Menu
Geri İrəli

Xoş gəldin, Karles Bakes!

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2012 • Baxış sayı: 370 dəfə • 1 şərh

İndiyə qədər müəlliflik etdiyim yazılarımın içində cəmisi birinə görə sonradan peşimançılıq hissləri keçirmişəm. Xüsusən, lənkəranlı azərkeşlərin yaxşı yadında olar. Ötən ilin oktyabrında Rednikli “Xəzər Lənkəran” turnir cədvəlindəki ən yaxın izləyicisini 5 xal qabaqlayanda cənub klubu haqqında “Yeni etalon” başlıqlı yazı qələmə almışdım. Həmin ərəfədə rumın çalışdırıcının çalışdırdığı komandanın işləri qaydasında gedirdi. Təsadüfi deyildi ki, “Xəzər Lənkəran”la ev oyununda Kamran Ağayevin kobud səhvindən sonra bir xal qazanan “Bakı”nın rəhbərliyi həmin xalı böyük qənimət sayıb, futbolçularına böyük müafat vəd edirdi. Nə oldusa, həmin oyundan sonra oldu. Cənub klubunu ardıcıl uğursuzluqlar, qalmaqallar izləməyə başladı. “Neftçi”yə böyükhesablı məğlubiyyətin ardından uzun müddət qələbə sevincinə həsrət qalan Rednik üçün “İnter”lə oyun sonuncu oldu. Etiraf edim ki, dəfələrlə rumın çalışdırıcını tənqid etsəm də, ona bu cür gedişi yaraşdıra bilmədim və Rednik Lənkəranı tərk edərkən “Yeni etalon” başlıqlı yazıma görə vicdan əzabı çəkməyə başladım. Nədənsə mənə elə gəldi ki, “Xəzər Lənkəran”ı yerə-göyə sığdırmadığım həmin yazı Rednik və onun komandası üçün düşərli olmadı. Hadisələrin sonrakı gedişatı göstərdi ki, təcrübəli mütəxəssisin istefası onun özü üçün uğurlu, “Xəzər Lənkəran” üçünsə faciəvi sonluqla nəticələndi. Hər halda Belçikada klub çalışdırmaq Azərbaycanda çalışan və postundan xoş olmayan təəssüratlarla ayrılan bir məşqçi üçün böyük uğurdu. Amma Rednikdən sonra cənub klubu təxminən bir ildi ki, özünə gələ bilmir. Hətta bir qədər uzağa gedib, sonuncu “Böyük oyun”u “Xəzər Lənkəran”ın Redniksiz keçirdiyi ən möhtəşən oyun adlandırmaq olar. Rumın çalışdırıcıdan sonra artıq üçüncü mütəxəssisə tapşırılan “ağ yaşıllar” nəhayət ki, özünə gəlməyə, köhnə günlərini xatırlatmağa çalışır. Açığı, keçən ilki acı təcrübəmdən sonra cənub klubu haqda xoş sözlərlə zəngin cümlələr qurmağa çətinlik çəkirəm. Birdən düşər-düşməzi olar, lənkəranlı futbolsevərlər yenidən məni günahkar elan edərlər. Amma bəzi məqamlar var ki, onlara toxunmadan keçmək də olmur. Karles Bakesin “Xəzər Lənkəran”a təyinatı birmənalı olaraq iztehza obyektinə çevrilmişdi. Buna baxmayaraq, Bakesə rişxənd etməyə həvəs göstərmədim. Azərbaycan futbolunun reallıqları elədi ki, bizim çempionatda uğur qazanmaq üçün heç də xaricdə uğurlu iş təcrübəsinə malik olmaq əsas şərt deyil. Ən azından ona görə ki, yaddaşımızda Peterjela, Rednik, Rasim Kara, Pasulka nümunələri var. Deməli, futbol biliyi və təcrübə əcnəbilərlə bizim çempionatda baş çıxarmağa yetərli olmayıb. Yerli məşqçilərin qazandıqları uğurdan danışarkən də öyünməyə ciddi əsaslar yoxdu. İndiyə qədər heç bir azərbaycanlı məşqçiyə xaricdə ehtiyac duyulmayıb. Acı da olsa, həqiqətdi ki, Şahin Diniyevlə Vaqif Sadıqov Rusiya klublarında ikinci dərəcəli rolda olublar. “Qəbələ”ylə qələbələri sıralayan Ramiz Məmmədovun Qazaxıstan “Atırau”sunu ağ günə çıxara bilmədi. Bütün bunları nəzərə alsaq, Bakesə ağız büzməməliyik. Çünki, Del Boskenin ölkəsindən gələn cavan oğlan bizə “hansı gününüzə göylə gedirsiz?” sualını ünvanlaya bilər. Kataloniyalı çalışdırıcıya qiymət vermək üçün “Xəzər Lənkəran”ın göstərəcəyi nəticələri gözləmək lazım idi. Deyəsən, nəticələr də yavaş-yavaş özünü göstərəcək. Ən azından “Simurq” və “Neftçi”ylə oyunda “gəmiçilərin” sərgilədiyi oyun bunu düşünməyə əsas verir. Yunis Hüseynovun “Sumqayıt”a tay elədiyi “Xəzər Lənkəran” ardıcıl iki üç qarşılaşmada əzmkarlıq nümayiş etdirməyi bacarıb. “Bakı” və “Simurq”la oyunda məğlubiyyətdən oyunun son dəqiqələrində qurtulan “Xəzər Lənkəran” “xalq komandası”na da final fitinə yeddi dəqiqə qalmış vurulan qolun sayəsində qalib gəldi. Burdan belə nəticəyə gəlmək olar ki, Bakesin futbolçuların fiziki durumlarını qaydaya salmağı salmağı bacarıb. Üstəlik, “Neftçi”ylə oyunda meydan sahiblərinin bərabərliyə razılaşmayıb, rəqibin üzərinə getməsi də xüsusiylə vurğulanmalıdı. Əlbəttə, yeni çalışdırcının sehirli çubuğu yoxdu, nə də yeni transfer sayəsində komandaya “təzə qan” gətirilməyib. Diqqət yetirin, əvvəlki çalışdırıcıların zamanında lazımi qədər şans qazanmayan Elnur Abdullayev “Xəzər Lənkəran”ın son oyunlarında ən faydalılardan birinə çevrilib. Eləcə də, çalışdırıcı Sialmasla Subaşiç tandemindən uğurla yararlanır. “Neftçi”nin son məğlubiyyətinə haqq qazandırmağa çalışanlar yarasız meydanı ön plana çəkirlər. Halbuki, komandalar hər ikisi eyni meydanda “top qovduğundan” palçığın kiməsə üstünlük verdiyini iddia etmək gülünc səslənir. Sadəcə olaraq, Bakesin yetirmələri qonaq futbolçulardan fərqli olaraq, şəraiti düzgün dəyərləndirərək daha çox hava ötürmələrindən istifadə etməklə topu asanca “Neftçi”nin qapısına qədər gətirib çıxara bilirdilər. “Neftçi”nin futbolçularının yerlə bir-birilərinə ötürməyə çalışdıqları topun palçıqlı çuxurlara ilişməsinə az qala bütün oyun boyu şahid olduq. Çox təəssüf ki, Böyükağa Hacıyev futbolçularına bu haqda əvvəlcədən tapşırıq verməyi unutmuşdu. Hacıyevin oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlərin əksəriyyəti isə tamam başqa söhbətin mövzusudu. Yaxınlarda futbol tariximizə adını yazmağı bacaran Böyükağa bəyin açıqlamalarına növbəti yazılarımda ətraflı toxunmağa çalışacam. Hələliksə, “Böyük oyun”dakı dəyərli qələbəylə Azərbaycan futboluna ayaq səslərini duyuran Karles Bakesə “xoş gəldin!” deyirəm.

 

Amal Abuşov

Facebook Şərhləndirmə:

“Xoş gəldin, Karles Bakes!” yazısına bir cavab

  1. Aqil deyir:

    salam! Yaziya göre tesekkür edirem. Inwallah qiwdan sonra Bakes özünü sübut edecek!

Şərhinizi yazın