Menu
Geri İrəli

Altıbarmaqlılar – onların bizdən fərqi nədir?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 712 dəfə • Şərh yoxdur
Share Button

İsmayıllı dağlarındakı altıqanadlı Şeşpər baba dərgahında salınan malakan kəndinin sirri…

bf01b72200c821ba9161490b83a081f9
Rusiya malakanları altıqanadlı Serafim mələyini dünyanın dörd tərəfində axtara-axtara axırda bir gün gəlib çıxırlar bizim gözəl Azərbaycana. O ziyarətgaha fikir verirlər, bu ziyarətgaha baxırlar. Axır bütün diqqətlərini cəmləyirlər İsmayıllı dağlarındakı altıqanadlı Şeşpər baba dərgahında. Qərara gəlirlər bəs altıqanadlı Serafimin əsl yeri… bağışlayın əsl göyü, səması elə bax, bu müqəddəs ünvandadır. Şələ-şülələrini soyuq Rusiyadan yığıb-yığışdıraraq köçüb gəlirlər füsunkar mənzərəli İsmayıllıya. Burda məşhur İvanovka kəndini salıb ölkəmizdə kök atırlar.
Təəccüblənməyin, bu ərazidəki Qəbələ RLS də müəyyən mənada sanki altıqanadlıdır. Hər üç qülləsinin başını iki buynuzlu ötürücü antena bəzəyir axı. Cəmlə bu rəqəmləri. Yenə altı rəqəmiylə, altıqanadlı mələklərlə, altı qanadlı hərbi raketlərlə tək-tənha qalıb azca karıxacaqsan.
ŞEŞPƏR BABA OCAĞI: İsmayıllı dağlarında yerləşən bu müalicəvi pirdə 6 rəqəmi xüsusən vurğulanır. Zəvvarlar, altı nəfərlik dəstələr halında ziyarətgaha buraxılırlar. Altı dəfə dönürlər Şeşpər baba məzarının başına. Ziyarətdən sonra zəvvarlara adətən 6 konfet hədiyyə edilir. Ziyarətgahda 6 müqəddəs məzar, 6 müqəddəs ağac da mövcuddur. Qurbanlıq heyvan burda hər yerdə olduğu kimi, yeddi deyil, altı tikəyə parçalanır. İçalatı atılır hər qapıdakı 6 vəhşi köpəyə.
Ziyarətgahla az-çox tanışlıqdan sonra adama elə gəlir ki, nə vaxtsa burda yadplanetlilər qəzaya uğrayıb torpağa tapşırılıblar. Sonra üzərində ziyarətgah inşa edilib. “Şeşpər” kəlməsindən də göründüyü kimi, bu yadplanetlilər bizim kimi beş barmaqlı yox… altı barmaqlı olublar. Xalq altıbarmaqlı insanlarla altı qanadlı mələklər, yaxud yadplanetlilər arasında heç vaxt fərq qoymayıb. Bir gözlə baxıb bütün bu möcüzələrə.
Yadplanetlilərin altıbarmaqlı olma faktı havadan gəlmə boş söhbət deyil. Əllərdə bu məlumatları təsdiqləyən kifayət dərəcə ciddi məlumatlar var.
ROZUEL QƏZASI (ingiliscə “Roswell UFO incident”): 1947-ci ilin iyul ayında, ABŞ-ın Nyu-Meksika ştatı ərazisində, Rozuel hərbi bazası yaxınlığında naməlum uçan obyekt (UNO) qəzaya uğrayır. Yerli fermer Mark Breyzel sonralar bu barədə ABŞ mətbuatına diqqət edin nələr söyləyib: “Gecə yarısı yaşadığımız evi elə biləsən şimşək vurdu. Sonra naməlum parıltı bir an gözlərimizi kor etdi. Hiss etdim bütün bunlar nəticəsiz, itkisiz ötüşməyəcək. Ağzım falmış – səhər çağı gördüm qoyunlarımın sayı xeyli azalıb. Əndişələndim. Qoyunları axtara-axtara gəlib yetişdim bomboş bir əraziyə. Burda sanki UNO qəzaya uğramışdı. Saysız qəlpələri ətrafa səpələnmişdi. Bəziləri həcmcə böyükdü, digərləri xırda. Üzərlərində elə biləsən çin ieroqlifləriylə nəsə yazılmışdı. Öz ”Cip”imə bu qənimətləri yükləyib qayıtdım fermama. Qonşularım axşam başıma yığılıb mənə dedilər bəs gərək mütləq yerli radioların birinə bu tapıntılar haqda müsahibə verəm. Məsləhətlərə əməl etdim. Sabahısı gün, iyulun 8-də Rozuelə gedib orda FM dalğasında işləyən bir radioya bildiklərimi danışdım. Qəfil başımızın üstünü hərbçilər, əsgərlər kəsdirdi. Veriliş yarıdaca dayandırıldı”.

unnamed (4).jpg (10 KB)
YADPLANETLİ CƏSƏDLƏRİ: Sabahısı gün əyalət qəzeti “Roswell Daily Record” də bu mövzudan kənarda qalmaq istəmir. Əhvalatı olduğu kimi öz səhifələrinə çıxarır. Yerli hərbi bazadakı zabitlər də tapıntı ilə əlaqədar öz izahlarını mətbuata ötürürlər. İctimaiyyət üçün buraxılmış o vaxtkı press-relizi indi həyəcansız oxumaq mümkün deyil. Digər şahidlər israr edirdilər ki, UNO-nun yaxınlığında iki, yaxud üç yadplanetli cəsədi varmış. Cəsədlərin birində həyat əlamətləri hələ sönməyibmiş – “Mən meyitlərə lap yaxınlaşdım. Yadplanetlilərin başı yup-yumru, özü də tam saçsız-tüksüzdü. Bədənləri ilə nisbətdə bu başlar həcmcə çox böyük göründü mənə. Cıqqılı gözləri qapaqsız idi. Geyimləri düyməsiz, qayışsız”.
Vaxtilə bizim Şeşpər baba ziyarətgahı ərazisində də bax bu cür uçan naməlum obyekt qəzaya uğrayıb yəqin ki. Camaatı eyni oxşar şəkildə xeyli həyəcanlandırıb. Cəsədlərin altıbarmaqlı olması xalq yaddaşına silinməz iz qoyub o zaman. Hadisə elə bax bu “Şeşpər baba” adı ilə xatirələrdə kodlaşdırılıb.
MÜHÜM NÜANS: Qəzaya uğramış uçan boşqabın altıkünclü olması alimləri əvvəlcə bir o qədər də düşündürmür. Ancaq tezliklə bilinəndə ki, bəs burda həlak olmuş yadplanetlilər də altıbarmaqlıdır… Həə, alimlərin qaşları çatılır. Başda doktor Bronk olmaqla həkim tədqiqatçılar fikrə dalıb öz aralarındakı altıbarmaqlılara tərs-tərs baxmağa başlayırlar. 30 noyabr 1947-ci il tarixi ilə işarələnmiş bu tibbi müayinənin nəticələrini indi də həyəcansız oxumaq mümkün deyil: “İnsana bənzər bu canlılar bizə oxşayır, bəli, lakin onlar təkamülün tamam başqa xətti üzrə inkişaf ediblər. Belələrini ”Extraterrestrial Biological Entities” adlandırmaq, bizcə daha düzgün olar”.
QƏZANIN VAHİMƏLİ MÜQƏDDİMƏSİ. Zaman ötdükcə, Rozuell hadisəsi bir çox gizlinlərə şaxələnir. Bəlli olur ki, qəzadan düz bir ay əvvəl buraxılmış poçt markalarının birində sabiq Amerika prezidenti Franklin Ruzveltin altıbarmaqlı şəkli çap edilib. Bəziləri indi bunu Rozuel fenomeninin gizli müqəddiməsi, mesajı da hesab edir. Lakin bu detal göstərir ki, Rozuell qəzası sırf kor təsadüfün nəticəsi deyil. Əvvəlcədən düşünülmüş planlı əməliyyatda xüsusi vacib halqadır.

 

unnamed (2).jpg (21 KB)
1947-ci ilin sentyabrında bu vahiməli süjetə ölkə prezidenti Q. Trumenin imzası əlavə olunur. O, xüsusi bir qərarla 12 nəfərlik tam məxfi “Majestik-12″ qurumunu yaradır. Mövzunu tapşırır bu 12 nəfərlik tam məxfi heyətə. Heyət üzvləri ixtiyarındakı 3, yaxud 4 yadplanetli cəsədini diqqətlə tədqiq edərək nəticələrini ictimaiyyətdən gizlədirlər. Qəzanın bütün izləri gözlərdən, arxivlərdən silinir. Şahidlərə əmr verilir ki, ağızlarını mumlasınlar. Guya aşkarlanan tapıntı UNO deyil, adidən də adi metereoloji alətdir…
Cəsədlər, patoloqoanatomlar tərəfindən öyrənilib “Tam məxfi!” qrifi altında lentə alınır. Bu lent uzun zaman məxfi arxivlərdə qalıb tozlanır. Yalnız 1996-cı ildə bu lentlərdən cəmi ikicə həqiqi kadr götürülüb salınır bir “dokumental” filmin tərkibinə. Digər bütün kadrlar isə saxtalaşdırılır. Soruşacaqsız “niyə?” Cavab verəcəm “ iz azdırmaq üçün”.
Mövzunu havadan asılı vəziyyətdə saxlamaq, görüntülərin həqiqiliyini, yaxud saxta olduğunu axıracan bildirməmək bu günün siyasi sifarişidir.
Yadplanetli mövzusu sadələrindən deyil. Burda həmişə xüsusi vacib şərtlər gözlənilir.

unnamed (1).jpg (23 KB)
POLİDAKTALİYA (yəni çox barmaqlılıq) Qısası, belə çıxır ki, insan genetikasındakı altıbarmaqlılıq yadplanetli izidir. Azərbaycanda altıbarmaqlılar həmişə diqqət mərkəzində olub. Bəziləri onları hətta övliya, müqəddəs bilib. Altıbarmaqlı yadplanetlilərin ölkəmizdəki yadigarı bayaq yuxarıda söylədiyimiz kimi İsmayıllıdakı Şeşpər baba ziyarətgahıdır.
Altıbarmaqlılar həmişə öz orijinallığı, özünəməxsusluğu, fövqəl istedadlarıyla digərlərindən seçiliblər.
Belələrindən biri 16-cı əsrdə İngiltərənin taleyini dəyişmiş kraliça Anna Boleyn idi. Deyilənə görə, bu altıbarmaqlı xanımın həm də 32 yox, 33-cü dişi mövcudmuş. Fransada təhsil alıb vətəninə qayıdan Anna Boleyn tezliklə Kral 8-ci Henrixin sevgisini qazanır. Evli kral, xanımı Yekaterinadan ayrılmaq qərarına gəlsə də Roma papasından boşanma izni ala bilmir. Tərsliyinə salan kral bu dəfə özü bir növ Roma katolik kilsəsindən boşanır. Yeni anqlikan kilsəsi təsis edib ona özü başçılıq edir. Anna Boleynlə evlənib Roma papasına, bütün katolik dünyasının sinəsinə dağ çəkir. Nəticədə İngiltərə kimi bir ölkənin taleyini dəyişir. Belə əməllərə isə tarix göstərir, ancaq altıbarmaqlılar qadirdir.
ALTIBARMAQLI STALİN: Dünyada ad çıxarmış digər növbəti məşhur altıbarmaqlı isə yadda saxlayın, yoldaş İosif Stalindir. Yəni qədim tanrılara, yadplanetlilərə məxsus bu işarə ondan da yan ötməyib. Stalin sıradan bir dövlət xadimi deyildi-müharibə qalibiydi. Cahangirdi. Dünyanın, SSRİ xalqlarının, o cümlədən azərbaycanlıların taleyini dəyişmiş tarixi şəxsiyyət idi. Qədim vaxtlar belələrini adətən ilahiləşdirib növbəti Şeşpər baba elan edirdilər.
ALTILIQ SAY SİSTEMİ: Yadplanetlilərin bizdə qalan izi təkcə elə altıbarmaqlılarla kifayətlənmir. Altıbarmaqlılara əslində yadplanetlilərə məxsus altılıq say sistemindən biz indi də geniş istifadə edirik. Altibarmaqli say sistemi məişət məzmunlu deyil. Bu say sistemindən daha çox dini sahədə, habelə zaman-məkan anlayışlarımızda, yəni kosmosla əlaqələrimizdə geniş istifadə olunur. Allah dünyanı altı günə xəlq edib. İsanın 12 xavəri, cəfərilərin 12 imamı var. Bir gündə dörd altılıq, yəni 24 saat mövcuddur. Bir dəqiqə 60 saniyədən ibarətdir. İl 12 aydan ibarətdir və s.i və ilaxır.

unnamed (3).jpg (61 KB)
ALTIBARMAQLILARIN NƏRD OYUNU: Hamınız nərd oyunu ilə yaxından tanışsınız. Bilirsiniz, bəs bu oyunda hər oyunçunun qarşısında altı xana var. Məncə, buna əsaslanaraq nərd oyununun bizə yadplanetlilərdən, yəni altıbarmaqlılardan yadigar qaldığını çəkinmədən söyləmək mümkündür.
Razısız mən deyənlə? Beləysə nərd oyununa bu gündən tamam başqa gözlə baxın. Daha məsuliyyətlə yanaşın bu oyuna. Altıqanadlı Serafim mələyinə, Şeşpər baba ruhuna bizləri bəlkə elə bu oyun yaxınlaşdırıb həmişə.
İnanaq gəlin bu fərziyəmə. Daxilimizdə, bədənimizdəki altıncı hissimizi gücləndirək. 1997-ci ildə Hollivud rejissoru Endryu Nikkol “Gattaka” adlı filmində altıbarmaqlı pianoçunun ifasında gözəl bir musiqi səsləndirib. Bir də qulaq asın bu musiqiyə.
Altıncı barmağın musiqidə həqiqətən çox özünəməxsus, incə, yadda qalan təkrarsız bir ahəngi var.
Həmid HERİSÇİ

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın