Menu
Geri İrəli

Sumqayıtlı gənc yazarın “Çevriliş”i

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2014 • Baxış sayı: 604 dəfə • Şərh yoxdur

saile4543hGənc yazar Sahilə İbrahimovanın “Çevriliş” adlı yeni kitabı çapdan çıxıb. 

 “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” layihəsi çərçivəsində buraxılmış kitabın təqdimat mərasimi oktyabrın 13-ü saat 14:15-də Yazıçılar Birliyinin Natavan zalında baş tutacaq.  Romanı təhlil edən  kitabın redaktoru Qismət  gənc yazarın ədəbiyyatımız üçün maraqlı mövzu seçdiyini bildirib:

“Sahilə roman üçün çox maraqlı, bizim ədəbiyyatda yetərincə araşdırılıb yazılmamış bir dövrü – sovetlərin dağılması, müstəqilliyin ilk illərini mövzu kimi seçib. Romanın qəhrəmanı Zərifə yazıçı ola bilmədiyi üçün tərcüməçi (Sahilə çevirici yazmağı sevir) olmaq qərarına gəlir və bunu belə əsaslandırır ki, yazıçı olmadan yazmağın, bədii mətn yaratmağın yeganə yolu bəlkə tərcüməçilikdir. Bu maraqlı yanaşma roman boyu imperiya buxovundan qurtulub müstəqilliyini yenicə əldə etmiş ölkənin, zorlanıb namusu ləkələnmiş Zərifənin taleyi ilə paralellik təşkil edir; yəni ölkə də qabıq verib dəyişir, başqa mərhələyə keçir, çevrilir, Zərifənin həyatı da. Və bütün bunları yaşamış roman qəhrəmanı qərara gəlir ki, yaradıcı olmadan yaradıcılıqla məşğul olmağın ən yaxşı yolu, bir növ yaradıcılığı imitasiya etməkdir. Müstəqilliyini yenicə əldə etmiş, keçid dövrü deyilən uzun və ağrılı mərhələni yaşayan hər bir xalqın taleyində mütləq mənada bu imitasiya/simulasiya dövrü olur. Sahilə də həm sujetlə, həm eyhamlarla, həm də dil oyunları vasitəsilə vurğunu bu nöqtəyə salır. Zərifə çevirici, bir mətni başqa dilə çevirəndi, ölkə bir formasiyadan başqasına keçib, çevrilib və ən nəhayət qəhrəmanın öz həyatında da bir “çevriliş” baş verib. Bütün zəngin təsvirləri, poetik pasajları, müxtəlif ədəbiyyatlardan əxz edilmiş və yaxşı da tətbiq edilmiş fəndləri ilə bərabər, düşünürəm ki, Sahilənin romanın onurğasında, həyatımızdakı baş tutmuş, yaxud alınmamış, alayarımçıq metaformozlar durur. Hətta bu çevrilmə(k) düşüncəsi o qədər müəllifin fikrindədir ki, romanın bir yerində təbiət filosofu Falesi xatırladan bir bənzətməylə rastlaşırıq: “Yaşıl köynəyimə düşən göz yaşına ütü çəkəndə, göz yaşım buxarlandı.” Sahilə sanki demək istəyir ki, hər şey – hətta kədərli bir qadının gözlərindən köynəyin üstünə düşən göz yaşı da başqa hala düşür, dəyişir, amma biz dəyişə, çevrilə bilmirik. Biz nə Qreqor Samsayıq, nə də ki, böcək. Biz həm körpüyük, həm də yolu keçənik. Və Sahilə deyir ki, bu körpünü – özümüzü birinci elə biz keçməliyik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın