Menu
Geri İrəli

Türkiyə və İraq «Azərikimya» İB-nin məhsullarının sifarişçiləri sırasına qoşulub

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2010 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur

ARDNŞ-nin «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda başa çatdırılmış əsaslı təmirdən sonra kimyaçılar yüksək təzyiqli polietilen istehsalı üzrə aylıq proqnoza artıqlaması ilə əməl etmişlər. Bu zavodda, həmçinin digər kimya müəssisələrində istehsalat sahələrinin tədricən işə salınmasının nəticəsi olaraq Birlik üzrə istehsal həcmi oktyabr ayı ilə müqayisədə noyabrda 33 faizdən artıq yüksəlmişdir. Əmtəəlik məhsulun ümumi artımı ötən ilin müvafiq dövrünə nüsbətən 8,1 faiz təşkil etmişdir. Ayrı-ayrı kimya məhsulları üzrə bu göstərici daha yüksək olmuşdur. Qeyd olunduğu kimi, “Azərikimya” İB-nin kollektivi son bir neçə ay ərzində ümumilikdə bütün kimya müəssisələri üzrə texnoloji tsiklin tam təmin edilməsi məqsədi ilə Səthi aktiv maddələr, “Üzvi sintez” və Etilen-polietilen zavodlarında “xammal–yarımfabrikat–hazır məhsul” prinsipi üzrə maneəsiz istehsal fəaliyyətinə nail olunmuşdur. Statistika da bunu göstərir. Noyabr ayında Səthi aktiv maddələr və “Üzvi sintez” zavodlarında istehsal edilmiş məhsulun həcmi proqnozda nəzərdə tutulduğundan 30 faizə qədər çox olmuşdur. Müəssisələrdə kaustik soda, maye xlor, poliefir qətranı istehsalı üzrə tapşırıqlar uğurla yerinə yetirilmiş, etilen, propilen, butadien-divinil fraksiyası və piroliz qətranının istehsalı üzrə daha yüksək nəticələr əldə edilmişdir. Təqdirəlayiq haldır ki, əvvəllər istehsalatda yaranmış problemləri və geriliyi qətiyyətlə aradan qaldırmaq əzmi ilə çalışan Birlik kollektivi son illərdə itirməkdə olduğu alıcı şəbəkəsini bərpa etməklə yanaşı, onun genişləndirilməsinə də nail ola bilmişdir. Son 2 ay ərzində Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan müəssisələri ilə yanaşı Türkiyə və İraq təmsilçiləri də “Azərikimya” İB-nin məhsullarının sifarişçiləri sırasına qoşulmuşdur. Yaxın günlərdə isə qiymətli kimyəvi məhsul olan polietilenin Çin Xalq Respublikasına yola salınması planlaşdırılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın