Menu
Geri İrəli

“Səhər” qəzetindən, “Qarabağdan gələn…” Məzahir baba ilə uşaqların görüşü

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2016 • Baxış sayı: 173 dəfə • Şərh yoxdur

 20160417_121314

Aprelin 17-də paytaxtın “Excelsior” otelində Azərbaycanın tanınmış jurnalisti, respublikanın Əməkdar Mədəniyyət işçisi, ölkəmizin 90-cı illər inqilabi mətbuat tarixində mühüm rol oynamış “Səhər” qəzetinin yaradıcısı və baş redaktoru, bu gün isə balacaların sevimli şairi olan Məzahir Süleymanzadə ilə Bakının müxtəlif məktəblərinin şagirdlərinin və “Ümid Yeri” Uşaq Sığınacağında tərbiyə alan uşaqların bir qrupu ilə görüşü keçirilmişdir.

“Qarabağdan gələn var…” adlı tədbir uşaqların ifasında Azərbaycan Respublikasının əzəmətli himni ilə açılmışdır. Vətən torpaqlarının azad olunması yolunda şəhid olmuş igid Azərbaycan oğullarının ruhu tədbir iştirakçıları olan böyüklər və uşaqlar tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.

 Azərbaycanın Əməkdar jurnalisti, yazıçı-publisist, tarixçi-ərəbşünas Fazil Güney uşaqların son illərdə “Məzahir baba” kimi tanıdıqları və sevdikləri, şeirlərini əzbər bildikləri Məzahir Süleymanzadənin həyat və yaradıcılığı haqqında balacalara qısa məlumat verdikdən sonra Məzahir baba nəvələri Məryəm və Mədinəyə, bütün balalara həsr etdiyi yeni şeirlərini oxumuşdur. Ağsaçlı şair babanı öz alqışları ilə sevindirən uşaqlar da bir-birinin ardınca onun şeirlərini əzbər söyləmişlər. Məzahir baba isə balaca oxucularının hər birini onlara hədiyyə etdyi özünün və şair dostlarının kitabları ilə və müxtəlif oyuncaqlarla sevindirmişdir.

“Ata Holdinq” şirkətlər qrupunun təşkilatçılığı sayəsində AZPRESS.AZ saytı ilə Məzahir Süleymanzadənin “Məzahir babanın balaca qonaqları” birgə layihəsi çərçivəsində keçirilən tədbirdə saytın rəhbəri, Azərbaycanın istedadlı və ustad foto-salnaməçisi Rasim Sadıxov, “ATA Holdinq” şirkətlər qrupunun kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova, “Mədəniyyət” jurnalının redaktoru, “Ümid Yeri” Uşaq Sığınacağının nümayəndəsi Zöhrə Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasının əməkdaşı Xuraman İsmayılova və M.Süleymanzadənin jurnalist həmkarı və dostu Rəhman Orxan çıxış edərək, “Məzahir baba” layihəsinin gələcəkdə uşaqların vətənpərvərlik ruhunda böyüməsində, ədəbiyyata, tariximizə maraqlarının artmasında mühüm rolu olacağından danışmışlar.

Sonda Məzahir Süleymanzadəyə “Ümid Yeri” Uşaq Sığınacağının kollektivi adından orada tərbiyə alan uşaqların əl işi kimi hazırladıqları hədiyyə təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.

Orxan MƏMMƏDZADƏ.

20160417_111837 20160417_121008
20160417_131929

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın