Menu
Geri İrəli

Özümüzü aldatmayaq – Foqts foks göstərən deyil

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2012 • Baxış sayı: 278 dəfə • Şərh yoxdur

Yadınızdadırsa, sentyabr ayında seçmə mərhələ çərçivəsində Portuqaliya ilə qarşıalaşan milli komandamızın baş məşqçisi Berti Foqts oyundan öncə biz Lissabona qələbə qazanmağa gəlməmişik deməklə məsuliyyəti üzərindən atmağa çalışmışdı. Düzü, rəqib güclü olduğundan o vaxt məğlubiyyətə görə komandanı qınayan olmayacaqdı. Ən azı ona görə ki, ən nikbin azarkeş belə, Portuqaliya səfərindən xalla qayıdacağımıza inanmırdı. Amma istənilən halda, oyunöncəsi bu cür açıqlama vermək yersiz idi. Ən sadəsi ona görə ki, belədə oyunçuların matça psixolaji cəhətdən hazır olması mümkün deyildi. İndi komandamızı növbəti məsul oyun – Rusiya qarşılaşması gözləyir. Amma bizi gözləyən təkcə şimal qonşumuzla oyun yox, həm də  Berti Foqtsun növbəti yersiz açıqlaması gözləyirdi ki, o da artıq verilib. Bu dəfə “klub məşqçiləri öz üzərlərində yetərincə işləmirlər”.deyən alman mütəxəssis mümkün uğursuzluğun məsulliyətini klub məşqçilərinin üzərinə atmaq istəyir. Düzü, yerli məşqçilərin müasir futbolun incəliklərindən lazımınca xəbərdar olmaması və əsasən sovet dönəmindən qalma metodlarla işləməsi, hazırlıq prosesini keçmişdə öyrəndikləri sistem əsasında qurması və nəticədə isə müasir futbolun tələbləri ilə ayaqlaşmaması məsələsi ilə razılaşmayaya bilmərik. Belədə beynəlxalq arenada səviyyə fərqi dərhal üzə çıxır. Qısası, köhnə fəlsəfə ilə yeni tarix yazmağın mümkün olmadığını anlamalıyıq. Razıyam ki, bu gün alman çalışdırıcını tənqid etmək daha asandı, nəinki meydana rəqiblərlə başabaş oynaya biləcək komanda çıxarmaq. Amma bütün bunlar legioner məşqçiyə nə vaxtaşırı Premyer-liqaya hörmətsizlik nümayiş etdirmək, nə də yerli-yersiz ölkə klublarını və yerli məşqçiləri tənqid etmək haqqı verir. Məgər federasiya rəsmiləri almanı yığmanın  “sükanı arxasına” futbolumuzu aşağlamaq üçün gətirib? Axı niyə də vaxtaşırı “Burada qazanacağım nəticələrin mənim gələcək karyerama heç bir müsbət təsiri yoxdur” kimi məsuliyyətsiz ifadələr işlədən Berti Foqtsun  yerini  yerli məşqçilərdən biri tutmasın.  Görəsən, niyə Foqtsun nəzərinə çatdıran yoxdur ki, milli komandanın özəyini təşkil edən “Qarabağ”ı yerli məşqçi Qurban Qurbanov,  Premyer-liqanın son iki mövsümünün çempionu olan və Avroliqanın qrup mərhələsinə düşməklə tarix yazan “Neftçi”ni isə futbolumuzun yetirməsi olan Böyükağa Hacıyev çalışdırır.  2008-ci ildən ölkəmizdə fəaliyyət göstərən Berti Foqtsun  bu müddət ərzində ciddi uğura imza atmadığı bəllidi  Düzdür, milli komandamız seçmə mərhələdə ilk dəfə 7 xal yığmaqla özü üçün rekord sayıla biləcək nəticəyə məhz legioner məşqçinin rəhbərliyi altında imza atıb. Digər tərəfdən milli komanda üzvlərinin fziki planda “artırdığı”nı da əminliklə söyləyə bilərik.  Amma digər yığmalarla, müqayisə etsək, bunun elə də böyük qəhrəmanlıq olmadığını  görərik. Deməli, dörd ildir ölkəmizdə fəaliyyət göstərən  mütəxəssis daha böyük uğurlar qazanmağa borclu idi. Hər halda, bu müddət ərzində uğur qazanmağın yolların axtarmaq daha düzgün olardı, nəinki hər dəfə güclü rəqiblərlə qarşılaşma öncəsi “çalışacağıq ki, böyükhesablı məğlubiyyətə düçar olmayaq” kimi təslimçi açıqlamalar vermək və ya hər yenilgidən sonra Almaniyaya yollanmaq. Deməli, öz üzərində işləməli olan Kipirin “APOEL” komandası ilə səfər matçında “biz bura qələbə üçün gəlmişik” deyən Böyükağa Hacıyev yox, Berti Foqts olmalıdır.

Klub məşqçilərindən öz üzərində işləməsini tələb edən Foqts həmin məşqçidir ki, Almaniya ilə Avropa çempionu olduqdan sonra növbəti böyük turnirin qrup mərhələsini adlaya bilməmişdi. Deməli, o vaxt Foqts da öz üzərində işləmək əvəzinə papağını günə yandırıb.  Bu yerdə son dünya çempionatının  seçmə tsiklində baş tutmuş Rusiya-Azərbaycan matçının gedişində rus şərhçinin dediyi fikirləri xatırlamaya bilmirəm: “Görünür, Foqtsun məşqçi bacarığı keçmişdə qalıb. Almaniyanı Avropa çempionu edən çalışdırıcı bundan sonra heç cür müasir futboldan baş çıxara bilmir”. Hər halda, nəticəni özünüz çıxarın,

AFFA ilə imzaladığı müqavilənin şərtlərinə əsasən hər ayın yarısını ölkəmizdə keçirməli olan Foqts milli komandamızın məğlubiyyətlərindən sonra belə, ya öz vətənində olur, ya da almanın səsi Avro-2012-nin seçmə mərhələsində Almaniya ilə səfər  matçından sonra olduğu kimi Froydenştadtda düzənlənən qolf yarışmasından gəlir. Düzdür məşqçini bu cür turnirlərə qatılmasına görə məşhər ayağına çəkmək fikrində deyilik.Amma ölkə futbolundakı bütün olaylara sıradan bir şey kimi yanaşan çalışdırıcının ötən mövsüm ölkə kubokundakı “Xəzər-Lənkaran”- “Neftçi” matçını yarımçıq tərk etməsinə və buna səbəb kimi havanın soyuq olmasını, eləcə də oyunun son dəqiqələrində paytaxt klubunun fərqlənmə ehtimalının azlığını göstərməsi qeyri peşəkarlıq nümunələrindən başqa bir şey deyil .Amma bu adama deyən lazımdır ki, sən matçı “Neftçi”nin azarkeşi kimi yox, millinin baş məşqçisi  gözü ilə izləməli idin.Bu sənin azarkeşlik yox, vəzifə borcundur. Amma hər halda,ölkə futbol qurumunun müstəsna səlahiyyətlər verdiyi  və hər dediyi ilə razılaşdığı Foqtsun  ötən mövsüm Premyer-liqa çərçivəsində baş tutmuş “Xəzər-Lənkaran”- “Neftçi” görüşünü izləməməsində və buna səbəb kimi alman televiziyasının sözügedən qarşılaşmanı yayımlamasını göstərməsində heç nə axtarmağa dəyməz. Axı, “klub məşqçiliyi mənlik deyil, mənimki yığma komandadır. Ayın 14 günü Azərbaycanda oluram, qalan vaxtımı isə sevimli “Borussiya”ma sərf edirəm” deyən çalışdırıcıdan nə gözləyəsən?!

Bu gün Berti Foqtsun bəyənmədiyi klub məşqçilərindən“Neftçi”dən Böyükağa Hacıyevin, “Qarabağ”dan Qurban Qurbanovun etdiklərini yuxarıda qeyd etdik. Bundan başqa, Kaxaber Tsxadadzenin “İnter”də, Premyer-liqanın lideri “Simurq”un çalışdırıcısı Georgi  Çixradzenin əyalət klubunda, Vaqif Sadıqovun isə “AZAL”da etdiklərini də vurğulamalıyıq. İndi qalır sözügedən çalışdırıcılarla Berti Foqtsu və onun bəyənərək gənclərdən ibarət milli komandamıza məsləhət gördüyü  Bernhard Lipperti müqayisə etmək. Hər halda, nəticə  göz qabağındadır. Nəticəni gözlə görmək üçünsə. AFFA-da gözüaçıq olmaq lazımdır. Yuxulu olmaq hər yenilgidən sonra Foqtsu Almaniyaya, ölkə futbolunu isə uçuruma aparır.

 

Düzdür, ölkənin futbol arenasında gurultulu adların səslənməsi hamımız üçün xoşdur. Amma tanınmış futbol simalarının adları uğur qazanmaq üçün bəs etmir axı.  Məsələn, Estoniya yığmasını AVRO-2012-nin play-off mərhələsinə daşıyan  Tarmo Rüütliyə  və ya Ermənistan yığmasını sözügedən mərhələyə çıxarmaq şansını son matçda itirən Vardan Minasyana  Foqtsdan daha yaxşımı şərait yaradılıb? Amma öz aramızdır, varlığa nə darlıq. Yəqin futbol funksionerlərimiz fikirləşir ki, alman mütəxəssisə  nə qədər pul versək, o qədər yaxşıdır. Nə də olsa, başımızın ucalığıdır.

Amma istənilən halda, nəticə yoxdursa, deməli, məşqçidə çox teatr aktyoruna bənzəyən Foqts getməli, əvəzinə isə müasir futbolun tələblərinə cavab verən və onu tətbiq etməyə gücü olan gənc kadırlar gətirilməlidir.

Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın