Menu
Geri İrəli

Sumqayıtlı məktəblilərin əksəriyyəti işğal olunmuş rayonların adlarını bilmir

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Avqust 2013 • Baxış sayı: 291 dəfə • Şərh yoxdur
Share Button

Ötən həftə Sumqayıt Şəhər İcra Hakimiyyətində 2013-cü ilin birinci yarısının yekunları ilə bağlı hesabat müşavirəsi keçirildi.  Müşavirədəki çıxışı zamanı, eləcə də müşavirədə iştirak edən sakinlərin şikayətlərindən sonra şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bir çox strukturları sərt şəkildə tənqid etdi.  Daş bazarındakı mağazalar yerində qalır  Yeni Daş Bazarının köçürülməsi məsələsinin müzakirəsi zamanı E.Əzizov dedi ki, həmin ərazi şəhərin giriş hissəsidir, buna görə də bu ərazi yüksək səviyyədə qurulmalı, abadlaşdırılmalıdır: «Yeni ərazidəki Daş Bazarında sahibkarlardan heç bir rüsumlar yığılmayacaq. Qoy, sahibkarlar özləri icma yaradaraq öz bazarlarını qursunlar. Əvvəlki bazarın ərazisindəki mağazalar isə rekonstruksiya olunmalıdır. Səkinin üzərində daş-torpaq satmaq olmaz axı. Bununla belə, sahibkarların da maraqlarını, hüquqlarını qorumalıyıq».   «İki tanınmış ailə 20kv metr yeri bölə bilmir»  Şərq bazarında iki tərəfin bazarı bölüşdürə bilməməsinə toxunan icra başçısı qeyd etdi ki, bu məsələ həllini məhkəmədə tapmalıdır: «Biz onlara dedik ki, gedin məhkəməyə müraciət edin, hansı tərəf haqlı hesab olunsa, biz onu dəstəkləyəcəyik».  Xatırladaq ki, Şərq bazarının ətrafında olan 66 obyekt sahibi bu obyektlərin onlara, bazara rəhbərliyi isə bazara aid olduğunu iddia edir.  İcra hakimiyyətinin başçısı oxşar vəziyyətin Sülh küçəsində də yaşandığını bildirdi: «Sülh küçəsində iki tanınmış ailənin üzvləri 20 kv metr yeri aralarında bölə bilmirlər. Ancaq mən onlara tövsiyə edirəm ki, unutmasınlar ki, ən böyük kapital pul deyil, daxili rahatlıqdır».   «Prinsipial olmalısınız»   Şəhərin təhsil müəssisələrində nizam-intizam qaydalarının aşağı olmasını Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov etiraf etdi. İcra başçısı isə bildirdi ki, kimlərin öz işinin öhdəsindən gələ bilmədiyini həmin struktur rəhbəri müəyyən etməli və qəti tədbirlər görməlidir: «Prinsipial olmalısınız. Doğrudur, siz təcrübəli insansınız, ancaq idarəçilikdə konkretlik, qətilik və prinsipiallıq tələb olunur».  V.Ələkbərovun çıxışı zamanı eyni zamanda olduqca utancverici fakt ortaya çıxdı. Belə ki, bu yaxınlarda orta məktəblərin 9 və 10-cu sinif şagirdləri arasında Ermənistan tərəfindən işğal olunmuş rayonlarla bağlı aparılmış sorğu zamanı şagirdlərin 40%-nın işğal edilmiş rayonlarını adını bilmədiyi məlum olub. 11 faiz Göyçayın, 9 faizi isə Zərdabın da işğal olunduğunu qeyd edib.  Məktəblərdə aparılan monitorinqlərdən sonra aşkarlanmış neqativ faktlara görə 4 məktəbin direktoruna xəbərdarlıq edilib, birinə töhmət verilib, biri isə vəzifəsindən azad olunub.   «Bəzən xəstələrə düzgün diaqnoz qoyulmur»   İcra başçısı səhiyyə müəssisələrinin fəaliyyətindən də narazılığını bildirdi. Qeyd olundu ki, bəzi xəstəxanalarda xəstələrə düzgün diaqnoz qoyulmur, aparatlar istifadə edilə bilmir: «Kadr islahatlarına baxmaq lazımdır. Aparat alınıb, hansısa ağzı bağlı otaqda saxlanılmamalıdır. Bizə məlumatlar çatır, əhali ilə görüşlərimizdə onlar şikayətlərini bizə çatdırırlar».   «Mən getdim baxdım və çox utandım»   Toplantıda Hacı Zeynalabdin Tağıyevin eyniadlı qəsəbədə yerələşən abidəsinin perspektivi də müzakirə edildi. İcra başçısı qeyd etdi ki, bu abidə yenidən qurulmalıdır. Sitat: «O köhnə abidə Hacı Zeynalabdinin adına uyğun deyildi. Mən getdim, baxdım və çox utandım. Bu barədə cənab prezidentə məruzə etdim və dövlət başçısı mənə qəti olaraq tapşırıq verdi ki, ən yaxşı heykəltəraşı cəlb edək və gözəl bir abidə qoyaq. Özü də bu abidə qəsəbənin girişində olmalıdır, hansısa küncdə yox».   Xəzərə axıdılan çirkab sular təmizlənəcək   Su və kanalizasiya problemlərinin də müzakirə olunduğu toplantıda Sumqayıt Su-kanal İdarəsinin rəisi Əhliman Mansurov dedi ki, Xəzərə axıdılan çirkab suların qarşısını almaq üçün 14 nöqtədən axan suların boruya yığılması prosesi başa çatdırılıb. Yaxın aylarda isə bu boru təmizləyici qurğaya çatdırılacaq, sonra isə dənizə buraxılacaq.     Məktəblilərin işğal olunmuş rayonlarımızla bağlı suala verdikləri utancverici cavablara qayıdaraq qeyd edək ki, analoji sorğu digər şəhər və rayonlarda keçirilsə, inanın ki, daha biabırçı nəticələr qeydə alınar. Bəlkə də Sumqayıt şükürlüdür…  Əlbəttə, şəhər təhsil şöbəsinin və onun müdir əvəzi V.Ələkbərovu bu boşluğu aşkara çıxardığı üçün alqışlamaq lazımdır. Bu cür nəticələ görə onun məktəb direktorlarını «silkələdəyi» də məlumdur. Hələ ki, gəlin, alqışlamağı saxlayaq. Doğrudur, Sumqayıt məktəblilərinin qəbul imtahanlarında göstərdiyi nəticələr sumqayıtlı müəllimlərə öyünmək üçün yaxşı əsas verir. Ancaq gəlin gündəlik dərs qədər vacib olan bəzi istiqamətləri də unutmayaq. Şagirdlərimiz ölkəmizin tarixini, üzləşdiyi təcavüz faktını bütün biliklərdən öncə bilməlidirlər.  Alqışlamaq üçün ciddi səbəblər tapmaq arzusu ilə.  Vüsal Mətləboğlu,168 saat qəzeti

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın