Menu
Geri İrəli

Xəbərə görə həbs

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2009 • Baxış sayı: 389 dəfə • 1 şərh

bff50f870341Xanlar Xoca
xanlarxoca@gmail.com

Deyirəm doğurdan da düz deyiblər ki, “qulaq gündə bir xəbər eşitməsə kar olar”. Biz gündə bir yox, az qala milyon xəbər alırıq. Çoxu da olur ağlamalı xəbərlər. Məsələn bu gün SIA-nın yaydığı informasiyadan belə məlum oldu ki, bundan sonra “xalq artisti Nisə Qasımova haqqında hər hansı bir xəbər, məlumat dərc edərək yayımlayan KİV, eyni zamanda prodakşnın icazəsi olmadan, xəbərdarlıq edilmədən hər hansı efir sənətkar xanımın görüntüsünü göstərərsə, haqqında süjet yayımlayarsa məsuliyyətə cəlb olunacaq. Sənətkara hörmət əlaməti olaraq onun haqqında hər hansı məlumatı əldə etmək istədikdə, görüntüsünü yayımlamaq istədikdə yalnız və yalnız “Kainat” prodakşnın mətbuat xidmətinə” müraciət etmək lazımdır. Belə məlum olur ki, mən Nisə xanım haqqında yazarkən bu prodakşna müraciət etməliyəm, amma iş vaxtı bitdiyi, mənim isə işdən sonra da kiminləsə əlaqə saxlamaq üçün mobil telefonum olmadığından xoruzların nə vaxt banlayıb səhərin açıldığını xəbər verməsini gözləməliyəmmiş. Amma səhərə qədər nələr olacaq Allah bilir.

İndi bilmirəm bu qayda ənənə şəklini alsa necə olacaq, birdən hansısa idarə rəhbəri də onun adından danışmaq üçün hansısa prodakşna lisenziya versə onda bizim informasiya almaq azadlığımız olacaq beş qəpiklik. Hamı deyəcək ki, sən mənim fotomu niyə icazəsiz vermisən, mənim adımı niyə icazəsiz yazmısan və s. Qəzetlər və saytlar ağaracaq, televizorlarda görüntü kəsiləcək, radiolarda ad yerində hansısa “düüüt” siqnalı veriləcək. Əvəzində isə cinayət işlərinin sayı artacaq, jurnalistlərdən kimsə buna görə həbsə düşəndə içəridə soruşacaqlar ki, “sən nə üstə düşmüsən bura”, cavabı təxminən belə olacaq ki, “əşi, axşam idi, bir dostum zəng elədi ki, bəs filan müğənni indicə qəza törətdi, mən də prodakşna zəng elədim cavab verən olmadı, özünə zəng edəndə isə kobud cavab verib telefonu qapatdı, məcbur olub necə var yazdım, nəticəsi də belə oldu”. Bu cür davam etsə axırda informasiyanın qiyməti də o qədər qalxacaq ki, nişanlı qızlara qızıl yerinə informasiya verəcəklər. Bəlkə də bu qeyri neft sektorunun daha da inkişafına müsbət təsir göstərəcək, amma hər halda jurnalistlərin vəziyyəti ağlamalı olacaq. Yenə heç olmasa bəzi məmurlardan ildə, ayda bir dəfə Fəxri Xiyabanda, ya da hansısa konfransda nəsə informasiya almaq olur, indi müğənniləri harda taparıq, çoxu heç Fəxri Xiyabanın harda yerləşməsindən xəbərsizdir, əksəriyyəti heç konfrans sözünü tələffüz edə bilmir, bəlkə də heç ömründə eşitməyib, o ki ola konfransda iştirak edə, qapıdan çıxanda jurnalistlər onu sorğu suala çəkələr.

Deyəsən informasiya almaq kosmosa uçmaqdan da çətin olacaq. Belə yerdə deyiblər ki, “əcəb görəcək günlərimiz var imiş, ölmədik bu günü də gördük”. Hələ yaxşı ki, bu prodakşn sözü var, yoxsa işlər lap qəliz olardı.

YAZARIN DİGƏR YAZILARI

Telebasabas

Kal Gavalı

Əyri güzgülər ölkəsi

Sevgililər günü

Ad günü

Facebook Şərhləndirmə:

“Xəbərə görə həbs” yazısına bir cavab

  1. vusal deyir:

    Ela Xanlar – yazi olduqca lezet eledi

Şərhinizi yazın