Menu
Geri İrəli

“Xoşbəxtliyi Sumqayıtda, bu gözəl şəhərdə tapmışam”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2015 • Baxış sayı: 526 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan kimya sənayesi -70

  1439971698_unnamedAzərbaycan kimya sənayesinin tarixində ən mühüm hadisələrdən biri Sumqayıt kimya sənayesinin patriarxı sayılan Səthi aktiv maddələr zavodunun istismara verilməsi olmuşdur. Kimya sənayesinin inkişafında özünəməxsus rolu olan bu müəssisə uzun illəri əhatə edən fəaliyyəti ərzində 30-dan artıq müxtəlif çeşidli məhsullarını Sovetlər Birliyinin bütün res­publikalarına, 15-ə yaxın xarici ölkəyə, ümumilikdə isə 100-dən artıq ünvana gön­dərərək ölkə büdcəsinə külli miqdarda gəlir gətirmişdir. Ötən 70 il ərzində zavod minlərlə insana qucaq açmış, bu insanların hər birinin taleyində silinməz izlər buraxmışdır. Bunların arasından zəhmətkeşliyi, əzmkarlığı ilə fərqlənən, kimyaçı peşəsini bütün peçələrin alisi sayan və bu peşəni öz əməyii ilə şərəfləndirən yüzlərlə insan şöhrət zirvəsinə ucalmış, orden və medallara, yüksək fəxri adlara, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatlarına layiq görülmüşlər. Onların sırasında müəssisənin ilk və uzun müddət direktoru olmuş Azərbaycanın Əməkdar mühəndisi, Lenin ordenli Mehdi Mehdiyev, SSRİ-nin əlaçı kimyaçısı, «Qırmızı Əmək Bayrağı» ordenli Əliş Mustafayev, Sosialist Əməyi Qəhrəmanı, aparatçı Dadaş Dadaşov, Azərbaycanın Əməkdar mühəndisi, Dövlət mükafatı laureatı, hazırda Prezidentin fərdi təqaüdçüsü Zülfü Sadıqov, «Qırmızı Əmək Bayrağı» ordenli çilingər İnqilab Səfərov, Lenin ordenli aparatçı Əlisəfa Səfərov, həmçinin bir sıra mükafatlara layiq görülmüş tanınmış kimyaçılar Lazar Avlastimov, Camal Məmmədov, Qafar Ağayev, Qılıncxan Tağıyev, Arif Musayev, Əmir Abdullayev, Samir Manafov, Firudin Abdullayev, Xəlil Bağırov və onlarla digər əmək adamları var idi.

Bu dəfəki yazımızda 50 ildən yuxarı əmək stajına malik, iki dəfə Lenin ordeninə layiq görülmüş, Sosialist Əməyi Qəhrəmanı Dadaş Dadaşovun şərəfli ömür yolundan bəhs etmək qərarına gəldim.

Şəhərimizdə az adam tapılar ki, Dadaş Dadaşovu tanımasın, onunla ünsiyyətdə olma­sın. Bu əmək qəhrəmanı ilə son dövrlərə qədər, demək olar ki, bütün şəhər təd­birlərində rastlaşır, hal-əhval tuturdum. Növbəti dəfə isə, Sumqayıt Dövlət Universitetinin Sumqa­yıt hadisələri ilə bağlı təşkil etdiyi tədbirdə görüşmüşdük. İmkan tapıb xeyli söhbət etdik. Məqsədimi bildirdim. Etiraz etmədi… Beləcə fikirlər çözələndi. Ötən illər lent yazısı kimi Dadaş müəllimin gözəri önündən keçməyə başladı. Buununla da söhbətimizə körpü qoyuldu və bu söhbətin nəticəsi olaraq qəzetdə onunla bağlı bir səhifəlik yazı dərc etdirdim.

1439971690_unnamed2

İllər yormuş bu insanla hər söhbətdə onun olduqca səmimi, mehriban, sadə və təvazökar olduğnu özlüyümdə bir daha yəqin edirdim. 80 yaşını tamamlasa da çox sağlam və gümrah görünürdü. Sifətinin cizgiləri onun zəhmətlə yoğrulmuş həyat yolunun izlərini əks etdirirdi. Təbii ki, bu yol o qədər də hamar və rahat olmayıb. Heç vaxt başı iş-gücdən açılmayan, yorulmağın nə olduğunu bilməyən bu insan gecəsindən, gündüzündən asılı olmayaraq hər cür zəhmətə qatlaşıb. Alın təri ilə çörək qazanıb. Ev-eşik, ailə-uşaq sahibi olub.

Sumqayıt qəhrəmanımızın gözləri qarşısında ucalıb. Axı Dadaş Dadaşov 60 ildən artıq bu şəhərlə nəfəs alıb, onun varlığına sığınaraq xoşbəxtliyə qovuşub.

Dadaş Dadaşov 1932-ci il fevral ayının 3-də Sumqayıt rayonunun Pirəkeşkül kəndin­də kolxozçu ailəsində anadan olub. Atası İkram kişi kolxozda birqadir işləyib. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar atası orduya çağrılıb. Onda Dadaşın cəmi doqquz yaşı var idi. Balaca olmasına baxmayaraq anası və özündən kiçik üç bacısının tale yükü Dadaşın çiyinlərinə düşür. Anasını və bacılarını dolandırmaq üçün kolxozda işləməyə başlayır. Atasının müharibədən geri qayıtmaması onun qayğılarını bir az da artırır.

Xəzərin sahilində, ucsuz-bucaqsız bir səhrada özünə məkan tapmış Sumqayıtda tikinti işləri canlanmağa başlayanda Azərbaycanın hər yerindən, o cümlədən Rusiyanın müxtəlif vilayətlərindən buraya işləməyə gəlirdilər. Belə ailələrdən biri də Dadaşgilin ailəsi idi. Onlar Sumqayıt stansiyası yaxınlığındakı Tuqzavod deyilən yerdə məskunla­şırlar. Müraciət etsə də, yaşı az olduğundan ona zavodda işləməyə icazə verilmir. Ona görə də bir müddət Tuqzavod ərazisindəki yardımçı təsərrüfatda çalışır. Özü malabaxan, anası sağıcı işləyir.

Ağır müharibə şəraitinə «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!», «Xlor və kaustik soda isteh­salatlarının vaxtından əvvəl tikintisi – bizim alman faşizmi üzərində qələbəyə kömə­yi­miz­dir!» devizi ilə yorulmadan, gecə-gündüz çalışan, sıralarında yeniyetmələrin, qadın­ların və yaşlı adamların üstünlük təşkil etdiyi inşaatçı-quraşdırıcılar müəssisənin ilk ob­yektlərini – diafraqma elektrolizi, antikorroziya, mexaniki-təmir sexlərini, sintetik xlorid turşusu qurğusunu sürətlə tikib istifadəyə verdilər. İnşaatçı və quraşdırıcılar elə böyük ruh yüksəkliyi və əzmkarlıqla çalışırdılar ki, sanki onlardan tikintinin yox, qələbənin taleyi asılı idi.

Kimya kombinatının işə salınması ilə əlaqədar Tuqzavodun fəaliyyəti dayandırılır. Dadaş da Səthi Aktiv Maddələr zavodunda işləməyə göndərilir. Beləcə Dadaş Dadaşov 1949-cu ilin iyun ayının 10-dan kimyaçılar ailəsinə qovuşur. Kimya zavodunun 2-ci sexinə təmizləyici qəbul olunan bu balaca, arıq və çəlimsiz oğlan işgüzarlığı, bacarığı ilə ilk günlərdən digərlərindən seçilməyə başlayır. Sonradan onu 9-cu sexə – qələvi sexinə aparatçı təyin etdilər.

Hər dəfə söhbət düşəndə qəhrəmanımız həmin illəri belə xarakterizə edirdi: “-Məs­kun­laşdığımız ərazidə Tuqzavod deyilən müəssisə vardı. Burada «Tuq» markası ilə keyfiyyətli gübrə hazırlanırdı. Müharibə başladığından zavoden fəaliyyəti dayandırılmışdı. Daha doğrusu, gübrə istehsalı dayandırılmış, cəbhə üçün müəyyən silah-sursat hazırlan­mağa başlan­mışdı. Eyni zamanda Kimya zavodunun tikintisinin davam etdirilməsinə icazə verilmişdi. Mühari­bənin hələ də davam edən ağrı-acısı adamları gecə-gündüz işləməyə məcbur edirdi. Coratın yaxınlığında – indiki 17 və 18-ci mikrorayonların ərazilərində taxıl yetişdirilirdi. Biçin zamanı bizi taxıl biçininə gətirirdilər. Çadırları qurub səhərdən axşamacan işləyirdik. Hər tərəf üzüm və əncir bağları ilə əhatəolunmuşdu.

1439971680_unnamed32

1949-cu ildə Sumqayıta şəhər statusu verildi. İndi Kimyaçılar qəsəbəsi şəhərin mərkəzi hesab olunurdu. Bu ərazidə çoxlu baraklar vardı. Mən zavoda gələndə on yeddi yaşım vardı. Zəhərli sahə olduğundan işləməyə icazə vermirdilər. Ona görə də çox məyus olmuşdum. Ailə vəziyyətimi, atamın müharibədən qayıtmadığını nəzərə alıb ərizəmin üstünə «zərərli sex» əvəzinə «qaynar iş şəraiti» olan sex sözlərini qeyd etdilər. Aparatçı kimi fəaliyyətə başladım. Sexdə kaustik soda hazırlanırdı. Yaxşı işləyəndə, plan və tapşırıqları artıqlaması ilə yerinə yetirəndə əlavə mükafat da verilirdi. Ona görə də işimə həmişə can yandırırdım. Yeri gələndə iki nəfərin işini görürdüm. İlk direktor Mehdi Mehdiyev idi, bu illər ərzində bir neçə dirertorla işlədim. Hərbi xidmətimi başa vurduq­dan sonra da doğma kollektivə qayıtdım. Yenə də işə həvəslə başladım. İşə can yandırdım. Təhsilimi fəhlə-gənclər məktəbində davam etdirdim, işimdən ayrılmadan kimya-texnologiya texnikumunda təhsil aldım…”

1966-cı il Dadaş Dadaşovun yaddaşına silinməz izlərlə həkk olunur. Qazandığı əmək nailiyyətlərinə görə İttifaqın ən yüksək mükafatı sayılan Lenin ordeninə layiq görülür. Zavodun müdiriyyəti qabaqcıl əmək adamı kimi onu daha çətin sahəyə – herbisid sexinə keçirir. Tezliklə o, burada da fərqlənərək, yeni nailiyyətlər qazanmağa başlayır.

Dadaş Dadaşovun 1971-ci ilin aprel ayında ən yüksək mükafata, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür və ikinci dəfə Lenin ordeni ilə təltif olunur, şəhər Sove­tinə deputat seçilir, «Qızıl ulduz» medalı alır.

1982-ci ildən 1996-cı ilədək Səthi aktiv maddələr zavodunun buxarlandırıcılar sexində briqadir işlə­yən, fəaliyyəti dövründə yaxşı işi ilə fərqlənən əmək qəhrəmanı uzun müddət Sumqayıt şəhər Partiya Komitəsi Plenumunun üzvü olmuş, şəhər sovetinin depu­tatı kimi ictimai işlərdə fəal iştirak etmişdir. Lenin yubileyi və Əmək veteranı medallarına layiq görülmüş, fəxri fərmanlar almış, nəhayətdə Ümummilli lider, Ulu öndər Heydər Əliyevin fərmanı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Sosialist Əməyi Qəhrəmanı Dadaş Dadaşov təqaüdə çıxandan sonra da şəhərimizin bütün tədrbirlərində, ictimai-siyasi həyatında yaxından iştirak etmiş, şəhər Veteranlar Şurasının üzvü kimi keçdiyi şərəfli əmək yolunu, bu yolda qazandığı uğurları gəncləri­miz­lə bölüşmüş, onları həyatda doğru, düzgün yol seçməyə səsləmişdir.

Dörd oğul, bir qız atası olan Dadaş Dadaşov öz övladlarını da əməksevər, vətənə bağlılıq, dövlətə sadiqlik, insanlara sevgi və sayğı ruhunda tərbiyə etmişdir. İndi onların hərəsi bir sənət sahibidir.

Dadaş Dadaşov söhbətlərində hər zaman xüsusi olaraq vurğulayırdı ki, ağır və olduqca çətin günlərin şahidi olsam da, taleyimdən heç vaxt narazı qalmamışam. Özümü xoşbəxt hesab etmişəm. Bu xoşbəxtliyi isə gənclik və kimyaçılar şəhəri adlandırdığımız Sumqayıtda, bu gözəl şəhərdə tapmışam. Axı Sumqayt şəhərinin bütün məhəllə və mikrorayonları, bütün kimya müəssisələri mənim gözlərim önündə tikilib.

Sumqayıtın fəxri olan qəhrəmanımız bu gün cismən aramızda olmasa da, onun ölməz xatirəsi, onu tanıyanların, qədirbilən sumqayıtlıların yaddaşında həmişə yaşa­yacaq, xoş duyğularla xatırlanacaqdır.

Rafiq Oday,

Əməkdar jurnalist

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın