Menu
Geri İrəli

Murat Karaçanta: “Babamgilə təzyiqlər artmağa başlayıb” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2016 • Baxış sayı: 354 dəfə • Şərh yoxdur

sefirTürkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta ilə müsahibə:

-Murat bəy, ilk öncə oxuculara özünüz və qısa müddət ərzindəki fəaliyyətiniz haqqında məlumat verəsiniz.

-İlk öncə qeyd edim ki, Azərbaycan mənim öz vətənimdir. Bura gəlməmişdən öncə, İzmir mədəniyyət və tanıtma şöbəsində işləmişəm. 2015-ci ilin oktyabr ayının 27-də mədəniyyət və tanıtma müşaviri vəzifəsinə təyin olunmuşam. Gəldiyim gündən bu günə qədər, bir sıra tədbirlər gerçəkləşdirmişik.

Oktyabr ayının 30-da ilin böyük bəstəkarımız mərhum Vasif Adıgözəlovun 80 illik yubileyini qeyd etdik. Bilirsiniz ki, Vasif Adıgözəlov «Çanaqqala-1915» qəhrəmanlıq epopeyasını yazıb. Türkiyənin tanınmış sənət adamlarının iştirakı ilə böyük tədbir keçirildi. Orkestorun dirijoru bəstəkarın oğlu Yalçın Adıgözəlovun özü idi.

2014-cü ildə İndoneziyada İslam ölkələrinin mədəniyyət və turizm nazirlərinin birgə toplantısında Türkiyənin Konya şəhəri 2016-cı ilin islam ölkələrinin turizm və mədəniyyət şəhəri seçildi. Bu çərçivədə Azərbaycanlı jurnalistlərin Konya səfərini reallaşdırdıq və orada keçirilən tədbirlərdə iştirak etdilər.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda 7-12 dekabr tarixlərində türk film günləri keçirildi. Daha sonra Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanovla birgə plov festivalına həyata keçirdik və üç çeşiddə plovla təmsil olunduq. Azərbaycan Diplomatiya Akademiyasında və Neft Akademiyasında Türkiyənin tanıdılması ilə bağlı stendlər açıldı.

2016-cı ildə kitab kampaniyasına start vermişik. Artıq kitabların bir hissəsi gəlib. Onları dövlət, uşaq və ali məktəb kitabxanalarına payladıq.

Qarşıda Türkiyənin tanıdılması ilə bağlı yeni kampaniyaya start verəcəyik. Mart-aprel aylarında radio, televiziya internet saytlarında, həmçinin avtobuslarda yerlərdə geniş bir tanıdılma işləri aparılacaq.

7-9 aprel tarixində turizm sərgisi keçiriləcək. Türkiyənin bələdiyyə rəhbərləri bu sərgidə təmsil olunacaqlar.

Ondan sonra Gürcüstanda və Batumidə turizm sərgilərində iştirak edəcəyik. Yaponlarla ortaq hazırladığımız “Ərtoğrul 1898” filminin Yaponiyanın Bakıdakı səfirliyi ilə qala gecəsini keçirəcəyik. Novruz bayramı ilə bağlı olaraq Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə tədbirləri baş tutacaq. Türkiyədən sənət adamları dəvət olunublar.

-Azərbaycan mediasında Türkiyə ilə bağlı çıxan məqalələr Sizi qane edirmi?

-Təbii. Azərbaycan mediasının Türkiyəyə olan diqqəti məni qane edir. Səfirliyimizin mətbuat müşavirliyindən izləyirəm və görürəm ki, Azərbaycan mediası Türkiyəyə böyük diqqət ayırır. Başqa cür ola bilməz. Hər zaman dəstək görürük. Biz “bir millət, iki dövlətik.”

-Əksər oxucularımız Sizin Azərbaycan türkü olduğunuzu bilmirlər. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, mən Azərbaycan türküyəm. Əslən Qərbi Azərbaycanın Gümrü şəhərinin Qaraçanta kəndindənik. Bəy nəslindənik. 1920-ci ildən sonra bolşeviklərin işğalından sonra babamgilə təzyiqlər artmağa başlayıb. Babamgil dörd qardaş olublar. Babam Abbasqulu bəy bolşevikərin zülmündən canını qurtulmaq üçün, 1930-ci ildə Türkiyənin Qars şəhərinə köçüb. 3 qardaşı burada qalıb. Hal-hazırda onların nəvə və nəticələri yaşayırlar. Türkiyədə doğulmağımıza baxmayaraq, Azərbaycan mədəniyyətini, folklorunu yaşatmışıq. Bilirsiniz ki, qardaşım Qarsın bələdiyyə başqanıdır. Eynilə, orada bu mədəniyyəti yaşadırıq və təbliğ edirik.

-Qarsın Azərbaycan üçün önəmi nədən ibarətdir?

-Bilirsiniz ki, Qarsda çoxlu sayda Azərbaycanlı yaşayır. Üstəlik, Qarsın bələdiyyə sədri Azərbaycan türküdür. Azərbaycanın Qarsda güclənməsi lazımdır. Ora yatırımlar qoyulmalıdır. Azərbaycan bələdiyyələri Qarsla qardaşlaşmalı və əməkdaşlıqlarını sürətləndirməlidirlər. Bildiyim qədər Mingəçevir şəhər bələdiyyəsi ilə belə qardaşlaşma protokolu imzalanıb.

-Murat bəy, Azərbaycan və Türkiyə olaraq mədəniyyət sahəsində hansı ortaq işləri gerçəkləşdirə bilərik?

-Yaponiya ilə ortaq etdiyimiz “Ərtoğrul 1898” filmini eynilə Azərbaycanla da həyata keçirtmək olar. Dünən bir rejissor gəlmişdi. Onunla maraqlı söhbətimiz oldu. Hesab edirəm ki, Azərbaycanın qurtuluşu ilə bağlı Nuru paşa və ya Çanaqqala tarixi ilə bağlı filmlər çəkməklə əlaqələrimizi daha da gücləndirə bilərik.

Azərbaycanlı gənclərin Çanaqqalaya səfərini təşkil etmək olar.

Bu dəfə şəhərlərdən yox, ucqar kəndlərdə yaşayan gənclərə üstünlük veriləcək. Bu çox maraqlı layihədir. 2014-cü ildə keçirilən Türk mədəniyyət günlərini bu il keçirtmək olar. Nazirliyimizin layihəsi var. Türk yazarlarının baş dilləri çevrilməsidir. Türk xalq oyunları ilə qrup yaratmaq istəyirik. Türkiyədən müəllim dəvət olunub, bunu tədris edə bilər. Bunlar mənim gələcəkdə gerçəkləşdirmək istədiyim planlardır. Buna hər iki dövlətin tərəfin dəstəyi lazımdır.

Elnur Eltürk

Facebook Şərhləndirmə:

Şərhinizi yazın