib ki, Əsəd rejimi havadarlarına arxalanaraq əhaliyə qarşı kimyəvi silahdan istifadə etməklə əslində bölgə dövlətlərinə «qorxu sindromu» yaşatmaq istəyir. ABŞ region dövlətlərin təhlükəsizliyini təmin etməyi özünün vacib işi sayır. ABŞ prezidentinin belə bir mövqe sərgiləməsi, BMT-nin oyuncaq bir qurum olduğunu bir daha sübuta yetirdi. Yəni, rəsmi Vaşinqton Təhlükəsizlik Şurasının qərarı olmadan hərbi gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən, tamamilə öz geosiyasi maraqlarından çıxış etdiyini və beynəlxalq hüququn «güclünün hüququ» olduğunu təsdiqləmiş oldu. Buna görə də dünyada yeni BMT-nin yaradılması məsələsi ilə bağlı təkliflərin səsləndirilməsi də bu baxımdan aktualdır. Təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsində erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması ilə bağlı qərarı var. Amma buna baxmayaraq, təşkilat Azərbaycanla bağlı qətnamələrini 20 ildir ki, icra etmir.
Dünyanın fövqəlgüclərinin ayrı-ayrı dövlətlərə münasibətdə «ikili standartlardan» yanaşmaları artıq günümüzün reallığına çevrilib. Azərbaycanın 20 faizini işğal edən, 1 milyondan artıq soydaşımızı qaçqın vəziyyətinə salan Ermənistana qarşı da dərhal və qətiyyətli addımların atılmasının vaxtı çoxdan çatıb. Təəsüflər olsun ki, superguclərin Cənubi Qafqazda toqquşan maraqları ən ağrılı problemimizin həllinə imkan vermir.
Baba TAĞIYEV,
“İrəli Azərbaycan” İctimai Birliyinin sədri,
sabiq millət vəkili

Facebook Şərhləndirmə:

Şərhinizi yazın