Menu
Geri İrəli

YURDUMUZA BAHAR GƏLİR

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2014 • Baxış sayı: 36,637 dəfə • 20 şərh

Rafiq OdayTa qədimdən üzü bəri insanlar yazın gəlişini səbirsizliklə gözləmişlər. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlaması, meyvə ağaclarının çiçəklənməsi, ya­şıllıqlar arasında müxtəlif rəngli və müxtəlif ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlamış, insanlar bu təbii təbiət qanunlarının daxili məna­sında sirli bir dünyanın gizləndiyini duymuş və bu sirli aləmin düyününü açmağa çalış­mışdır.

İnsanlar təbiətin oyanmasına səadət və xoşbəxtlik rəmzi kimi baxmış, onu xeyrin şər üzərində qələbəsi kimi qiymətləndirmiş və bu baxımdan yazın gəlişini sevinclə qarşıla­mışlar. Bu sevinc milli bir bayramın yaranmasına səbəb olmuş  və xalq bu bay­rama Novruz (təzə gün, yeni gün) adı vermişdir.

Məmməd Arif hələ keçən əsrin birinci yarısında «Azərbaycan xalq teatrı» məqa­ləsində yazırdı:

«… Novruz xalqın həyata  nikbinliklə baxmasının, təbiətin oyanmasına sevinməsinin bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlamış bu ənənəvi bayram məişətlə bağlı kütləvi bir xalq bayramıdır».

Qeyd etmək lazımdır ki, ərəblər istila zamanı bir çox maddi və mənəvi abidələrimizi məhv edə bildikləri halda, Novruza təsir göstərə bilməmişlər. Ona görə də məcbur qalıb özləri bu bayrama qoşulmuş, ona islam donu geyindirməyə çalışmışlar.

Lakin bu süni peyvənd Novruz bayramının real, təbii mənasını itirə bilməmiş, xalq tarixən gələn ənənəni daha mükəmməl, daha təkmil şəkildə davam etdirmişdir.

Novruz eyni zamanda Yeni ilin başlanmasıdır ki, bu da mart ayının 21-ə təsadüf edir. Ancaq bu el bayramına hazırlıq işlərinə bir ay öncədən başlanılır. Hər şeydən əvvəl, evdə nə varsa, hamısını «pak etmək» üçün onları yuyur, bir sözlə hər şeyi təmizləyib səliqəyə salırlar. Bağlar təmizlənir, bellənir, ağacların quru budaqları, meynənin artıq çubuqları kəsilir. Yaşından asılı olmayaraq hamı üçün təzə geyimlər hazırlanır. Bayram süfrəsi arxasında hamı təzə paltarda əyləşir.

Abdulla Şaiq «Xatirələrim» əsərində yazırdı:

«Novruz bayramı günü böyüklər, uşaqlar təzə paltar geyir, süfrələrə hər cürə şirni düzülür, qohum-qardaş, dost-aşna on gün bir-birinin evinə bayram görüşünə gedirlər, bir-birinə bayram payı göndərməyi özlərinə borc bilirlər».

Görkəmli Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyar «Heydərbabaya salam» şerində Novruz bayramını belə təsvir edirdi:

 

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
 
Şal istədim mən də, evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaşdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
 
Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalara düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.
 
Bakıçının sözü, sovu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi,
Qızlar deyir: «Atıl-matıl, çərşənbə,
Ayna təin bəxtim açıl, çərşənbə».
 
Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.

 Hər bir evdə baharın rəmzi olan yaşıllığı görmək üçün səməni göyərdər və Novruz bayramına az qalmış «səməni bayramı» şənliyini keçirərdilər. Göyərdilən səməninin bir hissəsi bayram süfrəsinə qoyular və ona aid mahnı oxunar:

Səməni, saxla məni,

İldə göyərdərəm səni.

Səməniyə saldım badam,

Qoymurlar bir barmaq dadam.

 

Səməni bezana gəlmişəm,

Uzana-uzana gəlmiəm.

 

Novruz bayramının islamiyyətdən çox-çox əvvəl, qədim azərbaycanlıların həyat və məişətində mövcud olmasından bütün tədqiqatçılar bəhs etmiş, onu əsl milli bayram adlandırmışlar. Nizami Gəncəvi «İskəndərnamə» poemasında, Novruz bayramı günü İskəndəri qonaq edən Nüşabənin tonqal qaladığını, süfrəyə hər çeşid şirni qoyduğunu qeyd edir.

Haşiyə

Ta qədimdən camaat şumlama işinə hazırlıq görərdi. Əkinçi babalarımızda belə bir inam vardı ki, məhsulun əvvəli, kökü birinci şırımla qoyular. Məhsulun necə olacağı insanların ayağından da asılı olması inamı da vardı. Ona görə də ilk şırımı açmağı əli avandlı, ömür-gününü əkində, biçində keçirən el ağsaqqalına etibar edərdilər. Yaz şumunun başlanması el-obada bayram edilərdi. Bu adətin izləri indinin özündə də qalmaqdadır. Buradaca holavalar baş alıb gedərdi:

 
Qızıl öküzün yeri,
Qoyma şum qala geri.
İti tərpən, Maralım,
Dargözlər baxır bəri.
 
Qara kəl, ilim barı,
De dərdin bilim barı,
Məni mağmın eyləmə,
Açılsın dilim barı.
 
Qoşa kəlim, boz, ala,
Tarlaya saldım yola,
Tək öküzlə iş aşmaz,
Öküz gərək cüt ola.

 Qeyd etdiyimiz kimi, yazın gəlişi ilə əlaqədar olan adətlərin çoxu əkinlə, şumla bağlıdır. Bunun da qayəsində o dayanır ki, ilin əvvəlində bərəkətin əsası qoyulur. Bu təməli necə qoydunsa, payızda o sayaq bar götürəcəksən torpaqdan. Novruzda səməninin göyərdilməsi də, ruzi-bərəkətlə, gələcək məhsulun bol-bəhrəli olması ilə əlaqədardır.

***

 Axırıncı çərşənbə gecəsi tonqal qalanır, uşaqlı, cavanlı, qocalı alovun üstündən atılaraq: «ağırlığım-uğurluğum tökülsün bu odun üstünə», yaxud «…ağırlığımı yer götürsün, mətləbimi Allah versin» deyərdilər. Bu da odun müqəddəs hesab edilməsi və dörd ünsürdən biri olması ilə əlaqədar idi. Bu gecə yeddi ləvin şirniyyat və meyvə qurusu boşqablara qoyular, dövrəsində şamlar yandırılardı.

Axırıncı çərşənbə gecəsi xalq arasında Novruz bayramının ən əziz anları hesab olunurdu. Bu mərasim Novruz bayramının başlanğıcı deməkdir. Qədim əcdadlarımız baharın qış üzərində qələbəsinə, xeyrin şərə, Hörmüzün Əhrimənə qalib gəlməsi kimi baxmışlar. Qışın son dəqiqəsi, yəni onun məğlubiyyəti baharın isə qalib kimi dünyaya hakim olması qarşılanmışdır. Xalq bu mərasimə «Danatma» adı vermişdir. «Danatma» – yəni  danın atmasını, yerin ağarmasını, günəşini doğmasını, səhərin açılmasını görmək.

Bu gecə ilə bağlı əfsanələrin birində deyilir:

«… bu gecə bir saatlığa çaylar dayanıb istirahət edir, ağaclar budaqlarını əyib torpağa tökülür, yenidən budaqlarını qaldırır, uzun müddət bir yerdə həyat sürən, lakin sonralar bir-birindən küsən Mars və Venera yalnız bu gecə birləşir, qucaqlaşır və öpüşürlər, sonra isə aralanıb bir il həsrətlə yaşayırlar, gələn ilin Novruz gecəsinə kimi vüsal həsrəti ilə yanırlar… Kim Marsla Veneranın görüşdüyü anı görsə Hörmüz onu bütün arzularına çatdırar, o, ən xoşbəxt adam olar…» Odur ki, həmin gecə hamı çalışır ki, yatmasın, sabahı, günəşin doğmasını, həsrətdə olan Marsla Veneranın görüşməsini görsün.

Bu gecə eyni zamanda  «qulaq falı»na çıxardılar. Bunun üçün hərə ürəyində bir niyyət tutar, başqa evlərə (qonşulara) gedib qulaq asar, eşitdiyi ilk sözlə öz bəxtini, aqibətini müəyyənləşdirərdi.

Bu gecənin bir gözəlliyi də onda idi ki, hamı çalışardı ki, həmin gecədə pis söz danışmasın. Bu da, eyni zamanda, xalqda yüksək mənəvi dəyərlərin, yüksək əxlaq və tərbiyənin formalaşmasına xidmət edirdi.

Azərbaycanın bütün rayonlarnıda baharın gəlişi ilə əlaqədar olaraq nümayiş etdirilən «Kos-kosa» oyunu da əsərlərdən bəri xalqımızın məişətində özünə möhkəm yer tutmuşdur. İlin axır çərşənbə günü kənd və şəhərlərdə camaat bir yerə toplaşar (əsasən də cavanlar), bir nəfəri Kosa kişi kimi bəzəyib, çalıb-oxuyub, oynaya-oynaya evləri gəzdirirlər. Kosanın özündən başqa bir də köməkçisi olur. Bunların hər ikisi keçədən hazırlanmış gülüş doğurucu paltar geyirlər. Bu oyun əvvəlcədən müəyyən edilmiş həyət və meydançalarda keçirilərdi.

Qabaqca köməkçi meydana girib:

A Kosa, Kosa gəlsənə,

Gəlib salam versənə! –  deyə, arxasınca gələn Kosanı məclisə dəvət edərdi. Kosa məclisə daxil olan kimi, köməkçi üzünü camaata tutub deyərdi:

 

Boşqabı doldursana,

Kosanı yola salsana!

 

Kosa gülməli hərəkətlərlə əlini qarnına vurub, paltarını göstərərək, camaata müraciət edib, pay istəyirdi:

 

Yediyim yarma aşı – yarısı sudur,

Geydiyim yeddi dəst paltar – təzəsi budur.

Camaat gülərdi, çünki onun paltarı çox köhnə və cırıq olardı. Bundan sonra oyunda iştirak edənlər əl vurar, aşağıdakı sözləri oxuyardı:

Kosam bir oyun eylər,

Qurbanın qoyun eylər,

Yığar yağın-düyüsün,

Keçəlin toyun eylər.

Beləcə oyun davam edir, sonda keçinin Kosanı vurub öldürməsi ilə oyun başa çatır:

 

Arşın uzun, bez qısa,
Kəfənsiz öldü Kosa.

Burada qarşı-qarşıya qoulan iki surət var: birisi Kosa, digəri isə keçidir. Kosa qışın, keçi isə yazın, baharın rəmzidir. Kosanın çılpaq, tüksüz olması qışda təbiətin öz yaşıl paltarını soyunması ilə  üzvü surətdə bağlıdır.

Novruz bayramı və ilin axır çərşənbə gününə qədər bütün evlərdə aparılan tədbirləri nəzərdən keçirək: «… hər şey yuyulub təmizlənir, evin xarici və daxili qaydaya salınır, suvanır, ağardılar… küsülülər barışar, borclular haqq-hesabı çürüdər… və s.».

Həmin gecə səhərə kimi yatılmaz, bahar günəşini hamı gülər üz, sevinc və nəğmə ilə qarşılayar. Köhnəlikdən, keçən ilin dərd və azarından, ağırlığından qurtarmaq üçün bəzi rayonlarda axar suda çimilərdi (bu adət Kür çayı boyu məskən salan rayonların əhalisi arasında daha çox dəbdə olmuşdur). Digər tərəfdən, bayram günü təzə geyinmək, imkan daxilində qırmızı geyinmək tələb olunurdu. Hətta yaslı olan ailələri bu bayramda iştirak etməyə, yasdan çıxarmağa çalışardılar.

Xalqın etiqadına görə Novruz bayramını necə qarşılayırsansa, bütün il boyu, həyatın, dolanışığın da elə olacaqdır.

 

NOVRUZ BAYRAMINDA

Bu qalxan alovdumu,

Qaranlığı qovdumu?
Burum-burum tüstüsü,
Yaşartdımı gözləri?
Dilim-dilim istisi
Qarsadımı üzləri?
 
El-obadan yüksələn,
Bu nə haydı, haraydı?
Bu harayın səsini
Külək ətrafa yaydı.
Haydı, uşaqlar, haydı,
Oxuyun, şənlik edin,
Bu ay nə gözəl aydı.
 
Haydı, qarğı atları,
Nallayın, ay uşaqlar.
Bacalardan torbanı,
Sallayın, ay uşaqlar.
 
Bu gün eldə bir kimsə
Bağlamaz qapısını.
Şal atanın zərbindən
Az qalır qapı sına.
 
Bürüyər uşaqların
Səsi düzü-dünyanı:
“Ay Novruz, pis günündən
Qoru bizi dünyanın.
 
Dərd-bəla bizdən uzaq,
Kədər bizdən gen olsun.
Hər günümüz beləcə
Qəm-qüssəsiz, şən olsun”.
 
Heç kəsi bezar etməz,
Hay-küyü uşaqların.
Budur yeni ev seçir,
Böyüyü uşaqların.
 
Beləcə el-obaya,
Novruz sevinc gətirər.
Hər ürəkdə min arzu,
Min bir dilək bitirər.
 
Axı Novruz yeni gün,
Yeni arzu deməkdir.
Elə Novruzu sevmək,
Vallah, elə Vətəni,
El-obanı sevməkdir.

 P.S. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı və “Möhtəşəm Azərbay­can” qəzetinin yaradıcı kollektivi xalqımızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər bir soydaşımıza sülh, əmin-amanlıq, ruzi-bərəkət, bahar təravətli və sevinc dolu günlər arzulayır.

 

Hazırladı:

Rafiq Oday,

Azərbaycan Jurnalistlər Birliyi

Sumqayıt şəhər təşkilatının sədri 

Facebook Şərhləndirmə:

“YURDUMUZA BAHAR GƏLİR” yazısına 20 cavab

  1. murad deyir:

    sag olun
    ela idi

  2. Aida deyir:

    Uzun idi ama yaxsidi sag olun twk

  3. dila.pasa deyir:

    maraqli.faktlar.oxuyub.mellimime.danisdim.tshk.ederim

  4. lale eliyeva deyir:

    Cox gozel beyendim insamda istifafe edecen

  5. sezer deyir:

    yurdumuza baha gelir

  6. ELİ deyir:

    inşamda istifade etdim. Müellim yüksək qiymət verdi teşekkür edirem!!!!!

  7. Rafiq Oday deyir:

    Oxuyub dəyər verənlərin hər birinə təşəkkür edirəm….

  8. murad deyir:

    hec xosuma gelmedi

  9. murad deyir:

    cox xosuma geldi eladi twk

  10. Rafiq Oday deyir:

    Bu gün yazıya təsadüfən nəzər saldım. Oxunma sayının məhz 7777 olduğuna çox sevindim.
    Koroğlunun dəlilərinə eşq olsun!

  11. Emin deyir:

    cox gozeldi ela twk edirem

  12. nermin abbasova deyir:

    cok gozeldir bununla insami yazdim muellim yuksek qiymet verdi tesekkurler.

  13. mahire deyir:

    Cox sagolun tewwekurler inwaya gore

  14. Aytən deyir:

    Çox gözəl inşadı çox sağolun

  15. Aytən deyir:

    Çox gözəl inşadı çox sağolun.

  16. ELMAS deyir:

    yararli oldu bu m’lumat m ucun insamda istifade etdim umid edirem muellimemin xosuna geler

  17. gulnur deyir:

    Ela idi tskkkk

    bomba idi

  18. gulnur deyir:

    Süper beğendim sizi seviyorum süper süper süper bomba

  19. elka deyir:

    mence yaxsidi bir az bedii olsa super olardi

  20. CEYHUN deyir:

    COX GOZEIDIR TOVSIYE EDIREM KI OXUYASINIZ

Şərhinizi yazın