Menu
Geri İrəli

Sumqayıtın zəhmətkeş qadınları: onları siz də tanıyın – II YAZI

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2014 • Baxış sayı: 554 dəfə • Şərh yoxdur

Kimyaçı qadınlarımız -  onları siz də tanıyın

 II yazı

 Bu xanımları həm də eyni peşə – izoləedici plyonkaçı peşəsi birləşdirir

 Sumqayıtda elə bir ailə tapılmaz ki, onun heç olmasa bir üzvü “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində çalışmasın. Qürurverici bir cəhət də odur ki, bütün dönəmlərdə bu müəssisələrdə qadınlar çox böyük zəhmət və məsuliyyət tələb edən işlərdə kişilərlə çiyin-çiyinə çalışmış, müəyyən zaman kəsiyində isə bu çətin və mürəkkəb istehsalatlarda çalışan qadınların sayı kişilərdən çox olmuşdur. İşin çətinlik dərəcədəsindən asılı olmayaraq, bu xanımlar gecələrini gündüzlərinə qataraq, həm halal ruzilərini qazanmış, həm də istehsalatın normal və davamlı işini təmin etmişlər.

Bu yazımızın da əsas məqsədi talelərini «Azərikimya» İstehsalat Birliyi, ümumilikdə isə kimya sənayesi ilə bağlamış, bir çoxlarının səadət və xoşbəxtliklərini də elə buradaca tapdığı, indi övlad-uşaq, nəvə-nəticə sahibi olan kimyaçı qadınlarımızın ömür yolu haqqında söhbət açmaq, onların düşüncələrini, istək və arzularını oxucularla paylaşmaqdır.

Bu qəbildən biz keçən yazımızda «Azərikimya» Birliyinin Etilen-polietilen zavodunda çalışan və öz fəaliyyətləri ilə çoxlarına örnək olan kimyaçı qadınlara həsr olunmuş birinci yazımızı oxuculara təqdim etmişdik. İndi isə Birliyin Təmir-tikinti İdarəsində çalışan dörd qadın kimyaçıdan bəhs olunan ikinci yazını sizlərə təqdim edirik.

Mansurova Tamara Beydullah qızı

 Tamara Mansurova

Əmək fəaliyyətinə 1983-cü ildə sovxozda katibə-makinaçı kimi başlayan Tamara  xanım, Gəncə Kənd Təsərrüfatı texnikumunun mühasibatlıq fakültəsində təhsilini davam etdirməyi də unutmur. 1987-ci ildən Sumqayıt şəhərində məskunlaşan Tamara Mansurova elə həmin ildən də Səthi Aktiv Maddələr zavodunda 5-ci dərəcəli aparatçı kimi işə qəbul olunur. 1995-ci ildən isə «Azərikimya»nın nəzdində fəaliyyət göstərən Təmir-tikinti İdarəsinin izolyasiya sahəsinə 4-cü dərəcəli izoləedici-plyonkaçı kimi keçirilən bu əməksevər xanım «Azərikimya» ARDNŞ-in strukturuna verildikdən sonra – 2010-cu ildən bu günə qədər Birliyin nəzdində yaradılan Təmir-Ttkinti İdarəsinin 2 saylı izolyasiya sahəsində əmək fəaliyyətini davam etdirir.

Taleyini kimya sənayesi ilə bağlayan Tamara xanım artıq 27 ildir ki, fasiləsiz olaraq bu peşədə çalışır. Bu illər ərzində özünü bacarıqlı, işgüzar və məsuliyyətli işçi kimi təsdiq edən Tamara Mansurovanın əməyi rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, qüsursuz fəaliyyətinə görə müxtəlif dövrlərdə Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Tamara xanım Zəngilan rayonunun Alıbəyli kəndindən olan Ələkbərov Qürbət Məmi oğlu ilə 1993-cü ildə ailə həyatı qurub. 2 övladı var.

Böyük oğlu Orxan Asəf Zeynallı adına musiqi məktəbinin qarmon şöbəsini bitirib. Hazırda hərbi xidmətdədir. Kiçik oğlu Tuncay isə 10 saylı orta məktəbin 7-ci sinfində təhsil alır.

- 11 il bundan öncə dünyasını dəyişən həyat yoldaşım Qürbət ali təhsilli idi. Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Ailə başçısı olmadan 2 oğula analıq etmək mənim üçün o qədər də asan olmayıb. Övladlarımı min bir əziyyətlə böyütmüşəm. Ən böyük arzum isə, hər iki oğlumu vətənə, torpağa, dövlətə, millətə bağlı insanlar kimi görməkdir. Bunun üçün əlimdən nə gəlirsə edir və bundan sonra da etməyə hazıram, – deyə Tamara xanım söhbətə başlayır.

2 saylı təmir-tikinti sahəsinin rəisi Arzuman Qurbanov Əminə xanımın idarənin ən qabaqcıl və ən nümunəvi işçilərindən biri olduğunu xüsusi vurğulayaraq, işinə məsuliyyətli, özünə qarşı tələbkar, gənclərimiz üçün əsl təcrübə məktəbi olduğunu dilə gətirdi.

Söhbətə qoşulan iş icraçısı Xaləddin Muradov da Tamara xanımın bacarıqlı işçi olmasından, öhdəsinə düşən işi vaxtında və keyfiyyətlə yerinə yetirməsindən, öz davranışı ilə başqalarına nümunə olmasından, təcrübəsini ürək genişliyi ilə gənc işçilərlə bölüşməsindən danışdı.

Rzayeva Rəhilə Qiyas qızı


Rehile Rzayeva 

Rəhilə xanım da orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda fəhlə işləyib. Əslən Qərbi Azərbaycandan olan ailə 1988-ci ilin məlum hadisələrindən sonra isə yurd-yuvalarından didərgin düşərək Sumqayıta pənah gətirir.

25 ilə yaxındır ki, taleyini kimya sənayesi ilə bağlayan Tamara xanım, əvvəlcə “Sintez kauçuk” zavodunda rəngsaz işləmiş, 1995-ci ildə isə Təmir Tikinti İdarəsinin izolyasiya sahəsinə keçirilib və düz 15 il fasiləsiz olaraq bu sahədə izoləedici plyonkaçı kimi fəaliyyətini davam etdirib.

2010-cu ildən etibarən  – Rəhilə xanım «Azərikimya» İstehsalat Bİrliyinin nəzdində yaradılmış yeni Təmir-tikinti İdarəsinin 2 saylı izolyasiya sahəsində 3-cü dərəcəli izoləedici ploynakaçı vəzifəsində çalışır.

Rəhilə xanım 1986-cı ildə öz həmkəndlisi Rzayev Nurəli Ələs oğlu ilə ailə həyatı qurub. 2 övladları var. Böyük oğlu Elmin vətənə xidmət borcunu yerinə yetirib. Ailəlidir, Aysu və Anar adında 2 övladı var.

Elvin isə Bakı şəhərində orta ixtisas məktəbində təhsil alır və ARDNŞ-ın mühafizə xidmətində çalışır.

- Bu gün «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində çalışan qadınlara rəhbərlik tərəfindən diqqət və qayğı böyükdür. İş və məişət şəraitimizin yaxşılaşdırılması, əməyimizin və sağlamlığımızın qorunması, fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təminat, əmək haqlarının artırılması istiqamətində son illərdə xüsusi addımlar atılmışdır. Bu müsbət yönümlü addımlar bütün əməkçilərdə, xüsusən də biz qadın kimyaçılarda öz işimizə olan həvəs və marağı daha da artırmış, hər birimizdə sabaha böyük inam və nikbinlik hissi yaratmışdır, – deyən Rəhilə xanım onunla çiyin-çiyinə çalışan bütün qadınların onlara tapşırılan işin öhdəsindən layiqincə gəldiklərini bildirdi.

Müəssisədə olarkən 2 saylı təmir-tikinti sahəsinin rəisi Arzuman Qurbanov və iş icraçısı Xaləddin Muradov da Rəhilə xanım haqqında ağızdolusu danışdılar və onun bu çətin və məsuliyyətli sahədəki fəaliyyətini yüksək qiymətləndirdilər.

Cəfərova Xalidə İslaf qızı

Xalide Ceferova 

1988-ci ildə orta məktəbi bitirən Xalidə xanım, elə həmin ildə də məlum hadisələr səbəbindən Ermənistandan məcburi köçkün düşərək Sumqayıt şəhərində məskunlaşıblar.

1990-cı ildə Sumqayıt Kimya-texnologiya texnikumunun analitik kimya fakültəsini texnik-texnoloq ixtisası üzrə bitirən Xalidə xanım Cəfərova, elə həmin ildə də Səthi Aktiv Maddələr zavoduna 4-cü dərəcəli aparatçı kimi işə qəbul olunur. Bununla da taleyini həmişəlik olaraq kimya sənayesi ilə bağlamış olur.

2012-ci ildə SAM zavodu fəaliyyətini dayandırdıqdan sonra Xalidə xanım «Azərikimya» İB-nin Təmir-tikinti İdarəsinə keçirilir və 1 saylı təmir tikinti sahəsində 3-cü dərəcəli izoləedici plyonkaçı kimi əmək fəaliyyətini davam edirir.

Xalidə xanım tikinti trestində çalışan Əliyev Sərvər Zakir oğlu ilə 1990-cı ildə ailə həyatı qurub. 3 övladları var. Günel və Tünzalə orta məktəbi bitiriblər. Ülvi isə bu il 11-ci sinfi bitirir. Arzusu Bakı Ali Neft Məktəbinə daxil olmaq, ali təhsilli gənc kadr kimi karyerasını neft şirkətində qurmaqdır.

1 saylı təmir-tikinti sahəsinin rəisi Adil İbişovun dediklərindən:

-Xalidə xanım idarəmizin ən məsuliyyətli işçilərindəndir. Verilən tapşırığı vaxtında və qüsursuz yerinə yetirir, daxili nizam-intizam qaydalarına ciddi riayət edir. Öz bilik və təcrübəsini gənc işçilərə sevə-sevə öyrədir. Ailəsinə bağlı xanımdır, gözəl anadır. Birliyin və şəhərin keçirdiyi bir çox tədbirlərdə yaxından iştirak edir. Xalidə xanım kimi işçilərə həmişə ehtiyacımız var.

 

Hüseynova Səbinə Sabir qızı

Sebine Huseynova

Sumqayıt şəhərində anadan olub və orta təhsilini də şəhərdəki 16 saylı tam orta məktəbdə alıb. Səbinə xanım sənədlərini ali məktəbə verərək, jurnalistika fakültəsinə daxil olsa da, ödənişli olduğuna görə burada təhsil almağa ailənin maddi imkani yol verməyib. Bir müddət özəl sahədə – polietilen paket sexində işləyib.

1997-ci ildə Məmmədov Məcnun İldırım oğlu ilə ailə həyatı quran Səbinə xanımın 2 övladı var. Böyük oğlu 11-ci sinifdə oxuyur, həmçinin Səid Rüstəmov adına musiqi məktəbinin xanəndəlik bölümündə təhsil alır. Gələcək arzusu musiqiçi olmaqdır. Tərlan isə 6-cı sinif şagirdidir, futbolla məşğul olur. Ən böyük arzusu gələcəkdə futbol üzrə Azərbaycan Milli komandasının şərəfini qorumaqdır.

Taleyini kimya sənayesi ilə bağlayan Səbinə xanım, əvvəlcə “Sintez kauçuk” zavodunda 4-cü dərəcəli izoləedici plyonkaçı kimi çalışmış, ARDNŞ-ın strukturuna verildikdən sonra isə «Azərikimya» İstehsalat Birliyinin Təmir-tikinti İdarəsində eyni vəzifədə fəaliyyətini davam etdirmişdir. Hazırda da bu idarənin 2 saylı izolyasiya sexində 4-cü dərəcəli izoləedici ploynkaçı kimi çalışır.

2 saylı təmir tikinti sahəsinin rəisi Arzuman Qurbanov:

-Bizim idarənin kimyaçı qadınları haqqında da yazı yazılacağını biləndə mən nami­zəd­likləri irəli sürülmüş dörd nəfərin arasında Səbinə xanımın da olmasına sevindim. Çünki di­gərlərinə nisbətdə gənc olsa da, bu xanım çox məsuliyyətlidir, özünə və işinə qarşı tələbkardır, yeni­likləri öy­rənməyə və öz işində tətbiq etməyə meyillidir. Texniki təhlükəsizlik qaydalarına ciddi ria­yət edir. Səbinə xanım Etilen-polietilen zavodunun əsaslı təmiri zamanı izolyasiya işlə­rinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasında xüsusi əzmkarlıq göstər­mişdir.

Səbinə xanımla söhbət edərkən ürək sözlərini olduğu kimi çatdırmağı bizdən xahiş etdi:

- Taleyimi «Azərikimya» ilə bağlamışam. Bunun bir qismi ARDNŞ-ın tərkibinə verilməzdən öncəki dövrü əhatə edir, son dörd ili isə ARDNŞ-ın tərkibində olan dövrü. Hərdən oturub bu dövrləri müqayisə edirəm və nə qədər böyük fərqlərlə üzləşdiyimin şahidi oluram. Əvvəlki dövrdən fərqli olaraq indi bütün əməkçilər xüsusi geyim və fərdi mühafizə vasitələri ilə tam təmin olunublar. İş şəraitmiz xeyli yaxşılaşdırılıb. Rəhbərliyin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşuq. Tibbi sığortamız var, sağlamlığımızın qayğısına qalınır, yay aylarında ARDNŞ-ın istirahət mərkəzlərində güzəştli şərtlərlə istirahət etməyimiz üçün şərait yaradılıb. Bütün bunlara görə kimyaçı qadınlarımız adından rəhbərliyə dərin minnətdarlığımı bildirirəm. Bu günə qədər işimi bütün məsuliyyətimlə icra etmişəm, bundan sonra da mənə tapşırılan işin öhdəsindən layiqincə gəlmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Rafiq Oday

Vüqar Abdullah (foto)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın