Menu
Geri İrəli

“Vətəndaşlar Sumqayıtdan Bakıya uçaraq gəlməlidir?”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2015 • Baxış sayı: 1,066 dəfə • Şərh yoxdur

150526160413_baku_cars_624x351_gettyBakı-Sumqayıt yolunda böyük tıxaclar başlayıb. Əsas yol bağlanıb, şəhərə gəlmək istəyən maşınların qeydiyyatı yoxlanılır.

BBC Azərbaycancaya danışan şahidlər deyirlər ki, onlar uzun müddət tıxacda gözləməli olublar. Hətta taksi tapmaqda belə çətinlik çəkənlər olub.

Bu hal iyunun 12-də Bakıda başlanacaq 1-ci Avropa Oyunları ilə əlaqədar, yük maşınlarının və rayon qeydiyyatında olan maşınların Bakıya girişinin qadağan edilməsi ilə bağlıdır.

Dövlət yol polisi mayın ortalarında əhaliyə müracət edərək, rayon qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını bildirmişdi.

Sürücünün şikayəti

Şahidlərin BBC Azərbaycancaya dediyinə görə, qadağa hətta Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan maşınlara da aiddir.

6 ildir yük maşınını idarə edən və müxtəlif rayonlarla Bakı arasında yük daşıyan Aqil Yarıyev bu qərardan sonra çox məyus olub. O deyir ki, artıq 2 gündür, işləmir.

“Deyirlər ki, qadağan olunmuş əraziyə girsən, maşının Olimpiya oyunları başa çatana kimi cərimə meydançasında qalacaq. Min dənə dərdimiz, problemimiz var. Pul qazanmalıyam. Amma hökumətin qarşısında nə edə bilərik ki?!” o deyir.

Digər sürücü Pərviz Misirov isə onun üçün çox çətin olacağını deyir. “Çox vaxt yükü şəhərə gətiririk. 6 ildir Kamaz sürürəm, ailəmin dolanışığı ancaq bu maşından çıxır. Əgər şəhərə buraxılmasaq, məcburuq rayonlarda iş axtaraq, onda da ev kirayələməliyik ki, bu da sərf etmir”.

Bəzi məlumatlara görə, qadağanın tətbiq edilməsi üçün Azərbaycanın bölgələrindən də yol polisi əməkdaşları Bakıya ezam edilib.

Bayram, yoxsa qanunsuzluq?

“Belə beynəlxalq yarış ölkədə bayrama çevrilməlidir. Amma bu əhalinin hüquqlarını məhdudlaşdırmaqla nəticələnib”, hüquqşünas Namizəd Səfərov deyir.

“Əgər şəhərdə böyük idman yarışının keçirilməsi üçün şərait yoxdursa, bunu zorla etməyə ehtiyac yox idi. Azərbaycanın az problemi yoxdur, indi daha da çoxalıb. Bu qaydalar qanunsuzdur və əhalinin azad hərəkət etmək hüququnu pozur”, o əlavə edir.

Hüquqşünas Ələsgər Əhmədoğlu bu qaydaların Konstitusiyanın bir neçə maddəsini və qüvvədə olan Yol hərəkəti haqqında qanunu birbaşa pozduğunu deyir.

“Konstitusiyanın 25-ci maddəsi sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyinə təminat verir. Bənddə deyilir ki, “insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.

“Vətəndaşlar rayon və şəhər qeydiyyatında olmasına görə, kateqoriyalara bölünüb. Buna görə də, bir çoxları şəxsi mülkü olan avtomobilindən istifadə edə bilmir. Bu da 29-cu bəndin pozulmasıdır. Yəni, bu qərarı qəbul edən icra qurumları dərk etməlidirlər ki, onlar Konstitusiyanın normalarına zidd qayda qoya bilməzlər. Orada heç bir sənəd də yoxdur ki, onun əsasında belə qadağalar qoyulsun”.

Cənab Əhmədoğlu onu da deyir ki, qüvvədə olan qanuna görə əgər hansısa yol bağlanırsa, bu zaman vətəndaşların dolayı yol ilə hərəkəti təşkil edilməlidir.

“Həm Sumqayıt, həm Ələt, həm Binəqədi yolunu bağlayanda vətəndaşlar şəhərə uçaraq gəlməlidir? Bəlkə biri xəstə aparır xəstəxanaya, o necə hərəkət etməlidir?” deyən hüququşünas digər porblemin təklif edilən avtoparklarla əlaqəli olduğunu vurğulayır. Onun sözlərinə görə, bu avtoparkların qanunauyğun təşkili və sığortalanması sual altındadır.

“Müvəqqəti qərar”

Millət vəkili Aydın Mirzəzadə qəbul edilmiş qadağa qərarını düzgün hesab edir. O, qaydalarda heç bir hüquq pozuntusunun olmadığını bildirir.

“Bakıda böyük beynəlxalq tədbir keçiriləcək. Şəhər onsuz da əhalinin sıx yaşadığı bir yerdir. Qərar isə müvəqqətidir. Alternativi olmayan qaydalar olsaydı hüquq pozuntusu olardı. Həmin maşınların saxlanılması üçün ödənişsiz dayanacaqlar fəaliyyət göstərir, insanlara xidmət edən əlavə vasitələr var. İnsanların digər hüquqları qüvvədədirsə, hüquq pozuntusu yoxdur”, millət vəkili deyir.

Dövlət Yol Polisi əhaliyə məsləhət görüb ki, “müasir, komfortlu ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər”. Ancaq BBC Azərbaycancaya danışan şahidlər, alternativ nəqliyyat vasitələrinin olmadığını və ya məhdud və əziyyətli olduğunu bildirib.

“Bu ilk günün problemidir və müvafiq strukturlar bu problemləri qısa zamada həll etmək iqtidarındadırlar”, Aydın Mirzəzadə belə hesab edir.

Hüquqşünas Ərşad Hüseyn tətbiq edilmiş qaydaların tam qanunsuz olmadığını bildirir.

“Bakı Şəhərinin Nəqliyyat İnfrastrukturunun İnkişafı ilə bağlı proqram 2007-ci ildə qabul olunub. Orada aydın şəkildə göstərilir ki, günün müxtəlif saatlarında 5 tondan artıq yük daşınyan avtomobillərin şəhərə girişi məhdudlaşdırılsın. Buna görə yük maşınları ilə bağlı qərar başadüşüləndir. Əsas problem minik maşınları ilə bağlıdır ki, burada da qadağa tətbiq edilməsi doğru deyil. Yaxşı olardı ki bu qaydalar tövsiyyə xarakteri daşısın”.

Ancaq o, ictimai nəqliyyatın yararsızlığının əsas problem olması fikrilə razılaşır.

“İnanın əgər Bakı- Sumqayıt arasında ictimai nəqliyyat ideal olsaydı, hər kəs ondan istifadə edərdi. Ümumiyyətlə görülən tədbirlər bir-birini tamamlamalı idi”.

Millət vəkili Fazil Mustafa da bu halın vətəndaşların hüquqlarınnı pozulması kimi dəyərləndirir. O deyir ki, bu nəqliyyatın doğru tənzimlənmməsindən irəli gəlir və yanlış addımdır. “

Vətəndaşın üstünə belə yük qoymaq yalnışdır. Maşınların buraxılmaması vətəndaşda haqlı olaraq narazılıq doğurur. Beynəlxalq tədbir keçirəndə nəqliyyatın hərəkatını məhdudlaşdırmaq olar, amma ümumiyytlə qadağan etmək yox. Vətəndaşların iş prosesinin pozulmaması üçün kompensasiya düşünmək lazımdır. Yoxsa onlar bir ay işləməsələr, müflisləşərlər”, o belə hesab edir.

1-ci Avropa Oyunlarının keçirildiyi müddət ərzində Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədi ilə iyun ayının 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinin hərəkətinə isə müəyyən məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulub, Dövlət Yol Polisinin rəsmi bəyanatında deyilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın