Menu
Geri İrəli

Zaman çirkabı sevmir…

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2010 • Baxış sayı: 278 dəfə • Şərh yoxdur
Share Button

Arzu Şirinova

İki həftəlik məzuniyyətdən sonra yenidən iş başındayam. Məzuniyyət vaxtı özümə söz vermişdim ki, işə dönən kimi ilk toxunacağım mövzu Sumqayıt şəhərinin böyük Nəsiminin adını daşıyan, ancaq bərbad gündə olan parkı ilə bağlı olacaq. Çünki evdə qaldığım günlər ərzində bir neçə dəfə parka çıxaraq dincəlmək fikrinə düşdüm, təəssüf ki, dincəlmək əvəzinə… Yaxşı olar ki, gördüklərimi və eşitdiklərimi sizlərlə bölüşüm.
Sumqayıtdakı Nəsimi parkı çox böyük ərazini əhatə edir. “Bakı” şadlıq evindən başlayan və “Şəhidlər Xiyabanı”nda bitən parkın əksər yerlərində işıqlar yanmır. Əsasən də “Bakı” şadlıq evi ilə körpü deyilən ərazinin arasında bir dənə də olsun işıq dirəklərinə rast gəlmirsən. Bu yerlər zülməti xatırladır. Tək-tük yerlərdə işıq yanır ki, bunlar da mövsümi iaşə obyektlərinin sahibləridir. Onlar da yalnız öz ərazilərinin işıqlanmasını təmin edirlər. Bu ərazilər isə neçə illər bundan öncə salınmış, ancaq ildən-ilə seyrələn küknar ağaclarının altıdır. Şəhər sakinlərinin dediyinə görə, şər qarışandan sonra Nəsimi parkının bu hissəsinə gəlmək qorxuludur. Çünki dəfələrlə olub ki, həmin ərazilərdə cibgirlik, adam bıçaqlama və s. iyrənc hadisələr baş verib. Soruşa bilərsiniz ki, bəs şəhər polisi hara baxır? Yenə də şəhər sakinlərinin dediyinə görə, əraziyə nəzarət edən polislər, ancaq cavan cütlükləri təhdid etməklə pul qazanırlar. Hadisə yerinə hər şey olub bitəndən sonra gəlirlər…
Nəsimi parkının sanitar vəziyyətindən isə danışmağa dəyməz. Kim hara və necə gəldi zibili tullayır. Bir neçə yerdə hətta zibil qalağına rast gəlirsən. Təsəvvür edin ki, bu yerlərdə fəaliyyət göstərən çayxana və yeməkxanalardan istifadə edən sakinlər həm də zifil qoxusunu udur, iyrənclikləri görürlər. Dəfələrlə şəhər camaatı əlaqədar təşkilatlara müraciət etsələr də nəticəsi olmayıb. Əlaqədar təşkilatlar məsələni çözmək, Nəsimi parkını zibildən və üfunətdən təmizləmək, işıq sistemini bərpa etmək, bir sözlə parkı abadlaşdırmaq əvəzinə, problemi bir-birinin üstünə atmaqla məşğuldurlar.
Şəhər sakinlərini bir məsələ də çox maraqlandırır. Deyirlər ki, Sumqayıtın 60 illik yubleyində dövlət başçısı şəhərin abadlaşdırılması üçün yarım milyon manat vəsait ayırdı. Ancaq bu vəsaitin hara xərcləndiyi məlum deyil.
Bir də şəhər sakinləri onu da deyirlər ki, Sumqayıtın gündən-günə abadlaşması əvəzinə bu günə düşməsinin bir səbəbi də şəhər rəhbərliyi ilə bələdiyyə sədrinin çox məsələlərdə sözlərinin çəp gəlməsidir. Elə bu yaxınlarda baş verən insident sakinlərin sözlərində həqiqət olduğunu təsdiqlədi. Belə ki, şəhər bələdiyyəsində yaranan ikitirəlik, şəhər rəhbərliyinin tərəfdarları ilə bələdiyyə sədrinin tərəfdarları arasında insidentə zəmin yaratdı. Vəziyyət o həddə çatdı ki, bələdiyyə sədrinin hesabatı hay-küylə qarşılandı. Şəhər rəhbərliyinin tərəfdarları sədri günahlandıraraq bildirdilər ki, fəaliyyəti sıfıra bərabərdir. Belə fəaliyyətin nəticəsidir ki, şəhər sakinləri arasında bələdiyyə hörmət və inam yox dərəcəsindədir. Qarşı tərəfin isə arqumenti budur ki, şəhər rəhbərliyi bələdiyyənin işinə müdaxilə edir, qurumun sərbəst fəaliyyətinə imkan yaratmır.
Hər halda hansı tərəfin haqlı olduğunu zaman göstərəcək. Ancaq zaman Sumqayıtın parklarının, əsasən də Nəsimi parkının çirkaba qərq olduğunu gözləmir. Ümumiyyətlə, zaman çirkabı sevmir…”Xalq Cəbhəsi”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın