Menu
Geri İrəli

Bizim «oralar», Hacıbala Abutalıbov və velosiped, bir də «biz məgər banan ölkəsiyik?»

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Mart 2010 • Baxış sayı: 442 dəfə • Şərh yoxdur

İmran KƏRİMOV

36f96a3642dbMən paroanormal hadisələrə şübhə ilə yanaşsam da bu yaxınlarda Dəvəçidə olduqdan sonra orada şahidi olduqlarımdan belə qənaətə gəldim ki, bizdə Azərbaycanda paralel dünyalar mövcuddur. Bu cür düşünməyə bizim iqtidar dulusçularının əl əməyi, xeyir-duası ilə ərsəyə gəlib fəaliyyət göstərən, buna görə də   “əldəqayırma” adlana biləcək telekanallarımızda tez-tez regionlarımızda inkişafa dair göstərilən kadrlar əsas verir. Məsələ orasındadır ki, yolum hansısa rayonumuza düşəndə oralarda gördüklərimlə o telekanallarda, adı göyçək, özü eybəcər əksər mətbuat orqanlarında tərənnüm edilənlər bir-birinə uyğun gəlmir. Mən bildiyimə görə həqiqət bir cür olur. Ancaq bizim halda həqiqət sayca birdən ikiyə qalxır. Belə çıxır ki, həqiqət yalnız İcra Hakimiyyəti binalarının yaxınlığındakı səliqəli küçələrdən, musiqili fontanlardan, əsas atributu çayxana və kafelər olan bir-birinə oxşar parklardan ibarətdir. Arada kanallarda Sumqayıt, Bakı, hansısa başqa bir şəhərimizin gecələri haqda reklam roliki kimi tez-tez fırladılan romantik məqamlar: həzin musiqi sədaları altında göstərilən ürəkaçan fontanlar, işıqlı küçələr, göz oxşayan arxitektur tikililər, o baş- bu baş qayğısız gəzişən xoşbəxt çöhrəli insanlar adamda xoş hisslər oyadır… Ancaq həmin telekanallarin niyyətindən fərqli olaraq elə bir küçə o tərəfə keçmək kifayət edir ki, mənzərə 180% dəyişsin. Daha doğrusu, həmin şəhər və kəndlərimizin gözdən uzaq (oxu: telekanallarımızın qeyri-obyektiv obyektivliyindən uzaq) küçələri, prospektləri, inzibati binaları, yöndəmsiz dəmir ticarət köşkləri, ictimai ayaqyoluları normal adama daha çox 1941-1945-ci illər müharibəsindən sonrakı ilk illərə xas kimsəsiz, pessimist ruhlu boz və yeknəsək mənzərələri xatırladır. Bu baxımdan müharibədən kino çəkmək istəyən kinostudiyalarımız təbii fon üçün heç bir qəpik də xərc çəkmək istəmirsə, tam uğurla Dəvəçini seçə bilər. Ancaq bütün bunlara rəğmən çox şeyi adətən yaxşıya yazmağa çalışan adam kimi fikirləşirəm ki, əlbət şəhər və rayonlarımızın hərəsindən (Qarabağdan başqa) ən azı iki dənədir. Yəni şəhər və qəsəbələrimizin dublikatlarından biri mən gördüyüm, o birisi isə telekanallarımızın gördüyüdür. Çünki o boyda (əslində hər şey boy ilə ölçülmür) telekanallarımız yalan danışmayacaq ki?! Öz növbəmdə, açığı, mən də əksər deputatlarımızdan fərqli olaraq yalan danışmağa elə də meylli deyiləm.

***

Nə olması indiyəcən dəqiq bəlli olmayan mentalitetimizə görə adətən bizdə adi halda velosiped sürənlərə gülürlər. Buna görə də çox faydalı nəqliyyat vasitələrindən biri olan velosiped, çətin ki, yaxın zamanlarda bizdə kütləvi nəqliyyat növünə çevrilə. Halbuki, bir çox ölkələrdə, məsələn, Danimarkada əhalinin 30%-i ekoloji cəhətdən təmiz olan məhz bu nəqliyyat vasitəsindən istifadə edir. Bu baxımdan heç də təsadüfi deyildir ki, orada velosipedə hətta abidə də qoyublar. Bir sıra Asiya dövlətlərində, məsələn, Vyetnamda, Kambocada, Myanmada, Laosda, Çində və s. ölkələrdə velosiped sürməyin çox populyar olması kasıbçılıqdan irəli gəlsə də, onun ABŞ-da , Yaponiyada, inkişaf etmiş Avropa ölkələrində də sevimli, çoxişlənən minik olması onu göstərir ki, velosiped həm də sadəliyin, yüksək mədəniyyətin, varlılığın bir rəmzidir. Azərbaycanda ortabab məmurun, rektorun, professorun, hətta MİS (Jek) müdirinin belə işə bahalı, son model avtomobil ilə gedib-gəlməsi adi hal olduğu kimi, sivil ölkələrdə də eyni peşə, vəzifə sahiblərinin işə, dükana və s. yerlərə velosipedlə gedib-gəlməsi adi haldır. Özü də bu zaman onlarda bizimkilərdən fərqli olaraq məsul bir işdə belə qalstuk taxmamaq, kostyum əvəzinə bir çox hallarda idman paltarı və ya sadə geyinmək təəcüblü hal sayılmır. Təbii ki, bu da əslində onlarda şüur səviyyəsinin yüksək olmasından xəbər verir. Qeyd edim ki, İranda da əhalinin böyük bir qisminin motosiklet, moped, velosiped sürməsi kütləvi xarakter daşıyır. Düzdür, İrandan fərqli olaraq Hollandiyada, ya da Belçikada velosipedlərin oğurlanmayacaqlarından arxayın olaraq onları səkilərdə sahibsiz (nəzarətsiz) olaraq qoyulması adi haldır. Bundan  başqa, Avropa İttifaqı ölkələrində velosiped sürənlərin sayı çox olduğundan onların hüquqları nəzərə alınaraq onlar üçün xüsusi yol zolaqları ayrılır. Maraqlıdır ki, açıq-saçıq geyim artıq bizim mentalitetimizə zidd sayılmadığı, qadınların mini yubka, dar şalvar kimi zay şeylər geyib çölə-bayıra çıxması cəmiyyət tərəfindən kütləvi olaraq normal qəbul edildiyi halda, çox qəribədir ki, velosiped sürənlər adətən bizdə gülüş obyekti olur. Belə çıxır ki, bəzən özünü əcaib şəkildə birüzə verən belə mentalitetimiz elə təkəbbürlü olmağımızdan irəli gəlir. Fikirləşirəm ki, əgər bizdə velosipedə təkcə idman növü kimi yox, adi nəqliyyat növü kimi baxılsa idi, bəlkə də Bakıdakı avtomobil tıxacları xeyli azalardı. Yaxşı nümunə göstərərək, «əvəzedilməz» Bakı meri Hacıbala Abutalıbov sağlam həyat tərzini dəstəkləyib özü bir dəfə velosipedə minərək yıxıb-sürüdüyü şəhərin küçələrini bir dövrə vursaydı, bu həm onun sağlamlığına xeyir edər, həm də ömüründə heç olmasa bir dəfə sadə insanlarda özünə qarşı simpatiya yaradardı. Velosiped sürmək bizdə daha çox uşaqlıq əyləncəsi, tək-tük insanların xobbisi, bəzən isə «məcburi» nəqliyyat vasitəsi olsa da, əslində mədəniyyətin bir parçasıdır. Müasir dövrümüzdə də bizdə aktual olan dahi Sabirin təbirincə desək, təxminən belə səslənər: «Əcnəbi yerdə velosiped sürür, biz isə bunu özümüzə sığışdırmayaraq ona minməyiriz».

***

Yanvar ayının 28-də Daşkəsən rayonunun N saylı hərbi hissəsində 4 zabitin və 2 əsgərin ölümü ilə nəticələnən qanlı olay ordumuzda ilk şok hadisə olmasa da, yatmış cəmiyyətimizi bir qədər silkələdi. Mən şəxsən inanmıram ki, Müdafiə Nazirliyi bu hadisədən düzgün nəticə çıxaracaq. Bir-iki nəfəri tutub «basacaqlar», 5-10 nəfər zabitdən də bir xeyli pul alıb buraxacaqlar, vəssalam. Məsələnin kökünə getməyəcəklər. Az qala istintaqsız da aydındır ki, olay zabitlərin əsgərlərlə pis davranması zəminində baş verir. Hadisəni çox güman ki, təhqir olunmuş, alçaldılmış əsgərlərin cavab reaksiyası da adlandırmaq olar. Ordumuzda bir çox zabitlərin, komandirlərin öz tabeçiliyində olan əsgərlərlə qeyri-qanuni, qeyri-insani davranması hallarının çox olması, əhalinin əksəriyyətinə məlumdur və mən bəzi adamların güman etdiklərinin əksinə olaraq inanmıram ki, bu hadisə pis zabitlərə dərs olacaq. Mənə elə gəlir ki, əslində bu olay sıravi bir hadisədir və ümumiyyətlə, cəmiyyətimizin mənəvi, psixoloji cəhətdən çartdağ olmasından irəli gəlir. Sadəcə olaraq, cəmiyyətdə, mülki həyatda mövcud olan problemlər hərbdə özünü daha qabarıq, daha faciəli və iyrənc şəkildə göstərir. Əlbəttə, etiraf etmək lazımdır ki, orduda hər şey qaydasında olsa belə, hamının psixikası eyni durumda olmur. Araşdırsaq görərik ki, bu qəbildən olan hadisələr ABŞ ordusunda belə mütəmadi olaraq baş verir. Əlbəttə, deyə bilərsiniz ABŞ ordusu çox böyükdür, çoxəsgərlidir. Ancaq insan elə hər yerdə insandır və harada yaşamasından asılı olmayaraq insana xas olan emosiyaların heç birindən məhrum deyil. Müqayisə məqsədi ilə bildirim ki, bizdə Daşkəsəndəki kimi hadisələr əslində çox az olur. Daha doğrusu, ordumuzda olan neqativ hallara, mühitə görə hələ az olur.

Çünki, ədalətsizliklə rastlaşan əsgərlərin əksəriyyəti onu incidəni öldürməyə ürək eləmir və pis komandiri, zabiti daha çox ürəyində öldürür. Dediyim kimi, bu tipli hadisələr ABŞ-da da, İngiltərədə də, Fransada da baş verir, ancaq bizdəki səpkidə, özü də faiz hesabı ilə bu qədər yox. Çünki ABŞ, ya da qardaş Türkiyə ordusunda zabitlər əsgərlərə kontur aldırmırlar, rüşvət almırlar, öz növbəsində də əsgərlərin valideynləri də pul verib öz övladlarını daha yaxşı bildiyi Arkanzasa, Texasa ya da İstanbula saldırmırlar. Bu tipli hadisələrdə birmənalı olaraq demək olmaz ki, günah həmişə zabitdə olur. Bəzən belə hallarda əsgərlərin özlərinin də böyük günahı olur. Həm də aydın məsələdir ki, hamı emosialarını eyni dərəcədə cilovlaya bilməz. Əksər vaxtı əsgərlərin çoxu alçalmağına sadəcə olaraq birtəhər dözür. Öldürülmüş zabitlərin hansınınsa günahı olmaya bilər, ancaq artıq bezmiş, cana doymuş əsgər üçün bunun elə də fərqi yoxdur…

***

Bu yaxınlarda internet vasitəsi ilə Rusiyada yaşayan bir tanış azərbaycanlı ilə mail.ru-da görüntülü söhbət edirdim. Söhbət əsnasında məlum oldu ki, İrskutskda bananın qiyməti 40-50 rubldur, yəni bizim pul ilə təxminən 1 manat 10 qəpikdir.

Soruşdum, bəs görəsən, bizdə nəyə görə 1 kq bananın ən aşağı qiyməti 2 manatdır, yəni bahadır? Həmmillətim cavabında bildirdi ki, sizdə (yəni bizdə) hər şey monopoliyada olduğu kimi, banan da kiminsə nəzarətindədir. Buna görə də yerində ( Cənubi Amerikada, Afrikada) bananın və  idxal olunan başqa meyvələrin alış qiyməti çox aşağı olmasına baxmayaraq, sizə gəlib çıxanda həddindən artıq  baha satılır. Çünki konkret olaraq banan idxalına nəzarət edən monopolistlər hakimiyyətin yüksək postlarında oturduqlarından, adi biznesmenlərin ölkəyə banan gətirməsinə imkan vermir. Rəqabət isə olmadağından həmin oliqarx-monopolistlər banana ürəyi istədikləri qiyməti qoyaraq, onu topdansatış mərkəzlərinə yayırlar. Bu fikirlərin müqabilində mən ona bildirdim ki, o, yalnış düşünür. Bizdə monopoliya-filan yerli-dibli yoxdur. Əksinə, ölkədə Antimonopoliya adlı dövlət komitəsi uğurla fəaliyyət göstərir. Sadəcə olaraq, ola bilsin, Sibir subekvatorial zonada yerləşdiyindən orada çox güman ki, geniş banan plantasiyaları və banan yetişdirilən parniklər var ki, bu səbəbdən Rusiyada bananın qiyməti aşağıdır. Rusiyaya idxal olunan banana qaldıqda isə İran bizə çox uzaq, Sibirə isə Cənubi Amerika qədər çox yaxın olduğundan Sibirdə həm Ekvador, həm də İran bananı çox ucuzdur. Özü də Azərbaycanda yüksək vəzifə sahibləri inanmıram ki, qanuna zidd olan monopoliya ilə məşğul olsunlar. Mən bildiyimə görə, bizim nazirlərin hamısı  Ziya Məmmədov  kimi o qədər də çox olmayan quru maaş ilə razılaşıb, başlarını millət kimi aşağı salıb gecə-gündüz ancaq xalqın rifahı üçün çalışırlar. Onların əksəriyyətinin hansı vicdan sahibinin olmasını isə mən çox gözəl bilirəm. Əgər həmmillətimin dedikləri həqiqət sayılsa, onda demək belə çıxır ki, bizim məmurlar, hansılar ki, vətəndaşların hüquqlarını qorumağa birbaşa borcludurlar, açıq-aşkar kasıb camaatın cibinə girirlər. Çünki onun fikirləri düzdürsə, demək, biz bazardan aldığımız mallara görə onların əsl bazar qiymətlərindən artıq pul verməli oluruq. Bunun da nəticəsi olaraq dolayısı ilə, dövlətimizin gələcəyi olan uşaqlarımız, ata-analarının imkansızlığından orqanizmə lazım olan qədər gündəlik meyvə yeyə bilməzlər. Görünür, arqumentlərim o qədər məntiqi və tutarlı oldu ki, tanışım o fikirlərin qarşısında duruş gətirmədi və xətdən çıxdı. Ancaq xətdən çıxmazdan əvvəl o mənim üçün aşağıdakı məzmunda qəribə bir mesaj qoydu: «Daha sənə sözüm yoxdu». Bəlkə də Azərbaycanda yaxşı iş yerləri çox , başağrı isə az olduğundan Rusiyada yaşamağa məcbur olan tanışım məndən incidi. Ancaq inciyir, incisin. Günah məndə deyil ki, mən həmişə sofizm-filanla  yox, normal məntiq ilə danışıram. Məsələn: «Azərbaycan məgər banan ölkəsidir ki, bizdə banan ucuz olsun?!».

YAZARIN ÖNCƏKİ YAZILARI

Tоylаr bizə nеcə «tоy» tutur, yахud susmаq qızıl оlmаyаndа

100 qrаm аrаq, yахud 2 «qrаm» аğıl

Аvrоpа qəbiristаnlıqlаrı, «Tеz öl» mеsаjı və Nizаmi mеydаnı

Təzə bаlıq, vаrlı аlmаn və silsilə yuхulаr

Möhtərəm kоrrupsiоnеrlər, qəzеt охuyаn bоmjlаr və cibgirlər üçün ön cəbhə

FİKİR TÖKÜMÜ

Bеthоvеn, Mаnаf Аğаyеv, Qаrаbаğ üçün 500 mаnаt, Zаmin Hаcıyа məktub və…

АFFА Zirəddin Rzаyеvlə nеcə əməkdаşlıq еdə bilər?

“Fantastik ədalət”

«Аrzu Trаmvаyı» və yа bir dəfə Sumqаyıtdа

Tеrri Dеvis və Əhmədli

Maykl Cеksоn və qaz pulu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın