Menu
Geri İrəli

Təminat əməkdən başlayır – RƏSMİ QƏZET SUMQAYITDAN YAZDI

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2016 • Baxış sayı: 498 dəfə • Şərh yoxdur

iscilerHazırda dünyanı narahat edən məsələlərdən biri də işsizlik problemidir. Son on ildə neçə-neçə böyük sindikatlar, sahibkarlıq subyektləri, iri korporasiyalar maliyyə böhranı ucbatından ya fəaliyyətini dayandırmış, ya da orada işlər yarıbayarı azaldılmışdır. Belə çətin bir dövrdə düzgün iqtisadi siyasətin yeridilməsi nəticəsində Azərbaycan nəinki böhrandan yan keçmiş, hətta, bir çox sahələr üzrə artım qeydə alınmışdır.

İş yeri problemi bütün dövrlərdə mövcud olmuş, hazırda da bu halla qarşılaşmaq adi hallardan biridir. Azərbaycanın iqtisadi siyasətinin tərkib hissəsi olan işsizlik probleminin aradan qaldırılması dövlət proqramlarının icrası zamanı ən çox nəzərə alınan məsələlərdəndir.

Bu gün Sumqayıt şəhərində həyata keçirilən layihələrdə minlərlə insan iştirak edir, bu isə öz növbəsində yeni iş yerlərinin açılması deməkdir. Şəhərin yeni Dənizkənarı bulvarı,Heydər Əliyev Mərkəzinin, Şahmat və Musiqi məktəblərinin tikintisində, yol infrastrukturunun yenilənməsi və təmirində, park və xiyabanların abadlaşdırılmasında, tarixi binaların restavrasiyasında və digər işlərdə minlərlə insan çalışır. Özü də onların çoxu son bir ilin məhsuludur, desək, səhv etmərik. Sumqayıtda aparılan inşaat işləri sırasında Bulvar kompleksinin tikintisi xüsusi yerə malikdir.

Məlumat üçün bildirək ki, Dənizkənarı bulvarın inşasına ötən ilin sonlarından başlanıb. Əvvəllər buranın sosial mənzərəsi çox acınacaqlı idi. Xəzər boyu Sumqayıt sahilləri çirkab içində idi və buralarda yerimək belə mümkün deyildi. Həmin ərazilərin “sakinləri” qarğalar və siçanlar idi.

İşlərin əvvəlində təmizlənmiş əraziyə 2 milyon kubmetr torpaq daşınmış, 3700 metr həcmində istinad divarı çəkilmişdir. Divarın böyük hissəsi artıq üzlənmiş, ətrafında yaşıllıq zolaqları salınmışdır. Eyni zamanda, bulvarda 3 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmiş, yağış sularının axıdılması üçün xüsusi borular quraşdırılmışdır.

Corat kəndi istiqamətində bulvarın əzəmətli girişi hazırlanmaqdadır. Qapının üzərində daşdan hörülən göyərçinlər bu mənzərəyə xüsusi gözəllik qatır. Həmin istiqamətdə sağ və sol tərəflərdə piyada keçidi yaradılmış, yol asfaltlanmış, işıq dirəkləri yeniləri ilə əvəzlənmişdir. Yol ətrafında iki yerdə istirahət üçün park salınmış, müxtəlif növ ağaclar əkilmişdir.

Bütün bunlar insan əməyinin nəticəsində meydana gəlir. Əvvəlki illərdən fərqli olaraq Sumqayıtda abadlıq-tikinti işlərində çalışan işçilər əmək müqaviləsi ilə təmin ediliblər. Sahibkarlıq subyektinin geniş meydana malik olduğu Sumqayıtda bu istiqamətdə də xeyli iş görülüb. Son bir ildə şəhərdə aparılan, demək olar ki, bütün işlərdə yerli işçi qüvvəsindən istifadə edilir.

Əvvəllər çox zaman mövsümi işlərə cəlb olunanlar müxtəlif regiondan dəvətlilər idi. Bu da onların yaşayış tərzində müxtəlif problemlər yaradırdı. Lakin yerli işçilər bəzən kənarda qalırdı ki, bu da haqlı narazılıqla qarşılanırdı.

Tikinti sahələrində istifadə olunan texnikalaarın çoxu yerli sahibkarlara məxsusdur. Traktorlar, ekskovatorlar, ağır tonnajlı maşınlar şəhərə yalnız axşam buraxılır. Bu da öz növbəsində hərəkət qaydalarının pozulmasının qarşısını alır. Digər tərəfdən həmin maşınlar gecə saatlarında şəhərdə rahat hərəkət edə bilirlər.

Bu gün şəhərdə həyata keçirilən layihələrdə minlərlə insan iştirak edir. Bağlanan müqavilələrdə onların çoxunun daimi iş yeri ilə təminatları öz əksini tapıb.

4,2 kilometr uzunluğunda və sahəsi 106 hektar olan Dənizkənarı bulvar tam istifadəyə verildikdən sonra orada çalışanların yarısı elə iştirakları üzrə işlə təmin olunacaqlar. Bulvar kompleksinin yaxınlığında iaşə mərkəzləri, istirahət ocaqları və hotellər yaradılacaq. Bu da müasir dövrün böyük problemi olan işsizliyin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Şəhərdə inşası aparılan və regionun əsas kompleks məkanı olan Kimya Sənaye Parkı işsizlik probleminin aradan qaldırılmasında mühüm rol oynayacaq amillərdəndir.

Sumqayıtlılar zəhmətkeş insanlardır. Onlar şəhərlərini çox sevirlər. Onun inkişafı üçün çalışanlar özlərindən sonra yadigar qoyacaqları hər nə varsa hamısını qoruyub saxlayacaqlar. Çünki yaradılan gələcək üçündür, insanların istirahəti, rahat gediş-gəlişinin təminatı üçündür. Ən böyük təminat isə əməkdən başlayır. Sumqayıtlılar çəkdikləri zəhmətin bəhrəsini götürəcəklərinə əmindirlər.

Akif ƏLİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın