Menu
Geri İrəli

Payızda hansı filimləri izləmək məsləhətdir? (AÇIQLAMALAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 115 dəfə • Şərh yoxdur
Share Button

filmBu il payız özünü o qədər gözlətdi ki, həsrəti ilə bizi şair etdi. Amma gedənlərin içində sevgi varsa, mütləq gələcək. Payızda onlar kimi heç gözləmədiyimiz vaxtda gəldi. Necə ki, yayı dənizsiz, yazı alçasız, qışı da “Evdə tək” filmi olmadan təsəvvür etmək olmur, Payızı da yun ədyala bürünüb isti kofe içə-içə film izləməmiş təsəvvür etmək çətindi.

Bəs payızda hansı filmləri izləmək məsləhətdir? “Qaynarinfo” bu sualla şair və yazıçılara müraciət edib.

Yazar Mirmehdi Ağaoğlu sizlərə ”Sevgisizlik” filmini məsləhət görür:

“Payız fəsli ilə uyğun gələrmi, ya gəlməzmi bilmirəm, amma rus rejissoru Andrey Zvyagensevin “Sevgisizlik” adlı yeni filminə baxmağı tövsiyyə edərdim. Bu il Kannda mükafat aldı, indi də Oskara təqdim  olunub. Məncə baxmaq olar”.

Şair Qismət Rüstəmov film məsləhəti ilə yanaşı,  Payızı da möhtəşəm təsvir edir:

“Şükür sənə, İlahi! Kapeşonların, qalxıq yaxaların, uzunqol köynəklərin, səhərin möhtəşəmliyində işə yollanan adamların “hoh” eləyəndə nəfəsindən çıxan sehrli dumanın, titrək əllərlə yandırılan dadlı siqaretlərin, çöldən içə köçü başlayan kafelərin, iş həftəsi bitəndə “axşama neynirsən?” mesajından sonra təxəyyüldə qəfil görünüb-itən qədəh parıltısının, çayın, kofenin cana yayılmağının, kürəyə mütəkkə, dizlərə yorğan atıb film izləməyin mövsümü gəldi.

Art filmlər məsləhət görməyəcəm, düşünürəm ki, oralara hərə gəlib özü çıxmalıdır. Havalar romantizmə uyğundur, ona görə bir romantik filmlə başlayaq: Gecəyarı öpüş sorağında – İn search of a midnight kiss. Filmin qəhrəmanı 29 yaşında bir oğlandır, təzəlikcə Los Ancelesə köçüb. Həyatda heç nəyə marağa qalmayan bu bəni-adəm qərara gəlir ki, bekarçılıqdır, bir tanışlıq saytına elan verim… Sonrasına pop-korn, çips, kola lazımdır.

Yağışlı bağlı söhbətlərin ən intensiv olduğu mövsümdür, mən arada feysbuka da çətirnən girirəm, onda belə bir yağışlı film: Yağışdan qabaq – Before the rain. Bu nisbətən sənətsəl filmdir. Film üç hissədən ibarətdir, hər hissə ayrı bir əhvalatdır. Birinci hissə “Sözlər” adlanır, bir rahib, cinayətdə ittiham olunan bir müsəlman və alban bir qızdan bəhs edir; ikinci hissə “Sifətlər” adlanır, bir qadının sevgiylə bağlı təbəddülatlarından, iki daşın arasında qalmağından danışır. Son hissə isə çıqqıca siyasidir, Makedoniyanın taleyindən bəhs edir.

Bu qədər romantizm bəsdir, qaraciyərə ziyandır. Son illərin elmi-fantastika janrında maraqlı filmlərindən birinə keçək: Gəliş – Arrival. Dünyaya yadplanetlərinin gəmiləri düşür, aləm bir-birinə dəyir, təxminən belə, Kim Çe In çıxıb açıqlama verir ki, sağa verib, saxlasınlar, yoxsa mənlik deyil, bu dünyada yeganə yadplanetli özüməm. Əlqərəz, qonaq gəlib, heç kim dil bilmir ki, çıxıb qarşılasın, əsl rüsvayçılıq. Hanı plakatlar, sloqlanlar, əlində gül dəstəsi uşaqlar? Heç biri yoxdur. Nəysə, qərara gəlir ki, bu gəlmələrin nə istədiyini öyrənmək üçün bir dilçi qadını və bir fiziki, cayıllar demiş, söhbətə kurs eləsinlər. Yeniyetmələr bu filmlə bağlı, məsələn, belə paylaşım edə bilərlər: Bu film həyatımı dəyişdi, sabahdan başqa adam olacam.

Yaxınlarda kafesi bağlanan Çingiz Abdullayevə dəstək kimi, bir dənə də detektiv gedər: Gözlərindəki sirr – El sevcreto de sus ojos (Guya ispanca çırtlayıram da). Detektivin mövzusunu danışmazlar, gərək sonra barmağını dişləyəsən. Bircə qeyd: film Oskar alıb.

Zəruri qeyd: “nolsun çöldə palçıq olacaq, ayaqqabınızı təmizləyin”.

Xəstə yatağında olan gənc və kosmopolit şairimiz Aqşin Evrənə tezliklə sağalmağını arzu edirik:

“Temperatur 39,6-dır hazırda. Xalqımıza qalın geyim, yorğan və soyuq içkidən uzaq olmağı məsləhət görürəm”.

Yazar Qan Turalı deyir ki, türk filmlərinə baxın:

“Bu siyahı baxılması vacib olan türk filmləridir. Elə bu payızda bunları izləyib bitirin. “Yol” – Yılmaz Güney, “Sevmek zamanı” – Metin Erksan, “Sürü” – Yılmaz Güney, “Ağır roman” – Mustafa Altıoklar, “Masumiyet” – Zeki Demirkubuz, “Uzak” – Nuri Bilge Ceylan, “Muhsin bey” – Yavuz Turgul, “Vizyontele” – Yılmaz Erdoğan, “Sarmaşık” – Tolga Karaçelik, “Çoğunluk” – Seren Yüce, “Vesikalı Yarim” – Ömer Lütfi Akad, “Selvi Boylum Al Yazmalım” – Atıf Yılmaz, “Anlat İstanbul”, “Dönersen ıslık çal” – Orhan Oğuz, “Duvara karşı” – Fatih Akın, “Beynelminel” – Sırrı Süreyya Önder, “Issız adam”, “Babam ve oğlum” – Çağan Irmak, “Canım kardeşim” – Ethem Eğilmez, “Üç arkadaş” – Memduh Ün”.

Yazar Ayxan Ayvaz sizlərə əcnəbi filmlərlə yanaşı, yerli filmləri dəməsləhət görür:

“Ən sevdiyim filmlər var və hərdən o filmləri tez-tez xatırlayıram. De Sikanın “Günəbaxanlar”, “Velosiped oğruları”, Cim Carmuşun “Qırıq çiçəklər”, “Dünyada bir gecə”, Antonioni “Qırmızı səhra”, “Macəra”, Almadovar “Anam haqqında hər şey”, “Vəhşi əhvalatlar”, Kieslovski “Dekaloq”, “Üç rəng”, “Həvəskar”, Tarkovski “Ayna”, “Stalker”. siyahını uzatmaq da olar. Bu siyahı ovqatıma görə dəyişə bilər. Azərbaycan filmlərinə gəlincı, “Ölsəm bağışla”, “Uşaqlığın son gecəsi”, “Bir cənub şəhərində”, “Nabat” filmlərini misal çəkə bilərəm. Xoş seyrlər!”

Yazar İkinci Mahmud payızın gəlişi ilə pessimist hisslərə qapılır və bu filmləri məsləhət görür:

“Payız həmişə məndə pessimist ovqat yaradır. İndi siz bu sorğunu gönəndə nəyəsə görə ağlıma içində məyusluq, kədər olan filmlər gəldi:

Məcid Məcidi “Baran”,  Akira Kurasava “Yaşamaq”, Aki Kaurismiyaki “Yaddaşsız adam”, Cemal Şan “Dilbərin 8 günü” (trilogiyanın ikinci filmi),  ”Zeytunlu toyuq”".

Yazıçı Ömər Xəyyam əvvəl “Mən filmləri bölüşməyə paxıllıq edirəm” desə də, biz ondan da siyahı ala bildik:

“Filmləri bölüşməyi heç sevmirəm, amma bunları məsləhət görə bilərəm. Mikelancelo Antonioninin  - “Qırmızı Səhra” filmi, George Ovashvili –  “Qarğıdalı adası, Abbas Kiarostami – “Yaxın Plan”, Cim Carmuş – “Paterson”, Andrey Zvyaqentsev – “Leviafan”, Xose Kampanella – “Gözlərindəki sir”, Zəki Dəmirkubuz  - “Tale”

Gənc şair Emin Pirinin məsləhət gördüyü filmlər isə bunlardır:

“Bu filmləri ilin bütün fəsillərində izləmək olar: ” Günəbaxanlar”, ” Boyat çörək”, ” Qar uşaq”, “Oyun”, ” Tanrılar məbədi”, ” Sükutlu səngər”, Qara sevinc”".

Gənc yazar Vasif Ayan isə deyir ki, bu iki film sizi müdrikləşdirəcək:

“Payızda yeganə baxılacaq birinci film “Payız marafonu” Sovet filmidir. Vəssalam, ondan o tərfə yoxdur. Rus dilində adı “Osenniy marafon” adlanır. İkinci film isə “Sentyabr məzuniyyəti” adlanır. O da şedevr filmdir. Sevirəm o filmi. Elə bu ikisinə baxsanız, daha müdrik olacaqsınız”.

Lalə Niftaliyeva

Qaynarinfo.Az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın