Menu
Geri İrəli

Bakıda baş verən dəhşətli yanğından bir il ötdü

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2016 • Baxış sayı: 461 dəfə • Şərh yoxdur

Sevinc Fədai: “Təhlükə, faciə uzaqda deyil, bir qığılcımda, bir addımlıqdadır”

Bakının Binəqədi rayonunda baş verən dəhşətli hadisədən 1 il ötür. 2015-ci il mayın 19-da 4-ü azyaşlı olmaqla, 15 nəfərin ölməsi, 54 nəfərin yaralanması ilə nəticələnən, yaşayış binasında baş verən yanğın bütün ölkəni bir anda matəmə bürümüşdü…

Faciənin səbəbi isə binaların fasadına vurulan tezalışan poliuretan materialdan hazırlanan örtük olmuşdu. Hadisənin ardından ölkə başçısının nəzarəti altında xüsusi komissiya yaradıldı. Yanğın nəticəsində həlak olanların, evini itirənlərin ailələrinə kompensasiyalar ödənildi. Ölkə boyunca bütün poliuretan üzlüklü binaların fasadının sökülməsinə başlanıldı. Aparılan istintaq tədbirləri nəticəsində baş vermiş yanğına görə 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, poliuretan məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov tutuldu. Onlardan başqa Xətai rayonunda baş verən yanğınla əlaqəli “TNH” səlahiyyətlisi Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edildi.
Bundan əvvəl isə Xətai rayonunda da eyni səbəbdən çoxmənzilli bina alışıb yanmışdı. 
 
Hazırda isə Binəqədidə və Xətaidə binalarda baş verən yanğınlarla bağlı işlər eyni icraatda birləşdirilərək araşdırılır.
Binəqədidə yanan binada hazırda həyat davam edir. Yaşayış bərpa olunsa da, yanğında yaxınlarını itirənlərdən bir çoxu binaya geri qayıtmayıb.
Yanan binadakı 1 il sonrakı durumu öyrənmək üçün “Yeni Müsavat”ın müxbiri həmin ünvana baş çəkib və sakinlərlə həmsöhbət olub. Əvvəlcə onu qeyd edək ki, vizual baxımdan yanan binadan əsər-əlamət qalmayıb. Bina yüksək səviyyədə təmir olunub, mənzillər yenilənib. Baş verən dəhşətləri yalnız insanların acı xatirələrində və göz yaşlarında görmək olar…
 
Sakinlərdən Surxay Sadıxov acı xatirələrini yada salır: “Mayın 19-da səhər xəstəxanaya getdim. Qızım institutda idi. Qayıdan zaman qızımdan zəng gəldi ki, ev yanır. Həmin an uzaqda idik. Oğlum isə evdə tək idi. 18 yaşı olmasına baxmayaraq narahatlıq hissi keçirdik. Evə çatanda gördük ki, bina alovlar içindədir. Həmin an çox dəhşətli idi. Danışa bilmirəm… (ağlayır)”…
Baş verən faciənin zədələrini hələ də canında daşıyan Surxay Sadıqovun oğlu Tural yaşadıqlarını danışır:“Evdə tək idim. Hər tərəf qaranlıq idi. Yanğın zamanı pəncərədən aşağı baxmaq istəsəm də, baxa bilmədim. Ancaq yuxarı mərtəbədə yaşayan bir nəfər özünü aşağı atdı. Tüstüdən göz-gözü görmürdü. Qapını açıb çölə çıxmaq istədim. Alovun içi ilə birtəhər aşağı düşdüm. 5-ci mərtəbəyə qədər düşdüm. Ancaq tüstü məni boğdu. Huşumu itirdim. Xoşbəxtlikdən məni xilas edən oldu. İndi də müalicə alıram, başımda şüşə qırıqları var. Nəfəs yolumda problemlər yaranmışdı”.
 
Onu da öyrəndik ki, yanğında həyatını itirənlərin ailələri sonradan onlara bu faciəni təkrar-təkrar xatırladacaq binaya dönməyib, evlərini satıb köçüblər. Yanğın zamanı həlak olan 2 yaşlı Ayxanın ailəsinin yaşadığı mənzilin bağlı olduğunu gördük. Qonşular hadisədən sonra o ailənin köçdüyünü dedilər. 
Hadisə zamanı binada körpəsi ilə çətin anlar yaşayan, ölümdən xilas olan jurnalist Sevinc Fədai də o gündən sonra həyatında baş verən dəyişikliklərdən danışdı: “Yanğından əvvəl həyatımız özümüzə aid idi. Kiçik bir ailəydik, yaxşı-pis qərarlarımızı özümüz verirdik. Sakit, rahat həyatımız var idi. Amma yanğından sonra elə bil həyatımız kütləviləşdi, hər kəs bizə aid qərarlar verməyə başladı. Hər ağızdan bizə aid bir avaz çıxmağa başladı. Qısası, o vaxta-bu vaxta kimi səs-küyün içindəyik, rahatlığımız, sakitliyimiz pozulub. Heç bir evdə rahatlıq tapıb yaşaya bilmirik, oradan-ora köçürük, burdan-bura. Bir də qorxu hissi var. Bir dəfə o dəhşəti yaşamışıq deyə, indi hər xırda təhlükədən belə böyük dəhşət gözləyirik. Adi yolu keçəndə, pilləkənlə düşəndə, qatarı gözləyəndə belə qorxuram. Övladımızın, bir-birimizin sağlamlığı üçün qorxuruq, narahatıq. Yəni biz gördük ki, təhlükə, faciə uzaqda deyil, bir qığılcımda, bir addımlıqdadır. Bir də yanğında həyatını itirən körpələrə görə vicdan əzabı çəkirəm. Bu vicdan əzabı hər nə qədər mənim yüküm olmalı deyilsə də, çəkirəm, utanıram”.
 
Baş verən yanğın vizual olaraq Bakının bağrından silindi. Ancaq bu faciənin ağırlığını həyatında hiss edənlər üçün ömürlük silinməyəcək…
Məğrur MƏRD
Fotolar müəllifindir
musavat.com

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın