Menu
Geri İrəli

Sumqayıtlı trolleybus sürücüsü: “Bizə çoxlu “kağız” verirdilər”

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Mart 2014 • Baxış sayı: 663 dəfə • Şərh yoxdur

OktayƏgər yadınızdadırsa, bir neçə gün öncə bloqumuzda «Sumqayıt trolleybusları» adlı yazı yayımlanmışdı. Bu gün isə həmin mövzunun davamı olaraq keçmiş trolleybus sürücülərindən birindən götürdüyümüz müsahibəni təqdim edirik. Müsahibimiz 1983-1998-ci illərdə Sumqayıt şəhərində trolleybus sürücüsü işləmiş Oktay Abbasovdur.

 - Necə oldu ki, trolleybus sürücüsü kimi işə düzəldiniz? 

- Mənim atam sürücü işləyirdi, ona görə də bu sənət mənə digər peşələrə nisbətən daha yaxın, tanış idi. 1983-cü ilin əvvəllərində, dəqiq ay tarixi yadımda deyil, o dövrdə Tramvay-Trolleybus idarəsinə müraciət etdim sürücü işi üçün, onlar da mənə kurs oxumaq üçün göndəriş verdilər. Bakıda trolleybus sürücülüyünü öyrənmək üçün 6 aylıq kurs var idi. Oranı bitirəndən sonra, imtahan verib trolleybus sürücülük vəsiqəsi aldım. Sonra da qayda belə idi ki, vəsiqəni alandan sonra 40 gün praktika keçməli idin. Trolleybus sürücüsünün yanında oturmalıydıq, trolleybusun, eləcə də sürücünün işini izləməliydik. O da bizə başa salmalı idi. Bu proseduralardan sonra mən sürücü kimi işə düzəldim.

 - Trolleybusların iş rejimi necə təşkil edilmişdi?

- Sürücülər 2 növbə ilə işləyirdilər. Birinci növbənin işi səhər 6-da başlayırdı, günorta saat 2-yə kimi davam edirdi. 2-ci növbə isə günorta 2-də başlayırdı, axşam saat 12-də isə trolleybuslar 8-ci mikrorayondakı parka yollanırdılar və iş yekunlaşırdı. Həftə ərzində də bir gün istirahət günü idi.

 - Bu nəqliyyat vasitəsinə əhalinin münasibəti necə idi?

- Əvvəllər, yəni Sovet vaxtı çox yaxşı idi. Müstəqillik gələndən, kapitalizm dövrü başlayandan sonra, əhalinin münasibəti də, elə bil mənfiyə doğru dəyişdi. Məsələn, əvvəllər xüsusi kütlələr var idi ki, ancaq trolleybusdan istifadə edirdilər. Çünki, təhlükəsiz nəqliyyat vasitəsi idi. Sonradan nəsə müştəri sayı kəskin azaldı, cəmiyyət trolleybusu bəyənməməyə başladı.

 - Bunun səbəbi nə idi?

- İnsanların kaprizləri çoxalmışdı. Həm də trolleybuslar baxımsız olmuşdu. Yəni ki, bu işdə hər iki tərəfin günahı vardı. Əhalinin də, trolleybusun da.

 - Trolleybusun sərnişindaşımada önəmi nə dərəcədə idi?

- Trolleybuslar əsasən işçi qüvvəsini daşıyırdı. Əvvəllər çox adam trolleybusdan istifadə edirdi. Çünki həm qiyməti ucuz idi, həm də mənzil başına təhlükəsiz gedib çata bilirdin. Trolleybus həm də ekoloji baxımdan çox sərfəli idi. Sumqayıtın havasını da ki siz məndən yaxşı bilirsiz. Bu baxımdan trolleybusun xüsusi önəmi vardı.

 - Sürücülərə nə qədər maaş verilirdi?

- Əvvəllər hər şey qrafiklə, bir qaydayla idi. Sovet imperiyası dağılana, ölkə üçün “ağır dövrlər” gələnə kimi hər şey yaxşı idi. Sovet pulu ilə 300-400 manat maaş verilirdi. Bu da o dövr üçün yaxşı maaş sayılırdı. Sonradan 90-cı illərdə həmin pul da dəyərdən düşdü, yenə eyni maaşı alırdıq amma çox az dəyəri vardı. Yadımdadır ki, maaşı almağa yekə bir çantayla gedirdik, bizə çoxlu “kağız” verirdilər.

 - Nə qədər işçi çalışırdı trolleybus parkında?

- Dəqiq yadımda deyil, amma təxmini 100 sürücü var idi. Ümumilikdə parkın 200 işçisi olardı. Çilingərlər var idi, idarə işçiləri və s.

 - Hansı markalı trolleybuslar işləyirdi? Trolleybusların təmirinə, baxımına nəzarət necə idi?

- Mən işləyən dövrlərdə əvvəlcə «ZiU-5» markalı ikiqapılı trolleybuslar idi. Sonradan 80-ci illərdə «ZiU-9»ları gətirdilər. Əvvəllər trolleybus xarab olurdusa, parkda tez bir vaxtda təmir edib, xəttə qaytarırdılar. Bunun üçün xüsusi bu işi öyrənmiş çilingərlər işləyirdi. Sonradan bu qayda da get-gedə itdi.

- Trolleybusların iş rejimi ilə bağlı önəmli bir hadisə olmuşdumu?

- İş qrafikində elə bir dəyişiklik olmasa da, «20 Yanvar» hadisələri vaxtı bir neçə gün pulsuz işləmişdik.

Trolleybus parkının işçiləri «20 Yanvar»ı anarkən

 - Neçənci ildə çıxdınız işdən? Buna səbəb nə idi?

- 1998-ci ildə çıxdım işdən. Səbəb o idi ki, trolleybusda işləmək çox çətinləşmişdi. Həm də ki, gəliri çox aşağı idi. Sovet imperiyası dağılandan sonra, trolleybus da dağılmağa başladı. İlk illərdə yenə birtəhər özünü saxlayırdı. Amma bu axıra kimi mümkün olmadı. Çünki bizə ehtiyyat hissələri, digər vacib olan şeylər Rusiyadan gətirilirdi. Get-gedə ehtiyyat hissələri də tükənməyə başladı, həm də elektrik verilməsində tez-tez fasilələr olurdu. Trolleybuslar da gündən-günə daha da bərbad vəziyyətə düşürdü. Trolleybus xarab olurdu, ehtiyyat hissəsi Azərbaycanda tapılmırdı, başqa bir yararsız olan trolleybusdan çıxardıb düzəldirdik. 90-cı illərdə zibilliklərdə təkər axtardığımız vaxtlar var idi. Nə vaxt ki, elə parkın içindəki sınıq-salxaq ehtiyyat hissələri tükəndi vəziyyət əvvəlkindən də pis oldu. İşçilər də yavaş-yavaş dağılışmağa başladı. Elə o dövrlərdə də mən çıxdım işdən. Mən çıxandan 5-6 il sonra da trolleybus işlədi. Dəqiq ili yadımda deyil, amma, 2000-lərin ortalarında birdəfəlik yoxa çıxdılar. Hərdən trolleybus parkı tərəfdən keçəndə, trolleybuslara baxırdım, hər dəfə biri yoxa çıxırdı; verirdilər metalloma.

 - Bəs sürücülər, digər işçilərin aqibəti necə oldu?

- Qul bazarından mal bazarına kimi gedən oldu (rişxəndlə gülür). Hərə bir tərəfə dağıldı. Qul bazarında dayanan kim, rayona gedən kim, Rusiyaya gedən, bazarda araba sürən və s. Özümsə 1998-ci ildə işdən çıxandan sonra bir müddət işsiz qaldım, sonra Bakıda marşrutların birinə sürücü düzəldim. Hal-hazırda isə tikinti şirkətlərindən birində sürücü işləyirəm.

 - Sizcə, Sumqayıta yenidən trolleybus lazımdırmı?

- Məncə, bu yenidən olsa belə əvvəlki kimi effektli olmaz. Çünki şəhərdə maşın sayı çoxalıb, hərəkət sıxlaşıb. Amma, təhlükəsizlik və ekoloji təmizlik baxımından trolleybus həmişə önəmini saxlayacaq.

Müsahibəni aldı: Samir Abbasov 

Trolleybus parkının işçiləri iməcilikdə
Trolleybus parkının işçiləri iməcilikdə
 
Trolleybus sürücüləri park ərazisində, 1997-ci il

Mənbə: ahlisumgait.blogspot.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın